L
Page 3 of 3 · 67%
– Suala cavab! Aydındırmı? Bu istintaqın gedişindən danışın, nala-mıxa vurmaq yox, Balışın qətlini söyləyin!..
– Mən də elə bu istintaqdan, bu Balış barəsindən təfsilən danışmaq istəyirdim. – Murtuzov Mehmanın bərk əsəbiləşdiyini görüb vahimə içində öz ayağının altını bərkitməyə, lakin daxilən üşütməyə başladı.
– Bu istintaq çox çətin, çox mürəkkəb bir yol ilə getmişdir, – dedi. – Əgər hər özünü intihar edən, özü ilə bir nəfəri də bu dünyadan dartıb o dünyaya aparsa, heç daha adam qalmaz! – Murtuzov qalın qovluğun birini götürüb əli əsə-əsə yellədi. – İş çox qəribə açılır, vərəq-vərəq!.. İntihar edən qadın özü müqəssir çıxır... Heyif ki, burada qanun gücsüzdür... Niyə? Çünki ölən haqqında heç bir cəza hökmü çıxarmaq mümkün deyil!..
– Biz hökm çıxarırıq, – deyə Mehman qovluqları özünə tərəf çəkdi, – biz cinayətkarı tapıb, hər hansı intriqa, qurğulara, sənin kimi oyunbaz təlxəkliyə əl atmış olsa belə, onu qanunun müqəddəsliyilə rüsvay edəcəyik!
– Bəlkə bunlar lap təzə nəzəriyyədir? – Murtuzov qeyri-müəyyən vəziyyətdə kəkələdi. – Düzü, adam yenilikdən də geri qalmaq istəmir!.. Maddəsi nədir görəsən, bəndi hansıdır?
– Maddəsi də, bəndi də tor qurmaq yox, işi düzünə açmaqdır, Murtuz Murtuzov!
– Əlbəttə, tor qurmaq yox, işin düzünü açmaq!.. Yoxsa bu neçə il ərzində yola düşən prokurorlar kimi mən də getmişdim?! Əlbəttə, tor yox, düzünə!.. Ancaq hər şeyi dildə yox, həqiqətdə! O qalınlıqda işə gələndə, bir zərrə qədər də şübhə yeri yoxdur, ancaq...
– Başdan-ayağa şübhə olan yerdə daha onu axtarmağa ehtiyac varmı? – Mehman artıq geriyə baxmadan hərəkət etmək, əlinə qılınc götürüb hər hansı yaranı, lap öz vücudunda baş vermiş olsa belə kəsmək, götürüb tullamaq istəyirdi. Düzlük, ədalət naminə onu intiqama çağırır, nahaq yerə qurban gedən Balış sanki dikəlib Mehmana baxırdı.
Mehman əlini əsəbiliklə yumruqlayıb qovluqlara vurdu və ayağa qalxdı.
– Min fırıldağa əl atıb, yüz cildə girsəniz də, bu iş sizin ittiham aktınız olacaqdır! Sizin hiylənizin qurbanı Balışın qanı yerdə qalmayacaqdır! Uzun illər boyu etdiyiniz cinayətlərin ağır daşlarını biz sizin öz boynunuzdan asacağıq!..
Birdən Murtuzovun boynu əyildi:
– Böyük yoldaş qabağında boynum qıldan da nazikdir!
– Cani əyilməklə də öz canını qurtara bilməz!..
Murtuzov boynunu düzəltməyə çalışsa da, sanki ağır daşların döşündən sallandığını hiss etdi. O, istintaq apardığı gecələrdə də sanki Balış gəlib qapıda dayanır, boynunu bükür, Murtuzova baxırdı... Lakin Murtuzov onu Məmmədxanın qiymətli xalıları müqabilində rədd edir, bu xalılar üçün iştahası tük aparan Yavərin ürəyini sındırmaq istəmirdi... Daha doğrusu, çiçək kimi açan xalılar, heç yuxuda da Murtuzovun gözləri qabağından çəkilib getmirdi... Murtuzov kor-kobud xalıları divardan düşürüb ayaq altına atır, həmin bəzəkli xalıları divara vurur. Balış nə qədər astanada dayanıb baxsa da, Murtuzov, kefi çatlamış kimi, fiştırıq çalırdı... İndi o, bütün qurğularının, tər tökə-tökə oradan-buradan sorğu edib, düzəldib yandıqlarının uçub getdiyini, öz boğazının balıq kimi ələ keçdiyini, sudan çıxardılıb qum üstə atıldığını görüb, açıq naqqallığa keçməyə girişdi.
– Mən də hamısını güzgü kimi apaydın açaram! – deyə Murtuzovun sifəti eybəcər şəkildə əyilirdi. – Səsim dolusu bağırıb deyərəm: “ay el, ya oba, buraya gəlin!..”
Mehmanla Murtuzovun danışığına qapı arasından qulaq verən Qaloşlu adam bir addım geri çəkilib:
– Daha Murtuzovu heç Araz da apara bilməz! – dedi. Yenə qapıya yanaşıb, qulağını buraya yapışdırdı. Murtuzov isə qorxu içində Mehmana tərəf qabardı.
– Məni boğmaq olmaz, Muradoğlu!..
– Sən öz cinayətlərinin burulğanında boğulacaqsan! – deyə Mehman onun üstünə qabarıb qışqırdı. – Siz hamınız qazdığınız quyuya düşəcəksiniz!
– Baxarıq! – deyə Murtuzov ayağa durub, saralmış halda qapıdan çıxmaq istərkən Mehman onu əyləndirib:
– Siz uzağa getməyəcəksiniz, – dedi, – Murtuz Murtuzov!
– Mən sabahdan ala-qaranlıqdan, kəndlərə çıxmalıyam!..
– Bu andan heç bir istintaq sizə etibar edilmir!
Son məğlubiyyətini görən, güclü çaya düşmüş saman çöpü kimi axdığını təsəvvürünə gətirən Murtuzov haray salıb bağırdı:
– Mən sizin qulunuz deyiləm!.. Mən bu dərələrdə, o dağlarda cinayət toru açanda, yəqin ki, siz divardan tuta-tuta gəzirdiniz!.. Boğazınıza xalta vurub, “hüquq elmi” deyib gözlərimizə kül üfürməyin, bizi kor eləməyin!
– Sizin “torçu” dəstənizin məhkəməsində özüm ittihamçı olacağam!
– Baxarıq, kim-kimin məhkəməsində ittihamçı olacaq, – deyə Murtuzov ağzı əyilə-əyilə cavab verdi: – Görək hansı torçu müttəhim kürsüsündə boynuburuq əyləşəcəkdir?
– Baxarıq!..
– Mən də heç sizin kül-külfətdən az şey bilmirəm, baxarıq! Bu düyünlər açılanda, “sarı” üzə çıxanda baxarıq, tor qurmaq nədir, ya düyün salmaq nə?..
– Boğulanlar saman çöpündən yapışırlar!.. – deyə Mehman ayağa durub Murtuzovu yan otağa saldı. – Qanunun bütün gücü ilə mən sizə əmr edirəm!
O biri qapı arxasında dayanan Qaloşlu adamın dizləri titrədi, onun kirli ayaqları üstüörtülü, köhnə burunlu qaloşdan çıxmaq istədi.
Murtuzov Kamilovun evinə zəng etmək məqsədilə telefona baxdı.
– Heç yana, heç bir zəng vura bilməzsiniz, vətəndaş Murtuz Murtuzov! Mən sizin də məsələnizi respublika prokurorluğunda qanun üzrə həll etmişəm!
Murtuzov udquna-udquna:
– Respublika prokurorluğu qızıl saatın yerini bilirmi? – dedi. – Axı, birtərəfli iş ki olmaz?!
– O saat ağzıbirə salınmışdır. – Mehman qayıdıb kassanın qapısını açdı, saatı çıxarıb ara qapını ona göstərdi. – Təmiz vicdanı heç bir “sarı” ləkələyə bilməz!
Mehman təkrar dönüb bu saatı, gərəksiz bir qoz kimi, kassanın küncünə atdı. Mehman oturub beş yüz vərəqdən ibarət qovluqları araşdırıb oxumağa, qeydlər götürməyə başladı. Mehman bu qayda ilə bu zil qaranlıq gecəni evinə dönmədi. Sabaha yaxın o yorğun düşüb, işləri stol üstündə sərili qoyub, divan üstündə mürgülədi. Dan yeri sökülüb gün çıxdı, yavaş-yavaş üfüqdən üzüyuxarı qalxdı. Bütün gecəni ayaq üstə girlənən Qaloşlu adam əvvəlcə idarə həyətinə tökülən kağız qırıntılarını topladı, sonra da ora-buranı süpürdü. Günəş pəncərədən içəri doldu, yuxuya getmiş Mehmanın həyəcanlı sifəti işıqlandı. Qaloşlu adam qapını açıb içəri girdi. Mehman qalxıb divanda oturdu, gözlərini ovdu. İndi Mehman ötən axşamkı qırışıq sifətli adama ayrı bir gözlə baxdı. Qaloşlu adamın əyri-üyrü kölgəsi eybəcər bir ləkə kimi yerə nəqş olunurdu. Mehman onunla bir kəlmə kəsmədən ayağa qalxdı, əsəbi əllə zəng edib milis rəisi Cabirovun evini aldı:
– Bir milis nəfəri göndərmənizi xahiş edirəm!
– Nə var sabah-sabah, yoldaş prokuror? – deyə rəisin kal səsi gəldi. – Mən də elə sabaha yaxın telefon qulağımda çarpayıda mürgüləmişəm!
– Bir milis nəfəri! – Mehman öz sözlərini təkrar etdi. Qaloşlu adam tərpənmək istərkən prokuror əlini qaldırdı:
– Siz dayanın!..
– Külfətlə bağlı olan bir sirri açmaq, özünü dibsiz bir dənizə atmaqdır, oğlan! – deyə Qaloşlu adam üzə gəldi.
– Lap ümmana atmaq olsa da!..
Mehman oturub qəti imkan tədbiri yazmağa başladı, bir qədərdən döşü atlanmış milis nəfəri gəlib çıxdı:
– Naçalnikin əmrinə görə gəlmişəm!
Mehman öz hökmünə imza etdi.
– Bu vətəndaşı həbsə!
– Kimi? – deyə milis nəfəri, öz gözlərinə inanmırmış kimi, ətrafa boylanıb heyrətlə soruşdu. Mehman Qaloşlu adamı şəhadət barmağı ilə göstərib:
– Bu cinayətkarı! – dedi.
– Ağır otur, batman gəl, oğul!..
– Aparın məhbusu! – Mehmanın cingiltili səsi ucaldı. – Allah da olsa bizim qanunun müqəddəsliyi qabağında diz çökməlidir, lap belə bir şeytan da!..
Qaloşlu adam xüsusi bir zəhm almış prokurora baxdı, onun tərpənən dodağı qurudu.
Lakin o, bir cinayət mücəssəməsi kimi, yerə bitişib buradan tərpənmək istəmədi:
– Oğlan, ağlını başına topla, bir gör ki, məhkəmə qabağında sənin kimlərin dayanacaqdır?
– Artıq-əskik yox!.. Hər bir kəs müqəssirsə, öz cəzasını alacaqdır!
Milis nəfəri Mehmanın tələbkar baxışları qabağında əlini böyründəki silahına aparıb:
– Birbaş həbsə! – deyə Qaloşlu adamı bayıra itələdi.
Qaloşlu adam çiyni üstündən Mehmana tərs-tərs baxıb lappır ayaqlarını sürüyə-sürüyə qapıdan çıxdı.
Günəş bu adamın izi ilə onun ləkəsini sanki döşəmədən təmizləyir, əyri-üyrü kölgəsi sanki yerdən silinirdi. Mehman onun ardınca baxıb stolun arxasına keçdi:
– Bu hələ mürəkkəb mübarizə kitabının müqəddiməsidir, – deyə fikir içində qələmini işə saldı. – Bizim böyük qanunun bu sabah günəşi kimi parlayan qüdsiyyətinə and içirəm ki... – O nəfəsini dərindən dərdi, – hər kim olsa da, mənim barmaqlarım titrəməyəcəkdir!.. Doğruya zaval olmadığı kimi, əyriyə də aman olmayacaqdır!..
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-mehman-l
Use ← → keys to move, R for a random poem
More by this author
Qızı Ərmağanın evindən tündməcaz dönən Məmalik xanın qaşqabağı Məhtabanın təsəvvürə gətirdiklərinin, duyub düşündüklərinin çoxunu təsdiq edirdi. Məhtaban nə qədər nəcib hərəkət edib, xanı öz qızının yanına yollamaqda alicənab iş görmüşdüsə, Ərmağan bir o qədər nanəciblik eləmişdi.Məmalik xanın pirani gülçüyə qarşı rəftarı dəyişmişdi. Xan addımbaşı pirani gülçünün üstünə qışqırıb: “Güllərə pis baxırsan, səni qovacağam!” deyə onu təhqir edirdi. Guya xanın gecikən izdivacına gülçü qoca günahkarmış!.. Guya pirani gülçü, qoca xanı vaxtında ayıltmayıbdır, yaşca özündən kiçik olan Məmalikə ağsaqqallıq etməyibdir, onun başına ağıl qoyub, deməyib ki, “Pəhləvan Məhəmmədin yetimçəsidir, indi ki, gətirmisən, beş-üç günlüyə xidmətində saxla, gecənin bir aləmində qolundan tut, at bayıra!..”.
Məhtaban 9Məmalik xan öz əhdinin üstündə durdu. O, doğum günündən iki həftə əvvəl Tehrandan Qacar sarayına yaxın dairədən saçları xınalanmadan, anadangəlmə şabalıdı olan xarici həkim-mamaça dəvət edib, imarətinə gətirtdi.Ərdaha xanı tərəfindən hörmətlə qarşılanan xarici mamaça ilk əvvəl ikicanlı xanımın əhvalını qocadan soruşdu. Məmalik Məhtabanın üzüntülü, ruhi əzablarından xeyli və yana-yana danışdı. Tehrandan toz-torpağa bata-bata gələn mamaça xanım tez-təcili yol libasını dəyişdi, əllərini tər-təmiz yudu, bədənnüma güzgü qabağında dayandı. Xarici xanım şabalıdı saçlarını darayıb, xəstəsinə təsirli görünsün deyə özünü Avropa üsulu ilə artıq səliqə-sahmana salmağa çalışdı. O, xandan izin alıb Məhtabanla tanış oldu, onun əlindən tutub yataq otağına adlatdı. Həkim-mamaça Məhtabanı dinməz-söyləməz tibbi müayinədən keçirtdi. Sonra xarici xanım Məhtabandan firəngcə bir neçə söz soruşdu. Məhtaban dinmədi, fars dilinə keçdi, Məhtaban başını buladı. Onu öz ana dilində dindirincə Məhtabanın cavab verdiyini görüb:
Məhtaban 10Məmalik xanın birbaşa Tehrandan öz xanımının üstünə xarici mamaça gətirmək xəbəri Ərmağanın başında Savalan şimşəyindən də güclü çaxdı. Vücudunda isti cərəyan gəzdi. Bu cərəyan onun qızışan ürəyində qaynadı. Sanki yanar ocağın üstündə qaynayan qazan nəinki buxarlanmağa, hətta od tutub yanmağa, köz rəngi alıb qızarmağa başladı: – Necə xarici xanım, necə firəng həkimi, necə mamaça?”. Ərmağan bilmədi yerin altındadır, ya üstündə!.. Yaxud hava qaranlıqlaşanda, Savalanda ildırımlar oynaşanda həlakular imarətinin külafirəngisindədir? Atası atlanıb gedəndən sonra Ərmağanın ürəyində əmələ gələn yara bir də cırmaqlandı, qanadıldı. Məmalik xanın yeganə qızının gözləri cəllad gözləri kimi ağına qədər qızardı. O, qılınc götürüb kimin boynunu desən vurmağa hazır olan mirqəzəb görkəmini aldı. İndi nəinki Məhtabanı, ya onun bətnindəki körpəni öz qanına qəltan etmək, lap qoca Məmalikin də boynunu vurmaq Ərmağandan ötrü bir qurtum su içmək kimi asan bir şeydi. Yalnız onda Ərmağan xanımın alovlanan ürəyi sərinlərdi: “Necə yəni o boyda Ərdaha xanlığını öz əlindən çıxarmaq?! Necə yəni Məmalik mülkündə Ərmağan xan olmamaq, bütün Ərdaha mülkünü Pəhləvan Məhəmmədin yetimçəsi Məhtabanın düzdən-əyridən düzəldib meydana qoyduğu varisinə vermək?! Bu, heç ola bilərmi?! Əsla!..”.Ərmağan xanımın başında oynayan şimşək sanki Savalan dağının zirvəsində oynayan şimşəyə qarışırdı, Ərmağan arada bir Savalana baxır, xanlara bəla kəsilən, onların təbirincə “qaçaq-quldur” məskəni sayılan Savalan heç də mirqəzəbə çevrilən xanıma havadar durmurdu. Əksinə öz üsyançıları ilə Ərmağana düşmən kəsilirdi. Dağın zirvəsində çaxan şimşəklər Savalan ətəklərini tutur, geniş düzənləri, Həlaku, Məmalik torpağını əhatə edirdi. Ərmağan xanım dəli olmaq dərəcəsinə gəlir, öz-özünə söylənirdi:
Məhtaban 11Xarici xanım ərköyünlüklə xan imarətində dolanır, heç də əndərunbirunun qayda-qanununu tanımaq istəmirdi. O, üzünə salıb arada Məhtabanı da özü ilə əndərun bağçasına endirirdi. Xarici xanım əndərunda olanda qoca gülçü ilə hey zarafatlaşıb əylənirdi. O, qocadan becərdiyi qızıl güllərin növünü soruşur, ağ əllərinə tikan batmasın deyə dəri əlcək geyib, xoşladığı güldən öz balaca qayçısı ilə kəsib dəstə düzəldirdi. Əlvan güllərin ətri bir-birinə qarışır, xarici xanım məst olunca qoxulayır, sonra da Məhtabanın burnuna tuturdu:– Xanım, qoxulayın, ciyərləriniz üçün faydalıdır! – deyirdi.