Məhtaban 6
Page 1 of 2
Həlaku xan gəlini Ərmağanın gözlənilmədən üzə ağ olduğunu, pəjmürdəhal rəxt-xaba düşdüyünü görüncə kobud hərəkət etdiyini başa düşdü. O, oğlu Ərdahanı xəlvət guşəyə çəkib ona təkidlə tapşırdı ki, bu cəngəlli işdə bitərəf dayanmaq daha faydalıdır. Məmalik xanın özünə varis qazanmaq iştiyaqına düşməsi onları nə qədər göynətsə də, gərək hisslərini dərində gizləsinlər, hələ-hələ üzə açılışıb, bir söz deməsinlər. Çünki qoca Məmalik nə qədər atılıb-düşsə də, daldan atılan daş topuğa dəyəcək, Məmalik mülkü həlakuların olacaqdır! Qəzanın qədərindən oğlan övladı olmadığı üçün qoca uduzubdur, indi daha onun vaxtsız banlamağı, Pəhləvan Məhəmmədin yetimçəsini özünə gəlin gətirməyi bicadır.
– Birdən qocanın bu əməli baş tutdu? – deyə Ərdahan atasının qarşısında öz nigarançılığını gizlətmək istəmədi. – Birdən Məhəmmədin yetim qızı düzmü, əyrimi pəhləvan babasına bənzəyən bir oğlan varisi doğdu, onda bəs necə?
– Ondanın sözünü onda danışarıq, oğul – deyə Həlaku xan oğluna anlatdı ki, bu xəmir hələ çox su aparacaqdır. Bu barədə gərək onlar qınlarına girib bacardıqca özlərini gizləsinlər. Məmalikə boz sifət göstərməsinlər. Hətta Ərmağanla baş verə bilən hər hansı ixtilafın da üstünü örtüb malalasınlar. Məmalik xanın hərəkətini veclərinə almasınlar, bu işi qocanın öz daxili işi sayıb, ona müdaxilə etməsinlər.
– Oğul, bizim kəndlilər yaxşı deyirlər ki, cücəni payızda sanarlar!
– Yəni buyurursan ki, ata, bu barədə əlimizi ağdan qaraya vurmayaq?.. Yəni durub gözümüzü döyək ki, o boyda məmalik mülkü qocanın dörd nəvəsi burada dura-dura əlimizdən çıxıb Pəhləvan Məhəmmədin nəvəsinə getsin?
Həlaku xan üzünü qaşıyıb, çal-cod bığlarını eşdi:
– Dovşanı araba ilə tutmaq ustalıqdır... Yoxsa bica yerə qaç-qov salmağın mənası yoxdur!
– Səni necə başa düşmək olar, ata?
– Qoy Məmalik qızı Ərmağan anasının rəxt-xabına soxulan günü ilə özü vuruşsun, – deyə Həlaku xan hər iki əlini qaldırdı. – Bizə heç cür dəxli yoxdur. Atası bilər, bir də qızı...
– Yəni tamam-kamal bu işi öz axarına buraxmaq?.. Ya bəlkə qoca Məmalik buraya gələndə bir əncam çəkək?
– Nə əncam?
– Zəhərdən-zaddan xörəyinə bir çay qaşığı da olsa, qarışdırmayaq?
– Bu çox ağ olar – deyə qoca Həlaku başını buladı. – Biz Qurana qəsəm qılmışıq, qan qarışdırıb qohum olmuşuq, vəssalam!
– Bəs haçanacan bu oyunu gözləyək, haçanacan gözlərimizi döyə-döyə duraq?
– Ta məqamınacan? – deyə Həlaku xan çal-cod bığlarını adətincə yenə də möhkəmcə eşdi. – Qoy Ərmağan xanım özü atasının qabağına çıxsın. Sən əsla qarışma. Hələ lazım gəlsə, öz qoca qayınatanın tərəfində dur. Bəli, bəli, Ərdaha xanı Məmalikin ehtiramını saxla!
– Gərək ürəyindən gələ ki, qoca tülkünün ehtiramında dura biləsən də!..
– Ta məqamınacan! – deyə Həlaku xan dediyini təkrar edib oğlu Ərdahanı yaxşı-yaxşı başa saldı ki, daha baxyanı üzdən vurmaq olmaz. Yan-yörədə başqa-başqa xanlar marıqda durub, girəvə gözləyirlər. Bir tərpəniş oldumu alov qalxacaq, onda Məmalikin tərəfdarları çox olacaq, nəhayət it də gedəcək, ip də!
– Məmalik mülkü Həlaku nəvələrinin qismətidir! – deyə əllidən artıq kəndin, obanın, əldən çıxacağını güman edən Ərdahan xan qana həris canavar kimi qulaqlarını şəklədi. – Fürsət fövtə vermək olmaz, ata!
– Orası elədir, hələ mən Məmalik qızını sənə elçiləyəndən qabaq bütün bunların hamısını düşünmüşəm, oğul!
Qızışıb, özündən çıxan Ərdahan dünyanı yorub-yortan atasının tapşırığına əməl etməyinə and içməyincə qoca xan oğlundan əl çəkmədi. O öz hiylələrini Ərdahanın beyninə yeritdiyinə inanandan sonra başa düşən böyük nəvələrini də ayrı dillə bişirib dedi ki, Məmalik baba buraya təşrif gətirəndə heç bir zarafata yol verməyin, onun ehtiramında əl-əl üstə dayanın. Elə edin ki, babanızın hüzurunda naqabil söz, hərəkət olmasın!..
– Yəni heç nə deməyək? Deməyək Məmalik babaya niyə nənə almısan, bizə bildirməmisən?
– Heç vaxt!.. – Xan mətləbi başa düşən nəvələrini gözdən keçirdi, onların məmaliklər yox, həlakular olduğunu dürüst təyin edincə, toxtadı.
Həlaku xan gəlini yatan otağa girməsə də, qıraqdan onun qayğısına qaldı, şəxsən özü xəstə Ərmağanın xörək-çörəyində göz oldu, özünü abid kimi göstərib, Məmalik qızını şəkk-şübhədən çıxarmağa cəhd etdi.
Hərarəti azalmayan Ərmağan atasının yolunu dörd gözlə gözlədi. O, dilinə bir tikə vuranda, birini vurmadı. Hikkələnən xanım çox vaxt xörəyini soyudub geri qaytardı...
Məmalik xan hələ də tərəddüd içində idi. O, qızının onu nə üçün çağırdığını da, nə üstündə xəstələndiyini də, nə deyəcəyini də əcəbcə bilirdi. Elə buna görə də qəsdən ayaq sürüyür, qızının sinəsinə vurduğu yaranın köhnəlməyini istəyirdi. O, istəyirdi ki, Ərmağanın hirsi, hikkəsi soyusun, qulaqları bu söz-sova alışsın, necə deyərlər, qızdırsın, titrətmə keçirsin, qalxsın, qalxandan sonra yenə qızdırsın, yenə titrətmə keçirsin, zəifləsin, qəzanın qədəri ilə razılaşsın, atasının qərarını bilib daşa düşsün, kükrəyən sel sovuşsun. Axı, iyirmi il bundan əvvəl ərə gedən qızın atasının işinə nə dəxaləti? Qoca xan ləngiyib ayaq sürüyüncə, bir gün Məhtaban özü işə qarışdı, qocanı dilə tutub yeganə qızı barəsində onun daşa dönən ürəyinə rəhm salmağa çalışdı. Məhtaban istəmədi ki, ata ilə övladın arasında nifaq olsun, özü qızıl qəfəsə düşüb bədbəxt olduğu halda, onun üstündə başqası bədbəxt olsun. Ya azarlasın, ya da başına bir iş gəlsin.
– Bu müddət ərzində niyə bu qədər tərəddüd göstərirsiniz, xan?
– Nə barədə, Məhtaban?
– Belə görürəm ki, Ərmağan xanımın yazdığı naməni qəsdən cavabsız qoymaq istəyirsiniz...
– Əgər Məhtaban xanım istəsə, cavab yazıb, çapardan göndərə bilərəm!
– Xeyr, xan!
– Nə üçün, Məhtaban?
– Çünki Ərmağan xanım sizin özünüzü gözləyir.
– Əgər mən qəsdən getmək istəmirəmsə?
– Haqqınız yoxdur, xan!
– Yenə də Ərmağanı müdafiə edirsən, qız?
– Mən övladlıq haqqını müdafiə edirəm, xan!
– Axı nə üstündə?
– Onun üstündə ki, gərək mən bədbəxtə görə ata ilə qızının arasında ixtilaf olmasın!
– Məmalik səni öz göz bəbəyi kimi istəyib, sevdiyi halda nə üçün bədbəxt olasan, qız?!
– Xan, xoşbəxtlik heç də mənim düşdüyüm qızıl qəfəsdə deyildir!
– Bəlkə mən səni buraxam öz yurd-yuvana uçasan!
– Artıq o da gecdir, xan!
– Niyə gecdir?
– Mən hamiləyəm, ikicanlıyam, xan!
– Onda mən xoşbəxtəm, Məhtaban!.. Qoy həlakular yanıb-yaxılsınlar! Qoy onlar Ərmağanı mənim üstümə qılınc kimi itiləməsinlər!.. İgid atamın ərvahına and içirəm ki, mən sənin üçün Şeyx Sənan olacağam, qız!.. Lazım gəlsə, qəsəmimi pozub Quranı yandıracağam, donuz otaracağam!..
– Siz Qafqaz səyahətini xatırlayırsınız, xan. Pəhləvan Məhəmməd oradan Ərdahaya dönəndə xeyli danışmışdı.
– Bəli, mən sənin atan Məhəmməd söyləyən Sənan dağına çıxmışam. Orada demişəm ki, ilahi eşq ancaq belə olar!..
– Orada ilahi eşq qarşılıqlı olubdur, xan!
– Deməli, biz ikimiz bir övladın valideyni olandan sonra siz mənə etibar etmirsiniz, mənim ilahi eşqimə inanmırsınız?
– Siz mənim nikahımı cari etdirəndə nə üçün razılığımı almadınız, xan?
– Mən sizin daxili tərəddüdünüzə xitam vermək istədim, Məhtaban!
– Əgər, mənim sönük eşqim indi də tərəddüd içindədirsə?
– Elə etmə ki, Məhtaban, ağır halında sənə yol göstərim.
– Bismillah qabağımı kəsməsəydi, xan yolumu bağlaya bilməzdi!
– Sən şəriətə asi kəsilmə, qız! Taleylə razılaş! Alicənab ol, həqiqi sevgini qiymətləndir. Axır mən necə qocalsam da, artıq sənin əsirinəm!
– Mənim qoca xana tükənməz ehtiramım vardır!
– Nə kimi ehtiram?
– O ehtiram ki, qoca xan bətnimdə düyünlənən övladımın atasıdır, gözü yaşlı Məhtaban əlini uzadıb qocanın qar kimi dümağ saqqalını sığalladı. – Sən taleyin hökmünə bax!
– Xudaya, mən nə xoşbəxtəm!
– Xudaya, mən necə də bədbəxtəm!
Xan bu əsrarlı düyündən baş açmadı, aça da bilmədi. Axırda Məhtabanın təkidi müqabilində gədələrinə tapşırıq verib atlandı, ikinci gün başının on nəfər süvarisi ilə özünü həlakular imarətinə yetirdi. Həlaku xan da, oğlu Ərdahan da, nəvələr də xan dərbarında olan mötəbər şəxslər də Məmalikin pişvazına çıxdılar. Hətta Həlaku xan özü Məmalik xanın mindiyi atın cilovundan yapışıb, onun yəhərdən düşməsinə kömək etdi. Həlaku xan qoca Məmalikin gəlişinə son dərəcə sevinən adam kimi gözləri yaşara-yaşara qohumunun boynunu qucaqladı, ağ tük basmış solğun yanaqlarından öpdü. Həlaku xan təlim etdiyi kimi, Ərdahan xan qayınatasını, nəvələr də babalarını hərarətlə qarşıladılar. Nəinki Məmalik xana, onun süvarilərinə də həlakular xanədanında olmazın ehtiram göstərdilər. Həlaku qohumun qulağına əyilib mübarəkbadlıq da etdi. Hər iki xanın dodaqlarında bir-birinə bənzəməyən təbəssüm göründü. Tez tələsik burmabuynuz qoç kəsildi, süfrədə bolluq olsun deyə, toğludan, əmlikdən də kəsilib buraya əlavə edildi. Bir an içində cəmdəklər soyuldu, şaqqalar yan-yana asıldı. Həlaku xanın aşpazxanasından Savalan dağının ətəklərinə doğru çalkeçir tüstülər ucaldı. Məmalik xanın öz qızını görməmək üçün tələsmədiyini görən çalbığ Həlaku səbir göstərdi. Üstündən xeyli keçəndən sonra təhəmmül etməyən Məmalik ayağa qalxdı, Həlaku da, Ərdahan da ayağa durdular.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-mehtaban-6
Use ← → keys to move, R for a random poem
More by this author
Mehman Qaloşlu adamı o qədər də eşitmədən aralandı. Lakin Qaloşlu adamın ağzından çıxan bu qırıq-qırıq sözlərin, kinayəli və istehzalı pıçıltıların müqabilində o özünü ələ ala bilmirdi. Mehmanın ürəyi ömründə birinci dəfə idi ki, belə çapar kimi çapır, ağır-ağır döyünürdü. “Nə üçün bu sözləri eşitməzdən qabaq Qaloşlu adamın başı görünməklə mənim sözlərimin daxili məntiqi elə qırılsın?”. Mehman ağır-ağır düşünürdü. O, qurğuşun kimi ağırlaşan ayaqlarını güclə sürüyürdü. Zil qaranlıq, sanki ayrı bir zəhmlə göydən yerə enirdi. “Ağsaçlı müəllimə. Ağsaçlı, balışa dirsəklənmiş xəstə professor... Ağsaçlı, iztirablı, kədərli ana!.. Mehmanın sözlərinə qüvvət verən, onu hörmətlə dinləyən, boynu piyli, başı yağlı Əbdülqədirə qarşı onu müdafiə edən respublika prokuroru!.. Hələ düz on altı gün bundan qabaq rayon partiya komitəsində Vahidovun onu Kamilovdan müdafiə etməyi... Onun məruzəsini böyük maraqla dinləyən beş yüz nəfərə yaxın gəncin qaynar gözləri!”. Bütün bunlar bir xəyal sürəti ilə Mehmanın təsəvvüründə canlanır, bir-birini təqib edərək tez-tez ötürdü, Mehmanın nəzərində yeni-yeni qanada qalxan bir şahin yerə gəlirdi. Mehman dönüb buludlu göyə, zil, sal qaranlığa baxırdı. Yuxarıda, qaranlıq içində sanki ağ saçlar ağarır, bu adamların simaları heyrət və təəccüb içində görünürdü... Mehman birdən büzüşüb üşütməyə başladı. O, qılçaları qırılmış kimi taqətsiz dayandı.– Mən niyə birdən-birə, – deyə Mehman əlini sinəsinə gətirdi. – Axı nə üçün belə oldu? – Sanki onun atlanan ürəyi yerindən qopmaq, hara isə uçmaq istəyirdi. Birdən Mehman qaranlıq içində səndələyib soyuq divara söykəndi. Uca, qarlı dağlardan başlayıb yavaş-yavaş əsən yel Mehmana əsrarlı bir sərinlik gətirdi... Mehman dayanıb qulaq verdi. Ürəyindən bir səs gəlməyə başlayırdı. – Bu nədir?.. Bu çıqqıltı nədir?
LMehman arxasına baxmadan prokurorluğa tərəf addımladı. Qaloşlu adam lampa işıqları altında Mehmanı bir kölgə kimi təqib etdi... Mehman Qaloşlu adama etina etmədən idarəyə çatdı, cibini əlləşdirib açarı çıxartdı, kassanı açdı, balaca sarı saatı qulağına gətirib onu dinlədi, sonra qaytarıb kassanın bir küncünə atdı, qapını çırpıb bağladı:– Ləkə! – deyə o hikkələnib, məsum bir uşaq kimi, yavaş-yavaş doluxsundu, sonra birdən boğuq-boğuq içində ağladı. – Düzdür, ana, dediyin düz çıxdı, Şəhla xanımın xəmrəsi ayrı cür yoğrulmuşdur... İndi bəs bu rüsvayçılıq ləkəsini necə silmək?.. Bütün bu ağsaçlı adamlara, tay-tuşlara, bütün bu müqəddəs qanunlara hansı üzlə, necə cavab vermək? – Mehmanı ağır kədər bürüdü, sükut içində, sorğu qarşısında dayanan müttəhim kimi, o sakit dayanıb qulaq verdi. Yenə də həmin saat asta-asta çıqqıldayırdı. “Bu harada çıqqıldayır?.. Bu kassadan gərək bir səs çıxmasın?.. Bəs bu səs haradan gəlir?.. Nə üçün bu səs susmur?”
Məhtaban 1Balaş Azəroğluna və*Mədinə xanım Gülgünə*
Məhtaban 2Qoca xan imarətinə döndü. O, nə yerdə olduğunu bilmədi. Özünü tanımadı. Bilmədi ki, müqəddəsləşib ya kafirləşib? Zalımlaşıb, ya məzlumlaşıb? Xan qəribə vəziyyətə düşdü. Od tutdu, alışıb yandı. Elə ki, qocanın sümükləri çöllərin quru çırpısı kimi çırtaçırtla alovlandı, tütünü təpəsindən çıxdı... Görünür, qoca son nəfəsinədək sönməyəcəkdi. Məhtaban xanın gözlərindən getmədi, cır-cındır geyinmiş, ağ mərmər heykəl öz varlığı ilə onun gözlərinin qabağında dayandı:– “Xudaya, bu nə cəncəldir, mən düşdüm?!”.