Ey pərisima, sənin didarının müştaqiyəm,Zülfü ənbər buylu, gül rüxsarının müştaqiyəm,Gərdənində asılan şahmarının müştaqiyəm,Şux qəmzə, nərgisi-xumarının müştaqiyəm,Şol sənubər qəddü xoşrəftarının müştaqiyəm.

Qaşların tağın qoyub, qeyri hilalə baxmaram,Arizindən göz kəsib, ol vərdi-alə baxmaram,Xeyli heyranam sənə, özgə cəmalə baxmaram,Tutinin ağzındakı şəkkər məqalə baxmaram,Mən sənin şirin-şirin göftarının müştaqiyəm.

Hər yetən naməhrəmi özünə məhrəm eyləmə,Yar, mənə qan ağladıb, əğyarı xürrəm eyləmə,Özünü söz bilməyən nafəhmə həmdəm eyləmə,Zülm qıl, canımdan ol azarını kəm eyləmə,Şadiman eylər məni, azarının müştaqiyəm.

Olmasa bir ləhzə gər qəddin nəzərgahım mənim,Asimani-niligunu titrədər ahım mənim,Mən sənin bir çakərin, sənsən gözəl şahım mənim,Könlümü zülmatə salmış hicrin, ey mahım mənim.Gəl ki, şimdi ruyi-pürənvarının müştaqiyəm.

Vaqifi öldürdü ol məhrulərin pərvizəsi,Bağrıma müjganının sancıldı tirü nizəsi,Zəxmi-sinəmdən töküldü üstüxanım rizəsi,Ey Qarabağın yeni açmış güli-pakizəsi,Xəstəyəm, qoynundakı ol narının müştaqiyəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets