Page 2 of 3 · 33%

Zöhrə. Onu demək istəyirəm ki, bu gün səni həbs edəcəklər, gəlmişəm səni xəbərdar edəm.

Çingiz. Məni kim həbs edəcəkdir?

Zöhrə. Qəza naziri Səfi bəy.

Çingiz. Səfi bəy məni nədə müqəssir edir?

Zöhrə. Guya sən hökumətin əleyhinə işləyirsən.

Çingiz. A... bu hiylə ilə Səfi bəy məni tələf etmək istəyir. Sən bunu kimdən eşitmisən?

Zöhrə. Səfi bəy özü dedi. Keçən səfər buraya gəlməyimiz ona mə’lum olmuşdur. Məndən və Şəmsidən böyük silist etdi və tapşırdı ki, sənlə əlaqə etməyək, əks halda bizi də həbs edəcəkdir. İndi gəlmişik səni xəbərdar edib qaçırdaq.

Çingiz. Zöhrə, sizin bu fədakarlığınızı ölənə kimi unutmaram. Əlalxüsus Şəmsi bəyi, onda siz buradan tez gedin, yoxsa fəlakətə düşərsiniz.

Zöhrə. Anamgil getsin, mən getməyəcəyəm.

Çingiz. Nə üçün?

Zöhrə. Ah, Çingiz... görünür, sən mənim məhəbbətinə inanmırsan, inansaydın, bu sualı mənə verməzdin. Sən fəlakətə düşdükdə, mən kənardanmı baxım?

Çingiz. Zöhrə, ağıllı ol, elə iş etmə, nahaq yerə özünü bəlaya salma.

Zöhrə. Aqil olub qorxaqlar tək canımı salamat saxlamaqdan, eşq cünunu olub sevgilim ilə həbsxanaya düşməyi daha əfzəl bilirəm.

Çingiz. Zöhrəm, ey parlaq ulduzum, sənə and içirəm ki, əgər bu baladan xilas olaramsa, sənin arzunu yerinə yetirərəm.

Şəmsi bəy, Qəmər və Yasəmən daxil olurlar. Qəmər Çingizin boynunu qucaqlayıb ağlayır.

Çingiz. Ay dəli bacım, nə üçün ağlayırsan?

Qəmər. Ah, səni tutmaq istəyirlər, zindana salmaq istəyirlər. Yox, yox, qoymaram. Səni heç kəsə vermərəm.

Çingiz. Qəmər, sakit ol, görürsən qardaşını nə tutublar və nə də həbsxanaya salıblar.

Yasəmən. Çingiz, əhvalatı bilirsənmi?

Çingiz. Bilirəm, Zöhrə xanım söyləyibdir.

Qəmər (Zöhrə xanımı öpərkən). Zöhrə, bizə etdiyin yaxşılığı ölənə kimi unutmaram.

Yasəmən. Bəs Həcər xanım hanı?

Zöhrə. İçəridə, Piri babanın yanındadır.

Yasəmən içəri girir.

Çingiz. Şəmsi bəy, bu gün siz bir yaxşı insan olduğunuzu mənə sübut etdiniz. Düşmənə yaxşılıq etmək hər kişinin işi deyil.

Şəmsi bəy. Mən özümü sizə düşmən hesab etmirəm və sə’y edirəm ki, ataların ədavəti biz övladlarına keçməsin.

Çingiz. Mən də o fikirdəyəm.

Piri baba, Yasəmən və Həcər xanım komadan çıxırlar.

Həcər xanım. Oğlum, Çingiz, biz qocalar belə qət etdik ki, səni özümüz ilə aparaq.

Zöhrə. Çox gözəl fikirdir.

Şəmsi bəy. Ondan başqa çarəsi yoxdur.

Çingiz. Mənim barəmdə etdiyiniz fədakarlıqdan artıqca məmnun olub təşəkkür edirəm. Fəqət məni əfv ediniz, təklifinizi rədd etməyə məcburam.

Həcər xanım. Nə üçün?

Çingiz. Çünki sizləri də fəlakətə salmaq istəmirəm. Bu saat mənim yoldaşım Fərman gələcəkdir. O, Kiyevə qayıtmaq istəyir, mən də onunla gedərəm. Yoxsa burada qalsam, məni arayıb taparlar.

Piri baba. Çingizin fikrini mən də bəyənirəm. Siz, Həcər xanım, tez gedin, burada olmağınız açılmasın.

Həcər xanım. Onda, uşaqlar, gedək.

Zöhrə xanım. Ana, mən Qəməri tək qoymaq istəmirəm. İzin ver, bu gecə burada qalım.

Həcər xanım. Yox, izin verə bilmərəm. Çingiz gedəndən sonra gəlib nə qədər istəsən qalarsan.

Heydərqulu daxil olur.

Heydərqulu. Həcər xanım, gedək, yoxsa Züleyxa xanım təşvişə düşəcək ki, nə üçün gec gəldilər.

Həcər xanım. Gedək. Salamat qalınız, Allah sizə yar olsun.

Piri baba. Allah sizdən razı olsun, mən qocanı yaddan çıxarmırsınız.

Zöhrə Qəməri qucaqlayıb ağlayır.

Qəmər. Qəm etmə, inşallah yenə görüşəcəyik.

Şəmsi bəy (Qəmər əvəzinə Zöhrəyə əl verib). Qəmər bəyim, xudahafiz.

Qəmər. Ha-ha-ha...

Yasəmən. Yenə nəyə gülürsən, a dəli qız?

Qəmər. Necə gülməyim, Şəmsi bəy Zöhrəyə əl verib deyir: Qəmər bəyim, xudahafiz.

Gülüşürlər.

Piri baba. Qəmər yaxşı etdi ki, bizi güldürdü. Səfərə gedəni gülərüzlə yola salmalı.

Həcər xanım. Xudahafiz.

Gedirlər.

Çingiz. Qəmər, cəld çamadanı içəridən gətir. Kitablarımı qoy, çamaşırlarımı gətir.

Qəmər gedib gətirir.

Yasəmən. Anan ölsün, zalımlar səni qoymadılar bu üç ay yayı rahat yeyib-içib, gəzəsən.

Çingiz. Qəm etmə, ana, bu gün-sabah həkim olub gələcəyəm və sizləri götürüb başqa bir şəhərdə təbiblik edəcəyəm. Qəmər, kitabları altdan qoy, çamaşırlarımı üstdən.

Səfi bəy iki strajnik ilə daxil olur.

Yasəmən. Uy, bizdən nə istəyirsiniz, niyə gəlmisiniz?

Səfi bəy. Bu quldur yuvasını dağıtmağa gəlmişəm. Bunu mən gərək iyirmi il bundan əqdəm edəydim.

Piri baba. Onda edə bilməzdin, çünki Əlimərdan sağ idi.

Səfi bəy. İndi oğlunu da onun yanına göndərərəm.

Çingiz. Səfi bəy, küy-qalmaqal edib nə üçün arvadları qorxudursan? Nəyə gəlmisiniz?

Səfi bəy. Onu həbsxanada bilərsən. Qaçmağa hazır olmağından görünür mənim gəlməyimi sənə mə’lum etmişlər. Piri kişi, siz ilə işim sonradır. Çingizi alın.

Yasəmən (Səfi bəyin qabağında diz üstə çökür). Səfi bəy, məni balalarının başına çevir, oğlumu əlimdən alma.

Çingiz. Ana, qalx, belə alçaqların önündə diz üstə çökmə.

Strajniklər Çingizi araya alırlar. Qəmər Çingizdən yapışır.

Qəmər. Qoymaram.

Səfi bəy. Əllərinə qandal vurun.

Qəmər Çingizin əllərindən tutur.

Qəmər. Qoymaram.

Çingiz. Bacım, sakit ol, qoy vursunlar.

Qəmər. Səfi bəy, məni qardaşım ilə bərabər zindana apar.

Səfi bəy. Əlimərdandan törəyən ya quldur olar, ya üsyançı. Səbir et, sən də oraya gedəcəksən, anan da, bu Piri baba da.

Piri baba. Qəmər, Yasəmən, Çingiz, belə şəxsə yalvarmaq lazım deyil. Səfi bəy, fələyin işini bilmək olmaz, bu günkü şad sabah ağlar. Bu günkü hökm edən baş, sabah ayaqlar altında tapdalanar.

Səfi bəy. Sus, qoca kaftar, yoxsa o ayaqlar altında tapdalanan baş, öz başın olacaqdır.

Yasəmən (Çingizin boynunu qucaqlayaraq). Oğlum, kaş anan kor olaydı, səni qolu bağlı görməyəydi.

Çingizi aparırlar.

Çingiz. Qəmər, haraya gəlirsən?

Qəmər. Mən də səninlə gedirəm.

Çingiz. Bacım, qayıt.

Piri baba gedib onu qucaqlayıb qoymayır. Səfi bəykil qapıdan çıxıb gedirlər.

Qəmər (qışqırır). Baba burax, yoxsa özümü öldürərəm.

Piri baba. Yasəmən, gəl qızını qoyma, mən bacarmıram.

Yasəmən. Qızım, sakit ol, Allah kərimdir, qardaşın tezliklə qurtaracaqdır.

Qəmərin ürəyi bitab olur. Yasəmən üzünə su çırpır.

Cəbi (daxil olur). Qəmərə nə olmuş?

Yasəmən. Cəbi, Çingizi Səfi bəy tutub həbsxanaya apardı.

Cəbi. Nə deyirsən, çoxdanmı getdilər?

Yasəmən. Elə indicə.

Cəbi. Bu saat Çingizi burada görərsiniz. Mən getdim. (Çəld qapıdan çıxır).

Qəmər (zəif səslə). Ana, Cəbi lələ nə deyirdi.

Yasəmən. Cəbi getdi, dedi ki, Çingizi bu saat gətirəcəyəm.

Piri baba. Özünü nahaq yerə ölümə verəcəkdir. Bir tək Cəbi üç müsəllah adamın əlindən dustaqmı ala bilər?!

Yasəmən. Cəbi Çingizi çox istəyir. Doğrudan da onun xilası üçün özünü ölümə verəcəkdir.

Qəmər. Cəbi lələni mən də çox istəyirəm. Ürəyi çox nazik insandır. Bizim cümləmizi çox istəyir.

Bu halda bir neçə tüfəng açılır.

Yasəmən. Aman, ya rəbb, bu güllələri Cəbi lələyə atdılarmı?

Qəmər. Yazıq lələ, səni cəlladlar öldürdülərmi?

Piri baba. Demədimmi nahaq yerə özünü küdaza verəcəkdir, qoy gedim görüm necə oldu?

Qəmər. Yox, baba, qoymaram, səni də öldürərlər.

Piri baba. Mənim diri qalmağımdan nə fayda var. Cavanları gora göndərib, mənmi sağ qalacağam?

Yasəmən. Piri baba, biz iki arvadı pənahsızmı qoymaq istəyirsən?

Qəmər. Ah!.. Bu çərxi-fələk biz zavallıdan nə istəyir? (Ağlayır.)

Bu halda Əlimərdan çiynində tüfəng, döşündə iki qatar patrondaş daxil olur.

Yasəmən (cəld qalxıb ona tərəf gedir). Sən... Kimsən?..

Əlimərdan. Kürd qızı, məni tanımırsan?

Yasəmən (qışqırıb onun üstünə atılır). Əlimərdan!

Piri baba. Yasəmən, nə deyirsən? Ölü də dirilərmi?

Əlimərdan. Əmi, ölü dirilməz, Əlimərdan dirilər.

Piri baba (onu qucaqlayıb öpür). Əlimərdan, gör Qəmərin nə gözəl qız olmuş.

Əlimərdan (onu öpərkən). On beş ildir ki, sizdən ayrılmışam. Qızım, mənsiz gününüz necə keçir, düşmənlərim sənə sataşmamışlar ki?

Qəmər. Ata, Çingizin bacısına sataşmaq olmaz. Ah, ata, kaş bir az tez gəlmiş olaydın. Çingizimi məğrur düşmənin əlindən alaydın.

Əlimərdan. Qəm etmə, qızım, məğrur düşmən cəvasına çatdı. Qardaşın bu saat gələr.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Tutuquşu

Biri vardı, biri yoxdu bir çal-çəpəri dağılmış, gülləri soluxmuş, ağacları yarıqurumuş bir köhnə bağ vardı. Bağın quşları bu xarabada çox məşəqqət ilə gün keçirirdilər. Günlərin bir günündə bu bağa hardansa bir bülbül uçub gəldi və bir neçə nəğmə oxumağla bağdakı quşları başına cəm etdi. Quşlar yığılan kimi bülbül onlara bir fəsih və bəliğ nitq söylədi. Bu nitqdən quşlar bir şey anlamadılarsa da, yenə çoxları alqışlayıb «Əhsən! Əhsən!» dedilər. Sonra bülbül özünün gözəl vilayətlərini buraxıb bu bağa gəlmək qəsdini bəyan etdi və dedi:– Mənim əziz qardaşlarım! Mən yaşıl çəmənləri, laləzar gülşənləri buraxıb bu viranəyə gəldim ki, siz bədbəxt qardaşlarımı da özüm kimi musiqi işlərinə aşna edim.

1 min
Qan bulağı

İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunlardan biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ başlıq var idi. Qocanın at üstündə əyləşməsi, ə’zasının hərəkəti, alıcı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü. Yol getdikcə daralırdı. Dağlardan enib, indi qayadöşü incə bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi ucalan sıldırım qayalar, alt tərəfi göz qaraldan uçurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün olduğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir.Vaxt günortaya yaxınlaşmışdı. Susuzluqdan hər iki süvari yanırdı. Əlalxüsus susuzluq gəncə artıq tə’sir eləyirdi. Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı. Bu halda gəncin qulağına su şırıltısı gəldi.

6 min
Ümid çırağı

İlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ başında düşən Ş... şəhərinin əhalisi dərin yuxuya dalmışdı. Yalnız iki balaca otaqdan: yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi. Pəncərədən çırağın zəif şö’ləsi bağçaya düşərək oranın zənkin böcək və pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif əndamlı, sarımtıl bənizli, qıvrıcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab oxuyur, ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovcalayır, qalxıb pəncərəni açır, başını dişarıya çıxararaq bağçanın saf havasını dərindən tənəffüs edirdi.Qaranlıqda qalmış pərvanə və böcəklər pəncərənin açılmağından istifadə edərək otağa soxulur, çırağın ətrafında uçuşurdular. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi.

4 min
Cəhalət qurbanı

Uşaqlıq xatiratımdan nağılına şüru etdiyim bu vaqiə məndə elə bir dərin tə’sir buraxmış, qəlbimdə elə silinməz nəqş bağlamışdır ki, sanki uzun müddət əvvəl yox, dünən vaqe olmuşdur.Səkkiz yaşında uşaq ikən «Seyidli» adlanan kəndimizdə başaçıq, ayaqyalın, təbiətin mərhəmətli qucağında, məişətin ağır və zəhərli hallarından xəbərsiz yaşardım.

14 min

Poems by other poets