Page 1 of 3

Qorxmazovun həyəti. Yaydır. Divardan telefon asılmışdır, əncir ağacından boks topları sallanmışdır. Həyətin ortasında quyu var. Pərdə açılarkən Dünyanın radioqəbuledici cihazla plastinka çaldırdığı görünür. Tez-tez telefon zəng vurur. Dünya gah priyomnika, gah telefona sarı gedir.

Dünya (dəstəyi götürür)

Qulaq asıram. Kimdir danışan? Bir nəfər? Bir nəfər olsaydınız, dərdim nəydi ki. Necə? Sənin nə ixtiyarın var ki, mənim ərimin anadan olan gününü təbrik eləyəsən? Həyasız! (Dəstəyi asıb radioya tərəf gedir.) Yəqin o karnavalda gördüyüm arvadlardan biridir. (Telefon zəngi) Hə, səsini çıxartsana, zəhrimar, çor! (Dəstəyi asır.) Bu ev deyil, dəlixanadır! (Yenə də zəng) Qulaq asıram. Köpək qızı, atboy verdi.

Qorxmazov (yüngül paltarda evdən çıxır)

Nə yaman çox yatmışam, fizik-kulturamın vaxtını keçirmişəm... (Saata baxır.) Arvad, deyəsən den rojdeniyama dəm-dəsgah açmısan axı...

Dünya

Sənin anadan olan gününə yekə bir daş düşəydi, daş! Bayaqdan adamların telefonu partdatdılar ki...

Qorxmazov

Arvad, heç olmasa bu gün mənə dolaşma.

Dünya

Şəhərdə bir arvad tapılmaz ki, ona telefon nömrəmizi verməmiş olasan.

Qorxmazov

Dünya, bəsdir Dünya!

Dünya

Yaxşı, uşaq hələ də Nadirin boynunda qalır?

Qorxmazov

Əlbəttə, öz adamları deyir ki.

Dünya

Bəs niyə o əxlaqsızı atmırsan idarəmizdən bayıra?

Qorxmazov

Arvad, onlara da havadar çıxan var ey, yoxsa onda nə var ki. Məsələ lap bu gün-sabahlıqdır.

Dünya

Görək də. Yaxşı, sənin qonaqların kimlərdir?

Qorxmazov

Öz səmimi dost-aşnalarım... Dilavər, Bayramalı, Dəmirov və tağdali...

Dünya

Bu tağdali kimdir, böyük adamdır?

Qorxmazov

Yox canım, tağdali adam deyil, yəni və qeyrə və qeyrə.

Dünya

De görüm çağırdıqlarının arasında arvad xeylağı da var?

Qorxmazov

Yox, sakit ol. Adıma qəzet gətirməyiblər ki?

Dünya

Hələ yox.

Qorxmazov

Həmişə alaqaranlıqda gətirərlər, indi gör bəxtimdən ordenlərimizə görə nə yaman apazdat eləyir.

Dünya

Ürəyin suya dönməsin.

Qorxmazov

Eh, başımı qarışdırdın söhbətə, fizik-kulturam qaldı.

Dünya

Çox ağlın-kamalın vardı. Bunlarla oynayandan sonra bir təhər olarsan.

Qorxmazov

Dünya, beynimin, ürəyimin, kürəyimin – bir söz hər şeyimin artmasına bax bu kömək eləyəcək, bu! Al gəldi. (Boks əlcəklərini geyib ağacdan asılı toplara vurur. Toplar Dünyanın üzünə dəyir.)

Dünya

Məni vurursan?

Qorxmazov

Yavaş danışmaq kulturadır, bağırmaq xaltura, al bu da sənə fizik-kultura.

Dünya

Ay arsız, gör indi kəsirəm ya yox. (İçəri cumur.)

Qorxmazov (məşq eləyir)

Kultura, xaltura, fizik-kultura.

Dünya (əlində yekə bir mətbəx bıçağı qayıdır)

Gör kəsirəm, ya yox.

Qorxmazov

İnsafın olsun, Dünya, kəsmə!..

Dünya

Kəsəcəyəm. (Dünya topları kəsmək istərkən Qorxmazov elə bilir ki, Dünya onu bıçaqlamaq istəyir. Əlcəklərlə Dünyanı vurub özünü müdafiə eləyir.)

Qorxmazov

Camaat, kömək eləyin, məni kəsirlər!

Dünya topları kəsir. Qorxmazova tərəf cumur. Qorxmazov yorulub yerə sərələnir. Dünya gülə-gülə onun başının üstündə dayanır və bıçağı boğazına dayayır.

Dünya

Kəsim?

Qorxmazov

Hara tələsirsən, ay arvad? Qurban bayramına hələ çox var.

Dünya

Yazıqsan, qalx ayağa!..

Qorxmazov (qapıya tərəf baxır)

Aha, deyəsən, qonaqlarımız gəlir. Arvad, sən süfrəyə rəhbərlik elə, mən də qonaqlara.

Dünya

Xörəklər yandı deyəsən. (Mətbəxə cumur).

Dilavər (gəlir, əlində kağıza bükülü bir stol modeli var)

Salaməleyküm!..

Qorxmazov

Hə, kak zdorov?

Dilavər

Sansız təşəkkür... (Həyəti nəzərdən keçirir.) Pəh, pəh, ölmə, ölmə. Həyət deyil, guşəyi cənnətdir. Nəzərgahı cəzb eləyir.

Qorxmazov

Sağ ol.

Dilavər

Sansız təşəkkür. Bugünkü yomialinizə iki hədiyyəmlə gəlmişəm.

Qorxmazov

Özün gəlmisən elə mənə bəsdir.

Dilavər

Sansız təşəkkür. Biri şəxsən vücud mübarəkinizə ithaf etdiyim qəzəl, digəri budur. (Kağızı açıb stol maketini ona verir.)

Qorxmazov

Bu nədir adə? Özün bilirsən ki, uşağım-zadım yoxdur. Fikrin odur ki; bu iqruşkalarla yaşımın bu vaxtında mən özüm oynayım? Məni dolamısan? Ələ salmısan?!

Dilavər

Pəh, pəh, xeyr, bunda rəmz var. Burda dərin bir məna gizlənir. Bunu sizə təqdim etməkdən amalım odur ki, vücudi alinizi həmişə stol dalında rəhbərlikdə görüm.

Qorxmazov (ağlamsınır)

Çox şadam... Əziz dost. Əvvəlcə qanmadım. Məni bağışla, bunsuz mənim bir günüm olmasın. (Maketi öpür.) Afərin sənə belə dost!

Dilavər

Sansız təşəkkür... Çün bir saniyə... xamuş...

Qorxmazov

Tişi!..

Dilavər

Sən ey insan kimi hər bir zadı yaxşı qanan stol!
Səni harda doğubdur söylə rəhmətlik anan, stol?
Vəfasızsan, sürüşkənsən, yenə sənsən mənə imdad,
Edirsən piri sən bir an içində nocavan, stol!
Elər arzu bütün dostlar bu gün bu yomialidə,
Otursun Qorxmazov yoldaş dalında hər zaman, stol!

Qorxmazov

Sən məni ağlatdın, gəl öpüm səni, mehriban dostum! (Dilavəri öpüb ağlayır.)

Dilavər

Sansız təşəkkür. Bəs sən bizə nə hazırlamısan?

Qorxmazov

Quzu ətindən kabab, yanında da al şərab.

Dilavər

Ötürrük, olar səvab.

Qorxmazov

Nə tez tapırsan cavab?

Dilavər

Pəh, pəh, ölmə! Ölmə! Siz xalis şairsiniz ki, var.

Qorxmazov

Mən sənin yanında bir qələt eləyə bilmərəm.

Dilavər

Sansız təşəkkür! İcazənizlə şəxsinizə yazdığım qəzələ guş edin, xamuş!

Qorxmazov

Tişi!

Dilavər

Mübarəkdir sənin bu ad günün alicənab dostum,
Yedirdən hər qonaqlıqda bizə bollu kabab dostum.
Bilir aləm ki, içməzsən, yeməzsən bir kərə mənsiz,
Sənə ad qoymuşam çoxdan araq dostum, şərab dostum.
Gələn həftə həmin burda, bizi cəm eylə xudmani,
Səhər cızbız yeyək. Axşam yeyək yağlı qutab, dostum!

Qorxmazov (əl çalır)

Malades, mənim yağlı qutab dostum!

Dəmirov (gəlir)

Salam, necəsən, yaxşısan? Gecikməmişəm ki?

Qorxmazov

Deyirsən sənin də yolunu gözləyək?

Dəmirov (ona bir daimi ruçka verir)

Buyur, bu da mənim hədiyyəm. Ancaq camaat dağılışandan sonra açıb baxarsınız.

Qorxmazov (kağızı açıb baxır)

Adə, bu mənim öz ruçkamdır ki...

Dəmirov

Zaddır, şeydir...

Qorxmazov

İki gündür bunu axtarırdım.

Dəmirov

Əldən almışam.

Qorxmazov

Ayrı qiymətli bir şey tapa bilmədin?

Dəmirov

Bunun mənası ən böyük hədiyyələrdən də böyükdür. Mən, nəinki mən, bütün biz dost-aşnaların istəyirik ki, siz həmişə bu ruçka ilə prikazlara qol çəkib hamımıza rəhbərlik eləyəsiniz. (Onun üst-başını çırpır.) Ancaq öldürsələr də əyilməyəcəyəm!

Qorxmazov

Adə bu padarkaların hamısında dərin, yekə bir mısıl varmış ki. (Çalğı səsləri gəlir. Qorxmazov özünü kabinetdə hesab edir, masada zəng yeri axtarıb barmağıyla basır.) Adə, bunun zəng yerisi yoxmuş ki Dəmirov, tez keç qapıya.

Dəmirov

Burda da qapıçı olacağam?

Qorxmazov

Yox adə, qonaqlarımın qabağına çıx deyirəm.

Dəmirov

Nə deyirəm ki. (Qapıya gedir.)

Qorxmazov

Gəl Dilavər bir vuraq. (İçirlər.)

Dəmirov (qayıdır)

Muştuluğumu ver. Sizi götürdülər.

Qorxmazov (udqunur. Stola oturur)

Necə? Məni işdən götürdülər? Nə ixtiyarla?

Dəmirov

Şeydir, zaddır... Sizi götürdülər.

Qorxmazov

İşdən?

Dəmirov

Yox, sizi gətirdilər bura. (Qorxmazov sakit olur.)

Qorxmazov

Götürmədilər, gətirdilər, hə? Adə dəli olmusan, nədir? Mən burda ola-ola məni bura kim gətirə bilər axı?

Dəmirov

Bu gözlərimlə gördüm. Başınıza örpək də salıblar.

Qorxmazov

Deyirsən bu ağsaqqal vaxtımda məni gəlin köçürürlər? İtil gözümdən... (Dəmirov qapıya gedir.) Dilavər, bu nə işdir? Yoxsa ikinci bir Qorxmazov çıxıb?

Dilavər

Çün cəfəng söyləyir.

Qorxmazov

Sən öləsən, bir də gördün ki, mənə oxşamayanın biri oturub stolumun dalında deyir ki, mənəm nastoyaşşı Qorxmazov, sən kimsən?

Bu an vağzalı havası müşayiətilə bir dəstə qonaq həyətə girir.

Bayramalının qucağında bir qarpız var. Dəmirovun başında örtüklü bir büst. Dəmirov rəqs edərək gəlir, Qorxmazovun qabağında dayanır.

Dəmirov

İndi ver muştuluğumu.

Qorxmazov

Adə bu kəllə qəndi hardan tapdınız?

Dəmirov

Qənd deyil, boş kəllədir.

Qorxmazov

Ay lotu, bəs o dediyin adam hanı?

Dəmirov

Budur ey... (Örpəyi açıb Qorxmazovun büstünü nümayiş etdirir.) Sizi gətirdilər, ya yox?

Qorxmazov

Doğrudan da gətirdilər. Adə bu xalis mənəm ki.

Dilavər

Ölmə, ölmə... Əcibülheykəl, əcibülheykəl.

Qorxmazov

Əcəb kəldir, nədir adə? Ay dost, gözünü aç yaxşı bax. Bu kəl-zad deyil, mənəm ey...

Bayramalı

Bunu sizin anadan olan gününüz münasibətilə şəxsən öz tərəfimdən adınıza qayıtdırmışam. Qoy gələcəkdə nəvə-nəticələriniz buna baxıb sizi yad eləsinlər.

Qorxmazov

Adə, sonsuz adamın da nəvə-nəticəsi olar?

Bayramalı

Onda camaat baxar.

Qorxmazov

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets