Sevdiyim, ləblərin yaquta bənzər,Sərasər dişlərin dürdanədəndir.Sədəf dəhanından çıxan sözlərinHər biri bir qeyri xəzanədəndir.

Nədəndir sözümə cavab verməmək?Həm camal gizləyib, üz göstərməmək.Gecələr gözlərim xabı görməmək,Ol siyah nərgisi-məstanədəndir.

Mən ha səni nuri-ilahi sannam,Camalının şöləsinə dolannam,Atəşinə mərdü mərdanə yannam,Bu xasiyyət mənə pərvanədəndir.

Bir namə yazmışam can üzə-üzə,Badi-səba, apar sən o gül üzə,Soruşsa yar ki, bu kimdəndir bizə?Söyləgilən: — Sizin divanədəndir.

Xumar-xumar baxmaq göz qaydasıdır,Lalə tək qızarmaq üz qaydasıdır,Pərişanlıq zülfün öz qaydasıdır,Nə badi-səbadan, nə şanədəndir.

Müştaqdır üzünə gözü Vaqifin,Yolunda payəndaz üzü Vaqifin,Sənsən fikri, zikri, sözü Vaqifin,Qeyri söz yanında əfsanədəndir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love