İkinci pərdə
Page 2 of 3 · 33%
Pəricahan xanım. Vətənin o zalımları kimdir?
Cahangir ağa. Birincisi belə saraylar sahibi ağalar.
Pəricahan xanım. Xeyr, sənin kimi vətəninə xəyanət edən alçaqlar.
Cahangir ağa. Pəricahan, alçaq o şəxsə deyərlər ki, başqalarının zəhməti ilə yaşaya, zalım o kəsdir ki, öz mənfəəti üçün başqalarını sıxa, əzə, məhv edə. Bu saat orada, bir azdan sonra burada tökülən qan, kim və nə üçündür?
Pəricahan xanım. Millət və vətən üçün.
Cahangir ağa. Yalan! Mənim atam Əmiraslan ağa kimi mülkədarın ağalığını saxlamaq üçün. Torpaqlarını mühafizə etmək üçün. Məgər millət yalnız bəylərdən ibarətdir? Bəs bu milyonlarla kəndli, işçi, yoxsullar? Yoxsa onlar vətən övladları deyil? Pəricahan, ağalıq daha bitdi, çünki onu müdafiə edən, onun yolunda qanlarını sel kimi axıdan kəndli və fəhlə indi hüququnu daha anlamış. Buna sübut kəndlilərin bizim tərəfə keçməsidir. Bu gün iki qüvvə bir-biri ilə toqquşur. Biri haqqı müdafiə edir, digəri zülmü. Pəricahan, səni bu haqq yola də’vət edirəm.
Pəricahan xanım. Mən sən tərəfdə haqq görmürəm. Kəndlilərin sizin tərəfə keçmələri buna sübut ola bilməz. Onlar bəylərin torpağına, belə gözəl saraylarına sahib olmaq istəyirlər.
Cahangir ağa. Doğrudur. Buna da haqları var.
Pəricahan xanım. Hansı qanunla?
Cahangir ağa. Təbiətin qanunu ilə. İşləməyən yeməz. Torpaq, onu becərib zəhmət çəkənlərindir.
Pəricahan xanım. Mən elə qanun eşitməmişəm.
Cahangir ağa. İrəlilərdə mən də sənin kimi eşitməmişdim. Bu torpaqların sahibi olmağımı göylər təsdiq etmiş sanırdım. Rəiyyətləri özümüzün qulu hesab edirdim. Fəqət Karl Marksın əsərlərini oxuduqdan sonra anladım, haqq yolunu tapdım.
Pəricahan xanım. Sonra da bolşevik oldun. Özün kimi zalımlara qoşulub böyük Rusiyanı tarmar etdiniz. İndi də bu gözəl ölkəni o hala salmaq istəyirsiniz.
Cahangir ağa. Pəricahan, zülm yuvaları dağılmasa, məzlumlar azad olmazlar. İndi yıxarıqsa, sonra tikəcəyik. Nə etməli? Əmiraslan ağalar öz ixtiyarları ilə tabe olmurlar. Pəricahan, atamın bizim tərəfə gəlməyinə ümidim yoxdur, çünki həmişə buyurmada, vurmada, kəsmədə ömür sürmüş, qartlaşmış ağa bunların hamısından əl çəkib, işçi-kəndli tərəfdarı olmaz, fəqət bizim müqabilimizə çıxıb qovğa etməsin niyyəti ilə sənə Hadi lələ ilə o məktubu göndərdim. Cavabın da söylədi.
Sən niyə zülm tərəfdarı olursan? Biz o zülmü insanlar arasından götürmək istəyirik. Bax, gör bu nə böyük, nə yüksək bir idealdır ki, məni öz əlimlə bu mülkümüzü tapdayıb məhv etdirməyə məcbur edir, atamın müqabilinə çıxardır. Mehriban anamı unutdurur, tam üç il həsrətini çəkdiyim sən sevgili əmizadəmi mənə düşmən etdirir. Pəricahan, sevgilim, gəl mənimlə birlikdə vətənimizin məzlumlarını cəlladlar əlindən xilas edək.
Pəricahan xanım. Cəlladları mən, sən tərəfdə görürəm.
Cahangir ağa. Son sözümü dinlə, fikirləş, cavabını ver. Bax gör bizmi cəlladıq, yoxsa siz ağalar? Milyonlarla işçi-kəndlilər, əsrlərcə sitəmkarlar əlində didilir, çeynənir, ayaqlar altında tapdalanıb əzilir. Hamısı ac, çılpaq, zillətdə, əziyyətdə, fəryadları əflaka çıxmış. Əsarət zənciri altında bədənləri inçəlib üzülür. Bax, bu biçarələr indi bizdən nicat gözləyirlər. Pəricahan, gedək onların fəryadına çataq. Əsarət zəncirlərini kəsib xilas edək. Pəricahan, bu şərəfi başqasının öhdəsinə atma. Şərq aləminin pərisi ol ki, əsrlərcə adın dünyada baqi qalsın. Qırmızı Ordu içində nə qədər nəcib qəhrəman qadınlar var. Sən də Şərq məzlumlarının qəhrəmanı ol.
Pəricahan xanım. Elə böyük vəzifəni, elə yüksək şüarı özün üçün bəslə. Mən isə bu gün ufacıq bir vəzifə qəbul edirəm. O da «Laçın yuvası»nı sənin ordundan müdafiə edib, onun «Orlean xanımı» olmaq istəyirəm.
Cahangir ağa. Daha bitdi. Sən də atam kimi belə saraydan, belə cah-cəlaldan öz ixtiyarınla əl çəkmək istəmirsən, fəqət mən zor ilə çəkdirərəm. Bu zülmlə bina olmuş saraydan bir əsər qoymaram! (Çıxır).
Pəricahan xanım (tək). Ah! Cahangirdə nə böyük təğyir! Sabiqdə mənim kimi, babalarımızın şanşöhrəti ilə fəxr edərdi, ancaq indi isə, onlara zalım deyib, nifrət edir. Mənim də qəlbimə şübhə saldı. Görəsən hansı yol doğrudur... (Əmiraslan ağa daxil olur.) Ah, əmucəm gəldi.
Əmiraslan ağa. Qızım, bolşeviklər üzərimizə hücuma başlamış. Bu saat Mehrəli bəyin dəstəsi ilə vuruşurlar. Ümidim budur ki, igid bəylər onları pozub bu tərəfə keçməyə qoymayacaqlar. Pəricahan, bu gün oğlum burada olmalı idi. Qəhrəmanə müharibə edib, «Laçın yuvası»nı düşməndən müdafiə edəydi. Onu fələk əlimdən aldı. Yerində sən qalmısan. İgidlikdə heç bir oğlandan geri qalmazsan. Qəhrəman qızım, babalarımız yurdunun müdafiəsini sənə həvalə edirəm. Bu gün bizim üçün başqa yol yoxdur. Ya zəfər, ya ölüm. Qızım, səni mə’yus görürəm, yoxsa düşməndən xof edirsən? Ona əsir olmaq istəyirsən?
Pəricahan xanım. Heç vaxtı. Məni mə’yus edən şey başqadır. Ah, Cahangir...
Əmiraslan ağa. Qəm etmə, qızım, inşallah düşmənə qalib gələcəyik. Get hərbi libasını gey, hazır ol. (Pəricahan xanım çıxır.)
Əmiraslan ağa (tək). Pəricahan anadan olanda mərhum qardaşım Kamran çox mə’yus oldu ki, oğlan deyil, lakin mən bu igid qızı min oğula vermərəm.
Mehrəli bəy sol əli sarınmış daxil olur.
Mehrəli bəy. Əmiraslan ağa, sol cəbhəni düşmən aldı.
Əmiraslan ağa. Nə deyirsən? Məgər sənə əmr etməmişdim ki, onu möhkəm saxla? Bir adamın qalıncaya qədər vuruşmada davam et?
Mehrəli bəy. Mən nə edim? Tərəfdarlarımız kəndlilər fürsət tapdıqca bolşeviklər tərəfinə keçdilər. Bir də baxıb gördüm ki, ətrafımda az bir qüvvə qalıb. Yenə də vuruşmadan çəkilmədim. Bu vaxt əlimə küllə dəydi. O az qüvvə də pozulub dağıldı. Ancaq onu qənimət bildim ki, arvad-uşağı götürüb buraya qaçdım.
Əmiraslan ağa. Qorxuram Ədil bəyin dediyi doğru ola. Kəndlilərin cümləsi bolşevik tərəfinə keçə. Sol cəbhənin alınması Səlim bəyin halını ağırlaşdırdı. Bu saat Kollu dərənin üstünü tutmaq lazımdır. Yoxsa qırmızılar Səlim bəyin arxasına keçib, onu pozacaqdır.
Heydər bəy təngnəfəs daxil olur.
Heydər bəy. Əmiraslan ağa, qırmızılar Kötüklü kəndini aldı. Bizimkilər qaçırlar.
Əmiraslan ağa (qəzəbnak). Siz onlardan geriyə qalmazsınız. Dovşan kimi bir səs çıxdıqda qoyub qaçırsınız.
Heydər bəy. Mən nə edim? Allah arvad taifasını müsəlman üçün bir böyük bəla yaratmışdır. Ağlaşma qurub ərlərinin ətəklərindən yapışıb davaya getməyə qoymurlar. Başqa millətin qadınları tüfəng götürüb ərləri ilə bərabər düşmənlə vuruşur, bizimkilər isə şaxsey deyə üzlərini cırır, saçlarını yolurlar.
Əmiraslan ağa. Bu onların təqsiri deyil. Siz kimi ərlərin, ataların təqsiridir. Ləzgi qadınları düşmən ilə müharibədə ərlərindən geri qalmır. Pəricahana mən tərbiyə vermişəm, hansınızdan qocaq deyil?
Səlim bəy daxil olur.
Səlim bəy. Əmiraslan ağa, Küllücə kəndini düşmən zəbt etdi.
Əmiraslan ağa. Nə pis xəbər! Onun alınması ilə yol buraya açıldı. Heydər bəy, mənim adamlarımdan otuz tüfəngli götürüb Uçurum dərəsinin keçidini kəs. Daha durma!
Heydər bəy. Bu saat. (Cəld çıxır.)
Əmiraslan ağa (Səlim bəyə). Söylə görüm. Nə təvr oldu ki, elə möhkəm yeri boşladın?
Səlim bəy. Heydər bəyin dəstəsi pozulduqdan sonra sol cəbhə açıldı. Mən Muxtar bəydən kömək istədim. Cavab verdi ki, özüm iki tərəfdən əhatə olunmuşam, tez Əmiraslan ağadan həm özün üçün və həm də mənim üçün kömək istə. Bu vaxt düşmən arxama keçib, məni pozdu.
Əmiraslan ağa. Kollu dərədə qüvvə qoymuş olsaydın, qırmızılar arxana keçə bilməzdilər.
Səlim bəy. Necə qoymamışdım? Qoymuşdum. Onlara ümid bağlayıb geri çəkilmədim. Atışmada davam etdim. Bir də xəbər tutdum ki, onlar da qaçıb dağılmışlar, düşmən də arxama keçmişdir.
Əmiraslan ağa. Səlim bəy, onda dayanma, mənim atlılarımdan lazım bildiyin qədər götürüb Muxtar bəyin köməyinə get. Onu təhlükədən qurtar, sonra Qayadibi kəndinə çəkiliniz.
Səlim bəy. Baş üstə. (Çıxır.)
Əmiraslan ağa. Mənim Qayadibi kəndim nə qədər davam edərsə, buranın qorxusu yoxdur. Onun dar və gizli yollarını, ancaq oranın əhli bilir. Bələdçi olmasa, qoşun bir şey edə bilməz.
Molla Sadıq və Hacı İmamqulu daxil olurlar.
Hacı İmamqulu. Bu nə bəladır? Bu nə tufandır?
Molla Sadıq. Tutduğunuz əməlin cəzasıdır ki, xudavəndi-aləm verir. Biz ruhanilərə qulaq asmayıb övladlarınızı rus məktəblərinə qoydunuz. İndi dindən, məzhəbdən çıxıb öz vətənlərini, ata-analarını atəşə tutub qırırlar. Dünyanın axırıdır. Üləma buyurmuşlar ki, vay o zamandan ki, aradan şəriət, din, böyük-kiçiklik, ağa-nökərlik götürülə. Bax, indi həmin zamandır ki, gəlmişdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-lacin-yuvasi-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Səhnə Pinəçi Qafarın otağını göstərir. Otaq palaz ilə döşənmiş. Divar içində iki dolab. Birisi qab-qacaq üçün. O biri yorğan-döşək üçün. Rəf üstündə stəkan, nəlbəki, qəndqabı, piyalə, çaynik və geyri. Buxarı. Onun sağında Mirzə Fərəc, solunda Qafar döşəkçə üstə oturmuşlar. Pərdə qalxdıqda Külpəri ilə Şahsənəm samovarın yanında oturub, biri qənd doğrayır, o biri stəkan yuyur.*Qafar**. A Mirzə Fərəc, Molla əmi gəlib çıxmadı. Görəsən kişinin başına nə iş gəldi?
Türk birliyiBir pərdədə*Məişətimizdən bir şəkil*
Qaranlıqdan işığaBir pərdəli piyes*1921*
İki yolFaciə bir pərdədə*1922*
Poems by other poets
MİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
NərimanNəriman Nərimanovun vəfatı münasibətilə yazılmışdır*Şərqə bir səadət aradığın gün
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür