İkinci məclis
Page 1 of 2
Əfradi-əhli-məclis
Hüseynəli xan – altmış yaşında, saqqalı xınalı
Bədircahan bəyim – onun övrəti, qırx beş yaşında
Zəhra xanım – onun qızı, on səkkiz yaşında
Pərzad – evdə qulluqçu, qırx yaşında
Qulam – nökər, cavan oğlan
Cavad bəy
Hacı Sadıq
Mirzə Həbib
Əhvalat vaqe olur Hüseynəli xanın evində, otaq Avropa qaydasında cahazlanmış, xan səndəl üstə əyləşib.
Xan (tək). Mümkün olan iş deyil... Belə qayda uzaq gedə bilməz, gec-tez işlər öz yolu ilə gedəsidir... Hər bir halda mən möhtac olmayacağam... Ölənədək bir kəsə əl açmayacağam, anam məni mərdanə doğub, mərdanə də qəbrə gedəcəyəm... Hər nə vardı əlimdən getdi, amma nəslimi mən itirməyəcəyəm, heç kəs onu tərk edə bilməz. Ancaq səbr lazımdır, səbr.
Qulam (daxil olub). Ağa, bar neçə nəfər sizi görmək istəyir... Nə buyurursunuz?
Xan. De gəlsinlər. (Qulam gedir.) Gəlsinlər görək nə işdən ötəri məni yadbud ediblər.
Cavad bəy, Hacı Sadıq, Mirzə Həbib içəri daxil olurlar.
Hamısı. Xan, salam əleyküm!
Xan. Əleykəssalam... Buyurunuz... Əyləşiniz.
Əyləşirlər.
Mirzə Həbib. Ağa, əhvalınız necədir? Salamatsınız, inşallah!
Xan. Bir növ başımızı girləyirik... Özünüz bilirsiniz, ta nə deyim...
Hacı Sadıq. Maşallah, gözüm dəyməsin, ağa gündən-günə cahıllaşır...
Cavad bəy. Neçə il bundan əqdəm, mən xanı gördüm səmənd atın belində, əlində tərlan, yanında tulalar, siz öləsiz elə bil ki, bir cavan oğlandı...
Xan. Doğrudur, bizim Səməd xanın qoruğunda, bir neçə saatda tərlanım altı qırqovul göydə vurdu... Bu ov mənə çox ləzzət verdi. O əsr keçmişdə ola, ta biz onu bir də görmərik.
Mirzə Həbib. Tərlan ovu gərək çox şirin olsun, ağa?
Hacı Sadıq. Mən eşitmişəm ki, tüfəng ovundan tərlan ovu artıq fərəh gətirən olar...
Xan. Bəşərti ki, atın saz, tulaların cins, yaxşı öyrənmiş ola.
Mirzə Həbib. Gərək elə belə də olsun, əlbəttə.
Hacı Sadıq. Bir-iki yaş buyurursunuz. Xeyr a...a, mən cənabınızdan bəlkə altı yaş böyük olam. Mən bərk qocalmışam, xan, amma siz, maşallah, artıq dərəcədə yaxşı durmusunuz.
Xan. A Cavad, eşitmişəm sən də əkinçilərin tərəfdarı olubsan, hətta öz dəyirmanını olara bağışlamısan, doğrudurmu?
Cavad bəy. Xeyr, xan, bağışlamamışam, ancaq bir-iki qonşularımı özüm ilə şərik eləmişəm. Amma torpaqlarımı çoxdan vermişəm, yeganə bağım qalıb, vəssalam.
Xan. Yaxşı... Pəs nə işdən ötrü buraya təşrif gətirmisiniz?
Mirzə Həbib. Xan, Hacı Osmanın bir təkcə oğlu vardır, adı Mikayıl, o, bu il darülfünunda təbabət elmini tamam edib, olub həkim... Biz gəlmişik qulluğunuza o ümidnən ki, bizi buradan məyus geri qaytarmayacaqsınız. Cənabınızdan rica edirik Mikayılı oğulluğa qəbul edəsiniz.
Hacı Sadıq. Oğlan Zəhra bəyimlə tələbə yoldaşı olub... Çox mübarək işdir, Allah xeyir versin. Bir ildən sonra Zəhra bəyim də həkim olar, xoşbəxt dolanarlar!
Cavad bəy. İki yoldaş hər gün bir yerdə ola-ola, yəqin ki, bir-birinə məhəbbət bağlayıblar, ta burada iki fikir ola bilməz... Allah səlamətlik versin, xoşbəxt olsunlar...
Mirzə Həbib. Xan, cənablarınızlan mənim ağa-nökərligimiz otuz ildən artıqdır. Özünüz bilirsiniz ki, mənim nə mərtəbədə sizə ixlasım var. Mən həmişə sizə duaçı və xeyirxah olmuşam, mən cəsarət edib sizə məsləhət görürəm bu kari-xeyrdən qaçmayasınız. Axırda peşman olarsınız...
Cavad bəy. Xan! And olsun vicdanımıza, bu iş mübarək işdir. Bunu qəbul ediniz, yoxsa axırda peşman olarsınız.
Xan. Çox bərk çalışırsınız, buyurunuz görüm, bu işi düzəltməyə Hacı Osman sizə nə qədər vəd edib? Hələ Cavada bilmirəm, motal, yağ, qoyun, bəlkə bir at da vəd edib. Pəs Mirzə Həbib, Hacı Sadıq, o motalpapaq çobandan siz nə alacaqsınız?
Cavad bəy. Xan, bağışlayınız nə mən, nə yoldaşlarım rüşvət alan deyilik və siz tərəfdən bizə bu kimi sözlər söylənməsi cəfa və çox biməna hərəkətdir... Təvəqqe eləyirəm, bir azca sərhesab olasınız.
Mirzə Həbib. Cavad bəy, sakit ol, ağa bizim böyüyümüzdür. Bizi döyə də bilər, söyə də bilər. Burada xatirə dəyən bir söz olmadı, o sözü xan zarafatyana deyirdi. Xan, qurban sənə, bizim bu işimizə qəti surətdə nə buyurursunuz?
Xan. Mən çox təəccüb edirəm, siz necə rəva bilirsiniz, mən, İmamqulu xanın oğlu, Məhəmmədcəfər xanın nəvəsi, qızımı götürüb verəm motalpapaq çobanın oğluna? Hərgah bu işdən ötəri mənim yanıma bir qeyri adamlar gəlsəydilər, onda özgə cürə rəftar edərdim... Keçib... Bu iş çoxdan qurtarıb gedib, mən Səməd xana söz vermişəm qızımı verəm onun oğluna. Səfiquluya, vəssalam. Bilməlisiniz ki, başında motal papaq, ayağında çarıx çoban mənə qohum ola bilməz. Təvəqqe eləyirəm bu barədə artıq danışıq olmasın... Əlavə, bir oğlan ki, rəiyyətlərini öyrədib, yoldan çıxarıb, xanimanımı bərbad edə, mən ona qız verrəm? Nə danışırsınız?..
Cavad bəy. Xan, iltifat ediniz. Həmən başında motal papaq, ayağında çarıx əkinçi, dörd min manat xərc çəkib şəhərdə azarxana təmir edib, adını qoyub “Mikayiliyyə”, füqəralara məccani müalicə edir. Amma mən, bax, bu Mirzə Həbib və Hacı Sadıq getdik Səməd xanın qulluği-şərifinə, kasıb mütəllimələr üçün ianə yığmağa... Səməd xan işdən hali olub, o dəqiqə qarnını ikiəlli qarpıb qışqırdı: amandı, ölürəm, həkim gəlsin... Pul almadıqsa da, xanın qarnına sancı salıb, gülə-gülə getdik... Belə-belə işlər var, xan! Hacı Osmanı neyçün bəyənmirsən? Hacı Osman bir təmiz, rəhmli, fəqir-füqəraya kömək edən kişidir.
Hacı Sadıq. Xan, heç qəzəbnak olmayınız, olar sözləşiblər bir-birindən ölənədək ayrılmasınlar. Əcəldən savayı heç bir qüvvə onları ayıra bilməyəcəkdir. Onu yəqin edib, inadlığı qoyunuz yerə, bu işə razılıq veriniz... Bir də, xan, indi işlər özgə cürə olubdur. Qorxunuz ki, qız həyasızlıq etməsin.
Xan. Namərbut heyvərələr, rədd olun buradan! Yoxsa sizi döyə-döyə atarlar küçəyə. Heç vaxt Hüseynəli xanın qızı elə biqeyrətliyi eləməz, sən yalan deyirsən. Sürünün buradan!
Cavad bəy. Qalxınız ayağa gedək... Görünür ki, xanın başı bu gün bir azca nasazdır. (Gedirlər.)
Bədircahan bəyim, Pərzad daxil olurlar.
Bədircahan bəyim. A kişi, dəli olubsan nədi? Bunların taxsırı nə idi ki, sən bihörmət elədin? Qonağı da adam bu mərtəbədə bihörmət elərmi? Yoxsa dünyadan bixəbərsən?
Pərzad. Xan, qız ağacı qoz ağacı, hər ötən bir salba atar... Məgər mümkün deyildi oları bir xoş dilnən yola salmaq?
Xan. Artıq danışmağa mən izin vermirəm... Mənim evimdə çoban adı gərək çəkilməsin, vəssalam. Əlavə mənim xanimanımın bərbad olmağına bais elə o oğlan olub.
Bədircahan bəyim. Mən qana bilmirəm, sənin qərəzin nədir? Yoxsa fikrində var, qızı o məqama gətirəsən ya özünü öldürsün, ya ki baş götürüb bu evdən qaçsın?..
Xan. Ayağı çarıqlı çobanları mənə qohum etməkdən isə onun ölməyi çox yaxşıdır.
Bədircahan bəyim. A kişi, adam gərək özünü aldatmasın... Bu halda nə xan qalıb, nə bəy, hamı bərabərdi. Çulu quduz xan, bəy azdırmı? Bu zəmanədə xan, bəy o adamdır, başında ağlı ola, cibində pulu, əlindən iş gələn ola. Sənin mülkünü alanda heç o oğlan burada yoxdu, neyçün böhtan deyirsən?
Xan. Mən sərdarın dərgahına ərizəsiz daxil olanda sənin Hacı Osmanını nəinki qapıya, hətta töyləyə də qoymazdılar girsin... İndi işlər özgə cürə olub. Eybi yoxdur, qoy olsun. Amma mən genə elə mənəm...
Bədircahan bəyim. Elə odur ki, quru yurdda qalmısan da!
Pərzad. Ay ağa, heç olmasa, barı o Səfiqulunun adını çəkməyin. O, bir axmaq, çöldə qalmışın biridir, küçələrdə it qovmaqdan suvayı bir sənəti yoxdur.
Bədircahan bəyim. Səfiqulu nə itdir ki, qızıma yaxın gələ bilsin, ya adını çəksin...
Xan. Qızın ixtiyarı məndədir. Mən bir yol söz vermişəm, qurtarıb gedib. Mən o köhnə qaydaların üstündə ölənədək davam edəcəyəm. Mən çox peşman olmuşam Zəhranı oxutmaqda. Mən mədəniyyət tərəfdarı deyiləm ki, axırda Allahın varlığını da danam. Qoy mənə molla desinlər, məzhəbpərəst desinlər. Ata-baba nə yol qoyub, mən o yolnan gedəcəyəm, vəssalam... Bu yolda ölənədək vuruşacağam.
Bədircahan bəyim. Onda izin ver sifariş eləyim Hacı Osmana, bir cift qoç göndərsin, bir cift qara köpək, iki də qızmış nər. Ata-babalarınız təki qoçları döyüşdür, itləri boğuşdur, dəvələri güləşdir. Əyləş səndəl üstə tamaşa elə, olsun ata-baba yolu, vəssalam.
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-teze-esrin-ibtidasi-ikinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Neçə gün bundan əqdəm bir cavan rast gəlib məndən sual etdi:– Ağa Dərviş, yer üzündən məgər insaf bilmərrə yox olub? Nəfsi-müsəlman nə deyilən sözdür, ağa Dərviş? Rəhm, mürüvvət, insaniyyət göyəmi qaçıblar?
Balaca mütəfərriqələr 3Bu gün də əlimdə nacağ məddah keçib bir evin darvazasının qabağında dayandım. Bir nəfər cavan sədamı eşidib, əlində “Baku” qəzetinin 52-ci nömrəsi mənə yavıqlaşıb, məndən sual etdi:– Ağa Dərviş, siz bilərsiniz, bu necə xəbərdi, bu qəzetdə yazıblar ki, guya bir neçə nəfər adamlar təəccübanə libaslarda döşlərində ərəbi yazılmış nişanələr, başlarında əmmamə, Balaxana kəndində müsəlmanlar arasında görünüblər. Qəzetin yazmağına görə, bu növ şəxslər Naxçıvan fəqərəsində həm olublar.
Balaca mütəfərriqələr 4Pəncşənbə günü bazarı dövr edib mənzilə qayıdan zamanı cənabi-sahibkəramət, ağa Rəcəbəli bəndəyə rast gəlib buyurdular ki, ağa Dərviş, bu axşam bir neçə nəfər qonağım var, təvəqqe edirəm siz də buyurasınız. Baş üstə, göz üstə – deyib mən də ağanın qulluğuna təşrif apardım. Mənzildə bir xeyli söhbətdən sonra ortalığa küftəbozbaş gəldi, göftgu şirinləndi... Qonaqlardan biri sual etdi ki, ağa Dərviş, sən bir cahandidə, kühənsal adamsan, buyur görək dünyada nemətlərdən hansı gözəlraqdır?Mən suala cavab verməmiş sahibi-xanə buyurdular ki, dünyada puldan şirin, ləzzətli, gözəl şey yozdur və heç vaxt ola da bilməz. Pulsuz adam Allah vara Ərəstu olsun, ya Bəhlul-Danəndə olsun, nə fayda! Onun ağlından, kamalından nə çıxar. Xeyr, bu dünyanınkı bişəkk-şübhə puldur, canım, pul. Vəssalam, nəğmə tamam...
Balaca mütəfərriqələr 5– Salam əleyküm, ağa Dərviş! Oğlan, nə olub yenə, səsin tamam karvansaranı alıb başına, gözlərin gülüb, üzündən şadlıq tökülür? Mən ki səni həmişə dərd-qəmə aludə görmüşəm... İndiki halətinə səbəb nə, ağam?– Əfəndim, mən bu gün bir neçə xəbərlər eşitmişəm, ruhpərvər və pakizə, ona görə şadlığımdan bilmirəm nə edim. Allah təbarək və taala müxbirə ömri tulanı əta eləsin, hər bir xətadan və bəladan hifz eləsin, inşallah!
Poems by other poets
Yaxşı olur qövm ü qardaşEl başına dönim sənin
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.