Page 2 of 3 · 33%

Usta İman. Odu mənə bu kafir oğlu vurmuş. Səninki lazım gəlməz. Arvad—cinatdel, oğul—komsomol, qız—pənirkə. Bu cəhənnəm deyil bəs nədir?

Səlimə. Sən bizə sənələrcən cəhənnəm odu çəkdirmisən. Biz ki sənə bir şey etməmişik.

Usta İman. Tələsmə, vaqt gələr yenə ixtiyarı əlimə alaram, onda sizə göstərərəm.

Allahqulu. Bilirik, çoq sənin kibi məşədi, kərbəlayılar əllərini göyə qaldırıb dua edirlər ki, Şura hökuməti yıqılsın. Fəqət Antanta kibi nərlər yıqa bilməyən bir hökuməti, sizin kibi məşədilər yıqa bilməz. Proletariatın parlaq günəşini sizlər kibi yarasalar söndürə bilməzlər.

Səlimə. A kişi ey, baq dilini farağat qoy. Yoqsa Zenotdelə xəbər verərəm. Səni dutub Çeqaya salarlar.

Usta İman. Ay arvad, sən də qalmaqal axtarırsan. Külfət söhbətidir edirik. Bunun cinatdelə nə dəxli var.

Səlimə. Çoq dəxli var. Sənin kimilər ya gərək Şura hökumətinə tabe olalar, ya da itilib hansı ölkəyə istəyirlər gedələr.

Usta İman. Yaqşı ay arvad, onu da edərik, daha acığın dutmasın.

Səlimə. Nece acığın dutmasın, o günü qızın kitab pulu istəyir, deyirsən itil cəhənnəmə. Bəs belə atalıq olar?

Usta İman. Axır mən başı külli nə edim? Kitab bir olar, iki olar, yoqsa on yaşında qıza altı-yeddi kitab lazımdır. Bu da sizin şura məktəbiniz. Yazıq qızın başın doldururlar ki, yer belə fırlanır, ay, gün belə fırlanır. Bəh, bəh bu da elm oldu. Onları yaradan istər belə fırladar, istər tərsinə fırladar. Ya da heç fırlatmaz. Bunun balaca qızlara nə dəxli var. Canım nə üçün allahın işinə qarışırsınız? Allahın səbri çoq isə də qəzəbi də az deyil. Axırda təngə gəlib ikinci dəfə tufan edər. Bu küfrə mürtəkib olmuş ölkəni suya qərq edər. Deyər indi yer hansı tərəfə fırlanır?

Allahqulu (qəhqəhə ilə gülür.) Ha-ha-ha... atacığım belə mevhumat ilə sizləri aldatmışlar; elə naqıllara biz ancaq gülürük.

Usta İman. Nuhun oğlanlarından biri də sənin kibi tufana inanmırdı, gülürdü, dalqalar içində boğulanda inandı ki, allah da varmış, onun qəzəbi də.

Məhəmməd Rəhim (daxil olur). Usta əmi, Xorasan yoldaşlarının dükana xəbər göndərmişlər ki, saat beşdə İrana böyük paraxod gedir. Pəncşənbə gününə qalmaq istəmirlər. Saat da xoşdur. Getmək istəsəniz hazırlaşın.

Usta İman. Əlbəttə istəyirəm, sən get dükanı baqla, tapşırdığım şeyləri al gətir ki, İranda satıb yol xarcımı çıqardım. Daha durma vaqt azdır.

Məhəmməd Rəhim. O tapşırdığın şeylərdən süvayı başqa mal alımmı?

Usta İman. Xayır, xayır.

Məhəmməd Rəhim. Ancaq sən də hazır ol. Vaqt azdır. (Çıqır.)

Usta İman. Arvad, dur sən də tuman-köynək, yorğan-döşək hazır et.

Səlimə (istehza ilə). Usta İman, ziyarətin qəbul olsun. Bəs bu evi kimin umuduna qoyub gedirsən?

Usta İman. Cinatdel arvadımın, komsomol oğlumun, pənirkə qızımın umuduna.

Allahqulu. Anam doğru deyir. Sən ailənə zülm edirsən. Özün bilirsən ki, mənim sənə ehtiyacım yoqdur. Həm qulluq edirəm, həm də oquyuram. Öz zəhmətim ilə özümü dolandırıram. Evə də kömək edirəm. Lakin bu nə ziyarət bazlıqdır. Nə üçün zəhmət ilə qazandığın pulları aparıb Xorasan lotularına yedirirsən?

Səlimə. Oğlum, sən elə bilirsən bunun məqsədi ziyarətdir? Xayır bu Məşədə kefə gedir.

Usta İman. Arvad günah etdin, əstəxfar et. Mən ağamın qulluğuna gedirəm.

Səlimə. Xayır sən ağanın yava kənizlərini siğə etməyə gedirsən.

Usta İman. Arvad nə sarsaq-sarsaq danışırsan? Əyər mənə e’tibar etmirsən bismillah buyur səni də aparım.

Səlimə. Ay ey, kül başına. Sən elə fikir edirsən ki, mən qısqancılıq edirəm? Bəli sənin gül cəmalına, sərvi-qamətinə aşiqəm.

Usta İman. Aşiq olsaydın gedib cinatdel olmazdın.

Səlimə. Əlbəttə siz məşədi-kərbəlayılar Zenotdeli sevməzsiniz; çünki arvadlarınıza etdiyiniz zülmün qarşısını o alır.

Allahqulu (ayağa qalqaraq). Ata mən yaçeyqaya gedirəm.

(Səlimə o biri odaya gedir.)

Usta İman. Bəs məni ötürməyə gəlməyəcəksən?

Allahqulu. İclasımız tez qurtarsa gələrəm.

Usta İman. Sənin o sabrannın mənim ziyarət səfərimdən əfzəldir ki, qalmaq istəmirsən?

Allahqulu. Əlbəttə, min qat əfzəldir. Biz yeni dünya, yeni həyat qururuq. Sən və sənin yoldaşların da əski dünyadan bərk-bərk yapışıb bizə mane olursunuz.

Usta İman. Siz yeni dünya tikmirsiniz, insanları əski bütpərəstliyə, daha doğrusu dinsizliyə də’vət edirsiniz.

Allahqulu. Səndən mübahisə etməyə vaqtım yoqdur, get imama yalvar ki, tezlik ilə bizi yıqsın. Yoqsa biz sadiq bəndələri də yoldan çıqardacayıq. (Çıqır.)

Usta İman (yalnız). Arvad—cinatdel, oğul—komsomol, qız—pənirkə, heç bilmirəm imam həzrətləri mən günahkar atanın taqsırından keçəcəkdirmi?

Məhəmməd Rəhim (əlində bir dolu xurcun daxil olur). Usta əmi tapşırdıqlarının hamısını əmələ gətirdim. Lakin malları sən deyən qiymətə ala bilmədim. Dükancılar malın qiymətini artırmışlar.

Usta İman. Vay allah sizin insafınızı kəssin. Bidin uşaqları bidin. Elə qanunxoz yaqşı eləyir ki, bu alverçiləri sıqır. Beş kəpiyə aldıqları malı bir manata satırlar.

Məhəmməd Rəhim. Puldan da bir az kəm oldu. Məşədi İbrahim yüz manat əvəzinə altmış manat verdi, dedi: əldə pulum ancaq budur. Usta İman ziyarətdən qayıdınca yerdə qalanı da hazırlayıb evə verərəm.

Usta İman. Eybi yoqdur. O düz adamdır. Ancaq alanda özündə saqla, evə vermə. Cümlətanı necədir?

Məhəmməd Rəhim. Altı yüz əlli manatdır. (Cibindən çıqarıb sanıyır. Nazlı daxil olur.)

Nazlı (Məhəmməd Rəhimə). A kişi dayıma pul ver, Xorasandan mənə ipək yaylıq alsın.

Məhəmməd Rəhim. Pulum yoqdur. Bunlar dayının puludur. İrandan mal alacaqdır.

Nazlı. Bəs mənim başım yaylıqsız qalsın?

Məhəmməd Rəhim. Hələlik kəhnəsilə dolan. Sonra alaram. (Pulları usta İmana verir.) Buyurunuz, düz altı yüz əlli manatdır.

Usta İman (pulları sanarkən). Bacı qızı sənə yaylıq da alacağam, başqa sovqat da. Ancaq bu evdən, eşikdən müqayat ol. Yoqsa o dinsizlər mən gəlincə evi soyacaqlar. Bir də mənim arvadıma qoşulub cinatdel olma.

Nazlı. Dayıcan, doğrudur məni də yoldan çıqarmaq istəyirlər, lakin arxayın ol, mən elə iş etmərəm ki, sizə binamusluq gəlsin.

Məhəmməd Rəhim. Elə bir balaca o yan-bu yan elədin o saat kəbinini verib evdən qovacağam.

Usta İman. Nazlı mənim namuslu, bacımın qızıdır. O pis iş etməz. (Çəl qapı döyülür.)

Məhəmməd Rəhim. Nazlı o biri otağa keç. Yəqin axund Rəhmətulla ilə hacı İsmayıldır. (Nazlı yan qapıdan, Məhəmməd Rəhim orta qapıdan çıqırlar, sonra axund Rəhmətullah, hacı İsmayıl, dalarınca Məhəmməd Rəhim daxil olurlar.)

Rəhmətullah. Səlamün əleyküm.

Usta İman. Vəəleyküməssəlam. Çoq xoş gəlmisiniz, buyurunuz, buyurunuz. (Otururlar.)

Hacı İsmayıl. Nə yaqşı oldu ki, Məhəmməd Rəhim ilə görüşdük. Yoqsa sizin görüşünüzdən məhrum olacaqdıq.

Usta İman. Züvvar bu axşam çıqır. Mən də yoldaşlardan ayrılmaq istəmirəm.

Rəhmətullah. Çoq gözəl, bu gün saat xoşdur və bir də buyurmuşlar ki, züvvar nə qədər məkanından tez çıqsa, bir o qədər səvabı artıq olar; çünki zair niyyət baqladığı saatdan ağası onu gözləyir. Başqa kitabi-müqəddəsdə yazmışlar ki, xüdavəndi-aləm elə əcələ edən zairin hər bir dəqiqəsinə behiştdə bir huri, hər bir saatına bir qılman bəxş edəcəkdir.

Hacı İsmayıl. Cənabi-axund ələlxüsus ki, belə küfr zamanında.

Rəhmətullah. Bəli, bəli.

Hacı İsmayıl. Usta İman, bu divarlardakı şəkillər kimdir?

Usta İman. Dinsiz bolşeviklərin rəhbərləridir.

Rəhmətullah. Onları nə üçün evdən asmısan? Məyər bilmirsənmi ki, bu otaqda namaz qılmaq caiz olmaz.

Usta İman. Nece bilmirəm, yaqşı bilirəm. Lakin nə edim, arvad cinatdel, oğul komsomol, qız pənirkə. Mən başıma nə kül töküm? Qurban olduğum allahın da səbri çoq.

Rəhmətullah. Bəli səbri çoqdur, lakin bəlası da az deyil. Nece oldu qevmi-Ad? Nece oldu Lut əhli? Hamısının bir türfətil-eyndə fot etdi.

Hacı İsmayıl. Axund, bu bolşeviklər belə məşhur tarixləri məgər oqumurlar?

Rəhmətullah. Ay hacı, mən tarix sözü demirəm ki ona şübhə edələr. Mən qur’anın lap ortasından səyləyirəm.

Usta İman. Ay axund, sən nə danışırsan? Onlar allahı, peyğəmbəri, imamı, qur’anı, kitabı, hamısını inkar edirlər. Sən onlara nə qandıracaqsan?

Hacı İsmayıl. Onlarla mübahisə etmək də günahdır.

Rəhmətullah. Doğru buyurursan. O kafirlərin sözlərini də ağıza almamalı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets