Page 2 of 2 · 50%

Payız yetişdikdə biz uşaqlar üçün yeni bir məşğuliyyət əmələ gəldi. O da bağlarımızdan meyvə dərib damlarda asmaqdan ibarət idi. Anam məni həvəsləndirib deyirdi:

– Dur, oğlum, dur qışın uzun gecələrində buxarımızı yandıracağıq, onun başına toplaşacağıq. Tamam da bizə gözəl nağıllar söyləyəcək, biz də bu meyvələri şirin-şirin yeyəcəyik.

Bəli, anam və’də verdiyi günlər gəlib çatdı, ağappaq qar kəfən kimi yeri qucaqladı. Soyuq külək heyvanları isti tövlələrə, insanları buxarının başına topladı. Gecələr qadınlar, uşaqlar otağımıza yığılıb buxarının başına toplaşırdılar. Anam da çörək gətirib qoyardı. Biz də şirin söhbət edərək yeyərdik, danışardıq, külüşərdik, axırda da Tamam maraqlı nağıllarını başlardı. Yeri gəldikdə özünü el aşıqlarına oxşadaraq, həzin bir səslə oxuyardı. Bə’zi vaxt söhbət əcinnədən, şeytandan, divdən, hal anasından düşərdi. Hər kəs bunlardan əcaib, qəraib şeylər nağıl edərdi. Gülbənd bacısı Tamamın hər şeydən ziyadə xaraba qəbiristandan qorxduğunu söylərdi. Qadınlardan bə’zisi ölülərin xortlamağından bəhs edərək Tamamın xofunu haqlı bilərdi. Anam biz uşaqların gözlərində qorxu əlamətini görərək söhbəti dəyişdirərdi. Onun əvəzində xidmətçi Bəxtiyara qaval çaldırıb bizləri oynadardı...

Bu il yay tə’tili münasibətilə böyük qardaşımla bir yerdə vətənə övdət etmiş dayım mənimlə görüşdükdə anama dedi:

– Bunun da oxumaq zamanı çatmış. Gedəndə özümlə aparacağam.

– Yox, qardaşım, birini dartıb qərib vilayətə apardığın yetər, daha bunu verməzəm, – deyə anam dayımın təklifini rədd etdi.

– Verməyib nə edəcəksən? Özün bilirsən ki, oğlunun atası, əmiləri, hamısı ölüb, böyük mülkünüz əlinizdən çıxıb, cinsli ilxılarınız sahibsizlikdən tələf olub, sən bir dul arvad, buna nə tərbiyə verəcəksən? Böyüdüb çobanmı edəcəksən? Nə üçün övladının bədbəxt olmağına səbəb olursan?

Belə dəyərli sözləri ilə dayım bacısını yola gətirmək istəyirdi. Lakin anam razı olmayıb deyirdi:

– Övladımı nə üçün elmsiz qoyuram?! Bu ildən mollanın yanına göndərib oxutduracağam.

– Onda, bu işi uşağın özünə burax, istər biz ilə təhsilə gedər, istəməz, sən anası və bacısı ilə burada qalar.

Anam buna razı oldu; çünki ondan ayrılmayacağıma şübhə etməyirdi. Lakin hər şey dayım tərəfə keçməyə səbəb oldu. Birisi mollanın çubuq və falaqqa qorxusu, digəri qardaşımın və qeyri məktəbli qohumların gözəl formalı məktəb paltarı və söylədikləri əcaib şeylər idi.

– Mən dayım ilə oxumağa gedəcəyəm, – deyə razılıq verdim. Anam naçar qalıb bir şey demədi. Lakin yenə də ümidini kəsməmişdi, çünki məktəblərin açılmağına iki ay qalmışdı, ona kimi mən fikrimi dəyişdirəcəyəm ümidində idi.

Bir gün Tamam məndən soruşdu:

– Doğrudanmı, oxumağa gedəcəksən?

– Bəli, gedəcəyəm, yoxsa sən razı deyilsən?

– Mən razıyam, amma xanım məni öyrədir ki, səni bu fikirdən daşındırım. Sən heç kəsə qulaq asma, get, oxu, böyük adam ol, gəl burada çalış, ancaq yazıq kəndlilərə əziyyət vermə. Amma bu dediklərimi anana söyləmə, yoxsa xanım məndən inciyər.

Zavallı anaçığım, ümid bağladığın Tamam da sənin bər’əksinə gedir. Axır ayrılıq zamanı gəlib çatdı. Anamın və bacımın göz yaşlarına davam edə bilmirdim. Əgər Tamam olmasaydı mən anamdan ayrılmayacaqdım. Tamam mənə yanaşıb dedi:

– Heç qüssələnmə, doqquz aydan sonra yenə gələcəksən, burada şad görüşəcəyik. Sən də gördüyün şəhərlərdən, oxuduğun kitablardan bizə nağıl edəcəksən. Amma burada qalsan heç bir zad bilməyəcəksən.

Bu sözlərlə Tamam mənə təsəlli verərək sakit edirdisə də, titrək səsindən, ağarmış çöhrəsindən, yaşla dolmuş şəhla gözlərindən mə’lum olurdu ki, bu ayrılıq ona da böyük tə’sir edir.

Axır gözü yaşlı anam, bacım və sair əqrəbam ilə əlvida edərək yola düşdüm.

Vətəndən xaric qalalı pansion, dörd divar içində yeknəsəq yaşayış, hər bir tutulacaq işin çınqraq ilə olmasını bir xəyalınıza gətirin ki, belə bir yerdə, asudə, gözəl təbiət içində bəslənmiş bir uşağın halı necə olardı? Gündüzlər dərslərə, idmana, oynamağa və sair işlərə məşğul olaraq, belə məişətin ağırlığını bir o qədər hiss eləməyirdim, dərin sükuta dalmış uzun gecələri isə göz yaşı tökərək xəyal ilə keçirirdim...

Nəhayət, yay tə’tili gəlib yetişdi. Bir para yoldaşlarımla vaqona minib vətənə üz qoyduq, üç gündən sonra gəlib evimizə çatdıq. Mən anam, bacım və sair qohumlarımla görüşdüm, öpüşdüm. Lakin nə həsrətini çəkdiyim Tamam və nə də Gülbənd onların arasında yox idi. Bu isə məni iztiraba salırdı. Soruşmağa da cəsarət eləməyirdim. Axırda görüşə gələnlər dağıldıqdan sonra anamdan soruşdum:

– Tamam və Gülbənd haradadırlar? Nə üçün mənimlə görüşməyə gəlmədilər.

Anam çaşqın bir hal ilə dedi:

– Bilmirəm nə üçün, əlbəttə, eşidib gələrlər, görüşərlər... Onlar səni çox istəyirlər.

Anamın belə dolaşıq cavabı məni daha da qorxu və şübhəyə saldı.

– Ana, nədən isə doğrusunu demək istəmirsən, söylə görüm, onların başına nə iş gəlmiş?

– Bir şey yox, onlar buradan köçmüşlər... Gülbənd də, Tamam da ərə getmişlər... Sonra başlarına nə qəziyyə gəlmişdir, bilmirəm.

Anladım ki, anam da, bacım da həqiqəti məndən gizləyirlər. Ona görə artıq sual vermədim və işin həqiqətini bilmək üçün başqa yollar axtarmağa sə’y etdim.

Əmioğlumun xidmətçisi Məmmədrza, uşaqlıqdan bu üç ailə içində yaşadığına görə, hamımız ona bir külfət üzvü kimi baxırdıq, ondan gizli bir sirrimiz olmazdı.

Məmmədrza üçün dünyada qəm-qüssə yaranmamışdı. Həmişə deyən, danışan, gülən, zarafatçı bir şəxs idi. Həmişə də «Bu dünya beş gündür, beşi də qara, əbləh odur, onu qəm-qüssə ilə keçirə...» sözlərini təkrarlarla söyləyirdi. Sabah ertə böyük bağımızı gəzmək bəhanəsilə Məmmədrzanı yanıma salıb getdim. Yol uzunu Məmmədrza məzhəkə söyləyərək məni güldürürdü.

Bağımızı seyr etdikdə Məmmədrzadan soruşdum:

– Lələ, səndən bir şey soruşacağam, məndən gizləmə, doğrusunu söylə. Nə üçün Budaq baba buradan köçmüş? Tamam ilə Gülbənd necə olmuşlar?

Bu sualımdan sonra Məmmədrzanın gülər üzü qara bulud kimi tutuldu. Bir az fikirdən sonra:

– Bu göy ot üstə oturaq, mən də sənə onların faciələrini söyləyim, – deyə təklif etdi.

Oturduq, Məmmədrza da kürd qızlarının başlarına gələn müsibəti nağıl eləməyə başladı. Gülbənd ilə kiçik əmioğlumun sevişdiklərini bilirdim, lakin onu zor ilə bir kürd oğluna verib əmioğlumdan uzaqlaşdırmağı indi, Məmmədrzanın nağılından bildim.

Məmmədrza Tamamın faciəli qəziyyəsini nağıl etdikdə mən davam edə bilməyib başımı otların arasında gizlətdim və göz yaşım neysan yağmuru kimi tökülüb otları islatdı.

Gülbəndin qəziyyəsindən sonra Budaq baba, böyük qızının yanına köçməyə məcbur olur. Yazıq Tamam bizim ailəyə öyrəşdiyindən ayrılmaq istəməyirmiş, lakin əmioğlularının aralarına nifaq düşməsinə səbəb olmamaq üçün anam onun getməyinə izin verir.

Seyidli kəndi, ona qədər başqa kəndlərlə bitişən iki dağın arasında düşmüşdür. Bu kəndlərin meyvə bağları təxminən 12–13 kvadrat kilometr yer tutaraq, uzaqdan baxdıqda böyük bir meşəyə bənzəyirdi. Qərb tərəfə uzanan dağlar getdikcə aralıb, əskidən bina olmuş Əsgəran qalasına çatdıqda yarım kilometr qədər bir-birlərinə yaxınlaşırlar.

Bu iki dağın arasında Qarqar çayı axır. Kəndlilərin bağları, bostanları, tarlaları bu çaydan sulanır. Seyidli kəndinin səkkiz verstliyində, Əsgəranın yaxınlığında Bozdağ adlı bir otlaq mövcuddur. Bahar fəsli maldar kəndlilər buraya köçüb alaçıqlar qurarlar və orada yaya qədər qalıb mallarını otladarlar. Sonra yaylaqlara köçərlər.

Həmin Bozdağda, yol kənarında əski xaraba bir qəbiristan vardır, kəndlilər burada ölülərini dəfn edərlər. Zavallı Tamamçığazın faciəsi də bu yerlərdə zühur etmiş. Belə ki; bir mallı, dövlətli kəndlinin cavan oğlu şiddətli surətdə dəli olur. Hətta onu zəncirlə bağlamağa məcbur olurlar. Nə qədər dua yazdırırlar, pirə aparırlar və bu kimi avamca müalicə edirlərsə də fayda vermir. Axırda kim isə: «Belə dəliyə bir mə’sumə qız gəlin olarsa sağalar» deyə ata-anasını inandırır. Onlar da elə bir qız axtarmağa başlarlar. Lakin hansı bir faqır kəndliyə böyük pullar və’dəsilə təklif edirlərsə, heç kəs qızını belə dəliyə vermək istəmir. Axırda arayıb Budaq babanı tapırlar və böyük pul ilə onu razı edirlər.

Zavallı Tamamın, «Səni bir gözəl dövlətli cavan oğlana veririk» deyə məcburən razılığını alırlar, kəbinin kəsirlər. Sonra toysuz, gizlincə dəliyə gəlin aparırlar. Tamam baxıb görür ki, onu aldadıb dəliyə vermişlər. Bunu bildikdə yazığın bütün bədəni titrəməyə başlar. İttifaqən həmin gecə göy üzünü qara buludlar tutub şiddətli yağmur yağmağa başlar. Dağlardan axan sellər alaçıqlara dolub bə’zilərini yumalayıb aparır. Adamların başı buna qarışdıqda Tamam fürsət tapıb qaçar.

Gecənin qaranlığı, göyün dağlara səda salan dəhşətli şaqqıltısı, dərələrdən axan sellərin qurultusu Tamam kimi bir qızı yox, bütün kişiləri də xofa salar. Başaçıq, ayaqyalın, küləklə boğuşa-boğuşa, sellərlə əlləşə-əlləşə Tamam qaçır. Dəli onun ürəyinə elə bir qorxu salmışmış ki, zavallı qızçığaz indiki halına şad imiş. Onun fikri o imiş ki, adamlar duyuq düşünçə Qarqar çayını keçib meşədə gizlənsin. Lakin bir qədər qaçdıqdan sonra daşlara dəyib yaralanmış ayaqları yağmurdan islanmış, bədəni külək ilə əlləşməkdən tabdan düşmüş əzası daha hərəkətdən qalır. O zaman bir pənah yer arayır ki, gizlənib dincəlsin, haranı tapır, bilirsinizmi? Hər şeydən artıq xof etdiyi qəbiristanı.

Tamam, üstü günbəzli bir əski məzar tapır və içində gizlənir.

İttifaqən axşamlamış bir qoca dilənçi, yoldan keçərkən, həmin günbəzli məzarı görür. İçəri girmək məqsədilə qapısına gəlir. Bu zaman dəhşətli bir qışqırıqdan diksinərək çəkilir. Qoca heyrətdə ikən Tamam dışarı çıxır və sərsəri, qorxunc bir qəhqəhə çəkərək, ildırım kimi çaya tərəf qaçır. Dilənçinin bütün bədəninə bir lərzə yayılır. Bismillah, deyərək qəbiristandan qaçmağa üz qoyur.

Səhər olcaq Tamamı aramağa başlayırlar. Xeyli aradıqdan sonra meyidini Qarqarın o biri sahilində tapırlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Nə üçün

Axşamçağı, 1905-ci il yanvarın 8-də, Vasilyevski cəzirəsi küçələrindən birində uçuşan, sovrulan qarlarla əlləşərək, şiddətli dondurucu ruzkarlarla boğuşaraq, işçi bir qadın mənzilinə qayıdırdı. Bu qadının çöhrəsində bir mə’yusluq görünürdü, onu gözləyən ac uşağına bir parça da olsa çörək tapmamışdı, kiçik qızçığazının yanına əliboş gedirdi.Qadın gəlib mənzilinə çatdı. Donmuş əli ilə qapını döydü. Balaca Lena çox çətinliklə qapının cəftəsini açıb anasını içəri buraxdı.

5 min
Təbrik

Çar zamanı idi... Hümmətəlinin evində qonaqlıq tədarükü görülürdü. Həyətin bir tərəfində qoyun soyulurdu, o biri tərəfində qazanlar asılmışdı, ortada palazlar salınmışdı, döşəklər düzülmüşdü. Hümmətəli döşək üstündə oturub, yastığa dirsəklənib, çubuq çəkə-çəkə qonaqlarını gözləyirdi.Hümmətəli neçə il idi ki, yaşadığı Meşəli və ətraf kəndlərə kəndxuda seçilərək yazıq kəndlilərin başına min bəla gətirirdi. Bu hərif, qara damlarda, ağac daxmalarda yaşayan kəndliləri hökumət verkisi adına soyaraq özü üçün böyük dövlət və bir də ağ daşdan bina olunmuş ikimərtəbəli ev düzəltmişdi.

10 min
Sona xala

...On doqquzuncu ildə, mayın axırında, yay tə’tili münasibətilə Bakıdan vətənə qayıdırdım. Bir neçə ildən bəri ayrıldığım qohum-əqrəbam ilə tez görüşmək arzusu, Kiçik Qafqaz dağları başında yayılmış gözəl ab-havalı və mənzərəli «Ş» şəhərini yenidən bir də görmək şövqü mənə isti yolun əziyyətini unutdururdu. Günəş dağlar arxasına keçərək qayıb olduqda mən də şəhərə varid oldum.Səhər saat doqquzda Sona xalanın qapısını döydüm. Sona xala qapını açdı. Məni görcək boynuma sarıldı.

9 min
Zarafat

Şaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlamış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy’ və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, incıyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy’ etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə tə’kiyə saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi ki, bəlkə allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı. Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər görünür qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi:

3 min

Poems by other poets