Birinci şəkil

Qarabağ, Şuşa qalası, Təhmas bəyin həyəti. Bayırda səs-küy qalxır. Cümşüd bəy və strajniklər vergi verməyən kəndliləri döyə-döyə həyətə gətirirlər. Nəbi bir yanda odun yarır.

Cümşüd bəy

Uzun danışmayın deyirəm sizə,
Dərinizi soymaq borc olsun bizə.

Səfər kişi

Təqsirimiz nədir, bir deyin, bilək.
(Əlini göyə qaldıraraq)
Bu nə güzərandır, ey zalım fələk!

Cümşüd bəy

Kəs səsini köpək... Beyniniz kütdür.
Bu kəndistan ki var, barsız söyüddür.
Söyürsən, döyürsən, qanmır ki, qanmır,
Özü, öz halına yanmır ki, yanmır.
Toxumunuz kəsilsin gərək dünyadan.

Tapdıq

Sizi kim yaşadar onda firavan?

Səfər kişi

Ayağımız yalın, başımız açıq,
Hamımız bir dərddə, hamımız acıq.
Sıxır pəncəsində vergilər bizi,
Haram yaşamaqdır qudurdan sizi.
Bir söz, əlinizdən gəlmişik cana.

Cümşüd bəy

Sus ki, bulaşdırram ağzını qana!
İstəyiniz nədir, deyiniz görək?!

Səfər kişi

Qanlı tifağınız pozulsun gərək!

Cümşüd bəy

Bəyliyin yerində murdar donuz tək
Dilənirsiniz, bax, yeyib, içərək.
Donquldanırsınız işə gələndə,
Təqsir öləndədir, ancaq öləndə!..

Səfər kişini döyürlər, səsə Təhmas bəy çıxır.

Səfər kişi

Məndə can qalmadı, ah,
Ölürəm, aman allah...

Təhmas bəy

Bu nə qalmaqaldır, bağıran kimdir,
Allahı köməyə çağıran kimdir?
Cümşüd bəy, de görüm, nə olub yenə?

Cümşüd bəy

Bunların ucundan gün yoxdur mənə.
Səhərdən düşmüşəm əldən, ayaqdan,
Sağ yer qoymayıblar məndə bayaqdan.
Dad, aman əlindən bu kəndlilərin,
Od yağır dilindən bu kəndlilərin.
Bu ilki vergilər qalsın bir yana,
Keçən ilinkinə min cür bəhanə
Gətirib vermirlər...

Təhmas bəy

Kəndli tayfası
Qudurar döyməsə onu ağası.

Səfər kişi

Təhmas bəy, camaat ölür acından,
Yandı taxılımız, gəlmədi ələ.

Təhmas bəy

Sus, yoxsa asdırram dar ağacından.

Səfər kişi

Günahımız nədir?

Təhmas bəy

Rədd ol, çıx çölə!
Vergiləri verin, o doğru deyir.

Səfər kişi

Acından camaat çöldə ot yeyir.
Özün bilirsən ki, bu il bu yerdə
Yağınlıq olmadı, el düşdü dərdə.
Olan-olmazı da məhv etdi dolu,
Elinsə ürəyi qəzəblə dolu...

Təhmas bəy

Qəzəbə bir baxın, kəs, qoca köpək!
Burnundan tökülsün verdiyim çörək.

Səfəri yenə döyürlər.

Cümşüd bəy

Vergilər bir yana, bunlar hələ bir,
Vallah, biyara da getmək istəmir.
Mən yazıq dedikcə: çıxsın biyara,
Elə bil deyirsən daşa-divara.

Təhmas bəy

A Cümşüd, deyəsən xərifləyirsən,
Sənə ki, min dəfə tapşırmışam mən:
Bu qanmaz tayfayla danışma yumşaq,
Allaha çox şükür, deyilsən uşaq.
Aldanma kəndlinin sən göz yaşına,
Üzünə güldünmü, çıxar başına.
Biyara getməyən, vergi verməyən,
Bəylərə hörməti lazım görməyən,
Bilsin ki, nə qədər bu canım sağdır.
Əlimdən salamat çıxmayacaqdır!

(Otağa keçir.)

Koxa Məmməd iki strajniklə qurd Kərimi çəkə-çəkə gətirirlər. Strajniklərdən birinin üz-gözü qana bulanmışdır.

Koxa

Bəyin nökərinə əl qaldırmağı
Sizə kim öyrətdi? Köpək uşağı!

Qurd Kərim

Vay, öldüm, vurmayın, yazığam.

Koxa

Kiri!
Bax, gör, nə etmisən, axmağın biri. (Strajniki göstərir.)
Qanadıb fağırın ağız-burnunu.

Təhmas bəy (gələrək)

Bu nədir? Kim salıb bu hala bunu?

Koxa

Yol kəsən, baş kəsən, zəncirsiz dəli,
Şübhəniz olmasın, belədir, bəli.
Lotunun, əclafın, alçağın biri,
Oğrunun, quldurun, qaçağın biri
Kəndirbaz, hoqqabaz, meymun oynadan,
Hər yerə baş vurub qazan qaynadan,
Bizləri saymayan, dələduz, lovğa...

Təhmas bəy

Müxtəsər et görüm, uzatma, Koxa!

Koxa

Bu qurd Kərim ki var, köpək oğludur,
Fağır strajnik buyruq quludur.
Sizin əmrinizə elərkən əməl
Bax, bu zatıqırıq, yaramaz, əfəl
Vurub baş-gözünü bulayıb qana,
Demək, əl qaldırıb sizə, divana.

Təhmas bəy

Sən atayın goru, uzatma ancaq.

Koxa

Xırmanda taxıllar yığılıb dağ-dağ,
Durur qalaq-qalaq odun meşədə,
Qorxuram, hamısı zay olub gedə.
Bunlardan bir kimsə yetmir haraya,
Vurmur öz əlini ağdan-qaraya.
Tutmağa çalışdım bunları dilə,
Yola gəlmədilər pişim-pişimlə.
Cin vurdu başıma, çıxdım özümdən,
Hamsını doyunca kötəklədim mən.
Bunun əti gərək çəkilə şişə,
Zorla camaatı qovmuşdum işə
Bu gəlib qoymadı, qarışdı ara.
Budur, döyə-döyə gətirdim bura.

Təhmas bəy

Yaxşı, hamınıza deyirəm təkrar,
Tez at-arabanı qoşun hər nə var.

Tapdıq

Bizdə at-araba nə gəzir?

Təhmas bəy

Belə?
Ağlınız yerinə gəlməyib hələ?
Öküzləri qoşun!

Tapdıq

Öküz varmı ki?

Təhmas bəy

Mənim bir sözümü etməyin iki,
Atanı, ananı, arvadını qoş,
Cəddi-əqrəbanı, övladını qoş!.. (Cümşüd bəyə)
Baxma sən bunların ağlamağına,
Arvadlı, kişili qat qabağına,
Yumruqla, təpiklə çıxart biyara,
Hökmümə əməl et, yox başqa çara.
(Qurd Kərimi göstərir.)
Bunu da saxlayın qoduqluqda ac,
Vurun kürəyinə yüz yağlı qırmac!

Nəbi

A bəy, rəhmə gəlin, insafa gəlin,
Onsuz da xoş günü yoxdur bu elin.

Təhmas bəy

Nəbi, neçə kərə demişəm sənə,
Qapımda nökərsən, ağ olma mənə!

Nəbi

Bəy!.. Axı...

Təhmas bəy

Canımı yığmısan bura.
(Boğazını göstərir.)
Sonra danışaram, səninlə sonra!

Mahmud bəy (Otaqdan çıxır.)

Təhmas bəy, pozmayın heç nəşənizi,
Gedəyin, qonaqlar gözləyir sizi.

Gedirlər. Cümşüd bəy, koxanın və strajniklərin köməyi ilə kəndliləri zorla bayıra çıxarırlar. Nəbi odun yarır.

Nəbi

Yanıram içində alovun, odun,
Bəy başı olaydı gərək bu odun!
Onu bu baltamla yaraydım belə.

Tapdıq

Qara günlərimiz daldadır hələ.
Allah da, Quran da onlarınkıdır,
Qanun da, divan da onlarınkıdır.

Nəbi

Belə getməyəcək, görəsən bir gün
Bu fəsad ocağı olar sərnigün!

Vasili

Vasili, Vasili, taleyinə bax!
Məzlumlar əlinlə edilir dustaq.

Nəbi

Qazaq, razısanmı bu əməlindən?
Ayrılıb yuvandan, doğma elindən
Nə üçün gəlmisən bizim dağlara?
Sizin yerlər hara, bu yerlər hara?!

Vasili

Məni özünüzə bilməyin düşmən,
Qafqaza gəlmədim öz xoşumla mən.
Əsgəri xidmətin quluyam ancaq.

Nəbi

Düşmən deyilsənsə düz söylə, qazaq,
Rusiyətdə nə var?

Vasili (gülümsəyərək)

Nə deyim?

Nəbi (gülərək)

Yenə.

Vasili

Niyə bu sualı verirsən mənə?

Nəbi

Bilmək istəyirik, orda kəndlilər
Xoşbaxt yaşayırmı barı bir qədər?

Vasili

Qardaş, sən nə qoyub, nə axtarırsan?
Hər yerdə iğtişaş, hər yerdə üsyan,
Alovlu nəğmələr ucalır göyə.

Nəbi

Görünür hamının istəyi birdir,
Bütün məzlumların ürəyi birdir.

Vasili

Çox yaxşı adamsan, duyuram ki, sən...
Gözündən görürəm ürəyini mən.

Nəbi

Zindansız dustağam öz vətənimdə,
Ağ gün həsrətilə yaram qan verir.
Yanır xanimanlar, çapılır ellər,
Əyri kefə baxır, doğru can verir.

Vəli (Daxil olur.)

Nəbi, xoş görmüşük, kefin necədir?

Nəbi

Günəşli gündüzüm zülmət gecədir.

Vəli

İndicə rast gəldim yolda bir qıza,
Meydan oxuyurdu aya, ulduza.
Anam-bacım olsun, göyçəkdi, göyçək,
Gözləri badamdı, saçları ipək.
O qız, gözün aydın, səni axtarır.

Nəbi

Nə dedin, nə dedin? Məni axtarır?

Bu an Həcər görünür. Nəbi cəld onu qarşılayır.

Nəbi

Həcər? Bu gördüyüm yuxudur, nədir?

Həcər

Yuxu niyə olur? Gözünü sil bir!

Nəbi

Yox, yuxum çevrilib oldu həqiqət,
Sıxdıqca ruhumu bir acı həsrət,
Çaldıqca qapını ayrılıq daşı.
Axdı ürəyimə gözümün yaşı.
Bir daha çevrilməz göz yaşım selə.

Həcər

Heç məni demirsən, yuxumda belə
Nəbi, Nəbi deyib, çəkirəm haray.
Sənsiz nə yeməyim, nə içməyim var.
Birdir gözlərimdə sənsiz qış, bahar.
Sənsiz nə ürəyim, nə üzüm gülməz.
Quru bir cəsəddir Nəbisiz Həcər.

Nəbi

Ürəyi ürəkdən ayıra bilməz
Ah, nə bu ayrılıq, nə də ki, xəncər.
Nigaranam, Həcərim, çox.
Kəndimizdə nə var, nə yox?

Həcər

Kənd yenə o kənddir qışda, baharda,
Ancaq nə edim ki, sən yoxsan orda.

Nəbi

Nə deyim, ay Həcər, nə deyim sənə,
Toy xərci gərəkdir, bilirsən, mənə.

Həcər

Bilirəm, ay Nəbi, bilirəm...

Nəbi

Onda
Qoy dözək zəhmətə sənin yolunda.
Həcər, yadındamı, hər baharda biz
Birlikdə çıxardıq dağa ikimiz.
Baxardıq köpürüb axan sulara,
Bu xoş tamaşadan ayrılıb sonra,
Yığardıq meşədən biz ətək-ətək
Yanağın, dodağın rəngdə çiyələk.
O günlər düşəndə yadıma mənim
Oynayır yerindən ruhum, bədənim.

Həcər

Hərdən də çalardın mənimçün tütək...

Nəbi

Yenə o günlərlə döyünür ürək.

Həcər

Kəndə qayıdardın qaş qaralanda.

Nəbi

Yoxsul daxmamızda çıraq yananda.

Həcər

Mənciyəz anamdan yeyərdim töhmət.

Nəbi

Zarafat gəlməsin sənə məhəbbət.
Söz ver ki, ömrünün axırınadək
Mənim olacaqsan, Həcərim, mənim!

Həcər

Sənindir sinəmdə döyünən ürək
Yetincəyə qədər əcəlim mənim.

Səlim bəy sərxoş vəziyyətdə otaqdan bayıra çıxıb Həcəri görür. Həcərin gözəlliyi onu heyrətə salır.

Səlim bəy

Aha... Baxçamıza qonmuş göyərçin,
Allah göndərmişdir onu mənimçün.
(Nəbiyə)
Nəbi, bu qız kimdir?

Nəbi

Bizim ellidir.

Səlim bəy

Bəh, bəh, bərəkallah, gözələ bax bir.
Ay qız, adın nədir?

Həcər

Həcər...

Səlim bəy (Cümşüd bəyə)

Çox gözəl...

Həcər (Nəbiyə)

Mən getdim...
(Getmək istəyir.)

Səlim bəy

Hara?
Dur, qaçma, yaxın gəl!
Səni kim böyüdüb belə nazənin?
Tayın, bərabərin tapılmaz sənin.

Nəbi (Həcəri ondan qoruyur.)

Səlim bəy, qoy getsin.

Səlim bəy

Sən dinmə görək!

Nəbi

Yad gözlər Həcəri görməsin gərək.

Səlim bəy

Gözəli gözlərdən gizlətmək olmaz.
(Qolundan tutur.)
Gəl gedək, məclisə can gəlsin bir az,
İçək sağlığına kef otağında.

Nəbi (Həcəri onun əlindən alır.)

Onun nə işi var qan ocağında?!
Çək onun əlindən murdar əlini!

Səlim bəy

Namərdəm kəsməsəm acı dilini.

Nəbi

Bəy vurram...

Səlim bəy

Sən bunun cürətinə bax!
Bəyə əl qaldırır südəmər uşaq.

Həcər

Amandır, ay adam, amandır, kömək!

Nəbi

Daşdı səbir kasam, al gəldi, köpək!

Səsə Vasili, bir neçə kəndli və Cümşüd bəy gəlir.

Cümşüd bəy

Bəyə əl qaldırmaq?! Nankor qudurğan!

Nəbi ilə əlbəyaxa olurlar, vuruşma zamanı Nəbi Səlim bəyi yerə yıxır. Cümşüd bəy Nəbini nişan alarkən Nəbi Səlim bəyi buraxır. Növbətçi qazağın tüfəngini alıb Cümşüd bəyi vurur.

Nəbi

Sən də al payını, cəllad!
(Həcərlə birlikdə aradan çıxır.)

Cümşüd bəy

Ah... aman.

Hamı səhnəyə doluşur.

Mahmud bəy

Nə olub?..

Səlim bəy

Xəyanət...
(Vasilini şillələyir.)
Alçaq, yaramaz.

Mahmud bəy

Tez olun, tez olun, yubanmaq olmaz,
Atları dörd nala çapın, gətirin,
Harda olmuş olsa tapın, gətirin!
Vurdu Cümşüd kimi mərdi, igidi...

Təhmas bəy

Vuran kimdi?

Mahmud bəy

Alı oğlu Nəbiydi!

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets