Məhtaban 25
Page 1 of 2
Ərmağanın bunca amansızlığı atasını təpəsindən dırnağına sarsıtdı, o avazımış halında sərilə qaldı... Ərmağan isə atasına hücum edib, onu bişərəflikdə müttəhim edir, qoca vaxtında oyanan eşqini təhqir edirdi. Qocanın əsəbləri yay kirişi kimi dartılır, fikri-xəyalı dəyişib dolanırdı: “Bu nə haldır? – deyə gözləri süzülən qoca dərin burulğana düşən sayağında boğulurdu. – Bu nə faciəli röyadır, Allah?”.
Məmalik, gözləri ilə görsə belə, çox çətin inanırdı ki, qız da atasına qarşı belə amansız olar, bir həramı kimi onun girəvəsini kəsə bilər. Qoca çox çətin inanırdı ki, ana ayrı olsa da, öz ata bir qardaşını, məsum, günahsız uşağı, bütün bu çarpışmalardan bixəbər körpəni ata bir bacısı məkr, hiylə yolları ilə oynada-oynada, güldürə-güldürə, öpə-öpə qətlə çatdıra bilər!..
Ən ümdəsi, sir-sifəti avazıyan, ağ saqqalı əzilib pəjmürdələşən qoca, öz gec oyanan eşqi ilə Məhəmməd qızı Məhtabanı özünə zövcə etməklə, pak bir qızı, gözəl bir xilqəti istər-istəməz bədbəxt etməkdə özünü günahkar sayırdı. İndi qoca başının üstünü alan, xanlıq ixtiyaratını əlinə keçirən qızının qarşısında nə edə bilərdi? Əgər o, Məhtabandan əl çəkərdisə, bəlkə də bu zalım qız azacıq da olsa, rəhmə gəlib, ələ keçirdiyi xanlıq ixtiyaratını atasına qaytarmasa da bir küncdə, guşədə, bir otaqçada atasının azalan ömrünü başa vurmağına aman verər? Əgər ixtiyaratı əlindən gedən qoca Məmalik, Məhəmməd qızı Məhtabanı indiyə qədər ikiəlli tutduğu kimi, ömrünün axırına, nəfəsinin sonuna qədər tutarsa, qeyri-mütöqabil də olsa çarpışma davam edəcək, Ərmağan atasının ölüsündən də əl çəkməyəcəkdir, qoca yenə də dardan asılı qalacaqdı. O, Məhtabanı tutsunmu, buraxsınmı? Öz taleyini bundan belə də yasa batan ana ilə bağlasınmı, oğlu ölən ana ilə birləşib, həlakulara qarşı dursunmu?
– “Xudaya, Xudaya!” – deyə cismən taqətdən düşsə də, ruhi əzab keçirən xan belə bir ağır zamanında da o tərəfə keçə bilmədi, bu tərəfdə dayandı. O, oğlunun ölümündən də, Əhdaha xanlığının dədə-baba düşməni həlakulara qalmadığından da artıq Məhəmməd qızı ilə öz taleyini yenə də axırıncı dəfə bağladı. Aylı gecədə, ağ köpüklü göldə çimən Məhtabanın gözəlliyi qoca xanı kişiliyə səslədi. O gücsüz də olsa, müqavimət göstərmək, Məhtabana ər olmaq, olan-qalan gücü ilə onu çəkib çirkablıqdan çıxarmaq, yenə də Məhtabanı ay nuruna qərq etmək istədi. Məmalik bacarmasa belə, buna cəhd etdi, tərəddüd göstərmədən Məhtabanın tayında durdu, Sərəncam qızına təslim düşməkdənsə, Məhəmməd qızı ilə zindana düşməyi, onunla birlikdə çürüməyi özü üçün üstün tutdu. Qoca üçün bu ayaqda hər nə vardısa hamısı getdi, ancaq bir tək Məhtaban qaldı. Son nəfəsində də olsa belə, Məhtabanı atmaq, öz eşqinə xain çıxmaq qoca xana ardan da artıq ar gəldi!
Qoca məxmər mütəkkələrdə dirsəkləndi, ağ saçı ağ saqqalına qarışan məcnuni başını dikəltdi, güc-bəla özünü cəmləşdirib dədə-baba düşməni həlakular müvəkkili Ərmağanın qarşısında qaynayan göz yaşlarını qurutmağa, az qala ağlayan gözlərini oyub-oyub çıxarmağa cəhd etdi:
– Məhəmməd qızı Məhtaban müqəddəsdir, özü də daim əndərunda olmuşdur! – deyə qocanın kinli gözlərində düşmənə qarşı qığılcım zərrələri parladı. – Sən bircə anlığa düşmən deyil, mənim qızım olsaydın, bilərdin, yox imanınla yəqin edərdin ki, Məhəmməd qızı biruna çıxmayıbdır, əndərundan başqa birunda olan kəslə göz-gözə dayanmayıbdır!
Ərmağan başının üstünü aldığı qocanın olan-qalan şaxını sındırmaq, öz cəlladlığına bəraət verib Sərəncamın günüsünü ləkələyib, kömürdən də artıq qaraltmaq əzmində oldu:
– Sən öz imarətini tərk edib, Ərdaha kəndlərinə gedəndə, cır-cındalı əşxas qarşısında öz hatəmtal səxavətini, öz beyinsiz, başsız əfsanəvi islahatlarını göstərmək üçün yollananda, bir az da o yana Savalan ətəyi meşə-tala obalarına varıb, eşqin topuğuna vurub səni dana kimi dingildədəndə bu sehrkar sənin əndərun istehkamını birun üzünə aça bilməzdimi?
Mirqəzəbdən də artıq mirqəzəbləşən, ürəyində olan övladlıq duyğu məhəbbətindən az əsər qalmayan, atasının üstündə öz üstünlüyünü hakim əda ilə göstərən Ərmağan ixtiyaratı əlindən oynayıb gedən, getdikcə gücsüzləşən, məxmər mütəkkələr sərilib, dilim döşəkcədə məzlumlaşan qocanı dönə-dönə istehzaya qoyub şəhadətə yox, çeçələ barmağına dolamaqdan bihədd zövq aldığı üçün mövru pişik siçanla oynayan sayağında o da ağ tükləri qabarıb-qalxan ikinci qurbanlığıyla – atasıyla oynayırdı:
– Atəşin xanım Məhəmməd qızı Məhtaban öz yanına bir qollu-qanadlı, yekəpər gədə, eşqində suzan olan, çiyinləri çürcənəkli bir Savalan çoban-çoluğunu buraxa bilməzdimi? Özü sübhün alaqaranlığında onu xan qızı Sərəncam xanımın zərli-zibalı rəxt-xabından qaldırıb, xan imarətindən əlaltı qaçıra bilməzdimi?
Ərmağan xanım açılıb üryanlaşan, itilənib qatilləşən zəhmi ilə anasının yatağına dürtülən Məhəmməd qızı Məhtabanı amansız günü rəhmsizliyi ilə qılınclamağında davam edir, əl saxlayıb, azacıq da olsa durmurdu. Bəlkə də bundan belə daha dura da bilmir, şəmadət fişəngini şiləyirdi?
– Bunu isə İranda hamı, hər qeyrətli ağa dil-boğaz qoymadan deyir, gözü olan kəs də görür, qulağı olan kəs də eşidir!
– Külli-İranda heç bir düşmən bunca qara-qura quraşdırıb, mənim ünvanıma bunca rəhmsiz böhtan yağdıra bilməzdi.
– Əgər indinin özündə də mən ətrafda əl-əl üstə müntəzir dayanan əyan-əşrəfə əmr edib... – Ərmağan nallı başmaqlarını döşəməyə döyür, sanki Sərəncam həyulanın itiləməsi ilə qocanı qılıncdan keçirirdi. – Əgər mən qeyrətli-şərəfli Ərmağan xanım, tək bircə gündə yüz-yüz şahidi gətirib, sən qocanı sürtülən, susuz üzünə dirətsəm, onlar da dil-boğaza qoymadan sənin üzünə durub, düm-düzünü desələr, necədir, ağayi biqeyrət?
– Mən onda axırıncı kərə Xudaya üz tutub, iltimas edərəm ki, olan-qalan gücümü cəm edib, hər iki əlimlə bir qılınc tutub, yalançı dilləri dibindən kəsə bilim!..
– Əgər bu sözləri sənin qanını qeyb edən üzünə, quruyan gözlərinin içinə, balacalaşan bəbəyinin ortasına şahənşah Qacar özü desə, necə?
– Şahənşah Qacarın bu İran viranələrində daha ayrı dərdi-çoru yoxdurmu?
– Əgər sən özün belə düşkün çağında öz başını ağlasığmaz dərəcəsində itirmisənsə, – deyə Ərmağan xanım usanıb-yorulmaz rişxənd və istehzalı əda ilə gücünü göstərmək mənasında yır-yır yırğalandı. Dişi cəllad qana susamışkən qan içmək, çimdiyi əndərun hamamın hovuzunu yenə də qanla doldurmaq istədi. Hələ burada da dayanıb, durmamaq – irəliyə ötmək, Məmalik tərəfdarlarına divan tutmaq, gözünə şübhəli dəyən şəxslərə əl qatmaq istədi. – Əgər sən qoca müsünn çağında, şərafətli xanlar sərdabasına təşrif aparmaq, orada təziyədarlıqla əzanlar altında, yasinlər avazıyla dəfn olunmaq istəyirsənsə, daha əbəs inadına nə ad vermək olar? Əgər sən özün-özünü ömrünün bu dövründə rüsvayi-cahan edib, dilə-dişə salıbsansa, daha biçarə Qacar müdam qulaqlarını barmaqları ilə tıxayıb, lal-kar ola bilməz ki!..
– Bu başdan-başa uydurmadır, qondarmadır, Həlaku! – deyə əli yerdən-göydən üzülən qocanın miskinləşən gözlərində yenə də kin göründü. – Bu bizim ata-baba düşmənimiz həlakuların külli-İranda yaydıqları şayiədir, ərdahalılar deyən sayağında başdan-başa şər-şəbədədir!
– Sən təpədən-dımağa sehrlənib, çürümüsən, qoca! – deyə Ərmağan əlini-əlinə vura-vura şaqqa çəkib, qah-qahla güldü. – Gör, sən cavan cadugər əlində necə də qıfılbəndə düşüb, dəstigir olmusan, biçarə Məmalik!.. Yoxsa yetmişində kişi nədi, özünü bunca bərri-biyabanda ah-nalə qoparan Məcnun kökünə saldı nədi?
– Mən yoxdan-yox Xuda qarşısında təkrarən izhar edirəm, – deyə qoca xan titrəyən başını qaldırıb, pak eşqini müdafiədən üzülmək istəmədi. – O qız heç zaman sehrkar olmayıbdır, deyildir! O, Pəhləvan Məhəmmədin qeyrətli qızıdır! Bir zaman Ərdaha elinin Rüstəm Zalı sayılan basılmaz mərdin alicənab övladıdır.
– Sənin özün yaşda qayınatan, Rüstəm Zal adlandırdığı o qarnı açıq gəda yoluq bir rəiyyət idi, həqir bir bəndə idi!
– O igid idi! – xan yarıcan da olsa, döşəkcənin üstündə dikəldi, – o bizim düşmənə qalan Ərdaha elinin namidar pəhləvanı idi!
– O, əncümənçi, ixtilalçı, məşrutəçi idi! – deyə Ərmağan Həlaku düşməninin döşünə yeridi. – Sən bax, bu kor gözlərini aç, gör ki, bütün inadınla son nəfəsində də öz miskin taleyini hansı əncümənçi, ixtilalçı, məşrutəçi dələduzlarla bağlayırsan!
– Əncümənçi, ixtilalçı, məşrutəçilər qeyrətli adamlardır! – Ömrünün son saatında, Ərdaha torpağı oyanıb əlindən çıxdığı zamanında belə qənaətə gələn Məmalik öz Həlaku düşməni ilə sinəbəsinə durdu.
– Onlar sizin kimi namərd, kəmfürsət deyillər. Onlar məkrə gedib, yalandan Qurana qəsəm qılan həlakulardan min qismət nəcib şəxslərdir, şərəfli qəhrəmanlardır!
Ərmağan qocanı yoxlayıb:
– Bəs sən özün, – deyə yırğalana-yırğalana Məmaliki də yırğalayıb, onun ağaran saç-saqqalını gülə-gülə dəlicəsinə qarışdırdı, sən özün qaradağlı Səttar üstünə, mücahidçilər, əncümənçilər, məşrutəçilər üzərinə yürüş edən şahənşah ləşkərinə tərəfdar durub “cahad, cahad!” – deyə car çəkənlərdən deyildinmi? Mən hələ sənin islamı cahada çağıran avazını eşidirəm!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-mehtaban-25
Use ← → keys to move, R for a random poem
More by this author
Balaca şəhərin evlərinə çəkilən əhalisi axşamkı tamaşanın pozulması haqqında öz evində belə xeyli deyindi, birisi bu işə ciddi əhəmiyyət verdi, digəri əlini qaldırıb “eh, Əbdülsalamın oyunxanası ancaq belə olar”, – deyib əlini yellədi... İstər-istəməz Balış barədə olan danışıq ayaqlandı, getdikcə yayıldı. Pəncərələrdən düşən işıqlar bir-bir söndü, müqabil tərəflər qaraldı. Lakin küçələr boyu qoyulan ara-ara işıqlar bir qədər nəfəs alıb öz işıqlarını artırdı. Payızın soyuq küləyi dağlardan üzüaşağı əsməyə, dirəklərdən sallanan lampaları yelləyib cırıldatmağa başladı. Anbarın ağzındakı dirəkdən sallanan lampanın səsi qapıdan içəri dolur, parça taylarının arasında marığa yatan Məmmədxanın narahatlığını birə-min artırır, hər yer Məmmədxana qorxulu, hər şaqqıltı ona təqibedici görünürdü. Xeyli ara verdi, Məmmədxan tayların arasından çıxıb qulağını anbarın qapısına söykədi: dizləri uçundu. Öz-özünü söyüb danladı, işığı tez yandırıb anbarı dördgöz halda seyr etməyə başladı... “İşdir meşə adamlarına qoşularamsa, buranı yarmaq lazım gələrsə, nə qədər qənimət əldə edə bilərik?” – deyə Məmmədxan yenə də anbarın içini tezcə dolduran işığı söndürdü. Özü də anbarla birlikdə qaranlığa qovuşdu. İndi Məmmədxana işıq yox, qaranlıq gərək idi. Sanki qaranlıq Məmmədxanın qolundan yapışır, işıq onun cinayət və xəyanətlərini faş edib anbarda olan kələklərinin və ötən gecənin zülmətində, təqribən, elə gecənin bu vaxtında törətdiyi ağır cinayətin üstünü açırdı... Yox, qaranlıqdan da artıq kömür kimi bir zülmət lazım idi ki, Məmmədxan bu gecə sabaha kimi, ya öz cinayətinin üstünü örtüb yalquzaq kimi ağızburnunu yalayıb sabahdan sakit görkəmdə işə çıxsın, yaxud elə bu gecə, vurub bu şəhərcikdən uzaqlaşsın, əlinə nə oldu silah keçirib qaranlıq meşələrdə gizlənən qolçomaq qalıqları ilə birləşsin, ipə-sapa yatmayan Mehmandan heyfini alsın... Axır bu cavan Mehman Atamoğlanovun yerində o dazbaş Murtuz Murtuzov olsaydı, necə də bu Balışın qətlini istənilən kimi yozar, ortaboylu, tökməbədənli, əldən-ayaqdan çevik Məmmədxan nə söyləsə üzü qarmon kimi qırışıq Murtuz onun bir cüt əfil-əfil yanan çiçək naxışlı xalçasının müqabilində lap sandıqtulasına dönərdi. Ancaq nə edəsən ki, burada başqa bir adam, dönməz, çəkinməz, qayıtmaz bir adam vardı ki, o öz araşdırıcı, nüfuzedici, qaynar, odlu gözlərini bu vurnuxan Məmmədxanın gözlərindən çəkmir, bir an belə onu bu anbarda öz halına-əhvalına buraxmır. Bax, bax oradan o yandakı bir cüt amir gözə görünür, Həmin gözlər Məmmədxanın nəinki zahirini, onun batinini, içini-içalatını yarıb, aləmə göstərir, – yığılın, gəlin, görün, – deyə aləmə haray salır, külli-aləm yığılıb gəlib görür ki, bu Məmmədxan olmazın xəyanətlər törətmiş, xalq əmlakını talan etmiş, hər iki qara əlini qırmızı qana batırmışdır. Gözlər çoxalır, gözlər cinayətkar qatili dəyirman daşlarından da bədtər əzirdi. Təftişdən başlayan ağır, əzici zəhm onu hey basır, əzirdi. Daha Məmmədxan burada, bu vəziyyətdə boğucu rütubətdə dayana bilmədən qapının arxasını boşaldıb bayıra çıxdı, qapını qıfıllayıb əlinin içində kibrit yandırıb surğuc tutdu, buranı möhürlədi, sarı bürünc möhrü cibinə qoydu, nə isə, haradansa balaca bir şıqqıltı onu səksəndirdi. Məmmədxan qurd kimi döyükdü, – “bu belə kim ola?” – deyə əlləri üstə çöngəyib yan-yörəyə boylandı. O diqqətlə süzə-süzə qaranlığa baxdı, heç bir iz-əlamət görmədi. Dirəkdən sallanan elektrik lampası yenə də birdən cırıldayıb səsləndi, anbarın qabağına tökülən həsir parçaları əsən küləyin qabağında yumurlanıb, aşa-aşa aşağıdakı uçuruma yuvarlandı. İndi hər bir şey yalquzaqsayağı çöng oturan Məmmədxanın gözlərində qabarıb dikəlib canlanır, onun qulaqlarında qəribə, müdhiş uğultulu səslər gəzir, törətdiyi cinayətin yerindən əkilib uzaqlaşmaq istəyirdi. Bəli, doğrudan da, indi hər şey Məmmədxana dəhşətli bir təhlükə görünürdü. “Yox, izi-tozu tamam-kamal itirmək, sübhün gözü açılana qədər aradan çıxmaq, meşəyə girmək, vuruşan dəstəni tapmaq gərəkdir!” – deyə Məmmədxan ayağa qalxdı, anbarın həyətindən əyri-üyrü dolaşıq addımlarla çıxdı, gecə növbəsini aparan milis nəfərinin gözünə dəymədən qaranlığın içiylə özünü üzüyuxarı verdi, gedib-gedib evinin qapısında dayandı, sinəsi qopub, ürəyi parçalanmaq istəyincə buraya sığındı. İri qıfıl öz yerindən asılmışdı. Demək burada heç bir dəyişiklik olmamışdı. Məmmədxan açarı çıxarıb qapını astaca açdı. İçəriyə girdi. O, lampanı yandırmadan, otağın içində büzüşdü. “– İndi bəs necə olsun? – Məmmədxan sinəsində mırıldandı. – İndi bu it balasının izini itirmək necə olsun? Buradakı, yandakı, bəlkə anbarın içindəki quyuda o it balasını gizlətmək mümkün olsun? Birdən aradılar, birdən bəlkə bu it balasını tapdılar”. – Məmmədxan daş kimi dayansa da öz murdar taleyini düşünürdü. “– Bəs onda, bəs onda?.. Bəs necə etmək? Bəlkə onu bənd-bənd doğrayıb buradan torbalarda hissə-hissə çıxarmaq! – Axır bir zaman onun əmisi də qısqanclıqdan öz qadını ilə eynən beləcə rəftar etmişdi? O, çar vaxtı qətlə çatdırdığı qadının qan izlərini məharətlə silib-süpürüb itirmişdi. Bu qan izləri, Şura hökuməti zamanında açılınca Araz çayının o biri tayını adlamışdı. Bəlkə elə indi Məmmədxanın əmisi də bu qaranlıq meşədəki bir dəstənin içindədir?.. – Yox, yox, daha belə bir gündə daş kimi dayanmaq, durmaq olmaz!”Məmmədxan ağırlaşan qurğuşun addımlarıyla qaranlıq küncdə gedib gödəksaplı, enliağızlı baltanı sağ əlinə götürüb, ağır-ağır samballadı. Otaqdan anbara açılan qapını tərpədib dayandı, bayıra qulaq verdi. Demək, bu ağır, ovxarlı balta işləyəndə necə olsa da bir səs çıxacaqdır! Bəlkə pusquda dayanan, bu evin dövrəsində dolanan da vardır? O, qaranlıqda qızaran gözlərini gəzdirdi. Mehmanın ona zillənən gözlərini görürmüş kimi vahiməyə düşdü, addım-addım geriyə çəkildi, əlində balta qapıya yanaşdı, nə isə onun qulağına bayırda xısıltı, həm də şübhəli ayaq səsləri gəldi. – “Adamdırmı, küləkdirmi?” – Məmmədxan qapı açıb gözünün ucuyla bayıra baxdı, bir qaraltı onun gözünə dəyib ötdü... – “Bu adamdır, ya mənim gözlərim böyüyübdür?” – Məmmədxan qapını açıq qoyub qəsdən öskürə-öskürə həyətə çıxdı, bir neçə addım da gəzib dolandı, heç bir qaraltı onun gözlərinə dəymədi. Məmmədxan içəriyə dönüb iri-iri boçkalar dayanan anbara girmək istərkən asta bir fit səsi onun qulaqlarına gəldi. – “Belədir, ya mənə belə gəlir?” – Məmmədxan bir qədər gözlədi, pəncərənin pərdəsini çəkdi, bayıra baxdı, yenə də gözlərinə qaraltı sataşdı, arada az-çox toxtayan Məmmədxanı yenə də dəhşət götürüb istər-istəməz uçundu, ancaq bir ümidlə içində baltanı daha bərk tutdu. Lakin bu baltanı burada işlədib azca da olsa səs çıxarmaq cinayət yerində tutulmaq deməkdi... Məmmədxan döndü, gizlətdiyi tapançanı aradı, xeyli eşələndi, tapmadı. O, tapançanın yerinimi azdırmışdı, yaxud onu Balış gizlətmişdir? Ya bəlkə Balış əlaltınca Məmmədxanın silahını milis rəisi Cabirə vermişdi? Bəlkə həmin tapança indi evin dövrəsinə dolanan bir milisin – gözətçinin əlindədir?.. Onda elə qaçarağa düşüncə, öz yanınca bu baltanı götürsün? Bu balta görən, duyan kəsdə bir şübhə oyatmazmı?.. Nə qədər şübhə oyatsa da əlac baltaya idi... Məmmədxan baltanın dəstəsini buraxmadı, onun qulpundan bərk-bərk yapışıb, qapıdan birbaşa çıxdı, həyətə düşüb addımlayınca bir öskürtü eşitdi. O, özünü gözə dəyməyən, ancaq bənd-bərəni kəsən silahlı adamların əhatəsində hiss etdi. İndi bu halda o, qaçmaq, aradan çıxmaq istədi. Ayaq saxladı, bəlkə bəndərgahlarda pusquya duranlar vardır. Birdən onlar gördülər, qışqırıb, əli baltalıya “dayan-dayan!” dedilər. Əli baltalı adam ayaq saxlamayınca odlu güllədən onun qaraltısına dolu kimi yağdırdılar, dəlik-deşik meyit ortada qaldı?! Nəfəsi təngişən, geniş dünya iynə ulduzu kimi başına daralan Məmmədxan qayıdıb qapısına söykəndi. Ona elə gəldi ki, buradan qaçmaq üçün etdiyi cidd-cəhd heç bir vəchlə baş tutmayacaq, o yaxalanacaq, yaxud dolu kimi yağan odlu güllələrin nəticəsində dəlik-deşik olacaqdır. Qalsa necə? – “Buradaca qalsam?.. Bəs necə?.. – deyə Məmmədxan çiyinlərini çatdı, başını qınına saldı. – Qalsam, bəlkə, birtəhər qaldım, anbardan çalıb-çapıb illər boyu yığdığım varın bir qismini, bərkə düşsə lap hamısını Murtuz kimisinin üstünə töküb özümü xilas etdim!.. Verim nəyin yolunu bağlamaz, verim kimin səsini desən boğazında boğmaz. Hələ bax o çıq-çıq, sarı saatın ardınca xeyli qiymətli, dəyərli şeylərdən tökməklə tamahkar Şəhla xanımın yumşaq, ətli əlilə inadcıl kürəkəninin ağzını qapamaq da olmazmı? Məmmədxan qapını bağlayıb nəfəsini dərdi, demək, işin izini ayrı yolla da itirmək olar. O, dolandı, evin içində gəzib bir neçə qulacdan ibarət kəndir tapdı. İçəriyə girib yan-yörəsinə baxdı, öz qurbanını dikəldib asmağa cəhd etdi... Xeyli vaxt keçdi, qaranlıq yavaş-yavaş əridi tər içində çapalayan Məmmədxan dönüb baltasıyla birlikdə yorğan-döşəyə girdi. “Bu zalım qızı həm oynağan, həm də gəzəyən çıxdı”, – deyə Məmmədxanın beyni sıxılıb daralmağa, ürəyi döyünməyə başladı. – İndi, sabahdan məndən soruşacaqlar, “Məmmədxan bəs Balış hanı? Niyə Məşədi İbad pozuldu?” Deyərəm: “Mən nə bilim hanı! Avaranın qızı avara, nə bilim itilib hansı cəhənnəmə gedib?”
XXXIZüleyxa “qızıl saat” əhavalatını açıb anasına söylədi. Bir neçə gün sonra o, anasının məsləhət və təkidilə saatı çıxarıb qoluna bağladı və işdən qayıdan Mehmana göstərib:– Neçəyə dəyər? – dedi.
XXXIIÖz vaxtında prokurorluğa gələn Mehman, cari kağızlarla məşğul olub onların icrası üçün qanuni istiqamət verdi, sonra onu, çox narahat edən Balış məsələsi düşündürdü. Bakıda hüquq fakültəsində oxuyarkən istehsalat təcrübəsi zamanı “Səriyyə məhkəməsi”nin materialları ilə necə tanış olduğunu təsəvvürünə gətirib xatırladı. Səriyyənin qətlinə dair respublika qəzetlərində çap edilən ictimai etirazları necə tədqiq etdiyini, özü üçün konspektlər tərtib etdiyini, necə qəzəbləndiyini yaşadı, sanki onun qəzəb və nifrəti, qatillərə qarşı qətiyyəti qat-qat gücləndi. Mehman birdən stolun arxasından dik ayağa durdu, kitab mərtəbəciyinə yanaşdı, buradan bir kitabça çəkdi, vərəqlədi, buradakı “Səriyyənin ölümü” şerini diqqətlə, kərratla oxudu.“Mən görmədim, söyləyirlər bir gecənin sonunda
XXXIIIMurtuzovun arvadı Yavər mətbəxdə xörək hazırlayır, Şəhla xanım bir amir kimi ona göstəriş verirdi. İztirabları az-çox ötüb keçmiş Züleyxa isə ayna qabağında dayanıb saçlarını xüsusi bir aludəçiliklə qaydaya salır, özünə sığal verirdi.Bayaqdan bəri qapıda girlənən Qaloşlu adam özünü içəriyə saldı. Züleyxa səksənib çevrildi:
Poems by other poets
Millətin beli bükülü,Hamının gözü kölgəli…
Qarabağlı Mehdi bəyə yazdığı müfəssəl həcvdən bir neçə parçaBunca kar idi saldın arəyə sağ olmaQoşulub hər dəliyə sən dəxi sərsağ olma
GəlsinOturan ağalar duran qazilər,Lənət bu dünyanın işinə gəlsin
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,