Page 2 of 2 · 50%

– İndi anlayıram ki, o mənim necə bağışlanmaz qələtimdir!

Ərmağan qan içində qaynayan gözlərini gülə-gülə qıydı:

– İndi bəs əncümən olsa, necə? İndi Təbrizdə başqa bir qərargah düzəlsə, necə?

– Taqətim olsa, tərəddüdsüz... – nəfəsi təngişən qoca titrəyən əlləri ilə saç-saqqalını düzəldə-düzəldə davam etdi.

– Bəli, tamam tərəddüdsüz düşmənə qalan əmval-əmlakımdan əl çəkib, Təbrizə yollanıb baş qaldıran millət mücahidlərinə qoşulardım!

– Görünür, sən qurdla qiyamətə getmək iştiyaqındasan! – deyə Ərmağan yenə də şaqqaşaqla güldü, – başımızı aşağı edən, tikan olub gözümüzə batan qoca!..

– Sən ata haqq-hüququna təcavüz edən, dədə düşmənimizin xatakar casususan! – xan az-az dirçələn səslə bar-bar bağırıb öz qatil qızını gözətlənmədən səksəndirdi.

Ancaq Ərmağan qətiyyətlə nallı başmaqlarını döşəmədə bərkidib, oynağa qalxıb dəliləşən qanlı gözləri ilə güldü:

– Sən də şəxsən ixtilaçılara, qiyamçılara, üsyançılara, əncümənçilərə, məşrutəçilərə, mücahidlərə qoşulmaq əzmində olan dönüksən!

– Görünür, sən mənim yeganə oğlumu əlimdən almaqla, – deyə qoca qızının gözlərindən “ata qatili” fərmanını da oxuyunca, bar-bar bağırdı.

– İndi də mənim üstümə düşüb, həlakular xeyrinə məni də həlak etmək əzmindəsən!..

– Xofa düşüb, titrətmə tutma, xan! – deyə Ərmağan məkrlə öz daxilini gizləməyə cəhd edib, nifrət bəslədiyi qocanı döşəkcədən qırağa itələdi.

– Bu gün-sabah axirət aləminə köçəsi qocaya çox çətin ki, mən əl qaldıram...

– Qardaşına əl qaldıran bişübhə atasına da əlini qaldırmaqdan çəkinməyəcəkdir!

Sərəncamın – gordan qayıdan çalxaq sümüklü həyulanın diksindirici dürtməsi ilə Ərmağan öz dediklərini sübuta çatdırmaq, qocanın beyninə yeridib, burada nəqşləndirmək məqsədi ilə qarayaxalıq göstərib, qara-qışqırıq qopardı:

– O zina mənim qardaşım deyildir, Məmalik! O, sənin süni varisin idi, qıraqdantutma cövhər idi, daha bunu çək-çövürə dəyməz, bibeyin qoca!..

– Sən bu böhtanı saqqız kimi az çeynə, qatil qız! – deyə öz övladından dözülməz dil yarası yeyən, ciyəri parçalanmağa başlayan qoca bütün girəvələri qaçırdığı, bütün fürsəti fövtə verib, qılıncının qəbzəsini buraxdığı üçün gömgöy göynədi. Məmalikin sümükləri yanıbyanıb cız-cız cızıldadı. – Sən sinəsinə oğul dağı çəkilən atanın alnına bişərəflik damğasını zorla, güclə vurub dönə-dönə isbat edib, barı onu qeyrətli xanlar sərdabasına sənin ulu əcdadının məqbərəsinə bihörmət göndərmə, kəmfürsət, namərd övlad!

– Əgər bu damğa çox-çoxdan, səfil-sərgərdan yetimçəni darta-darta xan barigahına gətirdiyi gündən biqeyrət atamın alnının düz ortasında, bax, bu görünən yerində damğalanıbsa? – Ərmağan ruh kimi dayanan, hansı ecazla isə ayaq üstə duran, son nəfəsində Məhtabandan əl üzməyib, onu dolu kimi dalbadal yağdırılan iftira atəşlərindən qoruyan, aylı gecənin ağ köpüklü gölünə qanlı qara ləkələr düşməyə qoymayan, gözlərini yumana qədər sinəsini Məhəmməd qızına sipər edən qoca dayandıqca, Ərmağanın heybətli sir-sifəti cəhənnəm kürəsi kimi közərirdi. O, aman-iman bilmədən hələ də inad göstərib Məhtabanı qorqanan qocanın üstünə düşürdü. – Əgər karlaşan atanın tutulan qulaqlarının dibindən uzaqda da yox, öz imarətinin birununda bunca ünvanına bayquşsayağı biintəha, sərəvdə gəzirsə? Əgər el-oba, Ərdaha, cümlə-cahan, ta sənin Firəngistan dostlarına qədər çox-çoxdan sənə məktub göndərməkdən imtina edib, üz göndəriblərsə?.. Əgər bütün şərəfli şəxslər qocanın qulaqlarının dibini zəfəranlanmış hesab edirlərsə?

– Sən dəhşətdən də dəhşətsən, Ərmağan!

– Şərəfini xilas etmək naminə mən sənə, – Ərmağan məkrlə səsini bir az endirdi, guya inildəyən sərkərdəyə rəhmdillik göstərdi, – öz qoca atama qeyrətli bir övlad kimi axırıncı dəfə qəti əmr edirəm: keçsin o biri otağa, Məhtaban ləçərin, xarabalar bayquşunun qolundan yapışıb, bayıra atsın! – Ərmağan gözlərinə ölüm kölgəsi çökən atasını yaxalayıb silkələdi, darta-darta gətirib, Məhəmməd qızı Məhtaban qapandığı otağa itələdi. Özü də qapını yarıaçıq qoyub, yanovunda dayandı. Məmalik sınıq qədəmlə Məhtabana yanaşdı:

– Taleyimiz çox yamanca zəbun oldu, – deyə ayaq üstə titrəyib bütün vücudu ilə səndələyincə, sir-sifəti gül kimi solan Məhtabana söykəndi. – İndi mənim... nə qolumda... gücüm... nə dizimdə taqətim... nə də əlimdə... ixtiyaratım vardır...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXX

Balaca şəhərin evlərinə çəkilən əhalisi axşamkı tamaşanın pozulması haqqında öz evində belə xeyli deyindi, birisi bu işə ciddi əhəmiyyət verdi, digəri əlini qaldırıb “eh, Əbdülsalamın oyunxanası ancaq belə olar”, – deyib əlini yellədi... İstər-istəməz Balış barədə olan danışıq ayaqlandı, getdikcə yayıldı. Pəncərələrdən düşən işıqlar bir-bir söndü, müqabil tərəflər qaraldı. Lakin küçələr boyu qoyulan ara-ara işıqlar bir qədər nəfəs alıb öz işıqlarını artırdı. Payızın soyuq küləyi dağlardan üzüaşağı əsməyə, dirəklərdən sallanan lampaları yelləyib cırıldatmağa başladı. Anbarın ağzındakı dirəkdən sallanan lampanın səsi qapıdan içəri dolur, parça taylarının arasında marığa yatan Məmmədxanın narahatlığını birə-min artırır, hər yer Məmmədxana qorxulu, hər şaqqıltı ona təqibedici görünürdü. Xeyli ara verdi, Məmmədxan tayların arasından çıxıb qulağını anbarın qapısına söykədi: dizləri uçundu. Öz-özünü söyüb danladı, işığı tez yandırıb anbarı dördgöz halda seyr etməyə başladı... “İşdir meşə adamlarına qoşularamsa, buranı yarmaq lazım gələrsə, nə qədər qənimət əldə edə bilərik?” – deyə Məmmədxan yenə də anbarın içini tezcə dolduran işığı söndürdü. Özü də anbarla birlikdə qaranlığa qovuşdu. İndi Məmmədxana işıq yox, qaranlıq gərək idi. Sanki qaranlıq Məmmədxanın qolundan yapışır, işıq onun cinayət və xəyanətlərini faş edib anbarda olan kələklərinin və ötən gecənin zülmətində, təqribən, elə gecənin bu vaxtında törətdiyi ağır cinayətin üstünü açırdı... Yox, qaranlıqdan da artıq kömür kimi bir zülmət lazım idi ki, Məmmədxan bu gecə sabaha kimi, ya öz cinayətinin üstünü örtüb yalquzaq kimi ağızburnunu yalayıb sabahdan sakit görkəmdə işə çıxsın, yaxud elə bu gecə, vurub bu şəhərcikdən uzaqlaşsın, əlinə nə oldu silah keçirib qaranlıq meşələrdə gizlənən qolçomaq qalıqları ilə birləşsin, ipə-sapa yatmayan Mehmandan heyfini alsın... Axır bu cavan Mehman Atamoğlanovun yerində o dazbaş Murtuz Murtuzov olsaydı, necə də bu Balışın qətlini istənilən kimi yozar, ortaboylu, tökməbədənli, əldən-ayaqdan çevik Məmmədxan nə söyləsə üzü qarmon kimi qırışıq Murtuz onun bir cüt əfil-əfil yanan çiçək naxışlı xalçasının müqabilində lap sandıqtulasına dönərdi. Ancaq nə edəsən ki, burada başqa bir adam, dönməz, çəkinməz, qayıtmaz bir adam vardı ki, o öz araşdırıcı, nüfuzedici, qaynar, odlu gözlərini bu vurnuxan Məmmədxanın gözlərindən çəkmir, bir an belə onu bu anbarda öz halına-əhvalına buraxmır. Bax, bax oradan o yandakı bir cüt amir gözə görünür, Həmin gözlər Məmmədxanın nəinki zahirini, onun batinini, içini-içalatını yarıb, aləmə göstərir, – yığılın, gəlin, görün, – deyə aləmə haray salır, külli-aləm yığılıb gəlib görür ki, bu Məmmədxan olmazın xəyanətlər törətmiş, xalq əmlakını talan etmiş, hər iki qara əlini qırmızı qana batırmışdır. Gözlər çoxalır, gözlər cinayətkar qatili dəyirman daşlarından da bədtər əzirdi. Təftişdən başlayan ağır, əzici zəhm onu hey basır, əzirdi. Daha Məmmədxan burada, bu vəziyyətdə boğucu rütubətdə dayana bilmədən qapının arxasını boşaldıb bayıra çıxdı, qapını qıfıllayıb əlinin içində kibrit yandırıb surğuc tutdu, buranı möhürlədi, sarı bürünc möhrü cibinə qoydu, nə isə, haradansa balaca bir şıqqıltı onu səksəndirdi. Məmmədxan qurd kimi döyükdü, – “bu belə kim ola?” – deyə əlləri üstə çöngəyib yan-yörəyə boylandı. O diqqətlə süzə-süzə qaranlığa baxdı, heç bir iz-əlamət görmədi. Dirəkdən sallanan elektrik lampası yenə də birdən cırıldayıb səsləndi, anbarın qabağına tökülən həsir parçaları əsən küləyin qabağında yumurlanıb, aşa-aşa aşağıdakı uçuruma yuvarlandı. İndi hər bir şey yalquzaqsayağı çöng oturan Məmmədxanın gözlərində qabarıb dikəlib canlanır, onun qulaqlarında qəribə, müdhiş uğultulu səslər gəzir, törətdiyi cinayətin yerindən əkilib uzaqlaşmaq istəyirdi. Bəli, doğrudan da, indi hər şey Məmmədxana dəhşətli bir təhlükə görünürdü. “Yox, izi-tozu tamam-kamal itirmək, sübhün gözü açılana qədər aradan çıxmaq, meşəyə girmək, vuruşan dəstəni tapmaq gərəkdir!” – deyə Məmmədxan ayağa qalxdı, anbarın həyətindən əyri-üyrü dolaşıq addımlarla çıxdı, gecə növbəsini aparan milis nəfərinin gözünə dəymədən qaranlığın içiylə özünü üzüyuxarı verdi, gedib-gedib evinin qapısında dayandı, sinəsi qopub, ürəyi parçalanmaq istəyincə buraya sığındı. İri qıfıl öz yerindən asılmışdı. Demək burada heç bir dəyişiklik olmamışdı. Məmmədxan açarı çıxarıb qapını astaca açdı. İçəriyə girdi. O, lampanı yandırmadan, otağın içində büzüşdü. “– İndi bəs necə olsun? – Məmmədxan sinəsində mırıldandı. – İndi bu it balasının izini itirmək necə olsun? Buradakı, yandakı, bəlkə anbarın içindəki quyuda o it balasını gizlətmək mümkün olsun? Birdən aradılar, birdən bəlkə bu it balasını tapdılar”. – Məmmədxan daş kimi dayansa da öz murdar taleyini düşünürdü. “– Bəs onda, bəs onda?.. Bəs necə etmək? Bəlkə onu bənd-bənd doğrayıb buradan torbalarda hissə-hissə çıxarmaq! – Axır bir zaman onun əmisi də qısqanclıqdan öz qadını ilə eynən beləcə rəftar etmişdi? O, çar vaxtı qətlə çatdırdığı qadının qan izlərini məharətlə silib-süpürüb itirmişdi. Bu qan izləri, Şura hökuməti zamanında açılınca Araz çayının o biri tayını adlamışdı. Bəlkə elə indi Məmmədxanın əmisi də bu qaranlıq meşədəki bir dəstənin içindədir?.. – Yox, yox, daha belə bir gündə daş kimi dayanmaq, durmaq olmaz!”Məmmədxan ağırlaşan qurğuşun addımlarıyla qaranlıq küncdə gedib gödəksaplı, enliağızlı baltanı sağ əlinə götürüb, ağır-ağır samballadı. Otaqdan anbara açılan qapını tərpədib dayandı, bayıra qulaq verdi. Demək, bu ağır, ovxarlı balta işləyəndə necə olsa da bir səs çıxacaqdır! Bəlkə pusquda dayanan, bu evin dövrəsində dolanan da vardır? O, qaranlıqda qızaran gözlərini gəzdirdi. Mehmanın ona zillənən gözlərini görürmüş kimi vahiməyə düşdü, addım-addım geriyə çəkildi, əlində balta qapıya yanaşdı, nə isə onun qulağına bayırda xısıltı, həm də şübhəli ayaq səsləri gəldi. – “Adamdırmı, küləkdirmi?” – Məmmədxan qapı açıb gözünün ucuyla bayıra baxdı, bir qaraltı onun gözünə dəyib ötdü... – “Bu adamdır, ya mənim gözlərim böyüyübdür?” – Məmmədxan qapını açıq qoyub qəsdən öskürə-öskürə həyətə çıxdı, bir neçə addım da gəzib dolandı, heç bir qaraltı onun gözlərinə dəymədi. Məmmədxan içəriyə dönüb iri-iri boçkalar dayanan anbara girmək istərkən asta bir fit səsi onun qulaqlarına gəldi. – “Belədir, ya mənə belə gəlir?” – Məmmədxan bir qədər gözlədi, pəncərənin pərdəsini çəkdi, bayıra baxdı, yenə də gözlərinə qaraltı sataşdı, arada az-çox toxtayan Məmmədxanı yenə də dəhşət götürüb istər-istəməz uçundu, ancaq bir ümidlə içində baltanı daha bərk tutdu. Lakin bu baltanı burada işlədib azca da olsa səs çıxarmaq cinayət yerində tutulmaq deməkdi... Məmmədxan döndü, gizlətdiyi tapançanı aradı, xeyli eşələndi, tapmadı. O, tapançanın yerinimi azdırmışdı, yaxud onu Balış gizlətmişdir? Ya bəlkə Balış əlaltınca Məmmədxanın silahını milis rəisi Cabirə vermişdi? Bəlkə həmin tapança indi evin dövrəsinə dolanan bir milisin – gözətçinin əlindədir?.. Onda elə qaçarağa düşüncə, öz yanınca bu baltanı götürsün? Bu balta görən, duyan kəsdə bir şübhə oyatmazmı?.. Nə qədər şübhə oyatsa da əlac baltaya idi... Məmmədxan baltanın dəstəsini buraxmadı, onun qulpundan bərk-bərk yapışıb, qapıdan birbaşa çıxdı, həyətə düşüb addımlayınca bir öskürtü eşitdi. O, özünü gözə dəyməyən, ancaq bənd-bərəni kəsən silahlı adamların əhatəsində hiss etdi. İndi bu halda o, qaçmaq, aradan çıxmaq istədi. Ayaq saxladı, bəlkə bəndərgahlarda pusquya duranlar vardır. Birdən onlar gördülər, qışqırıb, əli baltalıya “dayan-dayan!” dedilər. Əli baltalı adam ayaq saxlamayınca odlu güllədən onun qaraltısına dolu kimi yağdırdılar, dəlik-deşik meyit ortada qaldı?! Nəfəsi təngişən, geniş dünya iynə ulduzu kimi başına daralan Məmmədxan qayıdıb qapısına söykəndi. Ona elə gəldi ki, buradan qaçmaq üçün etdiyi cidd-cəhd heç bir vəchlə baş tutmayacaq, o yaxalanacaq, yaxud dolu kimi yağan odlu güllələrin nəticəsində dəlik-deşik olacaqdır. Qalsa necə? – “Buradaca qalsam?.. Bəs necə?.. – deyə Məmmədxan çiyinlərini çatdı, başını qınına saldı. – Qalsam, bəlkə, birtəhər qaldım, anbardan çalıb-çapıb illər boyu yığdığım varın bir qismini, bərkə düşsə lap hamısını Murtuz kimisinin üstünə töküb özümü xilas etdim!.. Verim nəyin yolunu bağlamaz, verim kimin səsini desən boğazında boğmaz. Hələ bax o çıq-çıq, sarı saatın ardınca xeyli qiymətli, dəyərli şeylərdən tökməklə tamahkar Şəhla xanımın yumşaq, ətli əlilə inadcıl kürəkəninin ağzını qapamaq da olmazmı? Məmmədxan qapını bağlayıb nəfəsini dərdi, demək, işin izini ayrı yolla da itirmək olar. O, dolandı, evin içində gəzib bir neçə qulacdan ibarət kəndir tapdı. İçəriyə girib yan-yörəsinə baxdı, öz qurbanını dikəldib asmağa cəhd etdi... Xeyli vaxt keçdi, qaranlıq yavaş-yavaş əridi tər içində çapalayan Məmmədxan dönüb baltasıyla birlikdə yorğan-döşəyə girdi. “Bu zalım qızı həm oynağan, həm də gəzəyən çıxdı”, – deyə Məmmədxanın beyni sıxılıb daralmağa, ürəyi döyünməyə başladı. – İndi, sabahdan məndən soruşacaqlar, “Məmmədxan bəs Balış hanı? Niyə Məşədi İbad pozuldu?” Deyərəm: “Mən nə bilim hanı! Avaranın qızı avara, nə bilim itilib hansı cəhənnəmə gedib?”

194414 min
XXXI

Züleyxa “qızıl saat” əhavalatını açıb anasına söylədi. Bir neçə gün sonra o, anasının məsləhət və təkidilə saatı çıxarıb qoluna bağladı və işdən qayıdan Mehmana göstərib:– Neçəyə dəyər? – dedi.

19443 min
XXXII

Öz vaxtında prokurorluğa gələn Mehman, cari kağızlarla məşğul olub onların icrası üçün qanuni istiqamət verdi, sonra onu, çox narahat edən Balış məsələsi düşündürdü. Bakıda hüquq fakültəsində oxuyarkən istehsalat təcrübəsi zamanı “Səriyyə məhkəməsi”nin materialları ilə necə tanış olduğunu təsəvvürünə gətirib xatırladı. Səriyyənin qətlinə dair respublika qəzetlərində çap edilən ictimai etirazları necə tədqiq etdiyini, özü üçün konspektlər tərtib etdiyini, necə qəzəbləndiyini yaşadı, sanki onun qəzəb və nifrəti, qatillərə qarşı qətiyyəti qat-qat gücləndi. Mehman birdən stolun arxasından dik ayağa durdu, kitab mərtəbəciyinə yanaşdı, buradan bir kitabça çəkdi, vərəqlədi, buradakı “Səriyyənin ölümü” şerini diqqətlə, kərratla oxudu.“Mən görmədim, söyləyirlər bir gecənin sonunda

194420 min
XXXIII

Murtuzovun arvadı Yavər mətbəxdə xörək hazırlayır, Şəhla xanım bir amir kimi ona göstəriş verirdi. İztirabları az-çox ötüb keçmiş Züleyxa isə ayna qabağında dayanıb saçlarını xüsusi bir aludəçiliklə qaydaya salır, özünə sığal verirdi.Bayaqdan bəri qapıda girlənən Qaloşlu adam özünü içəriyə saldı. Züleyxa səksənib çevrildi:

19447 min

Poems by other poets