XLII
İstirahət günü olduğundan Xatun işə çıxmamışdı. O, Mehmanın rayona qayıdacağını bilib bikefləmişdi:
– Olmazmı, oğul, bu gün də qalasan? – deyə Xatun oğluna muraciət etdi. – Bircə gün də!..
– Olmuya ürəyin kövrəldi, ana? – Mehman anasına mehribançılıqla nəzər saldı.
Həqiqətən Xatun bu neçə gün ərzində yenə də oğluna isinmişdi. O, indi Mehmanı öz gözündən bir kənara qoymaq, daha doğrusu, Şəhla xanımın yanına buraxmaq istəmirdi. Nə isə, Xatunun ürəyinə daman şübhə fikirləşdikcə çoxalır və artırdı. O, oğlunu Şəhla xanımın ixtiyarına vermək istəmirdi. Onun ürəyi Şəhla xanıma qızmırdı. Əgər Mehman gedərsə, Şəhla xanımın artıq tamahı ucundan bir tələyə düşərsə, Mehmanın başına bir qəzavü-qədər gələrsə, onda Xatun öz oğlunun belə bir fəlakətinə necə dözə bilər? Xatunun iztirabı getdikcə artırdı. Mehman özü də bunu hiss edirdi.
– İstəyirsən, gedək! – Mehman bir uşaq kimi öz qolunu anasının boynuna doladı, – ikimiz birlikdə gedək, anacan!
– Getmək barədə heç bir söz ola bilməz! – deyə Xatun kədərli bir nəzərlə cavab verdi, – mən nə qədər qaynasam da, əsla Şəhla xanımla qovuşa bilmərəm!
– Nə üçün, ana?
– Çünki oğul, bizim xəmirimiz ayrı-ayrıdır!
Mehman bir daha dərin fikrə getdi: “Xəmirimiz ayrı-ayrıdır!..” Doğrudan da, Mehman özü də Şəhla xanımla bağlı bir ailədə vəziyyətin nə dərəcədə mürəkkəb olacağını artıq yəqin etməyə başlamışdı. Şəhla xanım öz ikiüzlü hərəkətlərindən, “qızıl saatı mən özüm gətirmişəm” – deyə əsli olmayan sözlərindən əl çəkməyəcək, Züleyxa da öz anasından qopmayacaqdı. Mehman, dərinə getdikcə mühəndis qız Dilguşa Məlikzadə onun gözləri qabağında dolanır, özünün təvazökar hərəkətləri, mülayim rəftarı, ictimai faydalı işgüzarlığı ilə Mehmanın ürəyinə yapışırdı. Ötəri hissdən fərqli olaraq, sınaqdan çıxmış bir məhəbbət, ağılşüurla qurulan bir ailə nə qədər də xoşbəxtdir!.. Uyğunluq, bir-birinə ehtiram, mütəqabil əməkdaşlıq, ictimai işlərdə bərabər çalışıb, bərabər mühakimə etmək nə qədər də ürəkaçan, nə qədər bərabər bir əmniyyət doğurandır... Bir zərrəcə də olsa yalan, getdikcə böyüyüb arta biləcək bir peşəkar yalançılıq – bax nə dərəcədə bir dəhşətli uçurum əmələ gətirir!..
Xatun oğlunun yolu üçün yır-yığış edir, Mehman anasının açıqaçığına deyilən, “xəmir” sözündən sonra məsuliyyət hissi ilə düşünür, mühakimə edirdi. İndi nə etmək?.. Ayrılığa getməkmi?.. Bir övlad olarsa, bəs onun gələcək tərbiyəsi və taleyi?.. Bəs necə olsun?.. Belə bir körpə xilqət üçün, oğlan olsun, ya qız, nə cür münasibət bəsləmək?.. Hələ bir halda ki, övlad məhəbbəti meydana gəlmiş ola?.. Onun səadəti uçarsa, o, birtərəfli yetişib boy atarsa, ata üzü görməzsə, uşaqlar ona işarə edib töhmətləndirici atmacalar atarsa, bu sıxılan məsum günahsız olduğu halda, bəs günahkar kimdir? – Mehman nə qədər qızğın bir ürəklə ictimai dövlət işləri ilə yaşasa da, indi onun qarşısında belə bir mühüm sual çıxırdı... Bəs Şəhla xanımı nə yolla cilovlamaq? Züleyxa təbiət və fitrəti etibarilə mamasının balası olaraq qalarsa, bəs necə etmək?.. Çarə nədir? Bu özünü göstərən yaranı müalicə etmək mümkün olmasa, bu bir çürüntü, bir kəsafət verməzmi?.. Nə qədər üstüörtülü olsa belə gündəgündə içəridən çürüyən bu yara, bu ailənin havasını pozmazmı? Getdikcə həyat özü də, Mehmanın qarşısına ciddi təzadlarla çıxırdı... Demək kəsərli olub, inqilabi qanun gücü ilə qanunsuzluğu kəsmək üçün ləkəsiz bir vicdan, daxili bir təmizlik gərəkdir!.. Çoxmərtəbəli, möhtəşəm binalar, möhkəm bir təməl üstündə durduğu kimi, inqilabi qanunun keşiyində dayanan bir adam da öz ləkəsiz vicdanı ilə yüksəlməli, günəş kimi parıldamalıdır! Özü rüşvətə gedən bir hüquq işçisi, oğru və rüşvətxorlara qarşı hansı bir daxili cəsarətlə mübarizə apara bilər?.. Oğru bir vicdan hansı bir əsasla doğruluqdan dəm vura bilər?.. Bu saxtakarlıq öz dilini öz ürəyinə təcavüz edən bir cihaza çevirmək demək olmazmı?.. Ürəklə dil arasında baş qaldıran ixtilaf, bir tufanlı üsyana çevrilməzmi? Yox, ləkəli bir ürək əsla düzgün ahəngiylə vura bilməz! Belə bir adam əgər öz vicdan zərrələrini tamam-kamal qeyb etməyibsə, heç bir zaman öz yorğanı altında belə rahat yata bilməz. Onun yuxusuna haram qatılar, bu yuxu özü qara nağıllar, eybəcərlik və sıxıntılarla dolar. Yox, çətindir, çox çətindir! – deyə Mehman durub balaca evinin içində gəzindi.
– Deyəsən, oğul, mənim sözüm səni çox bərk tutdu, hə? – deyə oğlunun yolu üçün yuyulmuş göy-göyərti təmizləyən Xatun gəlib oğlunun qabağında dayandı.
– Tutaq ki, belədir, təzədən necə olsun, ana?
– “Yüz ölç, bir biç” deyiblər, oğlum!
– Tutaq ki, bir səhv etmişəm, bəs necə olsun?
– Bu barədə mən acizəm, bala!
– Bəs belə bir halda kimdən məsləhət almaq?
Xatun sağ əlinin şəhadət barmağını Mehmanın sol döşü üzərinə uzatdı:
– Ürəyin nə deyirsə?..
– O, çıxış üçün çırpınırsa, bir yol tutmaq, bir məsləhət almaq istəyirsə?
– Burada, oğlum, məsələ çox çətin, çox yaman çətindir!
– Kim adama öz anasından yaxın ola bilər?
– Heç kim!
– Bəs indi necə olsun?.. Mən də gedirəm! Orada heç bir şey dörd divar arasında bir sirr halında qala bilməz!
– Hər necə divar arasında olsa, zəhəri udmaq olmaz, oğlum!
– Bəs udulmuş zəhər?
– Ürəyi çürüdər!
– Sən amansız danışırsan, ana.
Xatun gözlərini qaldırıb oğlunun gözləri içinə dik baxdı:
– Mən dil açandan düz danışmışam, oğul! Sənin atan Muradla biz bir parça çörəyə möhtac olmuşuq, yaman ruzigarda səndən böyük iki bacını, bir qardaşını itirmişik, heç bir zaman mənim fikrimə belə namussuzluq, dilimə yalan gəlməyibdir!
– Mən də sənin oğlunam, ana!
– Sən mənim sonuncu körpəmsən, – deyə Xatun Mehmanın boynunu əyib onun alnından öpdü, dolan gözlərini sildi. – Sən oda düşmüsən, oda!
– Beləcə gizlicə yanmaqmı, ana?
– Yansan da, ləkəsiz yan, oğul!
“Anam bu gün müddəi-ümumi kimi ittihama keçibdir”, – deyə həyəcanları artan Mehman susdu. – “Bəs necə olsun?” – Danışdıqca Mehmanın şübhələri artırdı. “O qızıl saatı Şəhla xanım gətiribmi?.. Ya burada bir qurğu vardır?” – Mehman dönüb öz yeri üstündə uzandı. – “Bəli, həyat ən gərgin mübarizədir” – deyə Mehman düşünməyə başladı. – “Ən mürəkkəbi, ən çətin daxili mübarizədir!.. Çünki burada heç kəs üzbəüz durmayıbdır, bir yerə qovuşubdur!..” – Mehman qara qıvrım saçlarını barmaqlarına dolayıb çəkişdirdi. Bir az sonra Xatun xırda bağlamanı gətirib ortadakı balaca stolun üstünə qoydu.
– Yolda açarsan, bala!
– Nə lazım idi, ana? – deyə Mehman səksənən kimi oldu. – Nə zəhmət idi?..
– Yolda açarsan, bir parça rahat çörək yeyərsən!
– Bəs orada?..
– Od içinə düşsən də, ləkəsiz ol! – deyə Xatun həm cürət, həm də daxili bir analıq həyəcanı ilə cavab verib əlacsız kimi boynunu bükdü. Mehman qol saatına baxıb:
– Vaxtdır, yarımca saat qalıbdır, – dedi.
Xatın pəncərədən bayıra nəzər salıb:
– Gün çoxdan əyilibdir! – dedi.
Mehman ayağa qalxdı.
– Mən gedim, ana?
– Yaxşı, gedərsən! – deyə Xatun da oğlu ilə evdən çıxıb qapını qıfılladı.
– Tək qayıtmaq sənə çətin olar, ana!
– Yox, olmaz!
– Onda bəlkə, ana, rayona birlikdə gedək?
– Mənim fabrikdə işim vardır, Mehman!
– Mən Dilguşa xanıma yazaram, o, qaydaya salar!
– Dilguşa xanım? Hansı?
– Mühəndis qız, mənim professorumun qızı!
– Bəs sənin gözlərin harada idi, oğlum? – deyə Xatun təəssüf dolu iniltili bir səslə soruşdu. – Bu bir cüt gözün!..
Mehman dinmədi və başını aşağı saldı.
– O sənə işdən azad olmaq barədə ixtiyar verər!
– Bəs mən özüm necə? Rəhmətlik Murad deyərdi, minnətsiz çörək baldan şirin olar!
Mehman, həqiqətən anasının onunla bərabər getməyinə, evdə göz və həyan olmağına böyük ehtiyac hiss edirdi.
– Mən sözümü demişəm, oğul!
– Sən inad edirsən, ana! Bir salım duz üstündə acıq edirsən! Bir sıxma duz üstündə!
– Bəs gərək o sıxma duz bir duz dağına çevriləydi?
Mehman anasının bu barədəki qətiliyini, onun ulduzunun o ana-bala ilə barışmayacağını gördü. Mehman nə qədər möhkəm olsa da, bax, bu nöqtədə acizlik çəkdiyini duydu. Bəli, bu maneəni adlamaq daha çətindir!
– Gedək, oğlum, qatar tərpənər!
– Gedək, ana!
Onlar evdən çıxıb, tramvaya oturub danışmadan, dinmədən vağzala gəldilər. Xatun oğlu ilə olan ilk səfərlərini xatırladı. Şəhla xanımın durduğu yerə baxıb hiddətləndi. “Lap dünya dəlləyinin birisidir, Züleyxadan da artıq, bu yetimi tovlayan da, bax, bu lotu Şəhla oldu!..”
Mehman anasının, Bakı küləyi altında qıvrılıb-açılan ağ saçlarından öpüb vaqona qalxdı. Bir azdan qatar hərəkət etdi. Mehman pəncərədən başını çıxartdı. Qatarı yola salan hər bir kəs əlini qaldırıb yelləyirdi. Xatun isə əlini qaldırmadan göz yaşlarını aramla axıdır, oğlunun gələcəyini düşünür, onun yellənən əlinə baxırdı... Mehman gözdən uzaqlaşınca ana külək altında yellənən öz qara yaylığının ucunu gözlərinə gətirib, heç kəs bilmədən için-için hıçqırdı, dönüb izdiham içindən ötdü, daş pilləkənlərlə aşağı düşdü...
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-mehman-xlii
Use ← → keys to move, R for a random poem
More by this author
Bir axşamüstü Züleyxa bir neçə fincan moruq mürəbbəli çay içib bərk tərlədi, hərlənib eyvana çıxdı, soyuq onu o ki var, tutdu, gecə isə özünü pis hiss etdi, səhər titrədib, doğrudan da ağır yatdı. Mehman işdən qayıdanda Züleyxanın halını pərişan gördü; zəng edib həkim çağırdı. Yarım saatdan sonra həkim gəldi. O, Züleyxanın qızdırmasını ölçdü, hərarətin otuz doqquz dərəcədən yuxarı olduğunu müəyyən etdi. Bir neçə resept yazdı, Mehman Qaloşlu adamı çağırdı, reseptləri ona verdi. Qaloşlu adam dərmanxanaya yollandı. O yüyürüb aptek müdirini tapdı, reseptləri birbaş ona verib dərmanları hazırladıb gətirdi. Züleyxa gözünü açıb yanına düzülən dərman şüşələrinə baxdı, “mamamı istəyirəm, mamamı!” – deyib iztirab içində gözlərini yumdu. “Qoy anam gəlsin mənə bir yol göstərsin”. Züleyxa yüksək hərarətin içində belə qərar çıxardı: “Qoy Xatun bir də bu evə qayıtmasın...”Qaloşlu adam Züleyxanın xəstələndiyini, bəzən sayır-bayır danışdığını ətrafa yaydı. Yavər Murtuzova, Zərrintac Sərrafzadə cəld yığışıb Züleyxanı yoluxmağa gəldilər. Onlar bütün gecəni xəstənin yastığından ayrılmadılar. Mehman isə Züleyxanın qəflətən belə xəstələnməyini həqiqi bir kədər kimi qarşıladı. Getdikcə onun ürəyi daha həyəcanla döyünməyə başladı. Ancaq Züleyxa gözlərini açıb hərdənbir dil-dodağını yalayır, hey anasını arzulayırdı: “Anamı!.. Mamamı!..” – deyib israr edirdi.
XXVIGecənin yarısı idi. Şəhla xanım qollarını qu tükündən olan nazbalışa sərdiyi halda fısafısla yatmışdı. Bu əsnada zəng arası kəsilmədən çalındı. O, qollarını çəkib əsnədi, qulaq verdi. Zəng aram eləmirdi. O, ayağa qalxıb zərli xələtini geydi, qulluqçu qadını oyatmadan qapıya özü ehtiyatla yanaşıb:– Kimdir? – deyə soruşdu.
XXVIIIAni sükutdan sonra Əbdülsalam təkrar güllə kimi qapıdan çıxdı. O, küçənin qatı qaranlıq və işıq düşməyən yerlərilə yanlarını basa-basa yeridi. Aktyor paltarını geyinən həvəskarlar qapıdan bayıra çıxmadan rejissorun qaraltısını gözdən itirincəyə qədər süzdülər.– Yox, tamaşa pozuldu! – deyə əllərini dizlərinə vurdular. – Dərimiz didildi!
XXIXŞəxsi fəaliyyət dəməyi tərəfindən böyük həvəslə hazırlanan tamaşanın təxirə salınmağı balaca şəhərdə böyük danışığa səbəb oldu. Klubdan çıxan, küçələr boyu səpələnib evinə dönən hər kəs güclü bir səs-küylə söylənməyə, bu hadisənin səbəbini arayıb özünəməxsus yollarla yozmağa başladı. Kimisi Balışın öz əri anbardardan üz döndərib atası evinə – “Ballıqaya” kəndinə getməyindən, kimisi anbardarın öz halal arvadını qısqanıb səhnəyə buraxmadığından, kimisi də Balışın özünün şıltaqlıq edib qəsdən bu axşamkı tamaşanı pozmağından danışdı. Bu növ söz-söhbətə qulaq verən Məmmədxan hər kəsin gözünə dəymədən, arabərədə hərlənib fırlandı. İstər-istəməz büzüşüb, yığışıldı. Hələlik öz evinə dönməyə cürət etmədi, təkrar anbara girdi, kağızları, anbarda səpələnən sənədləri qurdaladı, sonra da qapını arxadan bərkidib işığı keçirdi. “İşdir, soruşan olsa, deyərəm işləyib-işləyib yorulub, burada mürgüləmişəm” – deyə dolaşıq vəziyyətə düşüb qədəmləri dolaşan anbardar qeyri-müəyyən halda çalıxıb-vumuxmağa başladı. Bir azdan, yox-yox öz əyri yolunu sanki əlinə götürdüyü yarım sönük fənərlə işıqlandırdı, hətta: “tapdım, tapdım” – deyə bir qədər də sevindi. Bəli, daha onun qəsdi bütün şəhər əhli yatana qədər başını burada gizləmək, əl-ayaq yığışılandan sonra bir oğru kimi buradan sivişib çıxmaq, qapını yavaşca açmaq, öz qurbanının izini-tozunu silib süpürüb itirmək idi. Buna görə də anbardar çox sevdiyi parça taylarının arasına girib uzandı, cinayətinin izini necə ört-basdır etmək üçün öz beynində nəqşələr cızmağa başladı...Hər kəsdən də artıq onu xofa salan iki həftə bundan əvvəl axşamüstü səhnəyə hücum çəkdiyi zaman barmağı ilə Balışı hədələdiyi vaxt, prokurorun ona zillənən gözləri idi! İndi də bax, bu zülmət qaranlıqda həmin gözlər sanki təqibedici nəzərlə ona zillənirdi... Açılmasın, örtülməsin, qapansın, bir daş bir quyuya düşən kimi düşsün, iz itsin, çıxsın getsin!.. Bəs belə etmək üçün, bu gözlər, Məmmədxandan üzülməyən gözlər necə olsun? Necə olsun ki, bu gözlər qatili görməsin, bu işin üstü basdırılsın?!. Onda bu prokurorun qabağını bəs nə ilə almaq olar? Bax, Qaloşun bu anbardan alıb apardığı qızıl saatı öz qızıl bağı ilə bir sarı ilana çevirib bu inadkar prokurorun boğazına dolamaq, onu boğmaq, məngənə arasına alıb onu sıxıb, sıxcalamaq gərəkdir, deyən Məmmədxanın qara fikri dolaşmağa başladı. Bax bu işi Qaloş necə hərləyər, Murtuz Murtuzov istintaqda necə döndərə bilər?.. Dəhnədən möhkəm bağlanan arx sürətlə axar, istənilən səmtə döndərilib, istənilən yer suvarıla bilər... Demək bütün mətləb arxı dəhnədən necə bağlamağın üstündədir. Ancaq Mehman qurulan tələyə ilişəcəkdi, ya buradan sağ-salamat çıxacaqdı?.. Axır Məmmədxan qızıl saatı Qaloşa verərkən “yüz gün yaraq, bir gün gərək” deyə prokurora yaxınlaşmaq istəmişdi. “Koxanı gör, kəndi çap” misalını nəzərdə tutmuşdu. Doğrudur, onda hələ də Məmmədxanın belə aydın fikri yox idi!.. Ancaq necə olsa da, həmin qızıl saatı müəyyən mənzur ilə vermiş, üstəlik qızıl saatın prokurorun evində ilişib qalmağına da sevinmişdi. Bu hal Məmmədxanı, prokurorun evinə əl uzatmağın mümkün olduğu qənaətinə gətirmişdi.