Təbrizdə qış
Bir dost kimi yetişərək harayına Arazın,
Gözlərimi zilləyirəm o tayına Arazın.
Vətən dərdi ürəyimdən asılır bir daş kimi,
Öz cənublu qardaşıma deyirəm qardaş kimi:
– Gör nə kökə saldı sənin həyatını köləlik!
Ellər bilir, kömək əlim çatmır sənə hələlik.
Külək əsir, şaxta kəsir, çox əsəbi yağır qar,
İnsanlarsa xiyabandan keçir yumaq şəklində.
Mən bilirəm, qoşun yığır hücum üçün ilk bahar,
Əlində bir qızıl lalə, qızıl bayraq şəklində,
Nə gedən var, nə gələn var “Azərşəhər” yoluyla
Əlində bir buz qələm,
Ölüm yazır qış öz soyuq imzasıyla, qoluyla!
Sərbəst gəzir dərd-aləm.
Hər dəqiqə bir il qədər uzundur,
Bu mühitin törətdiyi faciələr uzundur.
Qış neyləsin, qışda günah nə gəzir?
Dövran özü bu varlığı hey tapdayır, hey əzir.
Qış dolanıb addım-addım,
Ləkəsizdir, deyir, adım.
Ərbablardır ölüm yazan əlimlə,
İnsanlara qəbir qazan, əlimlə...
Külək əsir, şaxta kəsir,
Nalə çəkir yetim-yesir.
Bir ay var ki, damlar-daşlar ağ kəfənə bürünmüş,
Buludlarla pıçıldaşan dağ kəfənə bürünmüş.
Donub cansız yerə düşür göydə uçan sərçələr,
Bir şikayət havasıyla dolu evlər, küçələr.
Yoxsulların daxmasında nə odun var, nə ocaq,
Sızım-sızım sızıldayır hər beşikdə bir uşaq.
Pəncərələr qırıq-qırıq, tavan uçuq, dam damır...
Könüllər qan ağlasa da, təbiət dil anlamır.
Nə yorğan var, nə döşək var, nə cecim var, nə həsir,
Ağacdakı son yarpaq tək dilsiz körpələr əsir.
Kimsəsizlər ən nəhayət bürünərək bir gişə,
Sübhü açır gözləriylə, taq-taq dəyir diş-dişə,
Bu ölkədə xeyli var ki, ağlamaq da yasaqdır.
Qara geyib ölənə yas saxlamaq da yasaqdır.
Bəziləri qan ağlayır, gülə-gülə, – dərdə bax!
Yarasından axan qanı silə-silə, – dərdə bax!
Ölüm gəzir qapı-qapı, küçə-küçə şəhəri,
Qırıb-çatır, fərqi yoxdur, gündüz-gecə şəhəri.
Amansızdır, sıyırmış buz qılıncını bu il qış,
Zavallılar deyir, – Çəkil, öldük, yetər, çəkil, qış!
Varlıların nə vecinə, yanır evdə sobası,
Uşaqları qışda belə udur bahar havası.
İsti paltar geyinərək oynayırlar küçədə,
Çox da qışdır, qarışqa tək qaynayırlar küçədə.
Onlar duymur isti günə, ilk bahara ehtiyac,
Nə dərdinə kimdir ölən, kimdir çılpaq, kimdir ac.
Qoy əbədi bu yerlərə bahar qonaq gəlməsin,
Çəmənlərə çiçək səpib qucaq-qucaq, gəlməsin,
Lazım deyil, qoy gəlməsin, onların nə vecinə,
Tox-firavan ömr edirlər, tümənlərin gücünə.
Küçələrdə dolaşaraq ayaqyalın, başaçıq,
Yetim qızlar nalə çəkir: – Qırılırıq, biz acıq!
Bu nakamlar buz yollardan ölə-ölə keçirlər,
Ərbablarsa, bu lövhəyə gülə-gülə keçirlər.
İşsiz-gücsüz bədbəxtlərsə, nə zövq alsın ömürdən?!
Qara çörək çıxır burda sanki daşdan, dəmirdən.
Dükanların qapısında ehtikarın qıfılı,
Zəncirli bir qart köpəkdir sahibkarın qıfılı.
Arabalar küçələrdən ölü yığır aramsız,
Külək isə, bir zərbəylə vurub yıxır aramsız.
Köməksiz bir ağac kimi, ev-eşiksiz kəsləri,
Saray kardır eşitməyir bu ucalan səsləri.
Seyr edin bu dəhşətlərə laqeyd baxan binanı,
Bayrağında mürgüləyir şirü-xurşid nişanı!
Baş küçədə qəhqəhələr yayır bütün hər yana,
Fasiləsiz işləyərək, qəhvəxana, meyxana.
Qulaqların pərdəsini yırtır vəhşi caz səsi.
Meyxananı topa tutur qadınların qaz səsi.
O xəfiyyə qadınlarda hiyləyə bax, naza bax,
Gözləriylə saplayırlar hər ürəyə bir bıçaq.
O xanımlar “qonaq” gəlib Nyu-Yorkdan, Londondan,
İlan kimi çıxıb hər gün min qabıqdan, min dondan
Özlərini pula deyil, siyasətə satırlar,
O vətənsiz ağaların qucağında yatırlar.
Əcnəbilər görünərək quzu kimi günahsız,
Fəth edirlər ürəkləri, beyinləri silahsız.
Ərbablarla əcnəbilər vurub badə-badəyə,
Sevinirlər: – Əcəb tapdıq bir ümumi dil, – deyə.
Bu kələfin nə günəşdə, nə aydadır bir ucu,
Ellər bilir, qan çanağı saraydadır bir ucu.
Şiddətlənir qar çovğunu, uğuldayır küləklər,
Könüllərə dəhşət yayır, qorxu yayır küləklər.
Yurd-yuvasız zavallılar bilir yalnız nədir qış!
Bir döngədə buzlar üstə iki kölgə dayanmış,
Önlərində cındırlara sarılı bir ölü var,
Sağlığında el deyərdi: – Əcəb qabil əli var!
Bəzək vurur, məna verir dilsiz daşa bu adam,
Sənətində bənzəməyir hər nəqqaşa bu adam...
Bir ölü ki, memarlıqda birinciydi Təbrizdə,
Evlərdəki hər naxışı bir inciydi Təbrizdə,
Tanımayan tapılmazdı el içində Səbrini,
Əvəz edən usta yoxdur öz işində Səbrini.
Bağlanmışdı ürəyinin telləriylə vətənə,
Min bir bəzək vurardı o əlləriylə vətənə.
O deyərdi: – Vətən oğlu mal-dövlətə satılmaz,
Nə qızıla, nə mənsəbə, nə şöhrətə satılmaz!
Bar verən bir ağac kimi dikib yerə başını,
Əridərdi bir şam kimi ömrün cavan yaşını.
Yaratdığı binalara baxdıqca o vüqarla,
Sanardı ki, dayanmışdır üz-üzə ilk baharla.
Bu şəhərdə bir çox qəşəng imarətlər tikmişdi,
Gözlərini ağ günlərə, gələcəyə dikmişdi.
Bu mənalı binalarda çox mənasız adamlar,
El dərdinə, taleyinə etinasız adamlar
Gün keçirir, çovğunlardan, küləklərdən bixəbər,
İntiqama hazırlaşan ürəklərdən bixəbər.
Səbrini də onlar çoxdan çıxarmışdı yadından,
Nə xeyir var ərbablara bir ustanın adından?
Əli qızıl bu adamın giş paltardı geydiyi,
Bir əl boyda çörək idi qazanaraq yediyi.
Düşünərdi: “doğar bir gün mənim də bəxt ulduzum,
Ömr edərəm bu evlərin birisində mən özüm”.
O vurduqca divarlara, sütunlara naxışlar,
Seyr etdikcə doymazdı bu lövhələrdən baxışlar.
Gəncləşdikcə qoca şəhər sənətkarın əliylə,
Deyərdilər: – Əli birdir ilk baharın əliylə.
Arzulara son qoyulur yalnız, yalnız qəbirdə,
Qonaq kimi gəlib gənclik, qonaq kimi gedir də.
O hər daşın üzərinə bir daş qoyduqca yavaş,
Öz ömrünün sarayından hər gün düşürdü bir daş.
İllər keçdi, saç ağardı, bel büküldü, güc getdi,
Baş titrədi, göz tutuldu, gənclik onu tərk etdi.
Ehtiyacsa, yumruqladı qapısını, – Aç! – deyə,
Arxamca bax, ölüm gəlir, dur bu evdən qaç! – deyə.
Qızdırmalar pəncəsində onun ömür yoldaşı
Çabalayıb çırpınırdı, axıdaraq göz yaşı.
Arvad öldü... Səbri qaldı iki yetim qızıyla!
Hər gün dərin fikrə daldı iki yetim qızıyla.
Ev sahibi pul istədi, hardan versin, pul hanı?
Aydındır ki, verən gərək vardan versin, pul hanı?
Bir az sonra zavallını daxmasından qovdular,
Məhkəmələr qapısında onu başdan sovdular.
Yetişmədi sənətkarın şikayəti göylərə,
Əzəl gündən yoxdu onun məhəbbəti göylərə.
Rast gəlmədi bu ölkədə, haqq, ədalət Səbriyə,
Uçuq bir ev yuva oldu ən nəhayət Səbriyə.
Bu daxmada əli bomboş, küləklərdi qonağı,
Ehtiyacın bu qapıdan kəsilməzdi ayağı.
O nə etsin? Hara getsin? Kimə desin dərdini?
Bəlkə, çörək əvəzinə özü yesin dərdini!
O gördükcə küçələrdə çılpaq yatan qızları,
Ehtiyacdan namusunu heçə satan qızları.
Düşünərdi öz anasız qızlarının sonunu,
Onlardamı geyməlidir fahişəlik donunu?
Yox, yox, bircə bu qalmışdı! İntihara nə gəlib!
O günləri görməkdənsə, dar məzara nə gəlib!
Qəzəbindən yazıq ata əsim-əsim əsirdi,
Nə etsin ki, bu mühitin sərt əlində əsirdi.
Sənətkarçın kimsəsizlik ölümdən də ağırdı,
Qucaqlayıb dizlərini bir nöqtəyə baxırdı.
Gah gəzirdi kölgə kimi, tutub palçıq divardan,
Deyərdilər, dəlidir bu, görsəydilər kənardan.
Gah öpürdü oxşayaraq qızlarının başını,
Boşaldırdı torpaqlara gözlərinin yaşını.
Gah ümidlə yetimləri şirin dilə tuturdu,
Bir göyərçin tutar kimi, öz əliylə tuturdu
Xəyalında ağ günləri, səadəti həvəslə.
Qızlarına söyləyirdi titrək, boğuq bir səslə:
– Dərd çəkməyin, dərdinizi tək mən özüm çəkərəm,
Öz əlimlə sizə gözəl, qəşəng saray tikərəm,
O sarayın üzü baxar azad, xoşbəxt Şimalə,
Bu torpaqda eşidilməz nə inilti, nə nalə.
Bu sarayı məhəbbətlə ucaldaram sizinçin,
Siz, ey mənim iki bədbəxt ciyərparam, sizinçin!
Onu tikə bilməsə də sizin qoca atanız,
Tutacaqdır dik başını yenə uca atanız.
O binanı, əminəm ki, başqa tikən tapılar,
Üzünüzə açıq olar onda bütün qapılar...
Külək qopdu, birdən-birə palçıq divar söküldü,
Çürük taxta parçaları üstlərinə töküldü.
Bir-birinə sarmaşaraq sıxıldılar divara,
Düşünərək, aradılar bu dərdlərə son çara.
Qızlar dedi: – Əziz ata, heç olmazsa, bir kərə
Get tikdiyin evlərə.
O yerə ki, palçığına öz qanını qatmısan,
Təməlinə parça-parça ürəyini atmısan.
O ağalar haqqını da verməyiblər başabaş,
Get, qoy bəlkə, götürülsün üstümüzdən ağır daş.
Günü qara, qəlbi yara, dərdi dərya, qarnı ac,
Çölə çıxdı... – Dalımca gəl, – dedi ona ehtiyac.
Yaratdığı binaların qapısını döyərək,
Xəcalətlə ağız açdı istəyərək düz-çörək,
Hər qapıdan bu səs gəldi: “Allah versin, durma, get,
Zəhlə tökmə, murdar qoca, get, boynunu burma, get!”
– Mən Səbriyəm, bu evləri mən tikmişəm əlimlə,
Qocalmışam, üzbəüzəm, gözbəgözəm ölümlə.
Borcunuzdan bir az verin, mən dilənçi deyiləm,
Qul deyiləm, kaman kimi qarşınızda əyiləm.
Mən cəhənnəm, heç olmazsa, qızlarıma rəhm edin,
Ömrüm-günüm batıb yasa, qızlarıma rəhm edin!
– Rədd ol, səni tanımırıq.
– Necə?
– Tanısaq belə,
Unutma ki, sovurmuruq tümənləri biz yelə.
– Bu günümü bilsəydim, ah, burda qan-tər tökəndə,
Ac qarnına, sizin üçün, uca saray tikəndə,
Yandırardım bu evləri...
– Söyləyərik ajana,
Ömrünün son çağlarında atılarsan zindana.
– Mən görmüşəm o zindanı.
– Doğrudan da görmüsən,
Şirü-xurşid əvəzinə gizli-gizli hörmüsən.
Gəncliyində binalara beşguşəli bir ulduz,
Rədd ol, sənə haram olsun yediyin o çörək-duz.
Çıx get, bəxtin gətirib ki, ev doludur qonaqla,
Yoxsa sənin kürəyini doydurardıq çomaqla.
– Müvəqqəti qonaqsınız bu evlərdə, gün gələr,
Azadlığın nəğmələri asimana yüksələr,
Yeyin, için, kef eyləyin, bu evlərdə hələlik,
Gün gələcək, olmayacaq bu torpaqda köləlik.
Tikdiyim bu binalarda görməyəcək el sizi,
Tutub dara çəkəcəkdir bir uğurlu əl sizi.
Mən görməsəm o günləri, görəcəkdir qızlarım,
Lap bu evdə xoşbəxt həyat sürəcəkdir qızlarım!..
Bu sözləri deyib Səbri baxdı, baxdı şimala,
Bitab, ağır addımlarla sonra düzəldi yola.
Siyirərək qılıncını öz işini gördü qış...
Bir döngədə buzlar üstə iki kölgə dayanmış.
Önlərində cındırlara sarılı bir ölü var...
Sağlığında el deyərdi: – Əcəb qabil əli var!
İki kölgə göz yaşında boğularaq ağlayır,
Nalələri, fəryadları ürəkləri dağlayır.
İki kölgə dilə gəlib deyir: – Verin, ağalar,
Ölən əziz atamızdır, baxın, görün, ağalar,
Dəfn etməyə kimsəmiz yox, pulumuz yox, amandır,
Aclıq, ölüm, kimsəsizlik, yetimlik çox yamandır!
Üz çevirib yetimlərdən xəz paltolu adamlar.
Ürəyi boş, qarnı dolu, cibi dolu adamlar
Yol keçirlər, əsla qulaq asmadan bu nəvaya!
Sığaranın tüstüsünü püskürərək havaya.
Sağlığında qalmayanda sənətkarın dərdinə,
Kim qalacaq indi ölmüş bir memarın dərdinə?!
O evlər ki, yaranmışdı əllərilə Səbrinin,
Ürəyini əritmişdi illər ilə Səbrinin.
İndi ordan qəhqəhələr yüksəlirdi göylərə,
Onlar xəbər tutmazdılar, ensəydi də göy yerə.
Bu an köhnə bir araba gəlib durdu döngədə,
Arabaçı öz işinə yekun vurdu döngədə.
İki adam düşünmədən şöhrətini Səbrinin,
Qaldıraraq yerdən atdı meyidini Səbrinin –
Donub şaxta gecələrdə ölənlərin üstünə,
Ac-yalavac, küçələrdə ölənlərin üstünə.
Arabaçı qırmaclayıb sürdü yorğun atları,
Ona məlum deyildi bu ölülərin adları.
Fəqət o da düşünürdü öz gələcək gününü:
“Kim alacaq bu amansız ölümlərin önünü?
Bəlkə bir gün özümü də bu mindiyim araba
Qəbristana aparacaq?.. Daşürəkli ərbaba
Əl açacaq oğlum-qızım küçələrdə gəzərək,
Sürünəcək təhqirlərə, əzablara dözərək?”
Bu xəyallar güc verərək gözlərinin yaşına,
Xəncər kimi işləyirdi ürəyinin başına.
İxtiyarsız ac atlara vurduqca o qamçılar,
Gözlərindən mıncıq-mıncıq tökülürdü damcılar.
Arabanın arxasınca iki kölgə qoşurdu,
İki kölgə yumruğuyla təhdid edib, coşurdu, –
Qəhqəhədən şüşələri cingildəyən evləri,
– Dünya bizim vecimizə deyil, – deyən evləri.
Bir təpənin ətəyində tənha məzar görünür!
Bahar çağı göy otlara, çiçəklərə bürünür.
Üzərinə kölgə salıb cavan söyüd ağacı,
Ziyarətə gəlir qəbri tez-tez dərdli cüt bacı.
Sükutunda bir üsyan var bu torpaqda yatanın,
Bu həyatın acısını, əzabını dadanın,
Gəlib bir gün fədailər bu məzarın başına,
Beşguşəli ulduz şəkli qazdılar baş daşına,
Hər gün, hər vaxt o ulduzu öpüb keçir yolçular,
Üzərinə qızıl güllər səpib keçir yolçular.
Sanki Səbri qəbrində də görürdü ilk baharı,
Fədailər dəstəsinə qoşulmuşdu qızları.
Sənətkar öz məzarında yetişmişdi vüsala,
Fədailər basdırmışdı onu üzü Şimala.
Kütlələri intiqama çağırırdı bu məzar,
Məzarda da döyüşlərdən ayrılmayır sənətkar!..
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-tebrizde-qis
Use ← → keys to move, R for a random poem
More by this author
Dünyanın cəlladları,Millətimin yadları
Ey şanlı Ərkim!Əziz qardaşım Abbas Zamanova*Salam, ey qəhrəman, ey şanlı Ərkim!
Şair sönməzəKim deyir dar gündə meydanlarda dinməz – şerimiz!Yox, döyüşlərdən zəfərsiz – mənim dönməz – şerimiz
Həsrətəmİllərdir ki, görüşünə həsrətəm,Ayrılıqdan bağrı dağlı qardaşım!
Poems by other poets
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Yollarda yazılmış şerlərdənBir başdaşı görürəm;sətir-sətir qazılır;
Çığalı müxəmməsƏğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
سوز دل برداشت آخر پرده از کارم چو شمعاز گریبان سر برون آورد زنارم چو شمع