Əbülhəsən xan İqbal
Bu yaxınlarda bir alim dostumuz İran Azərbaycanının məşhur ustad xanəndəsi Əbülhəsən xan İqbaldan da bizə müjdə yetirdi. O, 100-ə yaxın yaşı olan bu müğənninin indi də gənclik təravətilə oxumasını sevinclə bizə bildirdi.
Dostumuzu dinlərkən ordu sıralarında Təbrizdə olduğum günlər yadıma düşdü.
Mən Əbülhəsən xan İqballa 1941-ci ildə Təbrizdə tanış oldum. Tanışlığımızın qəribə tarixi var.
Biz Təbrizdə olarkən opera teatrımız ora qastrola gəlmişdi. Şəhər böyük bayram keçirirdi. Tamaşaya başqa şəhərlərdən də axın-axın tamaşaçı gəlirdi. Teatrın qastrolu orucluq ayına təsadüf etmişdi. “Koroğlu”, “Arşın mal alan” və digər operalara gələn tamaşaçıların çoxu iftarını teatrın binasında açırdı.
Tamaşa zamanı restoranlardan lojalara plov, kabab və başqa ləzzətli xörəklər gəlirdi. Salonu plov və kabab qoxusu bürüyürdü. Bülbül səhnədə oxuyarkən salondan “Bülbül, ölmə, ölmə” – deyə bağıranlar da olurdu.
Tamaşaçılardan birinə dedim: “Yaxşı iş görmürsünüz, artistin oxumasına mane olursunuz”. Təbrizli tamaşaçının mənə cavabı bu oldu:
– Xeyr, ağa, əksinə, mən belə deməsəm, o, səsini qozamaz.
Sənətkarlarımızın Təbrizdə olmasından istifadə edərək qəzet əməkdaşlarının köməyilə məktəblərin birində gündüz bir dostluq görüşü təşkil etdik. Sənətkarlarımızdan Bülbül, Həqiqət Rzayeva, Əlövsət Sadıqov, Yavər Kələntərli və başqaları çıxış etdi.
Bülbül dinləyənlərin alqışları altında bir neçə xalq mahnısı oxudu.
Birdən fikirləşdim ki, bu necə dostluq görüşüdür ki, yalnız Bakıdan gələn artistlər çıxış edir, bəs Təbriz sənətkarları? Fikrimi Təbriz qəzeti əməkdaşlarına bildirdim. Dedilər ki, məclisdə oxuyanlarımız var. Lakin orucluqdur bəlkə oxumadılar. Qubernator da burdadır. Ona desəniz bəlkə bir şey çıxdı.
Mən birinci sırada oturan Rəhimi adlı qubernatora bu təkliflə müraciət edib sonra öz yerimdə oturdum.
O, bir nəfəri yanına çağırtdırdı. Bu gödəkboy, kök, gözü çeşməkli bir qoca idi. Aralarındakı söhbəti eşitmədim. Bir azdan konserti idarə edən cavan təbrizlilər adından Əbülhəsən xan İqbalın çıxış edəcəyini elan etdi. Salonda böyük bir canlanma oldu. Birinci cərgədə yanımda oturan Bülbül iki əlilə üzünü tutub dedi:
– Ay Süleyman, biabır olduq, vay, vay.
– Niyə, Bülbül?
– Heç bilirsən Əbülhəsən xan kimdir?
– Xeyr bilmirəm.
– O Şərqin dahi xanəndəsidir. Mən gərək o olan məclisdə mahnı yox, bir dəstgah oxuyaydım, keçib.
Bir az əvvəl qubernatorla danışan çeşməkli qoca səhnədə göründü. Salon alqışdan titrəyirdi. Bəli, bu Əbülhəsən xan İqbal idi.
O, böyük şairimiz Seyid Əzim Şirvaninin qəzəlinin bu sətrilə: “Zülfünü bas yarama, qoyma məni qan aparur” oxumağa başladı.
Salondakılar dərin sükut içində idi. Mən harda olduğumu unutmuşdum. Doğrudan, o, ecazkar bir xanəndəymiş.
Əbülhəsən xan İqbal məni səsiylə, nəfəsilə, öz musiqi dünyasına aparmışdı. Oxuyarkən onun üzündə əzab əlaməti görünmürdü. Dodaqları, gözləri, bir sözlə bütün siması incə bir təbəssümə qərq olmuşdu. Konsertdən sonra Bülbül Əbülhəsən xanla qucaqlaşıb öpüşdü.
Sonralar onunla görüşəndə xanəndələrdən söhbət gedəndə belə deyərdi:
– Məclisdə oxuyarkən, xanəndənin üzündə əzab əlaməti olmamalıdır. Xanəndə onu dinləyənlərə əziyyət verməməlidir.
Bir axşam bizim artistlərin bir konserti haqqında onun fikrini bilmək istədim.
O, Qurban Pirimovun mükəmməl texnikaya malik böyük ustad olduğunu söylədi. Sara Qədimova səhnədə xalq mahnıları oxuyarkən dedi:
– Bu xanım hələ cavandır. Onun qarşısında uzun bir yol var. Xoşuma gələn cəhət oxuyarkən gözlərində, dodaqlarında görünən təbəssümləridir. Bu çox yaxşı əlamətdir.
Əbülhəsən xan Seyid Şuşinski haqqında məhəbbətlə danışırdı. Onlar bir zaman Tiflisdə görüşüblərmiş. Əbülhəsən xan açıq, pullu konsertlərdə oxumazdı. Lakin o, musiqilə, sənətkara qiymət verilən, hörmət göstərilən məclislərdə təmənnasız oxuyardı. İranda onun plastinkalarını ən baha qiymətə belə tapmaq çətindi.
Bu böyük sənətkar o zaman Təbrizdə şəhər bələdiyyəsində kiçik bir vəzifədə çalışırdı. Halbuki, belə bir adam musiqi ocaqlarında bir ustad kimi gəncliyə çox xeyir verə bilərdi.
Sovet ordusu doğma şəhərlərimizi faşistlərdən geri alanda Təbrizdə təntənəli yığıncaqlar keçirilirdi. Biz Əbülhəsən xana müraciət etdikdə o:
– Belə təntənədə iştirak etməmək günahdır. Mən hüzurunuzda hazır – deyib gülümsərdi.
Bir axşam Cəlil Məmmədquluzadənin köhnə dostu professor Fəxri Ədham bizi evinə “paçaplov”a qonaq çağırdı. Bu növ plov yalnız Təbrizdə olur.
Əbülhəsən xan İqbal da məclisdə idi. O, bizi yenə öz məlahətli səsilə valeh etmişdi. Məclisdə sakitlik olan kimi deyirdi:
– Ağalar, niyə məni oxutdurmursunuz! Mən ki, təmənnasız oxuyanam. Yoxsa güman eləyirsiniz ki, qocalmışam, yorularam. Yox, ağalar, mən hələ çox oxuyacağam. İstəsəniz, gedib Təbrizin ətrafındakı o dağın başında elə oxuyaram ki, Təbriz əhli səhərə kimi yuxusuz qalar.
Bəli, Əbülhəsən xan belə bir xanəndə idi.
1942-ci ildə Mirzə İbrahimovla birlikdə Təbriz ziyalılarından bir neçəsini Bakıya qonaq gətirdik.
Təbrizdə bunu eşidən Əbülhəsən xan yanımıza gəlib dedi:
– Bakıya gedənlər nə xoşbəxtdirlər, Mən də getmək istərdim. Ordakı həmpeşələrimlə, köhnə dostum Seyid Şuşinski ilə görüşərdim. Mən çox istərdim ki, sizin konservatoriyada muğam haqqında bir neçə mühazirə oxuyam. Gələn dəfə Bakı səfərində məni yaddan çıxarmayın.
Bu söhbətdən 25 il keçmişdir. Əbülhəsən xan eyni arzunu indi Təbrizdən gəlmiş alim dostumuza da demişdir. O Bakını, Azərbaycan sənətkarlarını görmək arzusuyla çırpınır.
Son illərdə İranla aramızdakı mədəni əlaqələr genişlənir, yoluna düşür. Bakıdan Tehrana, Tehrandan Bakıya incəsənət xadimləri qastrola gedib gəlir.
Arzu edərdik ki, günlərin birində İrandan Bakıya gələn sənətkarlarla birlikdə 100 yaşlı həmişəcavan Əbülhəsən xan İqbal da bu dostluq körpüsündən keçsin.
11 yanvar 1967
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-ebulhesen-xan-iqbal
Use ← → keys to move, R for a random poem
More by this author
Bir kitabtək qəlbini cananına aç, sevgilim,Yad sözündən, yad gözündən hər zaman qaç, sevgilim.
Hardasan?Hardasan, ey ilk baharım, hardasan?Nazlı yarım, şux nigarım, hardasan?
Cənublu gözələSən gözəllər gözəlisən gözəllərin arasında,Qoy üzməsin yelkənimiz ayrılığın dəryasında.
Təbrizli qızİllərdir dağda, daşda, gəzirəm həsrətinlə,Məni quca bilməyib ayrılığın qolları.