İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunlardan biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ başlıq var idi. Qocanın at üstündə əyləşməsi, ə’zasının hərəkəti, alıcı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü. Yol getdikcə daralırdı. Dağlardan enib, indi qayadöşü incə bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi ucalan sıldırım qayalar, alt tərəfi göz qaraldan uçurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün olduğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir.

Vaxt günortaya yaxınlaşmışdı. Susuzluqdan hər iki süvari yanırdı. Əlalxüsus susuzluq gəncə artıq tə’sir eləyirdi. Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı. Bu halda gəncin qulağına su şırıltısı gəldi.

– Baba, muştuluq olsun irəlidən su səsi gəlir, – deyə cavan atını sürdü.

Qoca təbəssüm ilə ona nəzər salaraq, başını yırğaladı. Cavan bulağa çatdıqda gördü ki, suyun rənki qırmızıya çalır. Buna baxmayaraq susuzluğunu tezcə rəf etmək üçün bir qurtum su içər-içməz:

– Bu nə cür sudur? – deyə ayağa qalxdı. Bu halda qoca gəlib ona çatdı və gülümsəyərək dedi:

– Susuzluğunu rəf etdinmi, oğlum?

– Xeyr, baba, bu bulağın suyu içməli deyil, zəfir dadı verir, rənki də qana bənzəyir, – deyə cavab verdi.

– Elədir, oğlum, bu «Qan bulağı»dır, bunun suyu dəmir ilə qarışmış, bu su qansızlara və bə’zi nahoşlara dərmandır...

Cavan sordu:

– Bu «Qan bulağı» adını nədən almış, baba?

– Bir az səbir et, oğlum, bulağın hekayəsini sənə söyləyərəm. İndi isə ardımca sür, bu yaxında içməli su var, – deyə qoca atını sürdü.

Bir qədər getdikdən sonra gözəl bir bulağa rast gəldilər, atdan endilər. Cavan xurcunundan yemək çıxarıb, süfrə salmağa məşğul oldu. Nahardan sonra qoca yapıncısını yerə sərib üstünə uzandı. Cavan onun «Qan bulağı» barəsində verdiyi və’dəyə müntəzir, qarşısında əyləşmişdi. Qoca gözlərini yumub bir müddət sükuta getdi. Cavan elə fikir etdi ki, qoca və’dəsini unudub yuxuya daldı. Lakin fikri yanlış idi. Bir azdan sonra qoca gözlərini açdı, başlığını bükub dirsəyinin altına qoydu və dərindən bir ah çəkib dedi:

– Ulu Qafqaz, ulu dağlar! Hər bir daşın bir tarixdir. Kimlər gəlib sinəndən keçmədi, çaylarını qızıl qana döndərmədi!..

– Oğlum, bu dərə, bu torpağı iki yerə təqsim edir. Belə rəvayət edirlər ki, qədim zamanda bu dərənin o tərəfində böyük bir qəbilə, başında Misir xan adında bir rəis və bu tərəfində, digər bir silsilə Surxay xanın rəisliyi ilə sakin olurmuşlar. İttifaqən bu iki xanın arasında qan davası düşür, bunlar bir-birlərini tələf etməyə başlayırlar. Bir müddət keçmiş, Misir xan və Surxay xan bir də baxıb görürlər ki, cəmi oğlanları və yaxın əqrabaları bu qan davasında qırılıb tələf olmuşlar. Ədavət isə yenə yatmayıb baqi qalır. Lakin hər iki rəis yeni övladlarının dünyaya gəlməsinə müntəzir olur ki, onların köməkliyi ilə düşməndən intiqam alsın. İttifaqən bunların bir gecədə iki övladı təvəllüd edir. Surxay xanın oğlu, Misir xanın qızı olur. Bu ittifaqdan nə qədər Surxay xan şad olursa, bir o qədər də Misir xan qəmkin və mə’yus olur. Misir xanın anası, oğluna belə mə’yus və qəmkin gördükdə deyir:

– Oğlum, qəm etmə, bilirəm səni pərişan edən nədir. Məkər qız tayfası düşməndən intiqam ala bilməz? Onlara da oğlan kimi tərbiyə versən, igidlikdə hər kəsdən geri qalmazlar.

Bunu eşitcək Misir xan yerindən sıçrayıb qalxır və anasını qucaqlayaraq deyir:

– Ana, fikrin çox gözəldir, ancaq de görüm, qızım olduğunu kim bilir?

– Məndən və arvadından başqa kimsə bilməyir, – deyə anası cavab verir.

– Çox gözəl, indi mənim qızım olmağını gərək bir adam bilməsin. Sabahdan oğlum olduğunu e’lan edəcəyəm, sən deyən tərbiyəni də qızıma özüm verəcəyəm, lakin bu sirrin gizli qalması səninlə anasından asılıdır.

– Arxayın ol, oğlum, əmrin yerinə yetər, – deyə anası cavab verdi. On gündən sonra Misir xan qızına Teymur xan namını verir və bu sirr pünhan qalmaq üçün həmin bu müqabilimizdəki qayanın döşündə bir köşk bina edib, orada sakin olur.

Teymur xan atasının nəzarəti altında tərbiyə alaraq, nağıl olunan köşkdə böyüməyə başlayır. Onun oyun şeyləri: tüfəng, xəncər, qılınc və yoldaşları bu qayalar sakini laçın, qaraquş, tərlan kimi yırtıcı quşlar olur. Belə tərbiyə nəticəsi olaraq on yaşında Teymur xan at minmədə, tüfəng atmada, qılınc vurmada igid cavanlardan geri qalmayır. Bunlardan artıq, insanları heyrətə gətirən Teymur xanın vəsfə gəlmədiyi gözəlliyi olur.

Bu tərəfdən Surxay xanın oğlu Paşa xan, Teymur xan kimi igidlikdə və gözəllikdə məşhur olur.

Bu iki uşaq böyüyüb on səkkiz yaşına çatır, bunların igidliyi və gözəlliyi ətraf və əknafa yayılır. Bu vaxta qədər görüşmək mümkün olmamışdı. İttifaqən bu iki cavan yekdigərinə rast gələrsə, biri və bəlkə ikisi də tələf olmaqlarını hiss edirmişlər. Bununla bərabər görüşmək arzusu hər ikisində gündən-günə qüvvətlənir. Oğlum! Əcdadımızdan bizə irs qalmış qana-qan etmək adətinə qurban olan bu cavanlar axırda bir-birləri ilə görüşürlər.

Belə ki, baharın gözəl səhərlərinin birində Teymur xan ov arxasınca, sərhədləri olan bu dərəni aşıb o tərəfə keçir. O zaman Paşa xan da ova çıxmış olur. Bu iki aslan, gördüyün «Qan bulağı»nın başında bir-birlərinə rast gəlir. Bir müddət bir-birlərinin gözəl camalına heyran olub qalırlar. Paşa xan Teymur xanın fövqəl’adə gözəlliyinə heyran olur. Teymur xan isə on səkkiz ilin ərzində qadınlığa müğayir yırtıcı qanıçıcı quş kimi aldığı tərbiyənin onda qadınlıq hissini hələ puç etmədiyini indi anlayır, eşq odu onun ürəyini yaxıb yandırır, hər zaman igidləri xofa salan gözləri indi Paşa xana xumar-xumar baxıb ondan aman gözləyir. Paşa xan heyrətdən ayılıb, Teymur xanın kim olduğunu duyursa da sorur:

– Sən kimsən?

– Sən özün kimsən?

– Mən bu torpağın sahibi Surxay xanın oğlu Paşa xanam.

– Mən də bu torpağın sahibi Misir xanın övladı Teymur xanam.

Bu sual-cavabdan sonra hər ikisi bir-birlərinə düşmənçilik nəzəri ilə baxmağa başlayır. Axırda Paşa xan:

– Camalın çox gözəldir, buna söz yox, gərək qılınc vurmağın necədir? – deyə qılıncını çıxarır.

Onun cavabında:

– İndi qılınc vurmağımı da görüb bəyənərsən, – deyə Teymur xan da qılıncını çıxarıb Paşa xanın üstünə hücum edir.

Oğlum, necə ki, göy üzərində əvvəl şimşək parlayıb, sonra gurultu sədası gələr, elə də bu iki cavanın qılıncı od parladıb bu qayalara səs salır. Xeyli müddət çarpışırlar, lakin bir-birlərinə zəfər yetirə bilmirlər. Bu halda günəş dağın dalında tulu edir. Onun zərrələri Teymur xanın gözlərinə ox kimi sancılıb qamaşdırır və bu anda Paşa xan fürsət tapıb qılıncı Teymur xanın sinəsindən vurur. Teymur xan yıxılır. Qan çeşmə kimi sinəsindən axıb baharın təzə və tər otlarını və çiçəklərini boyayır.

Paşa qılıncını atıb Teymur xanın yarasını bağlamaq qəsdilə sinəsini açır.

– Aman, ya rəbb, sən qadın imişsən! – deyə qışqırır və Teymur xanın başını dizi üstə alıb: – Söylə, söylə, gözəlim! O solug nəfəsinlə mənə lə’nətini, nifrətini izhar elə, – deyə fəryad edir.

Teymur xan zərif səs ilə cavabında:

– Paşa xan, sənə eşqimi izhar edirəm. Bu çirkin adətə lə’nət və nifrət! Ah, təbiət nə gözəldir! Paşa, mən gedirəm, əlvida!

– Toxta, bir az toxta, gözəlim. Paşa da səninlə gedir.

Paşa xan xəncərini çıxarıb öz sinəsinə vurur və Teymur xanı ağuşuna alıb deyir:

– İndi qoy mənim də qanım səninkinə qarışsın!

Oğlum, o vaxt bu dağlarda zəlzələ zühur edir və həmin yerdən dağ aralanıb iki novcavanı ağuşuna alır. Bir müddət keçərək gördüyün Qan bulağı qaya arasında cari olur. Rəvayətə görə həmin bulağın suyu Paşa xan ilə Teymur xanın qanından əmələ gəlmişdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ümid çırağı

İlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ başında düşən Ş... şəhərinin əhalisi dərin yuxuya dalmışdı. Yalnız iki balaca otaqdan: yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi. Pəncərədən çırağın zəif şö’ləsi bağçaya düşərək oranın zənkin böcək və pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif əndamlı, sarımtıl bənizli, qıvrıcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab oxuyur, ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovcalayır, qalxıb pəncərəni açır, başını dişarıya çıxararaq bağçanın saf havasını dərindən tənəffüs edirdi.Qaranlıqda qalmış pərvanə və böcəklər pəncərənin açılmağından istifadə edərək otağa soxulur, çırağın ətrafında uçuşurdular. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi.

4 min
Cəhalət qurbanı

Uşaqlıq xatiratımdan nağılına şüru etdiyim bu vaqiə məndə elə bir dərin tə’sir buraxmış, qəlbimdə elə silinməz nəqş bağlamışdır ki, sanki uzun müddət əvvəl yox, dünən vaqe olmuşdur.Səkkiz yaşında uşaq ikən «Seyidli» adlanan kəndimizdə başaçıq, ayaqyalın, təbiətin mərhəmətli qucağında, məişətin ağır və zəhərli hallarından xəbərsiz yaşardım.

14 min
Qatil uşaq

Otuz-qırx il bundan əvvəl, bəlkə indi də Azərbaycanın çox yerlərində müsəlman əkinçiləri arasında xeyli təəccüblü, hər kəsin nəzərini özünə cəlb edən və əkinçilik sənətinə əsla yaraşmayan bir hal vardı. O da əkinçilərimizin öz zəhmətilə becərilmiş taxılı biçməkdə aciz qalaraq, iranlı biçinçilərinə möhtac olmaqları idi.Yayın isti günləri idi. İran biçinçiləri əyinlərində çındır paltar, ayaqlarında çarıq, qabarlı əllərində oraq, arxalarında mitil yorğan, Araz çayını keçərək, Azərbaycana sel kimi axırdı. Bu zəhmətkeşlər arasında başı əmmaməli və qurşaqlı, boynuyoğun seyid dəstəsi də görünürdü. Zənn olunmasın ki, bu müftəxorlar da Azərbaycana iş aramağa gəlirdilər. Xeyr, onlar xırmənləri gəzib: «Cəddimin payını ver», deyə kəndlilərdən «seyid verkisi» tələb edirdilər. Dini və adəti – mövhumata qərq olmuş sadədil məzlum kəndlilər, hər bir verkidən əvvəl bu müftəxorların torbalarını doldurardılar və heç biri cür’ət edib onların tələbini rədd edə bilməzdi.

9 min
Molla Qasım

Molla Qasım öz arvadı Zeynəb ilə Küllücə kəndində ömür sürürdülər. Bunların İrandan Azərbaycana haçan keçməsi kəndin ancaq bir neçə qocalarının xatirində idi. Yerdə qalanları isə gözlərini açıb onları Küllücədə görmüşdülər.Molla Qasım İrandan gəldiyi zaman bir çox böyük-kiçik kəndlərdə dolaşaraq nağıl etdiyimiz Küllücə kəndini bəyənib seçmişdi. Bunda da bir sirr vardı.

10 min

Poems by other poets