Page 1 of 3

Altay atlanıb kəndə, komsomol özək katiblərinin kəndarası müşavirəsinə getdikdən sonra, Mehman evinə dəymədən prokurorluğa getdi. O, rayon həbsxanasında istintaq altında yatan məhbusların işlərini bir daha diqqətlə nəzərdən keçirməyə başladı. Demək olar ki, o çox gec, bütün şəhər yatdığı zaman evinə döndü...

Mehman arvadı Züleyxanı öz yerində qurcalanan, anası Xatunu maşınka yanında çay qızdıran gördü. Gündüzkü əhvalatdan onların heç birisi söz açmadı. Çox gec yerinə girən, nisbətən çox az yatan Mehman yenə də erkən yerindən qalxdı. Züleyxa da cəld yatağından durdu. Dan sökülənə yaxın gözünə çimir gələn Xatun nənəni oyatmadan əri üçün çay-çörək hazırladı, onu yola saldı. Mehman bu gün də dünən axşamdan başladığı işlərlə məşğul oldu. İşin axırına yaxın kabinetindən çıxdı, Murtuzovun otaqcığına baş saldı, Qaloşlu adam müstəntiqin qoltuğunu doldurub icraiyyə komitəsinə yollandığını söylədi. Mehman onu yaxalamaq istəyən Qaloşlu adamı geridə buraxıb islah evinə doğru addımladı. Qaloşlu adam geridən mırıldandı.

İslah evi şəhərin bir kənarında, rayon milis idarəsinin yaxınlığında idi. Mehman dustaqların vəziyyətini yoxlamaq, Kamilovun ağlasığmaz müqavimətlərinə, qarşıya kötük yumalamağına baxmayaraq o, bu gün yazıb bir az əvvəl göndərdiyi qərar mocibincə kolxoz briqadiri Salamatovu buraxmaq istədi. Mehman mərtəbəyarım evin qabağında ayaq saxlayıb milis rəisini çağırdı. İşdən qayıdan milis rəisi eyvana çıxdı. O, Mehmanı görüncə:

– Bah, yoldaş prokuror! – deyə onu süzüb içəriyə, öz evinə dəvət etdi. – Hazır xörəyimiz var!

– Sağ olun, mən toxam, – deyə öz evindən deyintili çıxan Mehman, rəisə razılıq etdi. – Ancaq dedim, istintaq altında olanlarla bir balaca söhbət edək.

Prokurorun islah evinə baş çəkməyindən, istintaq işinin hər kiçik nöqtəsinə qədər nüfuz etməyə başlamağından yana özünü toplaşdıran milis rəisi:

– Yoldaş prokuror, axı işdən sonra yorğun-yorğun bu nə zəhmətdir çəkirsiniz? – deyə təkrar evini göstərdi. – Bir tikə çörək kəsərdiniz, sabah, ya birisi gün də, bu işlə məşğul olmaq olardı... Onlar daha möhkəm ağzıbirdədirlər, tələsiyəsi yerləri də yoxdur!

– Mən mütləq bu gün, özü də indicə onlara baş çəkmək istəyirəm!

– Olar, lap indi bu anda ola bilər, – deyə milis rəisi daha sözü uzatmaq istəmədi. – Sizin dövləti nəzarətinizə nə etiraz ola bilər? – o cəld evinə döndü, papağını başına qoyub enli qayışını çəkə-çəkə çıxdı: – Dustaq üçün axı bu nə zəhmətdir? – deyə milis rəisi gənc prokuroru qarşıladı. – Axı işdən sonra, yorğun-yorğun bu nə artıq əziyyətdir?

– Dustaq da bir vətəndaşdır! Onların taleyini ayırd etmək bizə tapşırılıbdır!

– Amma içində elə mamırlı qəddar düşməni də var ki, özünüz də görəcəksiniz, yoldaş prokuror, o başınız üçün, heç sabaha da saxlamalı deyil!

– Sabaha saxlamamalını da, qanun üzrə səbirdə öz cəzasına çatdırmaq gərəkdir. Ancaq təqsirsiz bir vətəndaşı həbsə almaq düşmən dəyirmanına su tökmək olardı!

– Bura ancaq ilk istintaq üçündür, bizim bu üç gözlü evcik!

– Qanuni əsas, möhkəm qənaət olmadan, sorğu istintaq zamanı, təqsirsiz vətəndaşı həbsə məhkum etmək yaramaz!

– İstintaqın xeyri üçün vətəndaşın bir balaca yaxasından yapışmaq da olar! – deyə milis rəisi gözünü dolandırdı.

– Həbsxana çayxana deyildir, onun adı ağırdır! Hər bir vətəndaşın özündən savayı onunla bağlı ailəsi, gənc bir sovet nəsli vardır. “Gir-çıx” deyə biz vətəndaşın taleyi ilə oyun-oyuncaq kimi əylənə bilmərik!

– Əlbəttə, əlbəttə!.. – deyə Cabirov gözlərini tez-tez döydü. – Elədir!..

– Yoxsa əsl günahkarı bir kənarda sərbəst buraxıb, cüzi bir təqsir olanı, yaxud heç bir təqsiri olmayan o briqadir Salamatov kimisini dərhal gözyummadan həbsə almaq düzgün olmazdı! O Salamatovun ailəsi var, uşaqları Bakıda ali təhsildədir, oğlu mühəndis, qızı həkim qurtaracaqdır. Bəs bunların taleyilə zarafatlaşmaq olar? Kimə belə şey xoş gələr?..

– Bəli, elədir, ancaq bu işin əsasında Kamilovun iki səhifəlik bir möhürlü qərarı var... Gedər kolxoza, sözləri bu Salamatla çəpləşər, Kamilov da tutub, bu Salamatovu ifşa edər! Beləliklə, yoldaş prokuror, – deyə milis rəisi davam etdi. – Yerli rəhbərdir, adam da yekə möhürlü qərara ələm edir...

– Yox, yaramaz, əsla yaramaz! Qanunsuz həbs hökmünü çıxaran özü məsuliyyətə alınmalıdır. – Gənc prokuror gedə-gedə başını qaldırıb milis rəisinin üzünə baxdı və qəti iradə ilə addımladı. – Qanun hamıya aiddir! Hər kəs bizim sovet qanununun qabağında bir vətəndaş olaraq eyni dərəcədə cavabdehdir! Qanunda “böyük-kiçik” sözü yazılmayıbdır, hər bir sadiq vətəndaşın həyat və əmniyyəti bizim böyük qanuna görə müqəddəs və toxunulmazdır!

– Bəli, düz buyurursunuz, yoldaş prokuror, – deyə ortayaşlı Cabirov təzə görürmüş kimi Mehmana ciddiyyətlə baxdı. – Düzdür. Ancaq bu Salamatovun üstündə Kamilov yoldaş dağı-daşı başına alacaqdır.

– Cabirov ayağını saxlayıb bir balaca səsini endirdi. – O, əlini döşünə qoyub bir balaca başını əydi.

– Qanunsuzluğa qarşı qanunun kəsərli qılıncını bütün parıltısı ilə qaldırmaq gərəkdir!

– Düşmənə qarşı olsa da, hansı bir vəzifədə olsa da, sovet vətəndaşının ali hüququ hər şeydən yüksəkdə dayanmalı, onun adı iftixarla səslənməlidir!

– Ancaq Kamilov bu işdən yana lap boğulacaqdır!

– Lap ortasından partlasa da, qanuni addımlarımızdan dönməyəcəyik!

– Bəli, – deyə Cabirov boğazını arıtladı. – Doğrudan da, qanun qanundur!

– Bizim qanun kitablarında böyük Oktyabrın fütuhatı həkk edilmişdir!

– Orası düzdür, – deyə Cabirov bu kəsərli sözlər qarşısında Mehmana yaxınlaşdı. Onun qarşısında özünün də bu fikirlərə şərik olmaq istədiyini göstərdi. Beləliklə, ikisi istintaq evinin qapısına endilər. Milis rəisi Cabirov öz işindən, qapıları möhkəmlətməyindən məlumat verib:

– Bax, görürsünüzmü, yoldaş prokuror! – deyə o, divarın yamaqlı yerini göstərdi. – Beləsi də var. Bax belə dələduz da! Görürəm,, sizin rəhminiz böyükdür. Ancaq qulağı tüklü, gözü işıldayan, bu divar dağıdan vəhşi mamırlısı da var!.. Belə ki, görəcəksiniz o, necə kolxoz tayasına od vurubdur, bu vəhşi qolçomaq oğlu qolçomaq hə, sonra, – deyə milis rəisi divarın yamaqlı yerini göstərdi. – Bəli, bu əhvalatdan sonra üzümə salıb Kamilovdan sement alıb bu divarın dibini, bax görürsünüzmü, elə bərkitmişəm ki, neçə kulaq olsa belə buranın bir daşını belə tərpədə bilməz!.. Atam bənna olduğundan mən də ta iyirminci ilədək, yəni milis olana qədər, onun əlinin altında şəyird işləmişəm. Odur ki, bu gün naçalnik olsam da, yenə bənna işindən az-maz başım çıxır!

– Ellik kollektivləşmə əsasında, qolçomaq nə qədər bir sinif kimi ləğv olsa da, əlbəttə, onların qalıqları hələ də yox deyildir, – Mehman sıravi milislikdən, öz rəşidliyinə görə milis rəisliyinə qalxan möhkəm, tökmə vücudlu Cabirovu rəğbətlə süzüb əlavə etdi:

– Gizli düşmən daha hiyləgər, daha xətakar, daha qorxuludur, yoldaş rəis!

– Heyif ki, onların bir parası elə bizim Kamilov kimisinin qanadı altında özünü yetim cücəliyə qoyub cükküldəyə-cükküldəyə kef çəkir!

– Milis rəisi oyan-buyana baxdı. – Bəlkə də Kamilov özü bilmir, ancaq onlar cildə girib, hələ ki, dövran sürürlər! Nədən ki, Kamilov yağlıqaymaqlı yerdən savayı bir kənar evə düşməz!

– Bəs yavan yer?.. Bəs yağsız-qaymaqsız yer necə?

– Elə yerə heç o gözünün quyruğu ilə də baxmaz, – deyə Cabirov prokurorla həmahəng olmaq üçün cəhd etdi. – Kamilov sözdə hay-küy eləyib, baxırsan ki, opportunisti söyər, amma iş işə gələndə bir cücə çığırtması üçün yağlı adamla yağ-bal olar!..

– Baxarıq, – deyə Mehman cavab verib istintaq otağının qapısını açdırdı, tez səs yayıldı.

– Prokuror, prokuror!

– Təzə prokuror gəlib!

Kimsə içəridən boylanıb:

– Lap uşaqdır ki, – dedi, – bu prokuror...

– Bəlkə prokurorun katibidir, mirzəsi, hə?

– Yox, lap doğmaca prokurordur, mən görmüşəm, milislər deyir, yaman başlayıb!

– Hansı tərəfə?

– Düzlüyə!

– Qaloş ona birtəhər çəkməsə?..

– Cücəni payızda sanarlar!

– Elədir, kəsərli başlayıb, korşalmış qurtarmasa yaxşıdır.

Mehman bu yavaş-yavaş gedən danışıqlara qulaq verməklə içəriyə, onların yanına girdi. Adamlar təkrarən bir-birinə dəyib dayandı. Mehman papağının qılları üzünü örtmüşdən soruşdu:

– Nə üçün tutulubsan, kişi?

– Başına dönüm, – deyə o papağını boynunun ardına tərəf itələdi.

– Üstümə keçi şəri atıblar!

– Nə keçisi, kişi?

– Olub da, olub bu şər... Qonşuluqda bir dul var, Sünbül qarı... Hay salıb, səs çıxarıb ki, guya mən onun keçisini meşədə süpürləyib kəsmişəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

X

Ancaq bu qaralıq elə bir qara hiyləgər cilddə gizlənmişdi ki, Şükran görə bilmirdi. Onun gözlərinə qaranlıq çökdüyündən, heç nəyi görməyi, seçməyi bacarmırdı. Hər necə olsa da, daha Şükran üçün döndü yox idi. Hər necə qaralıq çəksə də, o görürdü ki, Ulduz çox yamanca dolaşıqdadır. O yıxılmaq, boğulmaq, ölmək təhlükəsindədir. O, gözə görünməyən qara qüvvənin əlində əsirdi. Yox, buradan dönmək, qara daşın daldasından çəkilmək olmazdı!..Şükran sağ əli ilə gözlərini bərk-bərk sildi, sanki qara pərdələr azazacıq da olsa çəkildi, Şükranın gözləri ayazıdı, nə isə atası Göyalı, anası Qaratel, yeddi bacı, yeddi bacının balaları göz qabağına gəldi. Sanki onlar hamısı birdən səsləndi, birdən qışqırışdı: “Özünü bəladan qoru! – dedilər. – Şükran, özünü şeytan işinə qurban vermə, Şükran, bizi ağlar qoyma!..”

2 min
XI

Şükranın ölüm xəbəri ildırım itiliyilə hər yana, Göyən oymaqlarının hər yerinə yayıldı. Eşidən, bilən dizinə döydü. Hamı yanıb-yaxıldı. Yaylağa qalxmayıb Göylər oymağında qalanlar çox tezcə Göyalı ilə Qaratelin görünməzin müsibətinə şərik oldular. Onlar Göyalı külfətinə qarışdılar, uşaqlı-böyüklü qara daşın dibinə tərəf axışdılar. Yelqanadlı, ağçuxalı, gümüş xəncərli, qırmızı məsli Şükranı yerdə sərili gördülər. Şükranın papağı kənara düşmüş, ancaq onun şəvə saçları səliqəsini pozmamışdı. Şükranın anası Qaratel oğlunun bir kənara düşən təpəsi güləbətinli ağ papağını götürüb bağrına basdı, sonra da papağı oğlunun sinəsinə atıb öz qırışıq üzündə sağ-islahat qoymadı. Ağqoyunluların adətincə ərgən igid öləndə anası üzünü öz dırnaqlarıyla didişdirməli idi. Ancaq Qaratel üzünü didişdirməklə qalmadı. O, sifətini sivirib sinəsinə tökdü. Haraya yetirən bacının heç biri bədbəxt anadan geriyə qalmadı. Bir an içində onlar öz gözəlliklərini tək qardaşlarına qurban verdilər. Göyalının oğlan, qız nəvələri, ucaboylu-ucaboylu yeznələri də bir-birinə qarışdı. Göyalı özü bir an içində büküldü, kişinin beli doqqalandı. Kəmfürsət qocalıq öz qılıncını çəkib kişinin boynuna qoydu. Şükranın ölümü xoşbəxt ailəni birdən-birə bədbəxtliyə düçar edib, yetimləşdirdi. Başqaları da yetimləşən külfətə qoşuldu. Elə bil ki, hamının bir tək oğlu, ya qardaşı qəflətən öldürülmüşdü. Bu hadisə bir tək Göyalı ailəsi üçün deyil, bütünlüklə Göyən obaları, Ağqoyunlu eli üçün bir müsibət kimi səslənməyə başladı. Ağqoyunluların aranı, dağı az müddət ərzində bir-birinə dəydi. Ayağı yer tutan yola düşdü. At-dəvə belinə qalxan daşlanıb Göylər kəndinə gəlməyə başladı.Qara daşın dibindən götürülən, Göyalının eyvanında qoyulan Şükranın cənazəsi dövrələndi, dam-daş əhatə olundu. Adamlar çoxaldıqca dalğa-dalğa genişləndi, baş-başa verən, çeşmə üstündə ucalan qollu-qanadlı çinarların altı adamlarla doldu. Başbilən Ağqoyunlu ağsaqqalları uşaq kimi ağlaşdılar. Öz ömürlərində çox toy və yas görən kişilər belə tablamayıb, hönkürüb hönkürüşdülər. Hər tərəfdən dəstələnib gələn qara geyimli ağıçı arvadların ağıları sümükləri sızıldatdı. Ağıçılar hələ də üzünə qara yaylıq çəkilməyən Şükranı bir qəhrəman igid kimi oxşadılar. Onlar nəinki indiyə qədər el içində yaranan ağıları yaraşdırdılar, özləri də Şükranı oxşayan ağılardan qoşdular, ağladılar. Axı, heç kəs Şükranın öz Ulduzunun belindən belə yarımçıq yerə salınmasına qıymırdı. Yaxın da, uzaq da Şükrana ürəkdən göynəyirdi, ürəkdən sızlayıb, ürəkdən ağlayırdı.

7 min
XII

Yuxarı dağlardan yük-yük buz gətirdilər, Şükranın dəfni Ağqoyunlu adətinin ziddinə olaraq üçüncü günə saxlanıldı. Nə Göyalı ailəsi, nə də Ağqoyunlu eli bu gözəl-göyçəklikdə oğlanı tezcə torpağa tapşırmaq istəyirdi.Alnından axan qana baxmayaraq, sanki Şükran həyata dönmək üçün yuxuya getmişdi. Baxan adama elə gəlirdi ki, Şükran ayılacaq, ayağa duran kimi gözlərini silə-silə Ulduzu soruşacaq, əhvalatı eşidincə Ulduzun əfv olunmasını diləyəcəkdir: “Hər nə olubsa, keçibdir” – deyə bu ağır cinayətin üstündən ötəcəkdir... Axı, adətə görə ağqoyunlularda doğruçu dostlar bir-birinin yolunda başlarından keçmişdilər. Dost dostu düşmən girinə verməmək üçün ölümə getmişdir. Şükranla Ulduz da belə dostlardan deyildilərmi? Heç bir kəs təfsilatı bilməsə də, Şükran bilməmiş olmazdı və doğrudan da bilmişdi, necə də qara mozalan bu aranı qarışdırdı, necə də o öz qəsdinə çatmaq üçün Ulduzu acıda-acıda özündən çıxardı, Şükranın özünü də belə qəzəbləndirdi. Axı mozalan qəsdən çovurdu, öz qəsdinə görə Ulduzun dəmir nallı təpiyini Şükrana tuş elədi. Özü də Ulduzun bu hərəkəti çox yamanca bir müsibət gətirdi. Elə bil ki, qəflətən ox kamanından çıxdı, qardaşın oxu qardaşın ürəyindən keçdi.

7 min
XIII

Axı Şükranın ölümü heç də adi ölüm deyildi. Bu müsibət idi, faciə idi, qəhrəman ölümü idi. Şükranın qəhrəmanlığı yol kəsənlikdən, baş kəsənlikdən, basqın etməkdən, qan tökməkdən ibarət deyildi. Şükranın qəhrəmanlığı tamam xeyirxah, nəcib insan qəhrəmanlığı idi. Şükran at ötüşlərində, cıdır çapışlarında ardınca ağçuxalılar, ulduz atlılar dəstələri gətirməkdə, toy-nağaranı gücləndirməkdə, Göyən yallılarını genişləndirməkdə birinci idi, başbilən idi, başçı idi! Şükran öz hərəkəti, öz rəftarı, öz cəsarəti və çevikliyi ilə adamları yaxşılığa, bir-birini sevməyə səsləyən insanpərvər idi, insan idi. Şükranda yaxşılıqdan istənilən qədər tapmaq mümkün olduğu halda, onun pisliyindən, pis əməllərindən heç bir, cüzi də olsa, tapmaq mümkün deyildi, çünki Şükran pis olmamışdı, heç kəsə də pislik etməmişdi. O vaxt at ötüşlərində möcüzələr göstərən Şükrana el-oba mərhəba deyirdi, Sevgili də gəlinbacısı ilə Şükranla toy etməkdən danışırdı, sevinirdi, yerə-göyə sığmırdı.Bəs indi? İndi ulu Tanrı gör nə edibdir? Qara libasa qərq olan Sevgili indi nə deyirdi? Sevgilinin qonşusu həmin gəlinbacı – oğlunu Şükranın özü qucağına alan, Ulduzun belinə qaldırılıb gəzdirilən Gülnaz nə deyirdi? O, Şükranın matəminə heyifsilənə-heyifsilənə gəlməmişdimi? Bəli, heyifsilənməkdən artıq yana-yana gəlmişdi. Gülnaz oxu daşa dəyən Sevgilinin nə çəkdiyini bilirdi. Sevgili tək bircə kəlmə də olsa Şükranla kəsməmişdi. İndi tabutda uzanan, yanlarına buz yığılan Şükranı nə dindirmək, nə də ona Sevgili barəsində bir işarə etmək olardı! Misilsiz şuxluq və cəsarət, çevikliklə Ulduzun belində oynayan oğlana indi nə söyləmək olardı? Sevgili ürəyindən keçirirdi: “Mən qara saçlarımı ağ hörəcəyəm! – deyə and içirdi. – Heç bir yana getməyəcəyəm, heç bir oğlanın üzünə baxmayacağam. Mən səni sevmişdim, Şükran! Yenə, torpaqda da səni sevəcəyəm. Sən öz sevgini qurd ağızlı torpağa apardığın kimi, mən də öz sevgimi elə bu torpağa aparacağam!”

2 min

Poems by other poets