Page 1 of 3

Vahidov kəndlərdə olduğu zaman qeydlər edib yazı apardığı balaca bloknotlarını nəzərdən keçirdi, kimə nə tapşırıq vermək lazımsa, ayrı bir vərəqdə qeyd etdi. Rayon üzrə görülmüş işlər nə qədər çox olsa da, görüləsi işlər daha artıq idi. Bu işlər və mübarizələr içərisində Kamilovun, doğrudan da, qayda-qanuna sığmaz hərəkətləri Vahidovu daha çox düşünməyə başlayırdı. Bir də, prokurorla sədr arasında başlayan ixtilafa qarşı raykom katibi artıq öz açıq münasibətini göstərməli idi. Belə bir vaxtın çatdığını Vahidov görürdü. “Burada kim daha haqlıdır?” – deyə Vahidov öz-özünə sual verir, bir yanlışlıq olmasın deyə öz mühakiməsindən təkrar-təkrar keçirirdi. Bu axtarışda Vahidovun nəzərləri bir övlad məhəbbəti ilə qara qıvrımsaçlı Mehmanın üzərində dayanırdı. Mübarizə və gərginlik indi hər yerdə vardır, özü də dərin və kəskindir! Yeni həyat ciddi müqavimətlərdən, sinfi düşmən qalıqlarının fitnəkar qarğularını qırıb dağıtmaqdan, üz-üzə döyüşüb vuruşmaqdan keçib inkişafa doğru getməkdir! Bəli, baxanda keçən illərdəkinə nisbətən, bu kolxoz daha möhkəmlənir, o biri kolxozda ötən ildəkinə nisbətən məhsul daha çoxalır, məktəblərin sayı ilbəil artır, yeni həyat qaynayır, yüksəlir... Ancaq köhnəlik yenə inkişafa azmı mane olur? Baxanda Kamilov kimisi geriyə qalır, istər-istəməz köhnəliklərin qalıqlarına əsir düşür.

Vahidov düşünür, qeyd və mühakimə edirdi:

– Axı mən neçə kərə özüm ona demişəm ki, Kamilov, ipə-sapa yatmaq gərəkdir. Axı mən onu demişəm ki, sizə dövlət ixtiyarı etibar edilmişsə də, qanunu oyana-buyana istədiyiniz kimi əymək deyilməmişdir!.. Axı bu nə xudpəsəndlik azarıdır ki, sizin iliyinizə işləyibdir, Kamilov?.. Bu nə “mənəm-mənəm”likdir?.. Axı, bu nə üsuldur ki, Murtuz kimisi sizdən qopmur?.. Axı bunlar hamısı necə olan işdir, Kamilov?.. – Mehmanın Bakıdan qətiyyətlə döndüyünü hiss edən Vahidov, müəyyən bir qərara gəlmək üçün fikirləşir, bu məsələni necə həll etmək üçün yol arayırdı. – Əlbəttə, rayon icraiyyə komitəsi sədrliyi vəzifəsinə, rayon torpaq şöbəsi müdiri Cabbarzadəni də rahatca çəkmək olardı!.. Niyə olmur axı? Ali təhsilli aqronom, raykomun büro üzvü, neçə illik iş təcrübəsi, axı niyə olmasın?.. Cabbarzadənin camaatla rəftarı mülayim, özü də axşama qədər işlə məşğul olur. – Vahidov əlini alnında gəzdirir, düşünürdü. – Yaxud mənim müavinim Cəlilovdan sədr olmazmı?.. Cəlilov bu gün raykomun birinci katibliyi üçün yetişmiş, ali partiya məktəbini bitirmiş, neçə illik partiya işində bişmiş bir işçidir. Olmazmı? Olar da, keçər də!.. – Vahidovun gözləri bir-bir rayon aktivini və şöbə müdirlərini araşdırırdı. – Kamilovu yüz qat əvəz edəcək adamlar bizdə azmıdır? Bu illər içərisində nə qədər kadr yetişmişdir; adam var, az deyildir!.. Ancaq bəs Kamilov?.. Bəs o necə olsun?! Bəs nə üçün Kamilov bu dərəcəyə qədər tənəzzülə uğrasın?.. “Mənəm-mənəm” deyən bu adam cilov gəmirən atının üstündə şəst-pəstlə dayansın?!. Bəli, görünür ki, Kamilovda bir çürüntü baş veribdir?.. Bəs nə eləmək?.. Çürüntünün qabağını necə almaq?.. Bəli, o müqəssirsə, cəza verməli, əgər islahı mümkünsə, axırıncı bir təcrübə olaraq sıravi işə göndərməli!.. Ayrı bir çarə hanı?.. – Vahidov bloknotlarını sərili qoyub durdu və öz kabinetində asta addımlarla gəzindi. – Ayrı bir yol yoxdur!.. Kamilov artıq özü öz əli ilə zorba gövdəsini götürüb düzgün yoldan bir kənara salıbdır! – Vahidov təlatümlü fikir içində xeyli gəzinib dolandı, ilk gəldiyi günlərindən Mehmanla Kamilov arasında başlayan çəkişmə yenə də onun gözləri qarşısında dayandı... – Bəli, azalmır, artır. Xırdalmır, böyüyür... Demək, qəti olaraq münasibəti aydın etmək!.. İcraiyyə komitəsi sədri vəzifəsinə bəs kimi tövsiyə etmək?.. Cabbarzadənimi, ya Cəlilovumu?.. Günü çatdıqda hər iki namizədi Mərkəzi Komitəyə təqdim etmək!.. İcraiyyə komitəsinin plenumuna vermək... Hansı biri daha layiq görülərsə elə də olsun!.. Yaxud bəlkə, Mərkəzi Komitə başqa bir adamı məsləhət gördü?.. Elə də olsun!.. Hər halda bu çəkişməyə son qoyulmalı, gənc prokurorun qanuni və ədalətli hərəkətləri müdafiə olunmalıdır!.. – Vahidov şəhadət barmağını qaldırıb, öz-özü ilə danışır kimi, yenə də asta-asta yeriməyində davam etdi. – Bəli, inkişaf belə də gedir, kim şişib yəhərə yerləşmirsə, yıxılır, kim şişmirsə, gözləri ayaqlarının altını seçirsə, bütün gecəni-gündüzü işlə-güclə məşğul olub öz-özünə tələbkar yanaşırsa, o yəhərdə möhkəmləşir, ümumən hörmətinə layiq olur... Bəs nə etmək ki, Kamilov belə şişmişdir?.. Görünür ki, bunun xəstəliyi öz-özündən başlamışdır! – İşdən – kəndlərdən dönən Vahidov, öz kabinetində gəzə-gəzə rayonun bütün məsələlərini gözləri qarşısına gətirib, vacib məsələlərdən biri kimi Kamilov üstündə dayanır, bəli, getdikcə sədrin dözülməz hərəkətləri artıq raykom katibini əsəbiləşdirirdi... Onu qəti bir qərar çıxarmaq yoluna gətirirdi... Əgər Mehman, Kamilovun qanunsuz hərəkətləri haqqında, özünün dediyi kimi, mərkəzdə məsələ qaldırmışsa, onda bəs necə etmək?.. Onda bu qərara tamamən şərik olmaq!.. Kamilovun bu ağzı tuşuna hərəkətlərinə ayrı cür təhəmmül etmək mümkün deyildir! Yol çəkmək, inşaat işləri aparmaq, kolxozları möhkəmlətmək, nə qədər də iş vardır!.. Bunların hamısına da birlikdə başçılıq etmək, rayon fəallarını işlətmək tələb olunduğu halda, Kamilov kimi bir adamın hərəkətləri bizim işlərimizə artıq nə qədər də əngəl törətməyə başlayır? – Vahidov addımını qətiyyətlə atırdı. – Yox, bu kötüyə çevrilmiş əngəl qalxmasa olmayacaqdır!.. Bəlkə bu məsələni daha əvvəl qoymaq lazım imiş?.. Əlbəttə, bu məsələni hələ əvvəldən həll etmək gərək imiş!.. “Bəlkə islah olar?” – deyə etdiyimiz səbir tükənmişdir!.. İş islahatdan keçib təşkilati nəticəyə çatmışdır... Ayrı bir yol görünmürdü!.. Kamilov öz nüfuzunun “əfsanəsi” ilə nə qədər yaşasa da, içəridə çürümə başlamışdır. Artıq güclü bir təkan onu yerə sərəcəkdir. Özü də lap üzü üstə!

