Məhtaban 8
Qızı Ərmağanın evindən tündməcaz dönən Məmalik xanın qaşqabağı Məhtabanın təsəvvürə gətirdiklərinin, duyub düşündüklərinin çoxunu təsdiq edirdi. Məhtaban nə qədər nəcib hərəkət edib, xanı öz qızının yanına yollamaqda alicənab iş görmüşdüsə, Ərmağan bir o qədər nanəciblik eləmişdi.
Məmalik xanın pirani gülçüyə qarşı rəftarı dəyişmişdi. Xan addımbaşı pirani gülçünün üstünə qışqırıb: “Güllərə pis baxırsan, səni qovacağam!” deyə onu təhqir edirdi. Guya xanın gecikən izdivacına gülçü qoca günahkarmış!.. Guya pirani gülçü, qoca xanı vaxtında ayıltmayıbdır, yaşca özündən kiçik olan Məmalikə ağsaqqallıq etməyibdir, onun başına ağıl qoyub, deməyib ki, “Pəhləvan Məhəmmədin yetimçəsidir, indi ki, gətirmisən, beş-üç günlüyə xidmətində saxla, gecənin bir aləmində qolundan tut, at bayıra!..”.
Üstündən neçə gün keçsə də, Məmalik xanın qəzəbi görəsən niyə soyumurdu? Niyə Məmalik xan əndərunun qulluqçu-qaravaşına söyüş yağdırırdı? Hansı acığa-ədavətə görə isə o, mübaşirlərini, məmurlarını silahlandırıb kəndlərə göndərir, neçə ildən bəri tökülüb qalan vergiləri, bəhrələri yığdırırdı. Nə vaxtdan mum kimi yumşalan, Məhtabanın eşqinə giriftar olan, saç-saqqalı nurani görkəm alan Məmalik bunca təbəddülata uğrayıb başqalaşmışdı?!
Qoca xanın bu hərəkətləri Məhtabana əsrarlı görünürdü. Sanki söyülən də, təhqirlərə məruz qalan da Məhtaban idi. Xan, şəxsən Məhtabana güldən ağır bir söz deməsə də, bəzən əzəlki rəftarına qayıdıb Məhtabanın qumral saçlarını tumarlasa da, onun halından əhval tutsa da, Məhtaban yenə də kədərli idi. Məhtabana elə gəlirdi ki, Məmalik xan üzə açılışıb ona bir söz deməsə də, qoca xanda olan bu təbəddülata səbəb ancaq və ancaq Məhtabandır! Əgər bu izdivac olmasaydı, Ərmağan xanım atasını hüzuruna çağırmaz, xan həlakular evindən qəzəbli dönüb qılıncını əlinə almazdı. Əgər Məhtabanın övladı sağsalamat təvəllüd tapsa, özü də xanın arzu etdiyi kimi oğlan olsa, böyüyüb qocanın yerində varis, vəliəhd qalsa, deməli o da atasının yolu ilə gedəcək, yenə də bu hasarın o biri yanında ah-nalə ərşə bülənd olacaqdır!.. Onda bəlkə xandan sonra uzun ömür sürən Məhtaban özü də Sərəncam xanım kimi bədrəftar və əzazil olacaqdır?!
Məhtaban fikirdən-fikrə düşür, öz-özünə əylənib deyirdi:
– “Mənim oğlum gərək adil olsun, tamam-kamal adil! Yoxsulları ağır vergilərdən xilas etsin! Kəndlərdə camilər tikdirsin, öz tikəsini bismillahla kəsib, süfrəsini əlhəmdüllahla yığışdırsın! Olmasın varlı xan, olsun ortabab xan! Qoy mənim xan balam rəhmli olsun, özü də Məhəmməd babası kimi şücaətli olsun! Cır-çolpa xan balalarından cəsarətli olsun! Lap Ərmağanın uşaqlarından bir boy uca olsun! Daha “Ərmağanın zabitlik dərsi alan oğlu Ərşad kimi obada it döyən, başıaçıq gəzib rəiyyətə öcəşən, arvad-uşağa nalayiq söz deyən, küçələrdə atını dördnala çapıb, adam basan olmasın!”.
Məhtaban öz mühakimələrində bəzən lap irəli gedirdi: “Adı nə olmalıdır, bu tifilin?.. Xan razı olsaydı, tifilin adını Məhəmməd qoyardıq. Axır mənim atam da bivarisdir! Ancaq Pəhləvan Məhəmməd varis axtarmadı, axır varis onun hansı əmval-əmlakına sahib olacaqdır? Ömrünün axırında Təbriz əncümənçilərinə qoşulan, əlinə silah götürüb Qacara qarşı aparılan döyüşlərdə şəhid olan Pəhləvan Məhəmməd kaş öz yurdunda Məhtaban adlı qızını da heç qoymayaydı! Onda bikəs, bipənah qızı belə müşkülə də düşməzdi! Axı, Məhəmmədin nəyinə gərəkmiş Məhtaban kimi başı qovğalı qız?!”.
Məhtabanın oğlu olsa, yəqin ki, ondan soruşan da olmazdı ki, uşağın adını nə qoyaq, bu ad sənin xoşuna gəlir, gəlmir, razısan, ya narazısan? Necə ki kəbin kəsdirəndə Məhtabandan rəy soruşan olmadı. Hələ bəlkə uşağın tərbiyəsi fədai qızına yox, bir mötəbər dayəyə tapşırılacaqdı. “İlahi, bəlkə sən məni də, bətnimdəki balamı da təvəllüd zamanı həlak edəsən? – deyə Məhtaban haldan-hala düşür, hərarətdən uçunmaya keçirdi. – Bəlkə elə bizi həlak etsən yaxşıdır ki, ikimiz də biryolluq xan sərdabasına yox, başı daşsız, ayağı nişansız qəbiristana gedək, orada itib-bataq!”.
Məhtaban özünü xan sarayında deyil, zülmət zindanda sayırdı. Nə xanın üzü əzəlki kimi ona güləş görünür, nə də bu ev-eşik onun ürəyinə əzəlki kimi yapışırdı. Gün ötüb, həftə keçib, ay dolandıqca Məhtabanı daha artıq xof basırdı. O, hansı qaranlıq guşəyə qədəm qoyurdusa, “bismillah” deyirdi. “Bismillah” Məhtabanın dilindən düşmürdü. Məmalik xan isə Məhtabanı gözdən qaçırmırdı.
– Qız sən nə bismillahın quyruğundan tutubsan?
– Xan, xofa düşürəm!
– Xan evində, hasar içində, keşikçilər qoyduğum vaxtda bu kaşanədə nədən çəkinirsən?
– Hər şeydən qabaq sənin zəhmli qaş-qabağından!
– Qız, mən rəiyyətin, rəncbərin, qulluqçu-qaravaşın, veyl gülçünün üstünə acıqlanıramsa, bunun sənə nə dəxli?
– Elə bil hamının əvəzində xan mənə acıqlanır, mənə qəzəblənir!..
– Axı, sən xan hərəmi ola-ola təzədən niyə rəiyyətliyə qayıdıb hər cövri-cəfanı üstünə götürmək istəyirsən?
– Heç özüm də bilmirəm, xan!
– Bəlkə səni qara basır, qız?
– Bəli, xan, halım çox pərişandır!
– Bəlkə axundu çağırım sənə dua yazsın?
– Hansı axundu?
– Elə lap bizim kəbinimizi kəsən axundu!
Burulğandan-burulğana düşən Məhtaban birdən-birə yumşalıb rəhmə gələn, gözlərində əzəlki eşq işıltıları görünən xana sığınıb, qaç-qova düşən adam kimi ağır-ağır nəfəs aldı, xanın qəzəbi soyudu, hamilə ananın halına yandı:
– Qız, istəyirsən ki, rəiyyət-rəncbərə, qul-qaravaşa qarşı öz qaraqışqırığımı yığışdırım?
– Yığışdırsan, qulun ollam, xan!
– Qız, mən səni bura nə qul, nə də kəniz gətirmişəm, – xanın saç-saqqalı müztərib Məhtabana yenə də əzəlki kimi nurani göründü.
– Mən bilirəm ki, bizim izdivacımızı sübut edən qalın kağız, bismillahla başlanan əqdnamə sandıqçadadır!
– Bax, onu möhkəm saxla qız!
– Görək hələ Ərmağan xanım bizə nə buyuracaqdır?!
– Ərmağan xanımın buyurduqları ancaq həlakular üçündür!
– Ərmağan sənin doğma qızındır, xan!
– Doğma qız düşmən yanında öz qoca atasının ehtiramını saxlamalıdır!
– Xan, bütün qovğa və cəncəl mənim üstümdədir!
– Bütün qovğa və cəncəl vərəsəlik üstündədir, qız!
– Nə olar, Məmalik mülkünün yarısını Ərmağana verəndə?
– Həlakulara?
– Nə üçün həlakulara, öz nəvələrinizə!
– Bəs o biri yarısı?
– O biri yarısı öz sərəncamınızda qalsın!
– Bəs mənim sərəncamım işləməyəndən sonra kimə qalsın?
– O Xuda təyin edən bir qismətdir!
– Yox, Məhtaban xanım, əsla yox!.. Mənim öz varisim, öz vəliəhdim olacaqdır! – Yumşalan xanın sifətində bir an qəzəb alovları gəzindi.
– Özü də mütləq olacaqdır! Adını da Məmalik qoyacağam!..
– Axı adətə görə sağ adamın adını uşağa qoymazlar, xan!..
– Ancaq dədə-baba düşmənim həlakuların acığına! O nanəcib sicillinin acığına! Qoy bütün həlakular da, Ərmağan da, çalbığ babasına çəkən Ərşad Həlaku da o, nəməkbəharam da görsün ki, xudanın qüdrəti ilə məmaliklərin tüstüsünü Savalana ucaldan vardır!
Qəzəblənmiş Məmalik xanın səsi dəyişdikcə Məhtaban da haldan-hala, təbdən-təbə düşürdü. Bəzən o bilmirdi ki, öz düşündüyü kimi bədbəxtdir, ya qoca ərinin söylədiyi kimi xoşbəxt?! Əgər qocanın söylədiyi kimi xoşbəxtsə, niyə bəs ürəyi açılmır?.. Hətta axund yazan qıyqacı duanı alt köynəyinə tikəndən sonra da yenə xof-qaraltı üstündən çəkilib getmir. Yenə Sərəncam xanımın eybəcər kölgəsi ondan aralanmır. Ərmağan xanımın köz kimi qızaran gözləri ondan üzülmür. Yenə ana-bala birləşib Məhtabanın üstünə düşürlər. Onlar qaranlıqda deyil, işıqda da Məhtabandan əl çəkmirlər. Məhtaban hərdən istəyirdi ki, pirani gülçünün komasına getsin, dərdini ona açsın, ya xan əndərunda olmayanda onu öz yanına çağırsın. Ancaq Məhtaban belə bir addım atmağa cürət etmirdi. Axı, Məmalik xanın pirani gülçüyə qarşı qəzəbi soyumurdu. İndi qoca Məhtabana aşpazxanadan xörək-çörək də daşımırdı.
Məmalik xanın qoyduğu qaydaya görə Məhtaban nə əndərun, nə də birun qulluqçu-qaravaşı ilə heç bir əlaqə saxlamamalı, kəlmə kəsməməli idi. Cana doymuş Məhtaban bir gün cəsarətə gəlib xandan soruşdu:
– Xan nə mənzurla məni pünhan saxlayırsınız?
– Çünki, qız, xan qul-qaravaşı çox söz gəzdirən olur!
– Daha nə söz? Onsuz da hamısı aləmə bəllidir!
– Bəli, Allahın əmri, peyğəmbərin şəriəti ilə!
– Bəs onda daha bizim aramızda aydın olmayan nədir, xan?
– Sən sözü az çərlət, qız!
– Nə üçün sözü çərlədirəm?
– Ona görə çərlədirsən ki, bilmirsən bu əndərun-birundan kim Ərmağan Həlakunun casusudur, kim casusu deyildir!
– Xan, əgər siz buyuran kimi isə daha Ərmağanın üstündən altı ay keçən izdivaca nə dəxaləti?
– Birdən içəridən Ərmağana xəbər çatdı, birdən burada içəridə hiylə quruldu, Ərmağan da öz Həlaku oğlanlarını götürüb gəldi?
– Ərmağan öz oğlanlarını götürüb gəlsə, kim bu qapıları onun üzünə bağlaya bilər, xan?
– Nə üçün biz bu qapıları bimürvət qızın üzünə bağlaya bilmərik, Məhtaban?
– Bu, sizin xanlıq şəninizə kəsir gətirər! Deyərlər ki, Məmalik xan yeganə qızını öz ata mülkünə qoymur!
– Bu, xanın öz işidir!
– Onda xanı yox, ögey ananı qınayarlar. Deyərlər ki, Ərmağandan kiçik olan analığı – rəiyyət qızı nanəcibliyinə salıb, xan qızı Ərmağanı ata qapısından geri qaytarıbdır!
– Sən Ərmağanın adını tez-tez təkrar edirsən, Məhtaban!
– Çünki xandan gərək gizli qalmasın ki, nə Ərmağanın, nə də Sərəncamın kölgəsi bir ləhzə məndən əl çəkmir!
– Qız, səni yenə də qara-qura basır?
– Bəli, xan!
– Axund yazan qıyqacı duadan sonra daha əlacımız nədir?
– Özüm də heç bilmirəm, xan! Özüm də naçaram..
– Qız, bəlkə səni Tehrana müalicəyə aparım?
– Əsla, xan!
– Nə üçün, Məhtaban?
– Axı, ikicanlıyam, bu halımda imarətdən kənara çıxmağa utanıram!
– Onda sən öz bari-həmlini yerə qoyandan sonra bir çarə taparıq!
– Görək hələ qəza nə göstərir, xan.
– Mən mütləq Tehrandan mamaça gətirdəcəyəm!
– Tez gətirsəydiniz, bəlkə mənə də qulaq yoldaşı olardı!
– Ancaq qorxuram o mamaça Ərmağanla əlaqə bağlaya, Məhtaban?
– Necə əlaqə, xan?
– Belə əlaqə ki, övladımızın başına bir iş aça!
– Deməli, bizim dərdimiz dərmansızdır, xan?
– Xeyr, Məhtaban, mən mamaçanı tamam öz məqamında gətirdərəm...
– Deməli, xan öz qızı Ərmağandan heç vəchlə arxayın deyil?
– Düzü Məhtaban xanım, xan sarayında daxili düşmən xarici düşməndən çox və qorxuludur!
– Düzü Məhtaban xanım, xan sarayında
– Ərmağan hər yana dönsə, yenə də sizin doğma qızınızdır, xan!
– Ərmağan çoxdan həlakudur!..
Məmalik xan gözlərindən qanlı yaş axıdan Məhtabanın qara kirpiklərini dəsmalla sildi. Ancaq Məhəmməd qızı Məhtabana heç bir təsəlli, toxtaqlıq kömək etmədi, onu öz əzəlki halına qaytara bilmədi.
Ərmağanla Sərəncamın qoşalaşmış kölgəsi onu daha şiddətli təqib etməyə, onu bu otaqdan o otağa qovmağa başladı.
Qəribə idi! Məhtaban gözlərini açır, Ərmağanı yanında, çalxaq sümüklü Sərəncamı böyründə duran görür, gözlərini yumur, yenə də onları görürdü...
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-mehtaban-8
Use ← → keys to move, R for a random poem
More by this author
Şəhər kənarındakı klub oğlanla dolmuşdu. Bu gün burada mühazirə olacaqdı. Komsomol komitəsinin katibi Əhmədov bu mühazirəyə qulaq asmaq üçün aktivdən ətraf kəndlərə göndərmiş, komsomolçularla birlikdə başqa gənclər də çağırtdırmışdı. O bu yığıncağı xüsusi səylə təşkil etmişdi. Əhmədov hamının toplandığını görərək salon tərəfdən pilləkən yuxarı səhnəyə qalxıb, stolun arxasına keçdi, əvvəlcə qırmızı örtüyü çəkişdirib onun ora-burasını düzəltdi, dolu su qrafinini ortadan bir kənara qoyub balaca zınqrovu əlinə alıb səsləndirdi:– Yoldaşlar! – deyə komsomol katibi, göz gəzdirib salonun diqqətini topladı, sonra əlini geriyə daranmış şəvə saçlarında gəzdirib səsini ucaltdı: – Bizim bugünkü mühazirəmiz yeni sovet adamının, daha doğrusu, gənclərimizin mənəvi saflığı haqqında olacaqdır!.. Ancaq mən, mühazirədən qabaq sizin bura toplanmağınızdan istifadə edərək, bir müqəddimə kimi, sizə bir neçə kəlmə demək istəyirdim!.. Bizim raykom komsomol, son zamanlar özünə görə bir neçə təşəbbüslər etmiş, gələcəkdə də edəcəkdir. – O, qrafindən stəkana su tökdü, içmədən bir kənara qoyub davam etdi. – Biz məhəlli təsərrüfat şöbəsinin, yəni kommunxozun işinə, mütəşəkkil surətdə, dörd yüz yetmiş nəfər gəncin ongünlük, sabahdan axşama qədər fədakar köməyini düzəldib hov vermişik! Belə ki, stansiya arxını dəhnədən düzəldib, o sıldırım göy qayanı çarpanaq-çarpanaq çapıb, əbədilik daş novu salmışıq ki, su da o nova gəlir! Bizim komsomol da elə bir yoldaş olub ki, Fərhaddan da yaxşı külüng çalıbdır!.. Nədən ki, hər ilin selli baharında bu şəhər ayağı qıjıltılı çay köpüklənib kükrəyir, dağlar aşağı qollu-budaqlı ağacları süpürrəyib gətirir, bu dəhnəni də sil-süpür eləyib Araza aparır... Amma indi əgər bütün Qafqaz dağlarının seli toplanıb bura gəlsə, bu dəhnənin yanından qanadlı bir yel olub ötə bilməz? Niyə? Çünki bizim komsomol ordusu tər töküb zəhmət çəkmişdir! Niyə? Çünki demişik ki yoldaşlar, qoy bizim bu şəhərimizin gecəsi də gündüzü kimi çıraqban olsun!.. Qoy hər bir yandan kəndlər boylanıb bura baxanda görsünlər ki, doğrudan da bizim şəhərin gecəsi necə də çilçıraqban içində parıldaşır!..
XLIXMehman Qaloşlu adamı o qədər də eşitmədən aralandı. Lakin Qaloşlu adamın ağzından çıxan bu qırıq-qırıq sözlərin, kinayəli və istehzalı pıçıltıların müqabilində o özünü ələ ala bilmirdi. Mehmanın ürəyi ömründə birinci dəfə idi ki, belə çapar kimi çapır, ağır-ağır döyünürdü. “Nə üçün bu sözləri eşitməzdən qabaq Qaloşlu adamın başı görünməklə mənim sözlərimin daxili məntiqi elə qırılsın?”. Mehman ağır-ağır düşünürdü. O, qurğuşun kimi ağırlaşan ayaqlarını güclə sürüyürdü. Zil qaranlıq, sanki ayrı bir zəhmlə göydən yerə enirdi. “Ağsaçlı müəllimə. Ağsaçlı, balışa dirsəklənmiş xəstə professor... Ağsaçlı, iztirablı, kədərli ana!.. Mehmanın sözlərinə qüvvət verən, onu hörmətlə dinləyən, boynu piyli, başı yağlı Əbdülqədirə qarşı onu müdafiə edən respublika prokuroru!.. Hələ düz on altı gün bundan qabaq rayon partiya komitəsində Vahidovun onu Kamilovdan müdafiə etməyi... Onun məruzəsini böyük maraqla dinləyən beş yüz nəfərə yaxın gəncin qaynar gözləri!”. Bütün bunlar bir xəyal sürəti ilə Mehmanın təsəvvüründə canlanır, bir-birini təqib edərək tez-tez ötürdü, Mehmanın nəzərində yeni-yeni qanada qalxan bir şahin yerə gəlirdi. Mehman dönüb buludlu göyə, zil, sal qaranlığa baxırdı. Yuxarıda, qaranlıq içində sanki ağ saçlar ağarır, bu adamların simaları heyrət və təəccüb içində görünürdü... Mehman birdən büzüşüb üşütməyə başladı. O, qılçaları qırılmış kimi taqətsiz dayandı.– Mən niyə birdən-birə, – deyə Mehman əlini sinəsinə gətirdi. – Axı nə üçün belə oldu? – Sanki onun atlanan ürəyi yerindən qopmaq, hara isə uçmaq istəyirdi. Birdən Mehman qaranlıq içində səndələyib soyuq divara söykəndi. Uca, qarlı dağlardan başlayıb yavaş-yavaş əsən yel Mehmana əsrarlı bir sərinlik gətirdi... Mehman dayanıb qulaq verdi. Ürəyindən bir səs gəlməyə başlayırdı. – Bu nədir?.. Bu çıqqıltı nədir?
LMehman arxasına baxmadan prokurorluğa tərəf addımladı. Qaloşlu adam lampa işıqları altında Mehmanı bir kölgə kimi təqib etdi... Mehman Qaloşlu adama etina etmədən idarəyə çatdı, cibini əlləşdirib açarı çıxartdı, kassanı açdı, balaca sarı saatı qulağına gətirib onu dinlədi, sonra qaytarıb kassanın bir küncünə atdı, qapını çırpıb bağladı:– Ləkə! – deyə o hikkələnib, məsum bir uşaq kimi, yavaş-yavaş doluxsundu, sonra birdən boğuq-boğuq içində ağladı. – Düzdür, ana, dediyin düz çıxdı, Şəhla xanımın xəmrəsi ayrı cür yoğrulmuşdur... İndi bəs bu rüsvayçılıq ləkəsini necə silmək?.. Bütün bu ağsaçlı adamlara, tay-tuşlara, bütün bu müqəddəs qanunlara hansı üzlə, necə cavab vermək? – Mehmanı ağır kədər bürüdü, sükut içində, sorğu qarşısında dayanan müttəhim kimi, o sakit dayanıb qulaq verdi. Yenə də həmin saat asta-asta çıqqıldayırdı. “Bu harada çıqqıldayır?.. Bu kassadan gərək bir səs çıxmasın?.. Bəs bu səs haradan gəlir?.. Nə üçün bu səs susmur?”
Məhtaban 1Balaş Azəroğluna və*Mədinə xanım Gülgünə*