Züleyxa xeyli vaxt, həyəcan içində qapı-bacada dolandı, sonra yenə Zərrintac Sərrafzadəgilə getdi.

– Salaməleyküm, gəlin! – deyə genişlənən gözlərini dolandırdı!

– Əleykəssalam, ay qız! Niyə bəs elə də tövşüyürsən? Elə bil ki, lap qaç-qovdan gəlirsən?.. – Zərrintac Züleyxanı diqqətlə süzüb əyləşmək üçün ona yer göstərdi. – Otur, bir nəfəsini dər. – O qaş-gözlə bir daha Züleyxanı nəzərdən keçirtdi. – Ay qız, bəyəm adam böyük arvadı olanda, xırda adama bu qədər də sallaq satmaz?!. Bu neçə gündə bəs haradasan, balam?.. Bilmədim ayağının altına da bir dəmir parçası atım, barı!..

– Ay qız, vallah, adamın ürəyi yamanca darıxır, – deyə Züleyxa nəfəsini dərə-dərə birtəhər stulda əyləşdi. – Ancaq adam da tez-tez gəlib getməyə utanır, üz ki var, ətdəndir!

– Elə niyə? Yad-yadırğa deyilsən ki?! – Zərrintac qayğıkeş adam kimi canıyananlıq göstərdi. – Mən qardaşıma da demişəm, bizim katib Kamala! O da icraiyyə komitəsinin katibidir! Hə, demişəm ki, biz ikimiz Züleyxa xanımla həmişəlik bacılıq olmuşuq... Bacı olandan sonra, daha burada artıq-əskik nə söz ola bilər?..

Züleyxa bir təhərlə özünü sakitləşdirdi. Onlar bir qədər oyan-buyandan söhbət edəndən sonra Züleyxa yenə də qızarıb-bozardı, əl çantasını götürüb çəkinə-çəkinə və yavaş-yavaş onu açdı:

– Ay qız! – deyə o birdən yumşaq telli pambığa bükülü saatı titrəyən barmağı ilə asta-asta çıxartdı. – Dedim sənin saatınla quraq bunu... Dedim baxaq, sınayaq görək necə işləyir?.. Yoxsa adam burada lap vaxtvədəni də dolaşdırıb, az qala, sən demiş qulağı belə batır!

Züleyxa qızıl saatı göstərdi, Zərrintac əli ətə çatmaz, dadanmış, hərif pişik kimi baxıb-baxıb udqundu:

– Qəşəngdir, mübarəkdir, qız! Alırsanmı, barı?

– Yox, özümünküdür!.. Nə almaq?.. Özümünküdür!..

– Nə əcəb bəs indiyəcən heç bir kərə də bağlamadın?

– Bağlamış bu ucqar yerdə hara gedəsiyəm?

Züleyxa bu sorğuların içindən özü də gözləmədən çıxdığı üçün az-çox arxayınlaşdı, sinədən yanıqlı bir nəfəs aldı. Zərrintac Sərrafzadə saatı alıb çox diqqətlə, özü də xeyli bir zaman oyan-buyanına süzə-süzə baxdı:

– Hə, bir adamın... – deyə sözünü tezcə yarımçıq kəsdi, “oxşayır...” sözünü ağzında saxladı, “ş-ş-ş...”lar, onun qırmızı, ətli, qalın dodaqları arasında fışıltıyla çıxdı...

– Nə? Necə? – Züleyxanın rəngi bu əcaib və əsrarlı səsin müqabilində bir an içində sapsarı saraldı. – Nə dedin, qız?

