Göz qoyub baxanda Şükranla onun Ulduzu arasında elə bir ülfət, elə bir görünməzin dostluq başlamışdı ki, daha çox çətin ki, bunları bir-birindən ayırmaq olardı. Görünürdü Şükran Ulduzsuz, Ulduz da Şükransız nəfəs ala bilmir, onlar bir-birindən ayrı dura bilmirlər. İnsanla insan arasında ülfət, dostluq, bir-birinə bağlılıq, sədaqət, səmimiyyət – əsil insani keyfiyyətlərdəndir. Ancaq insanla at arasında olan ülfət-dostluq da dünya üzündə yox deyildi. Ancaq bu dostluq ki, Şükranla Ulduz arasında başlamışdı, misli-bərabər nəinki Göyəndə, Qaraqoyunlu oymaqlarında, bəlkə də bütün mahalda, yaxud bütün dünyada yox idi. Sanki bu dostluq insanla Ulduz adlanan at arasında deyil, çox nəcib, əsil insanla insan arasında idi. Sanki bunlar bir-birinin dilini tamam-kamal bilir, bir-biri ilə əməlli-başla dillənib danışırdılar. Birdən də ərklə bir-birindən küsür, üstündən az ötüncə barışırdılar. Bu vaxt hər ikisinin gözləri gülür, sevincləri öz yerinə qayıdıb kefləri durulurdu. Elə bil ki, bunların hərəsi itirdiyi dünyanı bir də təzədən tapırdı. Elə bil bunlar ikisi bir can, bir qəlb idi. Birisi bikefdirmi, o birisi də bikefləyirdi; birisinin kefi kökəldimi, o birisinin də kefi kökəlirdi. Şükran nəşələnib nəğmə oxuyunca Ulduz şuxlaşır, öz qəribə kişnərtisi ilə düzü-dünyanı doldururdu. Bəli, Şükranla Ulduz bir-birini ifrat dərəcədə sevir, bir-birinə nəzakət göstərib hörmət edir, bir-birinin xidmətində dururdu. Bir də elə bil ki, birisinin ürəyindən keçəni o birisi bilirdi. Onlar bir-birinin ürəyini sındırmaqdan çəkinirdilər, qorxurdular. Bu iki xilqətin arasında elə bir ülfət yaranmışdı ki, müqayisə mümkün deyildi. Ulduz Şükranı öz qızılı-gümüşü yəhərinin içində daha mənalı görürdü. O, Şükranı qanadları üstündə uçurunca, nəinki ayrı-ayrı adamlar, hətta oymaqlar, obalar, ellər, tayfalar, bir də elə bil ki, bütün çöllər, dərələr, təpələr, çaylar, çeşmələr tamaşaya çıxıb heyran-heyran baxırdılar. Göyalı ilə Qaratel bu oğlanın qüdrəti və sehrilə sevinirdilər.

Doğrudur, Ulduz öz qabaqkı yerində, Ərdəhan elində azmı-çoxmu məşq görüb, təlimlənmişdi. Ancaq Şükranın misilsiz saf ürəyi, sevgisi, məhəbbəti Ulduzu ecazkar dərəcəyə gətirib çatdırmışdı, yetirib yetişdirmişdi. Ürəklə olan ürək istəyən kimi olur. Şükranın böyük insan ürəyi Ulduzu da böyük ürək sahibi etmişdi və getdikcə bu ürəklərin hər birisi böyüyür, getdikcə bunların bir-birinə olan məhəbbəti güclənir, aşıb-daşır, bunlar bir-birinə qulluq göstərib xidmət etməkdən yorulmurdular, bir-birinə olan xidmətlərindən son dərəcədə zövq alırdılar, nəşələnirdilər, bir-birinin gözündən öpürdülər. Şükran Ulduza xidmət etməyi başqa bir kəsə tapşırmır, Ulduzu yedirib-içirməyi heç kəsə arxayın olmurdu. İlin isti aylarında Ulduzu yumaq, at ipəklə-qumaşla qurulamaq ilin soyuq aylarında Ulduzu üfürə-üfürə tumarlamaq Şükranın öhdəsində idi.

– Oğlum, bəlkə mən də sənə kömək edim?

– Nə barədə, ata?

– Sənin Ulduzunu yayda yumaq, qışda tumarlamaq, bir də yedirib-içirmək barədə!

– Sənin öz işin azdımı, ata?

– İndi mənə kömək edən çoxdur, Şükran, – deyə Göyalı öyünürdü, – nəslimiz böyükdür, mənim ulu Tanrım verən oğlum! Sənin uğurlu ayağına görə mənim nəvələrim - sənin bacı uşaqların törəyiblər, boy atıb yekə oğlan olublar. Hələ yeznələrinin nəcabətinə gəlincə, heç kəs Ağqoyunlu elində bizimlə bəhsəbəhsə girişə bilməz!

– Yenə də Bəyalı oğlu Göyalının işi çoxdur!

– Bəyalı oğlu Göyalının ürəyi, dirəyi, nəfəsi, canı-ciyəri bir adam üstündə cəm olunubdur.

– Bəs başqaları necə, babası?

– Başqaları da mənim can-ciyərimdir!

– Ancaq...

– Ancaq Şükranı necə sevdiyimi özüm də anlaya bilmirəm, – deyə ata acizləşirdi. – Bilmirəm niyə mən Şükranla belə bir tilsimlə bağlanmışam? Şükrandan bir balaca nigaran olanda, Şükran gözümdən iraq düşəndə nəfəsim çatışmır.

– Ağqoyunlularda məsəl var deyərlər: “Qorxan gözə çöp batar”, ata!

– Xüsusən anan Qaratel çox yamanca qorxur, oğul!

– Nədən qorxur bizim Göyəm qızı?

– Səndən yana çox yamanca qorxur, Şükran!.. Hətta deyir ki, qoy bizim Şükran Ulduzun belindən düşsün, ürəyim arxayınlaşsın, özüm də sakitləşim!

– Ulduzsuz yaşamaq mənə mümkün deyildir, ata!

– Mən bunu bilirəm, Şükran. Ancaq ana ürəyinin hikməti də böyükdür... Bəlkə sən doğrudan da Ulduzdan əl çəkəsən?

– Yəni piyadələnəm?

– Piyadələnməyinə qıymıram, səni qanadlı qartalın belindən alıb yerə salmaq istəmirəm.

– Bəs onda necə olsun, dədə?

– Gərək sərvaxt olasan, oğlum, gərək ayıq olasan, Şükran! Elə ayıq-sayıq olasan ki, sənə heç bir zaval toxunmaya!

– Ulduz olan yerdə mənə necə zaval toxuna bilər, dədə? Ulduz mənim varlığımdır. Mən qanada öyrənmişəm, ata! Ulduzsuz mən tozda-torpaqda sürünnəm, vallah!

– Bəlkə sənin üçün bədnəzərə gəlməyən başqa bir at tapaq, Şükran?

– Bəs Ulduz?

– Ulduzu uzaqlaşdıraq!

– Ulduz uzaqlaşmaz, dədə! Uzaqlaşsa, tablamaz, Ulduzun ürəyi partlar, Ulduz Şükransız yaşamaz! Ata, mən varamsa, Ulduz da vardır, mən yoxamsa, Ulduz da yoxdur!

– Atın ömrü insan ömründən qat-qat qısa olur, Şükran!

– Mən Ulduzun qocalığına da hörmət edəcəyəm, ata!

– Bəs sonra, Şükran?

– Özüm də bilmirəm, dədə! Bilmirəm Ulduz qocalandan, işdən düşəndən sonra necə yaşayacağam?

– İnsan da atla bu qədər bağlanarmı, Şükran!

– Özüm də bu sirdən agah ola bilmirəm, ata!

Belə söhbətdən sonra Şükran öz Ulduzuna yaxınlaşınca onun ağladığını görürdü. Demək, Ulduz ata ilə oğlun danışığını duymuşdur. Bu vaxt Şükran cibindən Ağqoyunlu qızlarının naxış-naxış işləyib hörmətmi, ya sevgimi əlaməti olaraq ona bağışladıqları dəsmallardan birisini çıxarıb Ulduzun gilə-gilə yaş gələn gözlərini silir, onun yanlara yatan qulaqlarını dartışdırır. Yox, yox, Ulduzun kefi durulur, ağlayan gözlər alov içində yanır, qulaqları dimdik dikəlib şux-şux oynayır. Ulduz dodaqlarını gətirib Şükranın qıvrım-qıvrım tük bürüyən o üz-bu üzündən öpür. Şükran da dönüb Ulduzun o göz-bu gözündən, o üz-bu üzündən öpür. Onlar tay-tuş uşaqlar kimi oynaşırlar. Gendən göz qoyan Göyalı görür ki, Ulduzla Şükran necə bir-birinə bağlanıblar. Öz tək oğlunu öz canından qat-qat artıq istəyən, əziz tutan Göyalı dönüb oğlunun Ulduzunu da bərk-bərk istəyirdi. Göyalının nəzərində Ulduz atdan da artıq tək oğlu Şükran üçün ikinci bir qardaşa çevrilirdi. O özünü toxtadınca belə bir qənaətə gəlirdi ki, Şükran nə dərəcədə Ulduzu sevirsə, Ulduz da o dərəcədə Şükranı sevir, onlar bir-birinə ayrılmaz dərəcədə alışıblar, isinişiblər. Belə olanda Göyalı da Ulduzu oxşayırdı, sevirdi. Oğlu Şükranı bu Ulduzsuz təsəvvürünə gətirə bilmirdi. Odur ki, həmin qaraltıları qovmaq üçün dönüb, yenə də Ziyarət dağına dəxil düşür, bu dağın daş altında yatan övliya-ənbiyalarına minnətdarlıq göstərir, kəhkəşanlı ulduzlar dünyasında səltənət salan ulu Tanrıya təkrar-təkrar şükür edirdi. Şükür edirdi ki, necə də o öz dərgah qapısını açıb olmazın səxavət göstərdi, necə də Şükranı gözəlgöyçək, qoçaq-çevik bir oğlan yaratdı. Necə də Şükrana bütün dünyada misli-bərabəri tapılmayan bir qanadlı Ulduz qismət etdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XL

Hələ düz saat səkkizdən Katibə xala respublika prokurorluğunun iclas salonunda hazırlıq görməyə başlamışdı. O, qrafinkaların suyunu təzələdir, sədrin stulunun əzilmiş örtüyünü çıxardıb, ütülənmiş örtüklə əvəz edir, qələmləri yoxlayır, qələm uclarını dəyişdirir, karandaşları qədlədirdi. Katibə xala fir-fir fırlanır, müxtəlif tapşırıqlar verirdi. Beləliklə, o, xeyli əlləşib salonu səliqəyə saldıqdan sonra öz otağına çəkildi, dəvət olunan adamlara bir daha zəng etdi. Əvvəlcə onların hal-əhvalını soruşdu, sonra deyilən vaxtda hazır olmalarını, iclasdan qabaq, ya iclasdan sonra şəxsən onu görmələrini xahiş etdi:– Bəli, çox vacib iş var, mənə dəyməmiş getməyin!.. Bu yolla Katibə xala öz vəzifəsinin vacibliyini hər addımbaşı göstərir, katibəlikdə özünü əvəzsiz bir sima hesab edirdi. Belə idarəçilikdən Katibə xala xüsusi zövq alır, yerə-göyə sığmırdı. Bu gün Katibə xala öz rolunu ayrıca olaraq qeyd etmək, kürəkən Mehmana göstərmək istəyirdi. Bəli, belə müşavirələr olan günlər Katibə xala özünü duru göldəki balıq kimi hiss edir, üzdükcə üzürdü. Aradabir Katibə xala boylanıb müşavirəyə baxır, gözlərini dolandırıb nəzarət edirdi.

19445 min
XLI

Respublika prokuroru öz müavinləri ilə birlikdə bir sıra rayon prokurorlarını ayrı-ayrılıqda qəbul etdi. Növbə çatanda Mehman da içəri girib salam verdi.Ortayaşlı, ortaboylu, qısa, qarabığlı respublika prokuroru Mehmana yer göstərdi. – Mehman yumşaq kresloda oturdu.

19448 min
XLII

İstirahət günü olduğundan Xatun işə çıxmamışdı. O, Mehmanın rayona qayıdacağını bilib bikefləmişdi:– Olmazmı, oğul, bu gün də qalasan? – deyə Xatun oğluna muraciət etdi. – Bircə gün də!..

19447 min
XLIII

İkinci günü Mehman rayon mərkəzinə çatdı. Qaloşlu adam əl-ayağa düşdü. Murtuzov eşidən kimi arvadı Yavəri də götürüb Mehmanın görüşünə gəldi. Mehmanın başdansovdu sözündən, soyuq söhbətindən sonra onlar dağılışıb getdilər. Şəhla xanım balaca çamadanı açıb onun içini yoxladı. Burada yalnız bir ətir şüşəsi var idi. Bunu da yəqin ki, yol üçün almış, unutduğundanmı, ya nədənmi, başını açıb tərpətməmişdi. Bu tək şüşə sanki bir gülləyə çevrilib, Şəhla xanımın ürəyindən keçdi:– Həri, əl üçün yarar, – deyə Şəhla xanım pərtliyindən qızardı.

19446 min

Poems by other poets