Vahidov gülümsədi, irigövdəli palıdın qüvvətli küləyin zərbindən necə yerə sərildiyini təsəvvürünə gətirirdi. Vahidov orada əyilib bu sərili ağaca çox diqqətlə baxmışdı. Bəli, o ağac içəridən çürümüşdü, yoxsa heç yıxılardımı? Vahidov bu ağacı bu dəfə dağlıq hissəyə, çıxarkən görmüş, atdan düşərək onun yıxılmasına diqqət etmişdi. Bəli, o ağac yıxılanda, bir neçə yan-yörə şiv ağacı azmı-çoxmu əzmişdi. Ancaq gövdəli ağac yerə dönməz dərəcədə sərilmişdi. Ətrafdakı şivlər isə, bəlkə bu ağacın öz tumlarından əmələ gəlməyə, yaşıllaşmağa başlamışdı... Axı nə üçün belə bir müqayisə Vahidovun təsəvvüründə indi canlanır?.. Vahidov fikirləşir, öz-özünə müştaq kəsilən, içəridən çürüyüb yerə sərilən Kamilovu görür, onun sərilisinə acısa da, yenə onu istehzalı gülümsəmə tuturdu. Vahidov bu fikir içində ikən qapının açılması onu düşüncə və fikrindən ayırdı.

– Gəlmək olarmı? – deyə rayon komsomol komitəsi katibi Əhmədov, qoltuğunda dolu bir iş qovluğu içəriyə girdi. – Neçə gündür ki, sizin qayıtmağınızı gözləyirdik!..

– Cəlilov burada idi, – deyə Vahidov komsomol komitəsi katibi ilə görüşüb ona yer göstərdi. Komsomol katibi əyləşərək qovluğun bağlarını açmağa başladı.

– Cəlilov yoldaş iş planımıza baxdı, ancaq belə məsləhət verdi ki, onu sizə də təqdim edim!

– Çünki iş bölgüsündə komsomol mənim payıma düşüb, eləmi?

– Bəli, görünür ki, – deyə komsomol katibi əlini geriyə daranmış saçlarında gəzdirdi, – elədir!

Vahidov iş planını götürüb diqqətlə oxudu, sonra əlini qırmızı karandaşa atıb bəzi qeydlər etməyə başladı.

– Etiraz etmirsiniz ki, yoldaş katib? – deyə Vahidov göz qapaqlarını qaldırıb soruşdu.

– Xeyr, xeyr, bizim üçün gözəl məsləhətiniz çox xoşdur! – deyə Əhmədov cavab verdi, – çox xoşdur!

– Komsomol partiyanın doğma övladıdır!

– Bəli, biz bununla fəxr edirik, yoldaş Vahidov!

– Bu da belə! – deyə Vahidov danışa-danışa yazdığı cümləni qurtardı. “Məktəb müdirləri ilə ilk gənclər təşkilatı katiblərinin rayon müşavirəsi”nə necə baxırsınız?.. Özü də tədris ilinə yekun vurulanda, necədir?

– Bəli, biz bu cəhəti unutmuşduq, yoldaş Vahidov!

– Məktəb və maarif məsələsini yuxuda da unutmaq olmaz! – deyə Vahidov karandaşını işlətdi. – Geniş kütlələrin maarif və mədəniyyət məsələsi, xüsusən gənclik ilə əlaqədar olan yeni nəslin tərbiyəsi məsələsi bizim gündəlik işimizdə öz əksini tapmalıdır!..

Vahidov bu sözləri yazınca qapı yelli açıldı. Kamilov içəri girdi.

– Salam, yoldaş katib! – deyə o əlini uzatdı. Vahidov onun əlini tutub:

– Əleykəssalam! – deyə sədrə yer göstərdi.

– Nə yazırsınız? – Kamilov əli işləyən Vahidovdan soruşdu.

– Bizim komsomol üçün!..

– Özləri cavan ola-ola bizi işlədirlər, – deyə Kamilov yumşaq kresloda yayxandı.

– Bizim gələcəyimiz üçün! – deyə Vahidov karandaşını iş planından çəkmədən cavab verdi. – Çünki gənclik bizim gələcəyimizdir! Gənclik bizim həmişə baharımız, həmişə sabahımızdır!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XX

Altay atlanıb kəndə, komsomol özək katiblərinin kəndarası müşavirəsinə getdikdən sonra, Mehman evinə dəymədən prokurorluğa getdi. O, rayon həbsxanasında istintaq altında yatan məhbusların işlərini bir daha diqqətlə nəzərdən keçirməyə başladı. Demək olar ki, o çox gec, bütün şəhər yatdığı zaman evinə döndü...Mehman arvadı Züleyxanı öz yerində qurcalanan, anası Xatunu maşınka yanında çay qızdıran gördü. Gündüzkü əhvalatdan onların heç birisi söz açmadı. Çox gec yerinə girən, nisbətən çox az yatan Mehman yenə də erkən yerindən qalxdı. Züleyxa da cəld yatağından durdu. Dan sökülənə yaxın gözünə çimir gələn Xatun nənəni oyatmadan əri üçün çay-çörək hazırladı, onu yola saldı. Mehman bu gün də dünən axşamdan başladığı işlərlə məşğul oldu. İşin axırına yaxın kabinetindən çıxdı, Murtuzovun otaqcığına baş saldı, Qaloşlu adam müstəntiqin qoltuğunu doldurub icraiyyə komitəsinə yollandığını söylədi. Mehman onu yaxalamaq istəyən Qaloşlu adamı geridə buraxıb islah evinə doğru addımladı. Qaloşlu adam geridən mırıldandı.

194418 min
XXII

Bütün gecəni dağ-daş arası, at belində yol gələn Mehman gündüz gün yağlananda rayon mərkəzinə çatdı. Prokurorun gəldiyini görən Qaloşlu adam özünü qapıya cəld yetirib Mehmanın atının cilovundan bərk-bərk yapışdı, başını qaldırıb altdan yuxarı onun üzünə irişdi:– Xoş gəlmisən, qadan alım, səfa gəlmisən!.. Bu neçə gündə gözləməkdən də gözümüzün kökü saraldı!..

19445 min
XXIII

Qaloşlu adam arzuladığı ilk açarı əldə etmiş oldu. O, bu ailədə olan azmı-çoxmu ixtilafa bələd oldu. Qaloşlu adam “daş-qaş mərəz”ini bildi. “Bax buradan, buradan açarı salmaq!” – deyə o içəridə sevindi. Qaloşlu adam fikir içində bir qədər hərlənib-fırlandı, girəvə tapıb özünü anbarın qapısından içəri saldı. Məmmədxan yenə də çotka çəkir, sənədləri aşırıb yoxlayır, qara saplı bir iynə ilə tikib düzəldirdi. Qaloşlu adamın kölgəsi içəriyə uzanıb stol üzərinə səpələnmiş kağızların üstündə gəzdi. Məmmədxan əyri-üyrü kölgəni görüncə başını qaldırıb:– Yenə xeyir ola, – dedi. – Qaloş?

19444 min
XXIV

Züleyxa xeyli vaxt, həyəcan içində qapı-bacada dolandı, sonra yenə Zərrintac Sərrafzadəgilə getdi.– Salaməleyküm, gəlin! – deyə genişlənən gözlərini dolandırdı!

19449 min

Poems by other poets