Xilaskar
Xəzərdə həlak olmuş
Tofiq Hüseynovun xatirəsinə
Yaman xəzri qopubdur yenə bu axşam üstü,
Xəzər qanlı görünür mənə bu axşam üstü.
Buludlar qoşun-qoşun, göylərin qaşı qara,
Qəzəblə yumruq vurur dalğalar, dalğalara.
Uzaqlarda görünür yelkəni yırtıq gəmi,
Atıb tutur dalğalar onu sanki çöp kimi.
Bakılılar bilirlər necə dənizdir Xəzər,
Görürsən, gah bulanıq, gah tərtəmizdir Xəzər.
Onu cilovlamasa at tək insanın əli
Tez-tez qaşqabaq töküb, aşar gündə sahili.
Aman, dənizdə tufan get-gedə şiddətlənir,
Buludlardan güc alıb dalğalar hiddətlənir.
Sizə nə olub yenə dalğalar, a dalğalar,
Bu sirri açın mənə dalğalar, a dalğalar!
Görən necə olacaq köməksizlərin halı?
Onlarda zərbəsilə tufan qoymayıb tutar.
Dalğalar, çevirməyin ayrılığa vüsalı,
Tufanlı qoynunuzda yarı yolda qalan var!
Yaman toxunursunuz, gəlin, inanın buna
Bu şair ürəyimin qanlı divarlarına!
Xəzərim, bu çağımda yol tapsaydım bir anda,
Bəlkə içib suyunu mən səni qurudardım.
Sənə: dayan! Deyirəm, coşma, bir az dayan da...
Bacarsaydım at kimi yüyənindən tutardım.
Xəzər! Özünə ram et şıltaq ləpələrini,
Tez çevir varaq-varaq o dağ ləpələrini!
Dalğalar qulaq asmır, dənizsə dil anlamır,
Sıxlaşan buludların gözlərindən qan damır.
Sahildəki qayıqlar yıxılır böyrü üstə,
Qağayılar çığrışıb uçuşur dəstə-dəstə.
Ürəklərə nədənsə qüssə dolur, qəm dolur,
Sahildə bir gənc qadın ağlayaraq saç yolur.
Dalğalar qoymur onun eşidək fəryadını,
Çəkir balalarının bir-bir əziz adını.
Dəniz ayırmış onu ciyər paralarından,
Hər söz qopur ananın ürək yaralarından.
Gözlərini zilləyib dilsiz qaranlıqlara,
Baxır balalarıyçin qansız qayalıqlara.
Qayalar arasında hərdən üç baş görünür,
Ananın gözlərində sonsuz təlaş görünür.
Bəli, üç baş görünür nöqtələr tək dənizdə
Kim edəcək onlara indi kömək dənizdə?!
Dəniz yorub onları, gücdən düşüb qolları,
Dalğalarla bağlanıb qurtuluşun yolları,
Gənc ana tez-tez göyə qaldırıb əllərini,
Axıdır torpaq üstə gözünün sellərini.
Göydən cavab gəlməyir, kim deyir göy söz anlar?
Yanılırlar kökündən göydən nicat umanlar.
Yer oğluna, yer oğlu əl uzadıb həmişə,
Göydən imdad ummağı eləməyin bir peşə!
Budur, bir cavan oğlan elə bil çıxdı yerdən,
Soyunub bircə anda, suya atıldı birdən.
Hücum çəkdi Xəzərin üstünə aslan kimi,
Yox, yox, aslan nədir ki, sadə bir insan kimi.
Qudurğan dalğaların birbaş üstünə cumdu,
Bu hücum Abşeronda görünməmiş hücumdu.
Yarıb coşqun suları qollarıyla avar tək,
Vuruşdu dalğalarla əlbəyaxa təkbətək!
Ana, ağzı açılı dənizə göz zillədi,
Dizlərinə vuraraq kaman kimi inlədi.
Görəsən görəcəkmi əziz balalarını,
Ona qaytaracaqmı dəniz balalarını!?
– Yox, ümidim onadır, o cavan oğlanadır,
O bilir sahildəki köməksiz bir anadır.
Hərbin qızğın çağlarında bu dünyaya gəlmişdi o,
Beşikdəykən dinləmişdi qəmli hicran laylasını.
Anasının göz yaşını gülüşüylə silmişdi o,
Süd əmərkən hiss etmişdi ürəyinin yarasını.
Dil açanda atasını soruşmuşdu anasından,
Ana, bala göz dikmişdi hərbin qanlı yollarına.
Qan sızdıqca doğma Vətən torpağının yarasından
Ana ona demişdi ki: “Qüvvət gəlsin qollarına.
O gün olsun yetişəsən harayına cəsarətlə
Gözü yolda qalanların, gözü darda qalanların.
Bala, səni böyüdürəm bağrımdakı hərarətlə,
Yet dadına atan kimi ürəyi qan olanların!
Atan qanlı cəbhələrdə sinə gərib düşmənlərə,
Qoruyurdu öz canilə dost ellərin dünyasını.
O bilirdi, yadellilər od töksə də göydən yerə
Yox, sarsıda bilməyəcək dünyamızın əsasını”.
Zəfər günü atasiylə qucaqlaşıb öpüşəndə
Yerə, göyə sığmamışdı sevincindən bizim oğlan.
Ata ona söyləmişdi sədaqətdən söz düşəndə:
“Ürəyinin tellərilə yurd, yuvana, elə bağlan!”
O, məktəbdə, ya kənarda dostlarının arasında
Bir azəri balası tək böyük hörmət qazanmışdı.
Şagirdliyi illərində, yeni bilik dünyasında
Əli hər vaxt dostlarına kömək üçün uzanmışdı.
Dərdli ana, az da olsa tanıtdırdım onu, sənə
Yox, o səni darda qoymaz, inan ona, inan mənə.
İnsanlar yaxşı bilir ta əzəldən dünyada,
Söz qandıran olmayıb bir suya, bir də oda.
Uzanıb hər dəqiqə sonsuz bir əsrə döndü,
Ananın gözlərində ümid çırağı söndü.
“Balam! Balam!” deməkdən dili ağzında şişdi,
Cansız bir cəsəd kimi yaş torpaq üstə düşdü.
Ayılıb yavaş-yavaş aldı özünü ələ,
Yenə qalxdı ayağa bala məhəbbətilə.
Onlar görünməz oldu, boğuldularmı yoxsa,
Necə qıydın, ey dəniz, sən o dörd günahsıza?!
Əldən düşmüş üç nəfər, budur, çıxır dənizdən,
Lap yaxındaydı onlar, uzaq deyildi gözdən.
Onların ayaqları yaş qumlara dəyəndə,
Sevinclər qurdu bardaş ananın ürəyində.
Öpdü cavan oğlanı gözlərində təşəkkür
Halı dəyişdi birdən, ağladı hönkür-hönkür,
– Bu qızlarım, bəs hanı mənim o kiçik oğlum,
Mən niyə sağ qalmışam, qoyun mən də boğulum!
Ananın gözlərindən oxuyub ricasını,
Çevirməkçin vüsala bu ayrılıq yasını
Cavan oğlan yenidən atıldı dalğalara,
Cumdu qayalıqlara suları yara-yara.
Dalğalar zor göstərir, əl-qol açmağa qoymur,
Xəzərə nə olub ki, bircə qurbanla doymur!
Saniyələr anaya gəlir dərdli il kimi,
Dalğalarsa görünür uzun, qara dil kimi.
Baxır dilsiz göylərə gözlərində şikayət,
Ürəyində natamam, qan donduran hekayət.
Qulaqlar tutulurdu dalğaların səsindən,
Heyhat! Onlar dönmədi, ana getdi özündən.
Sahil boyu gəzirlər əlləri məşəllilər,
Hələ gücdən düşməyib, dincəlməyibdir Xəzər.
Bürümüşdür sahili “Can bala, vay...” səsləri,
Övlad sorağındadır onlar axşamdan bəri.
Artıq gecə yarıdır, qan-qan deyir dalğalar,
Sahildə iki ata, iki dərdli ana var.
Məşəllə axtarırlar sahili, övlad deyə,
Təlaşla baş vururlar hər yerə həyat deyə.
Sübhə yaxın açıldı Xəzərin qaşqabağı,
Sinələrə çəkildi bir yeni hicran dağı.
Sarsıtdı bu mənzərə, sarsıtdı bu dərd məni,
Dəniz atdı sahilə iki cansız bədəni.
Dilim gəlmir söyləyim, əlim də tutmur yazım,
Onların bu yasına qarışdı mənim yasım.
Onlar, ürəklərində dağdan ağır qəm, kədər,
İki soyuq bədəni qucaqlayıb öpdülər.
Azər oğluydu oğlan, bir sovet balasıydı,
Vətəni qəhrəmanlar, qartalar yuvasıydı,
O, son nəfəsində də dönmədi öz yolundan.
Biz onun mərd adını ürəyimizə yazdıq,
İndi o bir ananın oğlu deyildi artıq –
Vida günü yas tutub öz qəhrəman oğluna
Həsrətlə ağlayırdı, milyon göz, milyon ana!
Şüvəlan, avqust 1958
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-xilaskar
Use ← → keys to move, R for a random poem
More by this author
Yeni tamaşa gedir səhnəmizdə, çox gözəl,Məqaləsi yazılıb əsərdən xeyli əvvəl:
Heçstan əhliBəsdir, “mən, mən” söyləyib atıldığın meydana,Neçə qoltuq altına girdiyini saysana!
Qonşularımdan biriGirdi fırıldaq ilə yağlıca bir artelə,Arif olub vermədi vaxtını bir an yelə.
ElanGözəl-göyçək oğlanam,Sağ olsun atam-anam.