Page 2 of 2 · 50%

– Tovariş, zade!

Bu sözə təəccübləndik. Müəllimə hay vermədik.

Müəllim gözünü jurnaldan ayırıb bizə tərəf baxaraq yenə: – Tovariş, zade, – deyib durdu.

Təəccüblə mən Fövzinin, Fövzi mənim üzümə baxdı. Professor ayağa qalxıb bir az əsəbi halda bizə dedi:

– Tovariş, zade ya s vami.

Mən naçar ayağa durdum. “Müəllim, siz məni səsləyirsiniz?” – deyə soruşdum.

– Bəli, səni, bayaqdan eşitmirdin?

– Professor, mən axı zadə deyiləm.

– Bəs sən nəsən?

– Mən Rüstəmzadəyəm.

– Bəli, burda da elə yazılıb. Rüstəmzadə – Yusifzadə ilə doğma qardaşsınız məgər?

– Xeyr, müəllim.

– Necə yəni xeyr? İkinizin də familiyası zadə deyilmi?

– Xeyr, müəllim. Onun familiyası Yusifzadə, mənimki isə Rüstəmzadədir.

– Qəribədir. Niyə familiyanızın zadə olduğunu danırsınız?

Mən başladım müəllimi başa salmağa ki, biz doğma qardaş deyilik.

– Professor, baxın bu tələbə dostumuzun familiyası Jeleznovdur, sizinki isə Serexnikov. Bizim zadəmiz sizin familinizin axırındakı “ov” kimi bir şeydir.

Professor ikimizin də familiyasını höccələməyə başladı. Lakin onları bir-birinə qarışdırdı.

– Yox, mən heç nə başa düşmürəm, mən sizi bundan sonra zadə deyə çağıracağam. Lakin bax sən, zade “pervıy”, o isə zade “vtoroy”dur, vəssalam, qurtardıq.

Bəli, bu gündən professor Serejnikov bizi “Zade pervıy”, “Zade vtoroy” deyə çağıranda biz gülümsəyərək ayağa qalxıb ona cavab verərdik.

Yadıma Mikayılın atəşin nitqləri düşür. Kiyevdə Taras Şevçenko, Daşkənddə Əlişir Nəvai təntənələrindəki çıxışları hamını valeh etmişdi.

Xalqımızın əvəzsiz, qüdrətli ustad müğənnisi Bülbül də Daşkənddə bizimlə idi. Bülbülün çıxışlarının təsirini bir neçə sözlə demək mümkün deyildir. Operalardan ariyaları, xalq mahnılarını elə məharətlə, məlahətlə ifa edirdi ki, salondakılar onu səhnədən getməyə qoymurdu. Biz böyük iftixar hissilə Bülbülümüzün bu misilsiz təntənəsinə ürəkdən sevinirdik. Biz Daşkənddə hökumət bağında yaşayırdıq. Mikayıl Rəfili və Bülbül pəncərəsi bağçaya açılan bir otaqda olurdu. Bülbül özüylə Daşkəndə bir zənbil Borjom suyu gətirmişdi. O suyu ancaq özü içirdi.

Bir gün Daşkəndin istisi bizi haldan saldı. Naçar qalıb Bülbülün bir neçə Borjom şişəsini açıb stəkanları doldurub doyunca içdik. Əvəzinə isə şişələrə adi su töküb öz qaydasıyla bağladıq. Sonra gördük ki, Bülbül Daşkəndin havasından şikayətlənir: “Canım, qəribədir, burada Borjomun dadı tamam dəyişibdir. Yəqin havadandır...”

Biz bu sirri açmadıq.

Hökumət bağındakı qızılgül kollarından qalxan ətir qoxusu bizi məst edirdi. Bülbüllə incə zarafatımız vardı. Bir səhər Bülbül bağçaya əl-üzünü yumağa çıxanda gülləri görüb heyrət etdi. Bir az sonra mən Mikayılla bərabər otağa girib gülləri təəccüblə nəzərdən keçirdik.

– Bülbül, bu nə işdir? Bu nə aləmdir, bu güllər yataqda nə gəzir?

– Bu yəqin mənim pərəstişkarım olan qızların işidir.

Mikayıl dedi:

– Allah elə erkək qızlardan bizə də qismət etsəydi, dərdimiz nəydi ki!

Hamımız gülüşdük.

Bir gün axşamüstü bağda gözəl bir süfrə açılmışdı. Bülbül hara isə getmişdi. Süfrə arxasında dostluqdan ədəbiyyatdan, incəsənətdən şirin söhbət gedirdi. Söhbətdən sonra özbək xanəndələri oxumağa başladı. Onlar nimçəni qaval kimi qulağına yaxın tutub oxuyurdu. Nimçə kimə ötürülürdüsə həmin adam tez musiqinin ahəngi altında oxumağa başlayırdı.

Bəli, nimçə mənə ötürüldü. Mən də solumdakı bir özbəyə ötürmək istəyəndə o nimçəni məndən almadı, sonra sağımdakı yoldaşa ötürmək istədim o da almadı.

Özbək dostlar əl çaldılar: Bülbül əkə, bülbül əkə, deyə məndən oxumağımı xahiş etdilər. Çox qəribə vəziyyət əmələ gəlmişdi. Alqışlar arasında mən onları başa sala bilmirdim ki, mən Bülbül deyiləm, Süleymanam.

Nəhayət, ara sakit oldu. Mən dedim ki, “Bülbül hazırda bu məclisdə yoxdur. Mən şair Süleyman Rüstəməm. İnanmırsınızsa, vəsiqəmi göstərə bilərəm. Dostlar gülüşdü. Məşhur özbək xanəndəsi Kare Yaqubun həyat yoldaşı da təsdiq etdi ki, mən Bülbül deyiləm. Bir şeir oxumaqla yaxamı musiqi həvəskarlarının əlindən qurtardım.

Mikayılın növbəti zarafatlarından birini də xatırlayıram. O, Moskvaya bir neçə aylığa elmi məzuniyyətə getmişdi. Biz bir neçə yoldaş Bakıda Moskvadan qəribə imzalarla bir neçə teleqram aldıq. Dostlarımızdan birinə yazılmışdı. “oğlunuz yanıma gəldi. O mənə sizdən ağıllı göründü”. Digər dost belə teleqram almışdı. “Böyük ehtiyac içindəyəm, xəsis olma, təcili teleqrafla mənə 50 qəpik göndər”.

Mənə gələn teleqram belə idi: “Gözün aydın, təzə saç dərmanı çıxıb. Yubanma, özünü Moskvaya yetir”.

Bu teleqramların müəllifinin Mikayıl olduğuna şübhəmiz yox idi. Bunun əvəzini ondan tez çıxmaq olmazdı. Mikayıl Moskvada hələ xeyli vaxt qalmalı idi. Əlimə fürsət yeni il ərəfəsində düşdü. Ona teleqram vurdum ki, dekabrın 31-də həyat yoldaşımla birlikdə təyyarə ilə Moskvaya gəlirəm. Mümkünsə bizi qarşıla. 31 dekabr səhəri Mikayıl Vnukovo təyyarə meydanına bizi qarşılamağa gəlir. Bakıdan gələn təyyarə yerə enir. O sərnişinlər arasında bizi görmür. Qərara alır ki, yəqin axşam təyyarəsi ilə gəlirik. Vaxtını axşama qədər bufetdə, restoranda keçirir. Bakıdan gələn ikinci təyyarə də yerə enir. Mikayıl yorğun gözlərini sərnişinlərə zilləyir, əməkdar artist Nəcibə Məlikovanı görüb sevinir. Ondan soruşur ki: Süleymanı təyyarədə görməmisiniz ki?

Nəcibə, cavab verir ki, Süleyman bu təyyarədə yoxdur. Mikayıl birdən ayılır, indi başa düşür ki, bu bir ay əvvəl vurduğu teleqramlara cavab imiş. Bu bizim Mikayıl ilə son zarafatlarımızdan biri idi.

Bizim nəsil dahi kino artisti Çarli Çaplinin səssiz filmlərini uşaqlıq çağlarında çox sevirdi. Səsli filmlər çıxanda Çarli Çaplini bir neçə gözəl rollarda görüb onun sənətinə bir daha valeh olduq.

Çaplinin “Böyük şəhərin işıqları” filmini görməyən çox az tapılar. Bu filmdə Çaplinin çox məzəli oynaq bir rəqsi var. Mikayıl bu rəqsi çox sevirdi.

Bu rəqs havası harda çalınsaydı, Mikayıl vəcdə gələrdi. Yerində dingildəyərdi, gözlərində sevinc qığılcımları parlardı. Bu rəqs havası nə vaxt harda, hansı şəraitdə çalınsaydı, Mikayıl bir bəhanə tapıb mütləq oynamalıydı. Oynamaq var, oynamaq var. Adama elə gəlirdi ki, oynayan Mikayıl deyil, Çarli Çaplin özüdür ki, var. Yazıçı və şairlərimizin çoxu onu bu hava ilə oynayanda görmüşdür. Bəzən restoranlara gedəndə fürsət tapıb Mikayıldan xəbərsiz orkestrdəki musiqiçilərdən xahiş edərdik ki, biz işarə verəndə Çarli Çaplinin rəqs etdiyi havanı çalsınlar. Bir dəfə də mən Moskvada olduğumuz zaman “Araqvi” restoranının musiqiçilərindən belə bir xahiş etdim. Həmin hava çalınan kimi Mikayılın gözlərində təbəssüm göründü, yerində rahat otura bilmədi.

– Süleyman qalxacağam, yerimdə otura bilmirəm.

– Mikayıl, ayıbdır, burada bizi tanıyanlar ola bilər.

– Olsun da... Pis iş görmürəm ki, oynayacağam.

Bəli, Mikayıl bir qırpımda ayağa qalxıb quş kimi süzərək rəqsə başladı. Restoran boyu o baş bu başa gedərək böyük həvəslə, hünərlə oynadı.

Alqış sədaları restoranı bürüdü. Bu münasibətlə süfrəmizə içki hədiyyələri göndərənlər də oldu. Mikayıl dilləndi:

– Süleyman, gördünmü, oynamağım qonorarsız olmadı.

Novruz bayramı ərəfəsində Sabit Rəhman, Ənvər Məmmədxanlı və mən Mikayılı təbrikə getdik. Süfrəyə bayram şirniyyatı düzüldü. Yenə şirin söhbətlər, gülüşlər, qəhqəhələr otaqları bürüdü.

Mikayıl hər söz başında deyirdi: “Bu mənim son zarafat atılqanlarımdır, qocaldıq getdik”

Bir neçə ay sonra Kislovodskdan qayıdarkən Mikayıl Rəfilinin ölüm xəbərini eşitdim.

Mən sarsıldım.

Mikayılla vidalaşdıq. Onun cismini vətən torpağına tapşırdıq. Əsərləri nəsillər üçün yadigar qaldı. Duzlu sözləri, zarafatları isə bizim məclislərimizdə təkrar-təkrar deyilir və Mikayılı özümüzlə bir süfrə arxasında oturmuş zənn edirik.

Dekabr 1969

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets