Məndən sual edirlər: nə əcəb neçə vaxtdır ki, nə yazmıram, nə danışmıram?

Qardaşlarım! Yazmağa qolum yorulub, danışmağa dilim bağlanıb. Əhvalım pərişan, ciyərim şan-şan... Necə ki qanadı sınmış quş uçmağa qadir olmuyub, yerdə tək qanad döyüb sürünər, necə ki, beli əzilmiş, başını gah sağa, gah sola çırpar, mənim də halətim o cürə olubdur... Hal-hazırımızı xəyala gətirib başımı gah sağ dizim üstə, gah sol dizim üstə qoyuram, zor verirəm ağlamağa və keçən babalarımıza yaman deməyə... Lənət oxuyuram o rəislərimizə ki camaatı cəhalətdə, avamlıqda saxlayıb, “dünya beş gündür, beşi də qara” – deyib, ancaq eyş-işrətə məşğul oldular... Necə heyvanlıq, necə bədbəxt halət!.. Rəisimizə baxınız, ruhanilərimizə baxınız... Əlim yorulmuş, dilim bağlı, nə deyim?.. Bircə dəfə, bağışlayınız, bir evdə bir cənaba rast gəldim (keçən vaxtın əhvalatıdır).

– Ağa, təşrifiniz?

– Bəndə Təbrizdən gəlmişəm, dost-aşnaları ziyarət etməyə (pul yığmağa).

Uzun donlu, saqqalı sığallı ağam ilə söhbət imiz xeyli səkdi. Əzon cümlə buyurdular:

– Mənim mərhum atamın “bir təsbihdən bir dənə artıq, ya bir dənə əskik övrəti var idi”.

Bu sözləri eşidib “bərəkallah sənə də və mərhuma da!” – deyib, qalxdım ayağa, ərz etdim:

– Bir vilayətin ki belə rəisi və belə ruhaniləri ola... o vilayət xaraba qalmaya bilməz idi. Necə ki xaraba da qalıb. Xudahafiz, atam...

Üz qoydum mənzilə. Amma necə halətdə?.. Bir tərəfdən yaman dedim, bir yandan göz yaşı tökdüm...

“Yeni İrşad” qəzeti, 11 noyabr 1911, №62

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets