Page 2 of 3 · 33%

– Ata, sən Ərmağanın get-gəlindən baş açmırsan?

– Açıram baş, Ərdahan!

– Ərmağan öz qəsdini uzada-uzada bizi aldatmasın?

– Ta məqamınacan gözləmək vacibdir, Ərdahan!

– Birdən biz deyən olmadı, onda necə xan?

– Ərmağanın vurnuxmağı heç də bica deyildir, Ərdahan!

– Səncə, aqibəti necə olacaqdır?

– Səbir, səbir, Ərdahan! Bu işdə ancaq səbir gərəkdir! Ərmağan nəyi isə qət edib qurtarmaqdadır!

– Daha bu oyun gərək elə də uzana-uzana uzanmasın, xan!

– Səbir, səbir, Ərdahan! Təkrar edirəm: “Dovşanı araba ilə!”.

Bu söhbət atası ilə oğlunun arasında pünhan gedir, ər arvaddan, arvad da ərindən özünü gizləyir, heç kəs heç nə büruzə vermirdi. Sanki şahə qalxan düşmənçilik dalğaları yatmışdı, təlatüm dayanmışdı, ləpələr isə gülürdü. Əslində dalğa da, təlatüm də içəri, düşmənçilik dənizinin aşağı axarlarına, sualtı burulğanlarına keçmişdi... Çalbığ Həlaku gözləyirdi, gəlini Ərmağanın duruş gətirmədən etdiyi gediş-gəlişinin nəticəsini gözləyirdi. Çalbığ duyurdu ki, gəlini Ərmağanın səbir kasası aşıb-daşmışdır, daha tökülməlidir!.. Ərmağan isə özünün son dönüşündə vurub bir yana çıxarmalı idi! Gediş-gəliş, iki xanlıq arasını ərişarğac etmək, zınqırovlu faytonu toza batırmaq dövrü qurtarmışdı.

Ərmağan gözləsə də, balaca Məmalik bir yerdə durub gözləmir, böyüyür, bəlkə də atası Məmalikdən də artıq, babası Pəhləvan Məhəmmədin böyüdüyü inkişaf sürəti ilə böyüyürdü. Artıq uşaq səkkizi ötüb, doqquz ayına girirdi. İndi necə olsun?.. Gərək Ərmağan ya bu yanlıq etsin, ya o yanlıq! Ya qatillik etsin, ya adillik göstərsin! Ya Ərmağan öz qardaşını qətlə çatdırıb, bu fidanı kökündən, rişəsindən qoparıb açan çiçəyi amansızcasına əzib-əzişdirib bir qırağa atsın, yaxud daha bu çiçəkləyən fidanı özbaşına buraxıb ona toxunmasın, bir çırtma belə uşağa vurmasın, ona heç bir sədəmə toxundurmasın!..

Ərmağan son dönüşündə əzəlkilərinə nisbətən atası evində daha artıq əyləşib-əylənməli oldu. Bax, bu dəfə! Əgər bu dəfə də Ərmağan buradan qayıdıb, Həlaku torpağına gedərdisə, bəlkə bir il deyil, iki-üç ildən sonra belə buraya dönməzdi. O, özünü də, qatil qəsdini də özündən gizləyəcəkdi, bəlkə də dönüb öz qatillik qəsdinə nifrət edəcəkdi! Yenə peşmançılıq hisslərinə qapıldığı, Quran qəsəmindən qorxduğu vaxtlarda olduğu kimi, çaharidəh məsumu ziyarət etmək barəsində əri Ərdahanla olan söhbətinə dönəcəkdi:

– Qız, sən söyləyən çaharidəh məsumu ziyarəti biz xanların yox, ancaq rəncbərin-rəiyyətin, qara camaatın işidir. Xan belə icbari mükəlləfiyyətdən azaddır!

– Niyə, Ərdaha? Məgər xan olan kəs Məhəmməd ümməti deyilmi? Məgər xan olan kəs din-islamdan bu qədər iraqdır?

– Yox, qız, xan ehsan verməklə çaharidəh məsumu öz qapısında qazana bilər! Daha xan piyada zəvvar olub, at üstündə nehrə kimi çalxana-çalxana, sərin bulaqlı Savalandan isti Ərəbistanın otsuz-susuz qumlu səhralarına ləhliyə-ləhliyə gedə bilməz!

– Bəlkə deyirəm, ilkini böyrümüzdən başlayaq, yaxına, İmam Rza ziyarətinə, Xorasana, Məşhədə gedək, Ərdahan!

– Məşədi Ərdahan, Məşədi Ərmağan olaq!

– Məşədi Ərdahan, Məşədi Ərmağan olanda nə olar?

– Onda gərək Həlaku hökmdarlığını bir yana, şallağı, şəmşiri də başqa bir yana tolazlayıb, uzun zikr təsbehini əlimizə götürüb, sabahdan axşamacan o üz-bu üzə salavat çevirək?

– Salavat çevirəndə nə olar, Ərdahan?

– O olar ki, qoca Həlaku hirslənəndə, ya bir məsələni qət edəndə üsür təsbehini götürüb dünya müşkülatına baxar! Biz isə sağ ikən qocanı təqlid edə bilmərik! Gər biz dindarlığa qurşansaq, onda çalbığ qoca şaqqa çəkib çox ucadan bizə gülər! Mənə deyər ki, boyuna xam ip tutum, ay Məşədi Ərdahan! Səngərdə yatmaq əvəzinə, yan-yörədən torpaq qoparıb, xanlığa qatıb-qarışdırmaq müqabilində xülyaya uyub, behişti bu dünyada satın almaq iştiyaqına düşübsünüz!

– Axır ziyarət həvəsində olmaqlığı bu üzüstə yozmaq nə üçündür, Ərdahan?

– Onunçün ki, xan olan kəs cəng-cidalda at bağrı çatlatmalıdır! Məşhəd, Kərbəla, Məkkə yolunu at belində mürgüləyə-mürgüləyə gəzib dolanmamalıdır!

– Demək belə çıxır ki, islamlıq – rəiyyət-rəncbər üçündür?

– Bəli mütləqa! Çün büzürg olan Xuda öz ağır yükünü onların boynuna yıxıbdır!

– Bəlkə o dünyada yenə də onlar əzab-əziyyətdə, xanlar isə kefdamaqda olacaqlar, əzizim Ərdahan?

– Daha naşı xan öz dəstinə xarici, rezin kəmərini götürüb, zığazımrığa bulana-bulana behişt gülüstanını sulamayacaq ki?

– Bəlkə xan olan kəs bu behişti bu dünyada gördüyündən adil Allahın izni ilə o dünyada cəhənnəmi oldu, onda bəs necə?

– Necə o dünyada xan olan kəs cəhənnəmi oldu, Ərmağan xanım? Bəs xanın şühədayi-Kərbəla üçün saxladığı saysız-hesabsız təziyələr? Bəs xanın hər məhərrəmdə, aşurada, ümumən qırx günlük təziyədarlığı?

– Onda belə çıxır ki, başına döyən də, ağköynək olub başını yaran da, özünü qanına qəltan edən də rəiyyət-rəncbər olur!

– Bəs sən nə güman edirsən, xanım? Heç eşidibsənmi, şahənşahlardan tək bircəciyi olsun bircə dəfə ağköynək olub, dəstə başında tullanıb qırxılan başını yarıbdır?

– Bəlkə də şah başını qırxdırıb, ağköynək olub, dəstə başında başını yarmayıbdır!..

– Daha onda xan niyə dəstəbaşı olub, dəstə başında tullana-tullana gedib “Heydər-Səftər” – deyib başını yarsın. Ərmağan xanım?”

– Yəni belə çıxır ki, xan da gərək şah kimi hərəkət etsin?

– Əlbəttə, əlbəttə! Baxanda biz İranda şahıq, Qacar isə Tehranda şahənşah!.. Nə üçün böyük şah rəva görməyəni kiçik şah özünə rəva görsün?

– İndi Həlaku oğlu Ərdahanı biz necə başa düşək?

– Həlaku oğlu Ərdahanı siz elə başa düşün ki, gərək hər bir xan qılınc-qalxan gücünə qalxıb şahənşah dərəcəsinə çatsın, çün şahənşah olmaq bizim hamımızın iştiyaqındadır!

– Necə, nə minval ilə şahənşah olmaq dərəcəsinə çatmaq ola bilər, Ərdahan xan?

– Böyüyə-böyüyə! Mal-mülkünü artıra-artıra gedib şahənşah olmasında, gərək vəzir-cəng iştiyaqında olasan!

Ərmağan xanım əri Ərdahanla olan son söhbətini xatırlayınca, xanlığın nə olduğunu, onun qanlı çaydan necə keçdiyini daha dərindən görürdü. Ərmağanda xan idi, xan qızı idi, xan kimi hərəkət etməli idi! Ərmağan xanım dörd xanzadə anası idi! Ona indi ürəyiyumşaqlıq yox, ürəyidaşlıq gərək idi! Yoxsa ürəyiyumşaq xan cır-cındalı rəiyyətə, rəncbərə qarışar, onda da başına daş düşərdi! Xan olan kəsdən gərək rəiyyət-rəncbər, qulluqçu-qaravaş qorxsun, tir-tir titrəyib tük salsın, zağ-zağ əssin... “Bəlkə mənim atam xanlıqdan çıxıb rəiyyətə, rəncbərə qovuşubdur? – Özünü zamanın eniş-yoxuşuna salan Ərmağan xanım, öz əslinə, kökünə dönmək istəyirdi. – Bəlkə də rəiyyət-rəncbərlə qan qovuşdurmaq bizim yetmiş yaşlı qocanın beynini qatışdırıbdır?”.

Ərmağan xanım son vaxtlar bir-birindən daha təzadlı saatlar keçirəndən sonra qəti qərara gəldi ki, qəsəm qıldığı Quran onun ürəyini partladıb, bağrını çatlatsa da, lap dirigözlü cəhənnəm kürəsinə düşüb dönə-dönə yansa da, bu kürədə onun sür-sümüyü kösövə, kömürə dönsə də heç bir ögey qardaş Məmalik barigahında olmamalıdır! Məhəmməd qızı Məhtabanın doğduğu dəcəlxata sözsüz-sovsuz barigahdan rədd edilməli, izi-tozu da yer üzündən silinməlidir!

Yüz bir oyundan, hiylə-məkrdən sonra Ərmağan xanım qardaşının qətlinə qətnamə yazıb, qol çəkdi. Cücənin başı üzərində xəlvəti hərlənən çalağan kimi Ərmağan da öz Məmalik qardaşının başı üzərində hərlənməyə, yer altında gizlənən, çalacağı canlının üstündən gözünü çəkməyən əfi ilan kimi uşağı gözdən qoymamağa başladı. Qardaş qatili olmağını qət edən Ərmağan xanımın gözləri də əfi ilan gözlərinə dönürdü. O, aynada özünü görəndən sonra ilan gözlərini atasından da, Məhtabandan da, hətta ağlayıb, inləyib zarıyan uşaqdan da gizləyirdi. Çalbığ Həlakunun qarasifətli Ərmağan gəlini daha özünü gözə verməkdən çəkinir, bacardıqca gizlənirdi.

Ərmağan üçün işi uzada-uzada uzatmaq, gözləyə-gözləyə fürsəti fövtə vermək olmazdı! Ərmağan xanım hər hansı Quran qəsəmini hər necə cəsarətlə olsa pozub, öz hakim bayrağını Məmalik mülkündə nəsb etməli idi! Qoy ürəyiyumşaq adam cəhənnəmə getsin, qoy cəhənnəm oduna düşsün, cəhənnəm kürələrində yansın, qardaşı olmasın, gözünün işığı olsun, Ərmağan bu göyümtül gözlü uşağa əl qaldırmalı, bir cüt işığı söndürməli idi! Məhəmməd qızı Məhtabandan olan uşaq, vaxtsız banlayan beçə, qətlə çatdırılmalı idi!

Ərmağan qətiyyətlə qardaşını dinməz-söyləməz beşikdən yuxulu halında yavaşca götürüb, öz yataq otağına çəkildi. Balaca Məmalik bütün çarpışmalardan bixəbər mışıl-mışıl yatırdı... Əgər balaca Məmalik oyansaydı, dursaydı, bacısının qorxunc gözlərindən qorxacaqdı, ağlayıb, qışqırıb anasını, qoca atasını öz harayına çağıracaqdı! Bu dəfə Ərmağan Həlakunun sui-qəsdi pozulsa, həmişəlik pozulacaqdı! Ərmağan öz əzəlki cildində, sir-sifətində deyildi. Ərmağanın sifəti də, cildi də cəllad sifəti, cəllad cildi idi! O, öz lalə libasını geyinmişdi ki, üstünə çilənən qan bilinməsin, qan quruyunca ləkələr görünməsin! “Ax, zəhər şüşəsi, sən niyə sındın? Sən niyə dağıldın?.. Sən niyə bica yerə töküldün?.. Ax, tək bircə damcı da olsa, qalaydın, qalaydın!..” Bəlkə indi Ərmağan bu halında hər üç adamı cəld zəhərlər, cani arvad nəfəsini dərər, qan örtən gözlərini varisi olduğu ata əmval-əmlakına gəzdirərdi!.. Bəli, Ərmağan Həlaku öz qəsdini yerinə yetirər, qocanı da, arvadını da uşağını da yer üzündən göz qırpımında götürərdi!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXXII

Öz vaxtında prokurorluğa gələn Mehman, cari kağızlarla məşğul olub onların icrası üçün qanuni istiqamət verdi, sonra onu, çox narahat edən Balış məsələsi düşündürdü. Bakıda hüquq fakültəsində oxuyarkən istehsalat təcrübəsi zamanı “Səriyyə məhkəməsi”nin materialları ilə necə tanış olduğunu təsəvvürünə gətirib xatırladı. Səriyyənin qətlinə dair respublika qəzetlərində çap edilən ictimai etirazları necə tədqiq etdiyini, özü üçün konspektlər tərtib etdiyini, necə qəzəbləndiyini yaşadı, sanki onun qəzəb və nifrəti, qatillərə qarşı qətiyyəti qat-qat gücləndi. Mehman birdən stolun arxasından dik ayağa durdu, kitab mərtəbəciyinə yanaşdı, buradan bir kitabça çəkdi, vərəqlədi, buradakı “Səriyyənin ölümü” şerini diqqətlə, kərratla oxudu.“Mən görmədim, söyləyirlər bir gecənin sonunda

194420 min
XXXIII

Murtuzovun arvadı Yavər mətbəxdə xörək hazırlayır, Şəhla xanım bir amir kimi ona göstəriş verirdi. İztirabları az-çox ötüb keçmiş Züleyxa isə ayna qabağında dayanıb saçlarını xüsusi bir aludəçiliklə qaydaya salır, özünə sığal verirdi.Bayaqdan bəri qapıda girlənən Qaloşlu adam özünü içəriyə saldı. Züleyxa səksənib çevrildi:

19447 min
XXXIV

Yavər Murtuzova qazanları qaydaya salandan sonra əlini döşlüyünə silə-silə mətbəxdən eyvana çıxdı. Bu son söhbət zamanı Züleyxa ilə açılışan Qaloşlu adam Yavəri görmüş, Məmmədxanın işi barəsində onu qızışdırıb Züleyxa ilə Şəhla xanımın üstünə yönəltmişdi.– Qız, qırsaqqız olub yapışarsan yaxalarından – deyə Qaloşlu adam sözünün axırında təkidlə ona tapşırmışdı. – Lap qırsaqqız!.. quyruğu qapı arasında qalmış kimi hey çapalayıb vurnuxacaqlar!..

194413 min
XXXV

Bəli, Mehman işdən dönüncə Şəhla xanım özünü qabağa verib kürəkəninə xüsusi mehribançılıq göstərdi, bir azdan araya söz salıb Mehmana üz tutub təvəqqe elədi ki, prokuror, Məmmədxan gədənin bu şər işində ədaləti əldən buraxmasın, artıq danışığa, şər-şəbətəyə yol verməsin. Mehman da öz növbəsində Şəhla xanımdan təvəqqe elədi ki, onlar ana-bala heç bir zaman prokurorluğun daxili işlərinə qarışmasınlar. Şəhla xanım kürəkəninin bu sözündən rəncidə olub:– Məgər, ana öz oğluna bir söz də söyləyə bilməzmi? – deyə umuküsü elədi. – Mənim də bu dünyada gözümün ağı-qarası bircə qızım var!

19448 min

Poems by other poets