– Heç! – Zərrintac sürməli qaşlarını yuxarıya dartdı. – Heç bir şey! Bacı canı!.. Yəni deyirəm ki, adamın qoluna saat gələrmi? – O saatı daha yaxşı tanımaq üçün bəhanə ilə onu qoluna gətirib diqqətlə baxdı. Sonra Zərrintac saatı nə qədər qoluna bağlamağa çalışdısa da, saatın qızıl zənciri onun ağ, yastı biləyinə gəlmədi. – Yox, mənim qoluma çətin gələr, – deyə Zərrintac güclü əli ilə Züleyxanın çiynindən yapışıb onu bərk-bərk yırğaladı. – Maşallah, sən də heç məndən geriyə qalmaz bir qurğuşunsan! Ancaq istəsən bu saatı mənimki ilə dəyişdirə də bilərik!

Zərrintac, Züleyxanı arxayın salmaq, onu ürkütməmək, özünü tox göstərmək üçün ayağa durub sandığını açdı. Bir cüt saat çıxarıb gətirdi. Züleyxa bir qədər toxtadı, ancaq böyük bir həsrətlə qoşa saata baxdı:

– Qəşəngdir sənin bütün-bütünə daş-qaşın, qız!

– Hamısı da qoşa-qoşa gərəkdir, – deyə Zərrintac yenə də öyünməyə başladı. – Birdən biri sındı, biri itdi, sonra?.. Bu dünyada bir dənədən bir şey çıxmaz!.. Elə bu kənd qulluqçularının arvadları da baxırsan ki, cüt-cütdür!.. Hərçənd olsa bu da mədəniyyətdən deyil, – Zərrintac əlini-əlinə vurub süni bir səslə güldü. – Ehtiyat gərəkdir, ehtiyat! – Zərrintac əlini qaldırıb yağlı pampızlı dizinə vurdu. – Ayrı cürə heç olmaz bu dünyanın işi!.. Çünki üstə gəlməyən azalır!

Züleyxa kövrəlib sadəlövhlüklə açıldı.

– Bizim ana dünyanı qurudan, hər şeyə bir qulp qoyan, bir ilıq yumurta ilə gün keçirəndir!

– Hə, – deyə Zərrintac gözlərini dolandırdı. – Hələ o Qaloş da, bu gün onun barəsində mənə elə deyirdi.

Zərrintac cavan rəfiqəsinin öz qayınanasına qarşı başlayan narazılıq qığılcımını üfürüb alovlandırmaq, hər hansı ehtiyata qarşı, bu ailənin içərisinə əl salmaq, gənc prokurorun düyününü öz əlində saxlamaq istəyirdi. Bunun üçün də Zərrintac ananı öz oğlunun keşiyindən qovub uzaqlaşdırmağa, onunla gəlin arasında ixtilaf salmağa çalışırdı. Buna görə də Zərrintac mətləbi hərləyə-hərləyə ananın üstünə gətirməyi vacib bilirdi.

– Hə, – deyə o, yenə sözə başladı. – Doğrudan da, mən də bu barədə göz qoymuşam. O arvad elədir ki, var!.. O Qaloş, asta-asta bizə gələr, düşəndə bizdə isti bişmişdən-zaddan bir qaşıq yeyər. Yazıq yamanca kişidir. Qaloş da sənin o mısmırıqlı qayınanandan əl aparıb qan gətirir!.. Baxırsan ki, o arvad sənin dalınca hey göz qoyur... İstəmişəm bir kərə tutub deyəm ki, ay xala, axı belə də yaramaz?! Sonra sözümü udmuşam, demişəm, eh mənim nə borcuma?!.. Bu dünyada bu qayınana deyilən ki, var, qoymaz bu yazıq gəlin kirpik qaldırıb, göz aça!.. Mən sənə qabaqlar öz qayınanam haqqında demişəm. Bu qayınanaların hamısı bir bezin qırağıdır! “Ora getmə, bura get, elə durma, belə dur”, onlar az qala evi bir qazamata döndərib özləri də əllərində nizəli tüfəng qapıda dayanırlar. – Bəxtəvər o gəlinlərin başına ki, onlar bütün ömürlərində qayınana üzü görməyiblər!..

– Yox, bizimki daha o dərəcəyə qədər pəncə-pəncədən də keçməyib a!

– Mən göz qoymuşam, hələ bir qədər ötübdür, – deyə Zərrintac Sərrafzadə Kamilovun bu ailəyə qarşı itilənmiş dişlərini göz qabağına gətirərək belə bir narazılıq toxumu səpmək yolu ilə öz işinə davam edirdi. – O kişi də deyirdi, o fəqir Qaloş, mən özüm də sərraf gözü ilə baxanda o lapçınlı arvadın yeddi qatını görmüşəm... Nədən ki, mənim gözümdə nə bir canlı yayınar, nə də bir cinli... Demişəm, yazıq bacımın gününə!.. Qayınanalı gəlinin bu dünyada yediyi qan, içdiyi irindir!

– Sərrafzadə o yana göz gəzdirib astadan söyləndi: – Sən çalış, qoy kişinin əlində girəvə varkən sənə belənçik-belənçik şeylərdən bir daşbaş eləsin!.. Yoxsa qız, gərək bəzənəsən ki, kişinin də ağzının suyu şırıl-şırıl axsın! – Zərrintac yırğalandı: – Ancaq bu imansızlar da az qalırlar ki, bəzək görəndə ortalarından çatlasınlar! Onların gözü götürməz ki, gəlin yazıq bir yaxşı-yaxşı geyinsin-kecinsin, altdan vurub, üstdən qıfıllansın, tay-tuş içində tovuz kimi bəzənib, sallana-sallana gəzinsin. Hə, qayınana qoymaz ki, ər deyilən adam, boya-başacan gəlini sevsin. Mənim başım bu barədə, bir dünyaca ağrı çəkibdir. Sən hələ təzəsən. Özün də baxıb görəcəksən... Ancaq haray bu başdan!.. Bu başdan başına bir çarə!.. Lap elə bu başdan o qayınananın gözünün odunu al! – Zərrintac cavan rəfiqəsini diqqətlə süzüb öz sözlərinin təsirini yoxlamaq istədi. – Ancaq bu qızıl saat heç də bir bünövrə daşı kimi, bəd deyildir, qız, balası! – Zərrintac saatı qurub qulağına tutdu. – Bəd deyil, dalı bol olsun, qoşa-qoşa olsun!.. Qoy dincələ-dincələ işləsinlər... Elə mən də bu saatları növbə-növbə işlədirəm. Heç biri də ömründə bir saatsaz üzü görməyib... Necə yerindən çıxıb, eləcə təptəzədir!

Züleyxa gətirdiyi sarı saatı yenə də həmin yumşaq pambığa büküb əl çantasına qoydu.

– Qoluna bağlasana, qız! – deyə Zərrintac onun üstünə çəmkirdi.

– Bağlasana özcə qoluna!

– Evdə bağlaram!.. Bağı qolumu kəssə də bağlaram!

– Görünür ki, qayınanandan yamanca qorxursan, lap cin dəmirdən qorxan kimi! Bildim, başa düşdüm. – Zərrintac əlini əlinə vurub, şaqqa çəkib güldü. – Adam bu dünyada beş gün yaşayacaq, gərək ürəyini yemiyəsən, qız!

Zərrintac uzun qara kirpiklərini silib öz allı-güllü geyiminə, dolu əndamına nəzər saldı. Onun qardaşı Kamal qapını taqqıldadıb içəriyə girdi. Zərrintac ayağa durub:

– Tanış olun, – dedi, mənim qardaşımdır, Kamal! Yoldaş Kamilovun katibidir! Bizim ispalkomun, böyüyün!

Kamal Sərrafzadə Züleyxanın qabağına gəlib ayaqlarını qoşaladı və əyilib əlini uzatdı:

– Kamal Sərrafzadə!

– Züleyxa!..

– Mənim bacılığımdır, – deyə Zərrintac əlini Züleyxaya sarı uzatdı.

– Bizim Züleyxa xanım, bizim prokurorun həyat yoldaşıdır! Özü də “Yusif-Züleyxa”da olan Züleyxadan min pay gözəl.

