Page 1 of 2

Əhvalat vaqe olur həmin evdə. Hacı Fərəcin kantorunda. Hacı Fərəc, Güldəstə əyləşiblər səndəl üstündə.

Hacı Fərəc. Güldəstə! and olsun Məkkəyə, Mədinəyə, yüz iyirmi dörd min peyğəmbərə, on iki imama, Qurani-əzimə, and olsun atamın ərvahına, səni mən qızıla, ləli-cəvahirə münəvvər elərəm. Qurtar mənim işimi... Səndən ruhpərvər cavab gözləyirəm, qızım.

Güldəstə. Bu halda mən sizə nə cavab verim, hacı? Mümkündürmü? Balaqardaşın təziyəsi hələ qurtarmayıb. Əlavə, camaat arasında danışıq var ki, onun ölməyinə bais də siz olmuşsunuz. Layiqdirmi sizə bu halda Zinyət xanımı almaq fikrinə düşmək?

Hacı Fərəc. Mən özüm də onu fikir etmişəm, ancaq nə lazım olub o işi biz aşkar görək?.. Çağırram bir kənd mollasını, mən öz vəkilim, Kərbəlayı Rəcəb Zinyət xanımın vəkili, kəbini kəsilər, qurtardı getdi... Yaxşı pul verərəm, mollaya tapşıraram heç kəs bilməsin, vəssalam.

Güldəstə. Bir iş də var, hacı. Axır mən Zinyət xanım ilə hələ danışmamışam. Doğrudur, bir balaca qandırmışam, ancaq qəti surətdə aramızda bir söz olmayıb.

Hacı Fərəc. Ay qız, sən mənim lap belimi sındırdın ki! Necə hələ danışmamısan? Mən sənə yalvardım, sən də mənə söz verdin... İndi də belə? Bu olmadı ki...

Güldəstə. Mən elə genə öz sözümün üstündə durmuşam... Ay hacı, insafın olsun. Axı yazıq qız heç qara libasını çıxartmayıb. Mən ona necə deyim ki, hacının fikri budur? O belə fikir edir ki, heç bir namusu olan şəxs qardaşının yerinə girməz. Onun heç ağlına gəlmir ki, siz o işə iqdam edərsiniz. Ona görə bizim o barədə danışmağımızı zarafat hesab edir.

Hacı Fərəc. O fikir nahaq fikirdir. Çünki peyğəmbərimiz o yolu qoyub məhz ondan ötrü ki, dövlət yad əlinə keçməsin, keçib bərbad olmasın... Mən Kərbəlayı Rəcəbə tapşırmışdım bilsin Zinyət xanım bu işə necə baxır.

Güldəstə. Hacı, bəlkə Kərbəlayı Rəcəb ona bir söz deyib? İstəyirsiniz çağırım gəlsin, soruşunuz. (Güldəstə gedir.)

Hacı Fərəc (tək). Bu saat məndən suvayı müştəri yoxdur... Amma iş təxirə düşsə, təzə müştərilər meydana çıxa bilər. Zalım Zinyət xanım gəlmir ki, onunla rubəru danışam. Onda heç kimə yalvarmazdım və bir belə də xərc özümə vurmaz idim. İşin bu hala düşməsinə bais o şeytan Güldəstədir. Zinyət xanımı görmək üçün nə kələk qurdumsa, zalım qızı elə dəlillər gətirdi ki, qaldım mətəl, söz də tapıb deyə bilmədim. Hər nə isə, yamanca şeytandır.

Kərbəlayı Rəcəb, Güldəstə gəlirlər.

Kərbəlayı Rəcəb. Hacı Ağa, nə buyurursunuz?

Hacı Fərəc. Kərbəlayı, o iş ki, mən sənə tapşırmışdım, necə oldu? Varmı səndə bir xəbər?

Kərbəlayı Rəcəb. Hacı, özünüz bilirsiniz ki, mən bir təmiz adamam, yalan bilmərəm, həllə-hüşlük bilmərəm, oğurluq bilmərəm, Allah vara bu ev dolu qızıl olsun.

Hacı Fərəc. Uzaq getmə, kərbəlayı, mətləb üstə gəl. Qadan alım, mətləb üstə gəl. Söylə görüm Zinyət xanıma nə dedin? Cavabında nə eşitdin?

Kərbəlayı Rəcəb. Hacı, dərdin alım, nöşün belə kəmhövsələ olmusan?

Hacı Fərəc. Kərbəlayı, qadan alım, mətləb üstə gəl... Təvəqqe eləyirəm uzaq getmə...

Kərbəlayı Rəcəb. Baş üstə, mətləb üstə gəlirəm. Dedim Zinyət xanım, il keçdi, sən gəl bu qara libası çıxart, özün də get bir Allah bəndəsinə, elə adam olsun ki, səni və balanı gözləri üstə saxlasın.

Hacı Fərəc. Bərəkallah, afərin kərbəlayı! Belə de! De qoçum, de! Məni şad elə!

Kərbəlayı Rəcəb. Dedim Zinyət xanım, Rzaqulu və Balaqardaş namünasib cavanlar idi, hər ikisi badi-fənaya getdilər. Meydan qaldı xali... Sizə bir dünyagörmüş, təmiz, namaz qılan adam lazımdır...

Hacı Fərəc. Canını qurban etməyə hazır olan, filankəs kimi.

Kərbəlayı Rəcəb. Xeyr, hacı, ad çəkmədim, amma özü dedi, yəni Hacı Fərəc kimi, həəə?.. Dedim bəs necə, o kişini sən nə hesab edirsən? Hacı Fərəc kimi qoçaq yer üzündə tapılmaz.

Güldəstə. Yavaş görüm, kərbəlayı, mən harda idim, sən Zinyət xanımla bu naziklikdə söhbət edəndə?

Kərbəlayı Rəcəb. Sən getmişdin balaca Yusifin yanına, Hacı Fərəc.

Hacı Fərəc. Güldəstə! Bajaliska, qarışdırma. Qoy kişi sözünü tamam eləsin. Yaxşı, kərbəlayı, de görüm Zinyət xanımın axır sözü nə oldu?

Kərbəlayı Rəcəb. Axır sözü belə oldu ki, qoy hacı məhkəmədə olan işini qurtarsın, sonra mən ona cavab verərəm.

Hacı Fərəc. Müxbir oldum, gedə bilərsiniz. (Güldəstə, Kərbəlayı Rəcəb gedirlər.)

Hacı Fərəc (tək). Bu xətakünlər hər ikisi məni oynadırlar. Danışıqları başdan-ayağa yalan... Mən özüm Zinyət xanım ilə dizbədiz oturub danışmasam, iş düzəlməyəcək. Sabah, Allah qoysa, düz gedib girrəm otağına, öz təklifimi ona elərəm. Ümidim var ki, rədd eləməz.

Mahmud bəy. Hacı, izin ver gəlməyə?

Hacı Fərəc. Buyura bilərsiniz.

Mahmud bəy (daxil olub). Salam əleyküm!

Hacı Fərəc. Əleyküm salam! Buyuruz əyləşiz.

Mahmud bəy (əyləşib). Hacı, bir işdən ötrü gəlmişəm qulluğunuza.

Hacı Fərəc. Necə işdir? Buyuruz görüm!

Mahmud bəy. Hacı, siz qəyyum olandan sonra ədliyyə məmuru gəlib mərhum Ağa Heydərdən qalan varidatı siyahıya alıb və cənabınız da o siyahıya qol çəkib. Mülkləri və cəmi sərmayəni ixtiyarınıza almısınız. Mən, necə ki, Zinyət xanımın vəkili, sizdən mədaxil və məxaricin hesabını tələb edirəm...

Hacı Fərəc. O hesabı mən vermişəm ədliyyə idarəsinə, dübarə sizə hesab vermək mənim borcum deyil.

Mahmud bəy. O hesabı mən görmüşəm. Hacı, o hesab dürüst deyil.

Hacı Fərəc. Necə dürüst deyil? Elə dürüstdür ki, heç olmayan kimi.

Mahmud bəy. Hacı, buyuruz görüm bankdan aldığınız yüz altmış min manatı nə işdən ötrü məsrəf etmişsiniz? Əlavə, Rüstəm baqqalın oğlundan aldığınız doxsan min manatı haraya vermisiniz?

Hacı Fərəc. Başağrısı vermək lazım deyil, hər nə var, o hesabda yazılıb...

Mahmud bəy. Hacı, mən ancaq dünən bilmişəm iş nə haldadır. Kərbəlayı Qulam xəbər verib. O xəbərə görə sizi işə salıblar. Və iş təftiş olunub. Mən sizə xeyirxaham, hacı. Nə qədər rüşvət verirsiniz, onu da bilirəm.

Hacı Fərəc. Mahmud bəy, sən gəl mənə öcəşmə. Ərz eləyirəm hesab dürüstdür. Kərbəlayı Qulam mənim düşmənimdir. Onun sözünə etibar etməzlər.

Mahmud bəy. Hesabda yazmışsınız ki, bu ev üçün alınıb dörd kisə düyü, altı pud yağ, on kisə un, səkkiz kəllə qənd, dörd kirvənkə Popov çayı, iki yüz altmış min manat nəqd pul, belə hesaba da qol çəkmisiniz.

Hacı Fərəc. Əgər o şeylər bu evə gəlməyib, bəs necə dolanıblar? Əlbəttə, göndərmişəm.

Mahmud bəy. O şeylər bu evə gəlib ya gəlməyib, bilmək çətin deyildir. (Çağırır.) Kərbəlayı Rəcəb, Güldəstə bacı, zəhmət olmasa buraya gəliniz.

Hacı Fərəc. Onları nə üçün çağırırsınız, qardaşım? Onların nə ixtiyarı var mənim işimə qarışsınlar? Məlum olur ki, siz mənim sözümə inanmırsınız? Elə isə, siz mənim çestimə toxunmaq istəyirsiniz. Təvəqqe edirəm, bir az sərhesab olasınız. Yoxsa sizin üçün yaxşı olmaz.

Mahmud bəy. Məni hədələmək lazım deyil, hacı, o sonrakı işdir... İndi mən sizdən hesab tələb edirəm...

Kərbəlayı Rəcəb, Güldəstə daxil olurlar.

Hacı Fərəc. Sizin burada nə işiniz var? Çıxız bayıra, rədd oluz! Mahmud bəy, bu qeyli-qal nə üçündür? Eyib deyilmi?

Mahmud bəy. Təvəqqe edirəm ki, kəmhövsələ olmayasınız. Güldəstə bacı, hacı məhkəməyə hesab verib və o hesabda göstərib ki, guya bu evə dörd kisə düyü, altı pud yağ, on kisə un, səkkiz kəllə qənd, dörd girvənkə Popov çayı və iki yüz altmış min manat nəqd pul verib, doğrudurmu?

Güldəstə. Bu evə o şeylər nəinki gəlməyib, hətta adı da çəkilməyib.

Kərbəlayı Rəcəb. Anbarın açarı həmişə məndə olar. Hacı bir balaca səhv yazıb. O şeylər bizə gəlməyib və gələ də bilməzdi. Çünki ehtiyac olmayıb. Hacının külfəti çoxdur, bəlkə öz evinə göndərib.

Mahmud bəy. Bağışlayız, sizə zəhmət verdim, gedə bilərsiniz. (Gedirlər.)

Hacı Fərəc. Ağa Mahmud bəy! Ola bilərmi ki, siz bu işə heç qarışmayasınız? Çünki o mənlən qardaşımın külfəti arasında olan bir işdir, yad adamın bu işə girməsinin heç mənası yoxdur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Balaca mütəfərriqələr 30

– Salam əleyküm, ağa Dərviş, əhvalın necədir, qardaş?– Əhvalım pərişandır, kərbəlayı, isti mənə çox əziyyət verir.

19062 min
Balaca mütəfərriqələr 31

Əvvəlinci kəndə getdi, vəssalam, şüd tamam. Dövlət duması buraxıldı. Hökm olundu buyuruz təşrif aparız, çox zəhmət çəkdiniz, kifayətdir, bürokratlar! Gözləriniz aydın olsun, bayramınız mübarək! Həmin su, həmin dibçək: çevir tatı, vur tatı.Atam oğlu, qardaşım! Vay halına, hər yetən təzədən oldu ağan. Yaxın gəldi, sal başını aşağa, qoy vursun qapazı. Olmaya-olmaya cavab qaytarsan. Divanbəyi gəldi, başla titrəməyə: “Belədir, ağa, sən buyurandı. Mən nəkarəyəm? Sənin ayağın biləni mənim başım da bilməz, doğru deyirsən, ağa!” Belə gərək olsun cavabın. “Gətir” desə, bilatəxir gəlsin meydana. Onsuz yaramaz, qardaşım! Nə etməli, fələyin üzü qara olsun. Naçalniyə rast gəldin, düş torpağa bir dilimə söylə: “Atam, anam, bacım, qardaşım, çolpa balalarım sənə qurban, a naçalnik. Ayaqlarının torpağına fəda olum, a naçalnik. Evim-eşiyim, mal-dövlətim sənə qurban a naçalnik”. Gətir desə, o saat gətir. Gecə gətirəsən ki, görən olmasın, dəxi məsləhətdir.

19062 min
Balaca mütəfərriqələr 32

– Yer üzünün cənnəti, bimisl gözəl vətən! Laləzar çəmənlərində, soyuq bulaqlarında, laylay çalan meşələrində bir qarış yer yoxdur ki, balaların orada şad olub, dərd-qüssəyə düçar olmasınlar! Baxınız Dağıstana, uca dağlara, insanı valeh edən tamaşaya, görüz nə hala düşüb! Məzlum, yetim sifətində, kasıb, əlsiz-ayaqsız, naçar ləzgi qardaş! Hanı sənin bir yaxşı mərdanə gəzən günlərin, at belində naz və cürətlə cədəl oynadan günlərin?! Qonaq qabağına şad-xürrəm çıxan günlərin?! Can qardaş! Bəs bir sən söylə görüm nə oldu, siz hansı bəlaya düçar oldunuz?– Köçən köçdü, qocalar getdilər, adət pozuldu, yerlər əldən çıxdı, insan sifətindən bizi çıxardılar... Dərdimiz çoxdur! Hansını söyləyim? Dini-islamın, şəriətin bir tək adı qalıb. Can qardaş! Yaralarıma sən od basdın, bu nə sual idi sən etdin?

19061 min
Balaca mütəfərriqələr 33

Bir amerikalının sualına cavab**Keçənlərdə “İrşad”da bir amerikalı müsəlmanlardan soruşmuşdur ki, həqiqət nədir? İştə cavabını ağa Dərviş verir:

19072 min

Poems by other poets