XLVI
Page 2 of 3 · 33%
– Bəli, gəncliyin müqəddəs vəzifəsi – partiya tapşırıqlarını canbaşla yerinə yetirməkdən ibarətdir, – deyə komsomol katibi Əhmədov, Kamilovun turşuyan sifətini görüb özü söhbətə qarışdı.
– Bəli, bu da belə!.. Pionerlər məsələsi! – deyə Vahidov öz mülahizəsini yazdı.
– Bu cəhətə də gərək biz fikir verək, – deyə Əhmədov özündə olan iş planını açdı, üzərində qeydlər etməyə başladı.
– Bax belə, yoldaş komsomol, aydın, konkret yazmaq!.. Ayını, gününü, saatını göstərmək!.. Çünki iş yazmaqdan çox öz icrasını sevir!
– Axı əlindən tutub əlifbey də yazdırmaq yaxşı deyil! – deyə Kamilov dodağını dişləyərək Əhmədova tərəf döndü. – Raykom katibinə hörmət gərəkdir, yoldaş Əhmədov! Axı elə yazın, elə gətirin ki, daha bu kişi sizə mirzə olub, min işin içindən sizin bu pioner məsələsi ilə də məşğul olmasın!..
– Əlbəttə, raykom katibi gərək pioner işi ilə də məşğul olsun, – deyə Vahidov yaza-yaza Kamilova cavab qaytardı. – Lap məktəbli balaların yazı-pozu dəftəri ilə də!..
– Ancaq bu komsomol özü də gərək bir iş görsün, ya yox? – deyə yenə də Kamilov öz gücünü göstərmək üçün suyu bulandırmaq, özünün həlledici bir mənsəb sahibi olduğunu komsomol katibi Əhmədova göstərmək istədi.
– Komsomol da az iş görmür, – deyə Vahidov başını qaldırıb işləyən karandaşını dayandırdı. Qapı açıldı, Vahidovun köməkçisi ara qapının ağzında göründü.
– Prokuror Atamoğlanov yoldaş gəlmək istəyir!
– Buyursun! – deyə Vahidov karandaşı stolun üstünə atdı.
Mehman daxil oldu, Vahidova əl verib, onun əlini möhkəm-möhkəm sıxdı, Vahidov ona yer göstərdi. Belə bir səmimi görüş Kamilova yaman toxundu, elə bil bir qayıq ona sancılıb, yeddi qatından keçdi. O, ağappaq ağardı. Mehman Bakıya gedərkən Vahidovun onu dəmiryola qədər öz maşınında yola salmağı sanki Kamilovun qaysaqlanmış yarasını cırmaqlayıb təzələdi. Buna görə Kamilov titrəyən barmaqlarının ucunu Mehmana könülsüz olaraq uzatdı. Mehman yenə də öz əlinin içində barmaqlardan artıq, xəmirə oxşar bir şeyin birləşdiyini hiss etdi.
– Salam, – deyə Kamilov dilləndi, elə bil, bu söz onun ağzından çıxıb, gərəksiz bir şey kimi yerə düşdü. Mehman bu soyuq münasibəti hiss etdi. “Eyib etməz” – deyə o, Kamilovun etinasızlığına qarşı sadəcə cavab verdi. Komsomol komitəsi katibi Əhmədov da Mehmanla görüşüb Vahidovun nəzərdən keçirdiyi, qeydlər etdiyi iş planını aldı.
– Bütün qeydlərinizi nəzərə alarıq, – deyə komsomol katibi təşəkkür etdi, sonra bloknotunu nəzərdən keçirib, altından qoşa cızıq çəkdiyi bir məsələni də Vahidovun qarşısında qoymaq istədi.
– Axırıncı xahişimiz, yoldaş Vahidov, budur ki, – deyə Əhmədov raykom katibinə müraciət etdi, – bizim nəzəri hazırlıqlı partiyaçılarımız, gərək komsomolun siyasi təhsil və tərbiyə işlərinə ciddi fikir versinlər!
– Təklifiniz bu barədə nədir, yoldaş Əhmədov? – deyə Vahidov soruşdu.
– Təklifimiz, yəni xahişimiz budur ki, yoldaş Vahidov, gərək bizim rəhbər işçilər komsomol yığıncaqlarında, kommunist əxlaq və şüuru haqqında nəzəri məruzələrdə bulunsunlar! Bu növ ilə komsomolun siyasi təhsil-tərbiyə işləri bizim partiya təşkilatının diqqət mərkəzində dayansın!..
– Doğru sözdür, – deyə Vahidov etiraf edərək əlavə etdi. – Həm də komsomolda olmayan gənclərin tərbiyəsinə, siyasi təliminə ciddi fikir verilməlidir!.. Mən sizin iş planınızda bu cəhəti də ayrıca qeyd etmişəm.
– Bəli, – deyə komsomol komitəsi katibi, Vahidovun qeydlərinə baxıb barmağını iş planında qoşa cızıq üzrə apardı. – “Xüsusən gənc qızların təhsil-təlimi”.
– Agitprop gərəkdir, agitprop, bala! – deyə Kamilov söhbətə müdaxilə edib öz sarsılan hünərini özlüyündə bir daha yoxlamaq üçün, münaqişəyə girişdi. – Təbliğat müdiri o Cəlalzadə, axı nə danışandır?.. O, hər kəlməni deyəndə bir dəfə boğazını anıtlayıb, sözünü saqqız kimi çeynəyir!
– Cəlalzadə çox bilikli yoldaşdır! – deyə komsomol komitəsi, Kamilova cavab qaytardı. – Sakit danışan, adamı yaxşı-yaxşı başa salandır! Yoxsa kommunxoz müdiri kimi dəhnəni düzəltmədən, boş-boşuna basıb bağlamaq kimə gərəkdir? – Kamilov, kommunxoz işini araya gətirmək istəməyərək, yenə də Əhmədova dost saydığı Cəlalzadəyə tərəf hücum edərək:
– Təbliğatçıda ağız gərəkdir, – dedi, – alovlu bir dil, oğul!
– Cəlalzadə sakit və mahir təbliğatçıdır, – deyə Vahidov atmacalı cavab verdi. Ancaq ki, hayı-küyü, bağırtısı yoxdur! Necə deyərlər, onun boğazı bəzi para adamın boğazı kimi kotanla açılmamışdır!
Kamilov Murtuzovun son xəbərlərini xatırlayaraq, həm də Vahidovun bu tutarlı sözü müqabilində udqundu. Raykom katibi əlavə etdi:
– Biz Cəlalzadə özü burada olan zaman, üzbəüz onun sözünü danışa bilərik!
– Doğrudur, – deyə Əhmədov raykom katibinin sözünə yenə qüvvət verdi. – Bolşevik gərək hər nöqsanı üzə desin!
Vahidov Kamilovu təkrarən dərindən süzüb ayağa qalxdı, stulu stol tərəfə itələyib yuxarıdan ona söykəndi:
– Tərbiyə işi, təbliğat işi tək bir şöbə müdiri Cəlalzadənin yox, bütün partiya fəallarının işi olmalıdır, – deyə Vahidov divara vurulmuş rayon xəritəsinə nəzər salıb, yavaş-yavaş ona yaxınlaşdı, şəhadət barmağını burada gəzdirə-gəzdirə:
– Nə bu şəlalə altında tikilən elektrik stansiyası, – deyə o göstərdi:
– nə, bax, bu kəndlərdə tikilən məktəb binaları, nə də dağlararası çəkilən yollar, hətta sıldırım qayalıqlar arasında gedən mədən kəşfiyyatı işlərini bizim gündəlik təbliğat-təşviqat işlərindən aralı saymaq olmaz!..
– Vahidov işarələrlə dolu rayon xəritəsi üzərində dayandı. – İnqilabi nəzəri bilik, sönməz, güclü bir məşəl kimi dağlararası kəndlərdəki quruculuq işlərimizi işıqlandırmalıdır!.. Nəinki tək partiya təbliğatçı, təşviqatçılarını, hətta müəllim, həkim, aqronom qüvvəsini də bu quruculuq işlərimizin mühazirəçilərinə, onların alovlu təbliğatçılarına çevirmək gərəkdir!
– Bəli, əlbəttə! – deyə komsomol katibi Əhmədov xəritəyə tərəf maraqla boylanıb, öz fikrini izah etdi. – Təhsil-təlim işi bizim gənclik üçün günəş, hava, su qədər gərəkdir!.. Rayonun bütün kəndlərindən bizim gənclər elmə, biliyə can atır! Keçən il bu dağlar arasından iyirmi nəfərdən yuxarı, Bakıya ali təhsilə adam göndərmişik!.. Bunların içərisində birinci dəfədir ki, buradan beş nəfər qız da ali təhsil almağa gedibdir!..
– Bax belə, çox gözəl! – deyə Vahidov xəritə qabağından dönüb stula söykəndi. – Bu təhsil ilinin axırında gərək iki o qədər də göndərək, yoldaş Əhmədov!
– Əgər öz yerindən çıxan öz yuvasına qayıtsa, – deyə Kamilov Vahidovun tərtib etdirdiyi rayon xəritəsinə tərəf iştibahla baxıb fısıldadı. – Hamısı da şəhərdə qalır, o dənizqırağı bulvarda, Bakıda!
– Bakı da bizimdir, Şəki də, – deyə Vahidov daha böyük bir xəritənin qabağına yeridi. – Bax, Moskva!.. Bu böyük bir məmləkətin hər yeri bizimdir!.. Əgər o böyük şəhərlərdə qalan bir gənc elmi biliklə məşğul olursa, eyni zamanda o bizim bu ucqarlarda da xidmət etmiş olur!..
– Bəli, əsl mənasında elədir! – deyə bayaqdan Vahidovu sakit-sakit dinləyən Mehman raykom katibinin sözlərini təsdiq etdi. – Heç bir zaman elmi işi həyatdan, həyati işi elmi işdən qoparmaq olmaz!
– Bəli, indi şəhərlə kənd yeni əsas üzərindədir, doğma bir gözdədir, – Vahidov dönüb qayıtdı və Mehmanın dediyini təqdir etdi. – Daha şəhər kənd üçün ögey, yaxud kənd şəhər üçün bir “çöllü” deyildir! İndi, ötənlərdə olduğu kimi, çöllünü barmağına dolayıb – “ay xoruz vay xoruz!” deyib rastabazar uzunu ağız-ağıza bağıran tacirlər yoxdur! İndi şəhər kəndlərə maşın, işıq və yaraşıq verir!.. Bax, bizim mühazirəçilər, təşviqatçılar bu maddi əyani vəsaitlərdən istifadə edib, bizim gün kimi həqiqəti hər kəsə apaydın göstərməlidirlər!
Vahidov, axan bir xəyal və yüksəlişə gedən bir arzu içində danışa-danışa dönüb Mehmana yaxınlaşdı, əlini onun çiyninə qoyub:
– Onu bilmək lazımdır ki, biz sinfi düşmən üzərində dönməz qələbə çalsaq da, yenə onun qalıqları bizə əngəl törətmək, hətta o köhnə dünyanın tör-töküntüsünü insanların şüurunda yaşatmaqla, bizim inkişafımızın sürətinə müqavimət göstərmək istəyirlər! Buna görə də şüura təsir edən təbliğat-təşviqat işlərini gücləndirmək, nəinki şöbə müdiri Cəlalzadənin vəzifəsidir, bizim hamımızın, o cümlədən prokurorun özünün də gündəlik vəzifəsidir!
– Mən lap o Cəlalzadənin eyiblərini öz gözünün içinə, şax söyləyərəm! – deyə Kamilov üzünü Mehman tərəfə tutub əlavə etdi: – Doğrudur, təbliğat hamının işidir, ancaq hər kəsin maaş cədvəlində bir imzası var, ya yox?.. Mən lap o Cəlalzadənin nəinki gözünə, lap bəbəyinin ortasına deyərəm ki, bizim bu rayonda təbliğat işi bərbad haldadır! Yoxsa düzünü demək yaramır, balam?!.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-mehman-xlvi
Use ← → keys to move, R for a random poem
More by this author
Altay atlanıb kəndə, komsomol özək katiblərinin kəndarası müşavirəsinə getdikdən sonra, Mehman evinə dəymədən prokurorluğa getdi. O, rayon həbsxanasında istintaq altında yatan məhbusların işlərini bir daha diqqətlə nəzərdən keçirməyə başladı. Demək olar ki, o çox gec, bütün şəhər yatdığı zaman evinə döndü...Mehman arvadı Züleyxanı öz yerində qurcalanan, anası Xatunu maşınka yanında çay qızdıran gördü. Gündüzkü əhvalatdan onların heç birisi söz açmadı. Çox gec yerinə girən, nisbətən çox az yatan Mehman yenə də erkən yerindən qalxdı. Züleyxa da cəld yatağından durdu. Dan sökülənə yaxın gözünə çimir gələn Xatun nənəni oyatmadan əri üçün çay-çörək hazırladı, onu yola saldı. Mehman bu gün də dünən axşamdan başladığı işlərlə məşğul oldu. İşin axırına yaxın kabinetindən çıxdı, Murtuzovun otaqcığına baş saldı, Qaloşlu adam müstəntiqin qoltuğunu doldurub icraiyyə komitəsinə yollandığını söylədi. Mehman onu yaxalamaq istəyən Qaloşlu adamı geridə buraxıb islah evinə doğru addımladı. Qaloşlu adam geridən mırıldandı.
XXIIBütün gecəni dağ-daş arası, at belində yol gələn Mehman gündüz gün yağlananda rayon mərkəzinə çatdı. Prokurorun gəldiyini görən Qaloşlu adam özünü qapıya cəld yetirib Mehmanın atının cilovundan bərk-bərk yapışdı, başını qaldırıb altdan yuxarı onun üzünə irişdi:– Xoş gəlmisən, qadan alım, səfa gəlmisən!.. Bu neçə gündə gözləməkdən də gözümüzün kökü saraldı!..
XXIIIQaloşlu adam arzuladığı ilk açarı əldə etmiş oldu. O, bu ailədə olan azmı-çoxmu ixtilafa bələd oldu. Qaloşlu adam “daş-qaş mərəz”ini bildi. “Bax buradan, buradan açarı salmaq!” – deyə o içəridə sevindi. Qaloşlu adam fikir içində bir qədər hərlənib-fırlandı, girəvə tapıb özünü anbarın qapısından içəri saldı. Məmmədxan yenə də çotka çəkir, sənədləri aşırıb yoxlayır, qara saplı bir iynə ilə tikib düzəldirdi. Qaloşlu adamın kölgəsi içəriyə uzanıb stol üzərinə səpələnmiş kağızların üstündə gəzdi. Məmmədxan əyri-üyrü kölgəni görüncə başını qaldırıb:– Yenə xeyir ola, – dedi. – Qaloş?
XXIVZüleyxa xeyli vaxt, həyəcan içində qapı-bacada dolandı, sonra yenə Zərrintac Sərrafzadəgilə getdi.– Salaməleyküm, gəlin! – deyə genişlənən gözlərini dolandırdı!