Kamal Sərrafzadə Züleyxaya tərəf baxdı, onun qız üzünə bənzər üzü pörtdü, dişləri də bir şux qız dişi kimi ağ-ağına cərgələndi.

– Çox pakizə! Biz çox xoşbəxtik. – Kamal o tərəf-bu tərəfə sındı.

– Hörmətli adamlar bizə gəlib-gedirlər. Yoldaş Kamilovun özü də, bizə öz evi kimi gəlib gedər...

Zərrintac Züleyxanın diləgəlməz gözəlliyi müqabilində tezcə özünü unudub əriyən və yumşalıb sıvılan qardaşına tərəf gözlərini ağardıb:

– Yoldaş Kamilov hərdənbir ətirli çaya gələr, – deyib qabarıq döşləri ata-ata allandı. – Nə olsun ki?.. Adam-adamın evinə gələndə qanxata olmaz ki?! Bu xırdaca şəhər də elə bir cürdür ki, baxırsan ki, o qədər gözü götürməyən, ürəyi qurdlu var ki, necə deyər, bu ara adamı az qala öküzü qaldırıb altından buzov çıxarır?..

Züleyxa, Kamalın açıq sözlərindən, xüsusən Kamilovun buraya gəlib-getmək məsələsindən yana, birdən dəyişib pərt oldu, belə bir söz-söhbətdən sonra o cəld yığışılıb pərişan bir halda evlərinə döndü. Xatun, gəlini bir cürə bozarmış sifətlə qarşılayıb:

– Qızım, nə tez-tez o gəlingilə gedib gəlirsən? – deyə soruşdu.

– Nə olar gedəndə, ana?.. Gedəndə, nə olar?..

– Nahaq gedirsən, – deyə əsəbiləşən Xatunun səsi titrədi. – Çox göz qoymuşam, torançağı bir zorba kişi asta-asta o evə girir!.. Yad yerdə adam gərək qədəm basdığı yerə fikir versin ki, altı quyudur, xəndəkdir, uçurumdur, ya nədir?

Züleyxanı söz tutdu, çaşıb dolaşdı. Xatun qayıdıb içəriyə girdi, xörəyə baxıb bir balaca sıxma duz atdı, vedrəni götürüb dağdağan ağacının dibindəki şırrana tərəf yollandı. Züleyxa daha da bərk hikkələndi. Zərrintac beynində köpəşməyə və cücərməyə başladı, Xatun arvad bir müqəssir kimi onun gözləri qabağında dayandı. O, Xatunun ardınca deyinib içəriyə girdi, balaca kasanı iki dəfə duzla doldurub bozbaş qazanına hirslə endirdi.

– Bizim gözətçimiz bizi göz açmağa da qoymaz!.. Cərə olsun, bir də cəhənnəmə! Bu da lap çustunu sürütləyə-sürütləyə mənim başımda vər-vəkillik eləyəcəkdir?!

Xatun sudan qayıtdı. Bir azdan Mehman da işdən döndü. O, əlini yuyub stolun yanına gəldi.

– Ana, bu gün çox yaman acmışam, özüm də işə çox tələsirəm!

Xatun soğan doğrayıb nəlbəkiyə qoydu. Bozbaşı üç qaba çəkdi, iki qabı stolun üstünə gətirdi. Öz payını mətbəxdə saxladı. Mehman qaşığı doldurdu, ağzına gətirərkən dil-dodağının yandığını hiss etdi.

– Ana, ana!..

– Nədir, oğul?..

– Duz varmı?

Xatun bir nəlbəkini duzla doldurub gətirdi.

Mehman qaşığı qaba atıb güldü, anasının boynunu qucaqlayıb ağaran pırtlaşıq saçları arasından öpdü.

– Görünür yadından çıxıb üç-dörd dəfə duz atmısan, hə?

Xatun Mehmanın qaşığını götürüb xörəkdən daddı.

– Olar, oğlum, – deyə başı ilə təsdiq etdi. – Olar!.. Yəqin qocalıq huşumu başımdan aparıbdır, olar!..

Mehman asta-asta güldü:

– Yəqin hər dəfə qazana baxanda bir ovuc, hə? – O, pərt olan anasını bir də qucaqladı, – lap duz gölü! Nə olar, üç gün duzsuz bişirərsən, əvəzi çıxar!

Xatun Züleyxaya altdan-altdan baxdı, elə bu andan Bakıya qayıtmaq üçün münasib bir adam axtarmağa başladı. Bir gün sonra o buraya təftiş üçün gələn qonşuları Balaqardaşı bazarda gördü. Xatun iri portfelli Balaqardaşla danışıb şəhərə qayıtmaq vaxtını müəyyən etdi. Xatun öz fikrini oğluna bildirdi. Mehman etiraz etdi. Anası təkidlə:

– Yox, bala, – dedi, – mən gedim bir evimizə də baş çəkim!

– Evimizdə nə var ki, ana?

– Heç bir şey! Bircə sənin körpəlik ətrin, – Xatun dayandı. Əvvəlcə o, Züleyxanın boynunu qucaqlayıb öpdü, sonra da Mehmanın boynunu qucaqladı, gözləri doldu, əl atıb bağlamasını götürdü, əyilmiş halda pilləkəni enib birbaş avtobusa tərəf yollandı. Mehman bu işə məəttəl qaldı, Züleyxa o biri otağa çəkilib:

– Qoyma getsin ananı, Mehman! – bir uşaq kimi ağladı.

– Mehman pilləkəni düşdü, astaca yeriyib küçədə anasına çatdı, əlini bağlamaya atdı.

– Qayıt, sonra özüm gedəndə səni apararam, ana!

– Burax, küçədir, eyibdir, – deyə Xatun oğlunu tərs bir nəzərlə süzdü. – Burax, burax məni, Mehman!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Məhtaban 6

Həlaku xan gəlini Ərmağanın gözlənilmədən üzə ağ olduğunu, pəjmürdəhal rəxt-xaba düşdüyünü görüncə kobud hərəkət etdiyini başa düşdü. O, oğlu Ərdahanı xəlvət guşəyə çəkib ona təkidlə tapşırdı ki, bu cəngəlli işdə bitərəf dayanmaq daha faydalıdır. Məmalik xanın özünə varis qazanmaq iştiyaqına düşməsi onları nə qədər göynətsə də, gərək hisslərini dərində gizləsinlər, hələ-hələ üzə açılışıb, bir söz deməsinlər. Çünki qoca Məmalik nə qədər atılıb-düşsə də, daldan atılan daş topuğa dəyəcək, Məmalik mülkü həlakuların olacaqdır! Qəzanın qədərindən oğlan övladı olmadığı üçün qoca uduzubdur, indi daha onun vaxtsız banlamağı, Pəhləvan Məhəmmədin yetimçəsini özünə gəlin gətirməyi bicadır.– Birdən qocanın bu əməli baş tutdu? – deyə Ərdahan atasının qarşısında öz nigarançılığını gizlətmək istəmədi. – Birdən Məhəmmədin yetim qızı düzmü, əyrimi pəhləvan babasına bənzəyən bir oğlan varisi doğdu, onda bəs necə?

10 min
Məhtaban 7

Daşlı yolda dördəm gedən qığılcım qoparan nal səslərindən səksənən Ərmağan öz rəxt-xabından dik atıldı, balaca pəncərənin qabağında müztərib dayanıb toz burulğanında gedən atasını, onun dövrəsindəki silahlı süvariləri güclə gördü... Deməli, qoca Məmalik qızı Ərmağanın iynəli sözlərini udmamışdı. Deməli, o, dədə-baba düşməni həlakular evində sınmağını istəməmişdi... Qızı gəlin olan, dörd nəvəsi oynaşan imarət qoca Məmalikə pusquda durub, girəvə gözləyən düşmən səngəri kimi görünmüşdü. Məmalikə görə düşmən səngərində dayanmaq olmazdı! Ona öz səngəri, öz istehkamı gərəkdi...Onların münasibətləri bu məqama çatınca, qoca yeganə qızından da biryolluq əlini üzürdü. Axır yeganə qızı qocanı dinləmir, onun dərdinə qalmır, əksinə, atasının mənliyini düşmən malikanəsində təhqir edib: “özünə süni, qondarma varis düzəldirsən” – deyə onu ana bətnində nəşv-nüma tapan övladını şübhə altına alırdı. Qoca Məmalikə görə indi bir Allah özü onu sındırmamalı, onun mülkünü, əmlakını düşmən həlakulara qismət etməməli, Pəhləvan Məhəmmədin yetimçəsindən ona öz varisini, mütləq oğlan varisini verməlidir!.. Yoxsa Məmalikin gözündə Allah ədalətsiz olar. Fürsəti fövtə verən, yuxudan gec ayılan Məmalikin sümükləri qəbirdə od tutub çırtaçırt yanar, tüstüsü də Savalana doğru dumanlanar...

10 min
Məhtaban 8

Qızı Ərmağanın evindən tündməcaz dönən Məmalik xanın qaşqabağı Məhtabanın təsəvvürə gətirdiklərinin, duyub düşündüklərinin çoxunu təsdiq edirdi. Məhtaban nə qədər nəcib hərəkət edib, xanı öz qızının yanına yollamaqda alicənab iş görmüşdüsə, Ərmağan bir o qədər nanəciblik eləmişdi.Məmalik xanın pirani gülçüyə qarşı rəftarı dəyişmişdi. Xan addımbaşı pirani gülçünün üstünə qışqırıb: “Güllərə pis baxırsan, səni qovacağam!” deyə onu təhqir edirdi. Guya xanın gecikən izdivacına gülçü qoca günahkarmış!.. Guya pirani gülçü, qoca xanı vaxtında ayıltmayıbdır, yaşca özündən kiçik olan Məmalikə ağsaqqallıq etməyibdir, onun başına ağıl qoyub, deməyib ki, “Pəhləvan Məhəmmədin yetimçəsidir, indi ki, gətirmisən, beş-üç günlüyə xidmətində saxla, gecənin bir aləmində qolundan tut, at bayıra!..”.

8 min
Məhtaban 9

Məmalik xan öz əhdinin üstündə durdu. O, doğum günündən iki həftə əvvəl Tehrandan Qacar sarayına yaxın dairədən saçları xınalanmadan, anadangəlmə şabalıdı olan xarici həkim-mamaça dəvət edib, imarətinə gətirtdi.Ərdaha xanı tərəfindən hörmətlə qarşılanan xarici mamaça ilk əvvəl ikicanlı xanımın əhvalını qocadan soruşdu. Məmalik Məhtabanın üzüntülü, ruhi əzablarından xeyli və yana-yana danışdı. Tehrandan toz-torpağa bata-bata gələn mamaça xanım tez-təcili yol libasını dəyişdi, əllərini tər-təmiz yudu, bədənnüma güzgü qabağında dayandı. Xarici xanım şabalıdı saçlarını darayıb, xəstəsinə təsirli görünsün deyə özünü Avropa üsulu ilə artıq səliqə-sahmana salmağa çalışdı. O, xandan izin alıb Məhtabanla tanış oldu, onun əlindən tutub yataq otağına adlatdı. Həkim-mamaça Məhtabanı dinməz-söyləməz tibbi müayinədən keçirtdi. Sonra xarici xanım Məhtabandan firəngcə bir neçə söz soruşdu. Məhtaban dinmədi, fars dilinə keçdi, Məhtaban başını buladı. Onu öz ana dilində dindirincə Məhtabanın cavab verdiyini görüb:

6 min

Poems by other poets