Dördüncü məclis
Vaqe olur qaranlıq gecədə, Fəxrəddin bəyin mənzilinin qabağındakı bağçada. Pərdə qalxandan sonra Şahmar bəy gəlir, əlində tüfəng.
Şahmar bəy. Yamanca qaranlıqdır, göz-gözü görmür. (Ətrafa baxır.) Hacı Murad, Xəlil... (çağırır.) Birisini diri tuta bilsəydik, nə yaxşı olardı?.. Onda Rüstəm bəydən bir dəfə xilas olardıq. Tutan kimi düz aparıb şəhərdə divan əlinə verərdim. Rüstəm bəyi qarışdırardım işə, necə ki, o mənim əmilərimi işə saldı, qulaqları cırıldaya-cırıldaya gedərdi, biryolluq canımız qurtarardı... Hacı Murad! (Çağırır.)
Hacı Murad, Xəlil gəlirlər.
Şahmar bəy. Uşaqlar, nə var, nə yox?
Xəlil. Ağa, hələ ki bir şey yoxdur, amma yamanca qaranlıqdır, iki qədəmdə adamı seçmək olmur.
Hacı Murad. Bircə elə hənirtidən bilmək olar ki, yaxında adam var. Allah eləsin ki, bu gecə gəlsinlər.
Şahmar bəy. Əgər birisini diri tuta bilsəydik, çox yaxşı olardı. Ancaq, Allah xatirinə, özünüzü gözləyin, yoxsa birinizi vursalar, gərək biz papaq qoyub çölə çıxmayaq.
Hacı Murad. Qurbanı öyrətmişəm ki, onlar yaxın gələndə naqafil ayı kimi bağırsın “kimsən?” Onda həriflər bir balaca özlərini itirəcəklər, o dəqiqə birinin allam üstünü, qoymaram gözün aça, boynunun ardına bir-iki döşərəm, tərpənə bilməz, o saat səriyərəm qollarını. Qurtardı, getdi.
Şahmar bəy. Əgər bacarsan, çox yaxşı olar... Yatmayın, bəlkə gec gəldilər, özünüzü gözləyin. Necə ki düzmüşəm, elə qaydada dursunlar. Hərgah ot tayasını yandırmaq istəsələr, mane olmayın, qoyun yandırsınlar.
Xəlil. Ağa, Hacı Rəsulun çəpəri tərəf adamımız yoxdur. Səməd kişinin evi tərəf də qorxuludur.
Şahmar bəy. O tərəfdən cürət edib gələ bilməzlər, ancaq Hacı Rəsulun çəpərində adam qoymaq gərək.
Xəlil. Gərək mən özüm orada duram. Hərgah o tərəfdən gələn olsa, çünki dalı çox bərkdir, tuta bilməyəcəyəm, elə ataram qalar yerində.
Şahmar bəy. Çox yaxşı, dəxi durmaq yeri deyil. Gedin görək Allah nə istəyib. Sərhesab olun, özünüzü gözləyin. (Gədələr gedirlər.) Mən Fəxrəddinə deyəndə ki, qardaş, sən bu xarabanın işini bilməzsən, burada müsəlmanlar haqq-nahaq bir-birinin qanın içirlər, mənə inanmırdı, indi özü düşüb əl-ayağa! Bəs necə, oğlan, elə bilirsən ki, biz burada asanlıqla çörək yeyirik? Bizim yer Almaniyadır? Bundan sonra bilərsən ki, bu vilayətdə baş çıxarmaq böyük hünər istər.
Fəxrəddin bəy (daxil olur, əlində tüfəng). Xaraba qalasan, vilayət! Mən, Fəxrəddin, tüfəng? Nə eləyəsən? Qudurmuş itlərdən lazımdır ki, özünü mühafizə eləyəsən... Bir adam ki, heyvandan seçilməyə, ondan əlbəttə qorxmaq gərək.
Şahmar bəy (təbəssümlə). Hm! Fəxrəddin bəy, bizim vilayət ilə Almaniya necədir, bir-birinə bənzəyirmi?
Fəxrəddin bəy. Yalansa xaraba qalsın sizin vilayət! Hələ bir şey yoxdur ki, ay Şahmar?
Şahmar bəy. Hələ ki, xeyr. Hərgah gələn olsa, kənarda bir gədə qoymuşam, it kimi hürəcək, bizi xəbərdar eləyəcək.
Fəxrəddin bəy. Qoşunkeşlikdə belə dolanmazlar ki, biz bu neçə gündür dolanırıq. Belə də vəhşi, nadan tayfa olar? Gecə-gündüz yuxusuz, hər bir saatda gözlüyürük ha budur evimizi odlayacaqlar, gülləbaran edəcəklər.
Şahmar bəy. Bəs biz nə edək ki, tamam ömrümüz belə keçir?.. Darıxma, Fəxrəddin, Allah kərimdir. Ancaq, qardaş, belə işlər sənin işin deyil, sən get arxayın yat.
Fəxrəddin bəy. Əlbəttə, gedib yatacam, ancaq buraya gəlməkdə qəsdim səni görüb tapşırmaqdır ki, olmaya-olmaya bir adam yaralana... Hərgah bir adama güllə dəysə, Şahmar, elə bil ki, o güllə mənim gözümə dəyib. Bax, Allah xatirinə, qan tökməyin, səy eləyin qaçsınlar, getsinlər.
Şahmar bəy. Sən get arxayın yat, qoymaram xəta ola... Elə gördülər ki, biz sərhesabıq, özləri qaçarlar; qorxma, qoymaram adam vurula.
Fəxrəddin bəy. Allah amanında... Mən gedirəm, ancaq mən ölüm, Şahmar, tapşır ki, vurmasınlar. Eşidirsənmi, mən ölüm deyirəm ha!..
Şahmar bəy. Qorxma, qoymaram, arxayın ol. Gecə yarıdan keçib, get yat.
Fəxrəddin bəy. Hərgah yatmaq mümkün olsa. Yaxşı, xudahafiz. (Gedir.)
Şahmar bəy. Xoş gəldin... Birdən elə dəli qudurmuş Rüstəm bəy özü gələ və ələ düşə, nə qəribə iş olar?.. Hər nə desən çıxar o kişidən, beş vaxt namazdan savay... (Səktə.) İş bilməmək belə olar a... Yalvarır ki, qoyma adama zəfər yetişə. Bəli, biz onları vurmayaq, onlar bizi qırsınlar... Yaxşı məsləhətdir vallah... Görək, Allaha pənah. (Gedir.)
Şahmar bəy gedəndən bir az sonra Fərhad və Məhərrəm daxil olurlar, xoflu, yavaşdan danışırlar bağçada, əllərində tüfəng.
Fərhad. Keçəl! Şeytanın ağlına gəlməyən iş sənin ağlına gəldi... Nərdivanı harada qoydun?
Məhərrəm. Çəpərə söykəmişəm... Təpil, təpil! Bax, bax! Fəxrəddin bəy bu özüdür, şamı yandırıb kitab oxuyur, bədbəxt, əcəl girləyir... Mən ölüm, hələ tələsmə, qoy görək nə qayıracaq... Kitab oxuyur, şəklə baxır; yəqin Səadət xanımın şəklidir.
Fərhad. Tamaşa yeri deyil, qardaş! Tutarlar, sən öləsən dərimizi boğazımızdan çıxardarlar, qurtar gedək!..
Məhərrəm. Bağ içində bizi kim görə bilər? Mən ölüm, bir az səbr elə. Afərin oğlan, pəh, pəh, pəh!..
Fərhad. Belə dur görüm aa. Qoy yatırdım gedək, sonra tərif elərsən!
Məhərrəm. Mən ölüm səbr elə... A gədə, sən nə qorxaqsan?! Bel bağ içində, belə qaranlıqda adam görmək olar, adam tutmaq olar?!
Fərhad. Bu canım ölsün ki, ya sən dəli olubsan, ya bizi əcəl girləyib... Bircə fikir elə gör haradasan, məqam nə məqamdır!
Məhərrəm. Sən nə ağciyər adamsan, Fərhad, qoy bir tamaşa edək, görək Səadət xanımın ruhi-rəvanı necə oğlandır. Maşallah, afərin, həqiqətən gözəl oğlandır!..
Fərhad. Pa-a-a, olmadı ki!.. Bəsdir, rəng-rəng danışma, sən Allah, qoy tamam eləyim gedək.
Məhərrəm. Mənim əlim qurusun əgər belə cavana mənim əlim qalxsa. Heyf deyil? Adam gərək onda Allahsız olsun.
Fərhad. Məhərrəm, Allaha bax, bu yer naz-qəmzə yeri deyil.
Məhərrəm. Mən ata bilmərəm, əlim qurur.
Fərhad. Əstəğfürullah! Sən belə dur, gör mən onu necə yatırdıram!
Məhərrəm. Olmaz, qoymaram heç vaxt! Əllərimi kəssən, dişlərimlə tutub qoymayacağam, vəssalam!
Fərhad. Bəs nə üçün məni buraya gətirmisən?! Yəqin ki, mənlən düşmənçiliyin var?
Məhərrəm. Uzun danışma, Fərhad, ağıllı danış! Sənə deyirəm qoymaram, qoymaram, vəssalam!
Fərhad. Bircə de görüm Cahangirə nə cavab verəcəksən?
Məhərrəm. O sənin borcun deyil.
Fərhad. Belə məlum olur ki, sən bizə yoldaş deyilsən, bəlkə hələ...
Məhərrəm. Baş aparma, Fərhad, adam kimi danış...
Kənarda tüfəng atəşinin səsi gəlir, Foxrəddin şamı söndürür, Məhərrəm və Fərhad qaçırlar.
Xəlil. Tərpənmə, tərpənmə boynunu sovurram!
Şahmar bəy. A gədə, qoymayın. Qabaqla! Hara qaçırsan? Qoymayın, ay gədə!
Hacı Murad. Tutun, ay gədə, qoymayın, getdi. (Tüfəng səsi.)
Xəlil. Tüfəngi elə atmazlar, al gəldi. (Tüfəng səsi.)
Hacı Murad. Tutmuşam, gəl ay gədə! Tərpənmə! Tərpənmə, öldürdüm! Hara tərpənirsən? Öldürrəm bu saat!
Xəlil. O birisi necə oldu, ay gədə? At qalsın yerində, qoyma qaçdı!
Şahmar bəy. Qorxma, gəldim... Buraxmayın! Bağla qollarını!.. O birisi necə oldu, ay uşaqlar?..
Xəlil. O birisini apardılar. (Tez-tez tüfəng atılır və səs uzaqlaşır.) Qoymayın, apardılar!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-musibeti-fexreddin-dorduncu-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur Fəxrəddin bəyin mənzilinin qabağında olan bağçada.*Əhməd** (ətrafa baxa-baxa gəlir). Ay bivəfa puç dünya! Bu az müddətdə gör necə gözəl oğlanlar bada gedib. Rəşid bəy getdi, Mahmud bəy getdi, Vəli kimi əjdaha qalada axırıncı yaradan tələf oldu getdi... Cahangir bəyin yurd-yuvasını dağıtdılar, canı dustaqxanada çürüyür. Rüstəm bəy kimi pəhləvanın beli bükülüb, özü dönüb bir yumağa... Bu nə gündür mən özüm çəkirəm, bu nə candır mən özüm saxlayıram?! Yurdum itib, yuvam dağılıb, olmuşam qaçaq, gecə-gündüz bir saat bir yerdə otura bilmirəm... Dərd bilənlər getdi, dost-aşna getdi, mən tək qalıb nə olacağam?! Əhdimə vəfa elərəm, ondan sonra
Balaca mütəfərriqələr 1– Yahu, ya Allah, salam əleyküm. Əhvali-şərif? Oğlan, nə əcəb “Həyat”ın rəsmi-güşadına, yəni açılmasına təşrif gətirməmişdiniz?– Bana priqlaşeniye göndərməmişdilər və bir də, vallah, zanyatiyam o qədər çoxdur ki, sən öləsən abed də yadıma düşmür... Danış görək nə var idi, yaxşımı keçdi? Reç-zad deyən oldumu?
Balaca mütəfərriqələr 2Neçə gün bundan əqdəm bir cavan rast gəlib məndən sual etdi:– Ağa Dərviş, yer üzündən məgər insaf bilmərrə yox olub? Nəfsi-müsəlman nə deyilən sözdür, ağa Dərviş? Rəhm, mürüvvət, insaniyyət göyəmi qaçıblar?
Balaca mütəfərriqələr 3Bu gün də əlimdə nacağ məddah keçib bir evin darvazasının qabağında dayandım. Bir nəfər cavan sədamı eşidib, əlində “Baku” qəzetinin 52-ci nömrəsi mənə yavıqlaşıb, məndən sual etdi:– Ağa Dərviş, siz bilərsiniz, bu necə xəbərdi, bu qəzetdə yazıblar ki, guya bir neçə nəfər adamlar təəccübanə libaslarda döşlərində ərəbi yazılmış nişanələr, başlarında əmmamə, Balaxana kəndində müsəlmanlar arasında görünüblər. Qəzetin yazmağına görə, bu növ şəxslər Naxçıvan fəqərəsində həm olublar.
Poems by other poets
Səfheyi-mülk cahanda xalə bənzərdir Vənd,Basəfalıqda behişt ilə bərabərdir Vənd
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Rubaiyat, 90بس غصه که از چشمهٔ نوش تو رسیدتا دست من امروز به دوش تو رسید
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara