Page 1 of 2

Mənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: «Eyibsiz gözəl olmaz» demişdir. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir.

İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: «Bu üç ay yayı gözəl ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük. Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar».

Rəfiqim Azərbaycan kəndlərini bir-bir nəzərdən keçirdikdən sonra bacısı yaşadığı kənddə dayanır. Yay fəsli girdikdə bacısına məktub yazıb həkimlərin qərarını ona bildirir. Bir neçə il sevgili qardaşından ayrı düşmüş bacı, xeyli şadlıqla mə’lum edir ki: «Qardaş, durmayıb tezliklə gəlsən və özün ilə heç bir şey gətirməyəsən, çünki hər şeyimiz vardır».

Bu xəbəri aldıqdan sonra rəfiqim bacısının qabaqlamasına baxmayaraq, öz adəti üzrə yorğan-döşək, purjunlu çarpayıdan tutmuş diş fırçasınadək, malakan furqonuna doldurub yola düşdü.

Furqon ilə səyahət etmək ləzzətini qələmə almaqdan vaz keçirik, çünki hər bir azəri oğlunun ömründə bir dəfə də olmuş olsa, o «ləzzəti» çəkməsinə şübhə etmirik. Bundan əlavə, doğrusu, o səyahəti layiqincə təsvir etmədə özümüzü aciz görürük. Ancaq bunu əlavə etmək istəyirik ki, furqon ilə səfər edən şəxsə mənzil başına çatana kimi «sümsükut» oruc tutmağı əmr buyurmuşlardır. Danışmaq istəyənlər, lalların barmaq üsulu ilə danışmalarına bələd olmalıdırlar, çünki adi dil ilə danışdıqda elə bil dil meydana çıxır ki, onu anlayan bir dilçi bu böyük dünyada hələ tapılmamış. Rəfiqim birinci dəfə furqon ilə səfər etdiyinə görə (uşaqlıqda etdiyi səyahəti hesaba almırıq) «sümsükut»u pozub furqonçu malakan ilə danışmaq istəmiş, lakin iki kəlmə deməyə müvəffəq olmamış, o da belə surətdə: «…hıqq, van…, vay, da… üyn… yi…»

Neçə ki, görürsünüz rəfiqim ancaq «İvan dayı» deyə bilmiş ki, o da furqonçunun adıdır. Rəfiqim «i» hecasını dedikdə furqon daşa toxunaraq mətləbə dəxli olmayan bir «hıqq» kəlməsi meydana çıxır. «Van» dedikdə araba yırğalanıb rəfiqimin pensnesini yerə atır, o da daş üstə düşüb parça-parça olur. Bu vaxt rəfiqimdən bir «vay» nidası çıxır. Dalınca furqon çuxura düşüb rəfiqimi yuxarı elə atır ki, biçarənin başı kibitkaya toxunub əzilir və «üy…» etməsinə səbəb olur. İndi özünüz də görürsünüz ki, «sümsükut»u pozanın cəzası nə qədər böyük imiş.

Günəş dağlara enən zaman İvan dayının «avtomobili» qurultu ilə kəndə varid olur. Rəfiqimin pişvazına çıxmış bir sürü bacısı uşaqları «dayım gəldi» deyə arabanı əhatə edirlər. Rəfiqim isə furqonun içində isti paltosunu, qaloşunu geyib, şarfını boynuna dolayıb və çətri əlinə alıb xeyli vüqar ilə arabadan enir. Uşaqlar onun ətrafını əhatə edirlər.

– Ay qırılmışlar, nə çoxsunuz? Sizi ürkütməsək sanamaq olmaz. – Uşaqlar gülüşürlər.

– Həsən, neçə qardaşsınız?

– Dayı can, bizə yeddi qardaş deyərlər. Hamımız qulluğunda hazırıq, əmrini gözləyirik.

– Onda şeylərimi götürün, gedək.

– Bu saat, dayı can, – deyə Həsən furqona qalxıb şeyləri bir-bir endirir.

Yeddi qardaş yüklənəndən sonra furqonda rəfiqimin bir mafraş yorğan-döşəyi, çamadanı və çarpayısı qalır.

– Uşaqlar, gedək, yerdə qalan şeyləri də gəlib İvan dayı ilə gətirərsiniz, – deyə rəfiqim karvanın başını çəkir. Bu vaxt rəfiqimin bacısı, yeddi yaşar qızı Gülnaz ilə darvazanın ağzında durub qardaşını gözləyirdi. Onun qorxusu bu şımarıq uşaqdan idi, çünki yeddi qardaşın bu tək bacısı və özünün son beşiyi çox əzizlənib, azada böyümüşdü.

– Bax, qızım, dayın xəstədir, səs-küy sevmir, gərək bilmərrə nadinçliyi atasan. Onda dayın sənə çox şey alar, səni də sevər.

Bu halda yüklü qardaşlar həyətə daxil olurlar. Gülnaz dayısını isti paltoya və şarfa bürünmüş görüb qəhqəhə ilə gülməyə başlayır.

– Niyə gülürsən, a şeytan qız… – deyə rəfiqim soruşur.

– Belə sənə gülürəm, qoy gedim evdən yorğan gətirim, bürün.

Gülnazın bu sözlərinə gülüşürlər. Rəfiqimin bacısı onun boynuna sarılaraq:

– A qardaş, Gülnaz demişkən, bu istidə nə üçün belə bürünmüsən?

– Bacı, halımı heç sorma, lə’nət malakan furqonuna da, ona minənə də, yolda mənə bir qədər soyuq dəymiş və furqon da məni elə əzmiş ki, ayaq üstə durmağa taqətim yoxdur, – deyərək rəfiqim şikayətlənir.

– Gəl içəri, soyun, rahat ol, qorxma buranın elə havası vardır ki, ayaqsız gələn ayaqlı qayıdır. Nə üçün özünə yük edib bir belə şey gətirmisən? Mən səni xəbərdar etməmişdimmi? – deyə bacısı soruşdu.

– Ana can, dayımın şeyinin çoxu furqonda qalmış, – deyə Həsən gülür.

– A bacı, özün bilirsən ki, mən çox vasvasıyam… gərək öz yorğan-döşəyimdə yatam ki, rahat olam.

– Elə səni bu günə salan o deyilmi? Gəl içəri, soyun, ayaqlarını isti su ilə yuyum, rahat ol.

Rəfiqim və bacısı palaz ilə döşənmiş otağa daxil olurlar.

– Bax, bu otağı sənin üçün hazır etmişəm. Bir adam buraya girib-çıxmayacaqdır, uşaqların günləri bağda, bostanda keçir, qulaqların bir səs eşitməyəcəkdir, – deyə bacısı rəfiqimi arxayın edir.

Rəfiqim yuyunub, çamaşırını dəyişincə, yeddi qardaş anaları ilə bir bərabər onun otağını döşəyib, purjunlu çarpayısını qururlar, rəfiqim də soyunub yerinə girir və səfərin şiddətli əziyyətindən yorğun düşdüyünə görə tezcə yuxulayır.

Yeddi qardaşın anaları:

– Bax, dayınız yatmış, səs olmasın, – deyə uşaqları onun otağından uzaq edir.

Aradan təxminən bir saat keçmiş günəşin son zərrələri üfüqdən qaib olduqda, qızıl inək darvazanın ağzında elə bir böyürtü salır ki, sanki imdad bəkləyən bir gəmi bağırır.

– Ay uşaqlar, tez qapını açıb inəyi içəri salın, yoxsa dayınız bu saat yuxudan oyanar, – deyə anaları bağırır.

Uşaqlar qızıl inəyi içəri buraxıb balasını yanına salırlar ki, səsini kəssin. Əfsus ki, bu tədarük səmərəsiz qalır, çünki birinci mələməsindən rəfiqim yerindən dik atılıb qalxır və deyir:

– Budur, kənd məişətinin ləzzəti başlanır.

Rəfiqimin bacısı, qardaşını balkonda gəzən görüb badyada köpüklənən süd ilə içəriyə girir.

– Çox yaxşı vaxtda durmusan, qardaşım, çayımız hazırdır.

– Mən özüm durmamışam, bacım, sizin azançınız durğuzmuş, – deyə rəfiqim ah çəkir.

Bacısı gülərək:

– Sənə söz verirəm ki, sabahdan bir də o azançının səsini eşitməyəcəksən. Hər səhər-axşam sənə bu yeni sağılmış süddən verəcəyəm, içərsən, gör bir ayın ərzində kökəlib yanaqların necə lalə kimi qızaracaqdır.

Bunu deyib rəfiqimin bacısı otağa girib çırağı yandırır və sonra badyanı süd ilə yerə qoyub kasa gətirməyə gedir və süddən bir qədər kasaya doldurub qardaşına uzadır ki:

– Al bunu iç!

– Bacı, toxda, de görüm bu südü necə sağmısan?

– Bunun necəsi yoxdur ki, badyanı iki dizimin arasına qoyub inəyin əmcəklərini barmaqlarım ilə tutub aşağı çəkmişəm, süd də çeşmə kimi axıb badyaya tökülmüş. Belə ki şövqün var, səhər sağanda gəl tamaşa et.

– Mən onun üçün soruşmadım, inəyin sağan vaxt döşlüyün vardımı?

– Yox.

– Əllərini sabun ilə yumuşdunmu?

– Əllərim tərtəmiz, gül kimi, nə üçün yuyum?

– Onda bacı, sənin bu südün içində bu saat milyonlarla mikroblar qarınca kimi qaynaşırlar. Mən onu içə bilmərəm, məni əfv edərsən, çünki buna həkimlər razı deyil.

– A qardaş, elə həkimlərin sözünə baxıb bu günə düşmüsən, vasvası olma, ye, iç, gör necə sağalarsan.

– Bacım, onlardan keçib, mənim üçün çay gətir. Səhərdən mən deyən kimi inəyi sağarsan, südü bişirərsən, mən də içərəm…

Mə’lumdur ki, kənd əhli erkən yatıb erkən də yuxudan qalxmağı adət etmişdir. Odur ki, rəfiqim də şamdan sonra bu qanuna tabe olmaq istədi, lakin bir tərəfdən hələ erkən yatmağa adət etməmişdi. Digər tərəfdən də qızıl inəyin səsindən həyəcana gəlmiş əsəbləri qaydasınca rahat olmamışdı. Ona görə də təbiblərin əmrindən çıxaraq oturub bir qədər kitab mütaliəsinə məşğul oldu. Sonra soyunub, çırağı fərağət etdi və yerinə girib rahat olmaq istədi. Elə yenicə yuxuya gedirdi ki, qulağına incə, həzin bir səs gəldi. Fikir verdikdə gördü ki, səs otağın içindən gəlir. Getdikcə səs ona yaxınlaşırdı. Bir azdan sonra digər bir səs də ona qoşuldu. Bu anda rəfiqimin üzünü bir şey sancdı. O, cəld ayağa qalxıb lampanı yandırdı və onu sancan hərifi gördü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qaraca qız

Qafqaz şəhərlərinin birində Usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisa ilə yaşayırdı. Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə vətənlərini buraxıb buraya gəlmişdilər. Usta Zeynal sərraclıq etməklə külfətini bir tövr dolandırırdı.Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. Tutu çox qara və çirkin idi. Anası ona körpə vaxtından «Qaraca qız» deyib əzizlədiyinə görə əsil adı unudulub hər kəs onu bu adla çağırırdı. Qaraca qız çox nadinc idi və özü qız uşağı ikən qızlarla oynamağı, sevməzdi, həmişə oğlan uşaqları ilə oynayardı. Uşaqlar Qaraca qızdan qorxardılar, çünki o çox cür’ətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız həmişə zəifin tərəfini tutardı. Hər zaman anası onun nadinçliyindən qonşulara şikayət edib deyərdi:

52 min
Əşrəf

Sevimli şakirdim Əşrəf Babayeva ithaf*Hacı Səməd şam namazını yenicə qılıb qurtarmışdı. Məhəmməd və Fatma da yemək otağında nazik və həzin bir səslə «Mən bir türkəm, elim-obam uludur» mahnısını oxuyurdular. Hacı Səməd bir müddət onlara qulaq asıb, sonra içəri girdi. Uşaqlar dərhal səslərini kəsib, qalxdılar. Hacı Səməd dedi:

26 min
Şahsənəm və Gülpəri

Bir pərdədə üç şəkilli piyes*1921*

1 min
Birinci şəkil

Pinəçi Qafarın otağı. Yoqsul, zəhmətkeş otağı mənzərəsi.Pinəçi Qafar** (Başmaq yamayarkən oquyur. Şahsənəm də tikiş tikir).

5 min

Poems by other poets