Page 1 of 2

Əhli-məclis

Mikayıl – cavan həkim
Yusif – darülfünun tələbələri
İbrahim – darülfünun tələbələri
Ələkbər – darülfünun tələbələri
Leyla – darülfünun tələbələri
Züleyxa – darülfünun tələbələri
Səadət – darülfünun tələbələri
Zəhra bəyim
Hacı Osman
Gülpəri
Tamaşa
Cavad bəy

Əhvalat vaqe olur Mikayıl bəyin mənzilində, novruz bayramının günündə. Otaq Avropa qaydası cahazlanmış, otağın ortasında böyük miz, üstündə ağ süfrə, dövrəsində səndəllər... Mikayıl tək, otaqda gəzinir.

Mikayıl. Olmaz axı, gərək xanzadəliyin göstərsin... Saat on birə söz verib, indiyə kimi təşrif gətirməyib. (Səktə.) Tamaşa, ay qız, boşqabları gətirməzsənmi? Gəl də!..

Tamaşa (o biri otaqdan). Qardaş, bu saat gətirim.

Mikayıl sürahiləri, kağız torbaların içindəki xüşkəbəri yığır mizin üstünə, Tamaşa boşqabları gətirir.

Mikayıl. İndi bilmirəm boşqabları nə qayda ilə düzmək gərək. Barı xanzadə balası tezcə gələydi...

Tamaşa. Qardaş, ta nə gərəkdir?

Mikayıl. Ta nə gərəkdir, mən də bilmirəm. Qoy Zəhra bəyim gəlsin, o sənə deyər ta nə lazımdır...

Tamaşa. Zəhra bəyim gələcək?.. Zəhra bəyimə mənim canım qurban, qardaş. Gəlsənə ta onu qoymayaq evlərinə qayıtmağa, qalsın bizim evdə, nə olar yanı?

Mikayıl. Sən Zəhra bəyimi çoxmu istəyirsən?

Tamaşa. Mən Zəhra bəyimi dağlarcan, daşlarcan, ta nə bilim nə qədər istəyirəm.

Mikayıl. Zəhra bəyim yaxşı qızdırmı, xoşuna gəlirmi?

Tamaşa. Başına dönüm, qardaş, gör məndən nə soruşur?.. Heç bir adam vardır ki, Zəhra bəyim onun xoşuna gəlməsin? O günləri çoban Vəli deyirdi ki, Zəhra bəyim bu evə gələndə, bir dəvə gətirib onun ayağının altında qurban kəsəcəyəm...

Mikayıl. Çox yaxşı... İndi get gör, nə qalıbsa götür gəl...

Tamaşa. Baş üstə. (Gedir.)

Mikayıl. Xanım qız gəlsin görüm iş nə haldadır. Xan genə cins-nəsildən dəm vururmu?

Saata baxıb, otaqda gəzişir. Zəhra bəyim daxil olur.

Mikayıl. Allah, sənə şükür, axırı ki xanım əfəndim təşrif gətirdi.

Zəhra bəyim əl verir.

Zəhra bəyim. Bayrami-şərifin mübarək, neçə-neçə belə bayramlara çatasan, sağ-salamat, kefin kök.

Mikayıl. Səninlə bir yerdə, mənim cigərim, dinim, imanım. (əllərindən tutur.) Neyçün belə gec gəldin? Bilmirsən ki, darıxıram?

Zəhra bəyim. Xəlvətcə getdim anamı, Pərzadı təbrik etməyə, ona görə bir az ləngidim.

Mikayıl. Nə var, nə yox... İşlər necə keçir?

Zəhra bəyim. Kişini inandıra bilmirlər ki, mən qoşulub qaçmamışam... O günləri ürəyi gedib, yıxılıb yerə. Səfiqulu da ki, Allah göstərməsin, olub divanə. Onsuz da bədbəxt oğlu dəli idi, indi lap sarsaqlayıb... Atam ondan betər.

Mikayıl. Neyləyim, əzizim, üzüqara olsun... Qurtarmır bizi o köhnə zibildən... Sən də bilmirəm nə səbəbə razı olmursan ki, bu işi birdəfəlik qurtaraq getsin?..

Zəhra bəyim. Mən işi təxirə salıram iki səbəbə görə: əvvəla, qorxuram sənə bir xəta yetirsinlər. İkincisi, istəmirəm ki, desinlər xanın qızı qoşuldu qaçdı. Qoy görək, kişini inandıraq ki, mən qoşulub qaçmamışam. Bir növ razı edə bilərikmi ki, o axmaq Səfiqulu xanı sakit eləsin və mənə xeyir-dua versin.

Mikayıl. Zəhra, səni dürüst inandıraram ki, xandan bizə haray olmayacaq. O inadlıq ki, onda var, onu yola gətirmək qeyri-mümkündür... Doğrusu ki, mən darıxıram...

Zəhra bəyim. Arxayın ol, darıxma...

Tamaşa (qapıdan baxıb qaçır Zəhra bəyimin yanına). Sənəcə qurban olum, ay xanım (qolundan öpür), mən səni qoymayacağam gedəsən... Vallah qoymayacağam... Özün bil, qoymayacağam...

Zəhra bəyim (onu öpüb). Bayramın mübarək, ay Tamaşa, yaxşı qız, ağıllı qız... Mən sənə bayramlıq nə verim?

Tamaşa. Mən heç zad istəmirəm, ancaq getmə, qal bizim evimizdə.

Zəhra bəyim. Baş üstə, getmərəm...

Tamaşa qaçır.

Mikayıl. Bu boşqabları hara qoyum?

Zəhra bəyim. O boşqabların yeri buradır... Bax belə. Sən torbaları boşalt, mən yerbəyer elərəm. Bircə səbr elə... Bu şərbətləri də qoy, mən yer taparam... Amma nə çox şeylər almısan, bu qədər nəyə lazımdır?..

Mikayıl. Mən istərdim, hətta, ürəyimi də çıxarıb bir boşqaba qoyub gətirəydim yanına, deyəydim budur xanım əfəndim, bayramlıq gətirmişəm sənə...

Zəhra bəyim. Bu çox qəliz oldusa da, Mikayıl, mən də o boşqabı öpüb basardım bağrıma.

Gülpəri (daxil olub). Bizim bu evimiz sənə qurbandır, yaxşı balam. Bayramın mübarək olsun, əziz balam...

Zəhra bəyim. Sənin də bayramın mübarək olsun, anacan...

Gülpəri. Hər ikinizə qurban olum. Allah sizi öz pənahında saxlasın, bir-birinizdən ayırmasın öz birliyi xatirinə.

Mikayıl. Ana, get, bir az pendir-çörək də göndər gəlsin.

Gülpəri. Yaxşı, başına dönüm, gedim bu saat göndərim... (Gedir.)

Tələbələr oxuya-oxuya yaxınlaşıb içəri daxil olurlar.

Cəmən. Bayramınız mübarək!

Görüşürlər.

İbrahim (mizə yaxınlaşıb). Pəh, pəh, pəh! Nə gözəl süfrə... Zarafat deyil, canım, həkim evidir.

Süfrənin başına toplaşıb yeyirlər.

Züleyxa. Balam, nə əcəb Yusif burada yoxdur?.. Mən elə xəyal elədim ki, Yusif hamıdan qabaq burada olcaq.

Səadət. Leyla, həmişə cift gəzərdin, hanı yoldaşın durna?..

Leyla. Genə başladın, qoymazsan?

Zəhra bəyim. Vecinə alma, ay qız... Qoy hər nə istəyir, desin

Züleyxa. Yusif Leylanı gözdən qoyarmı?.. Bu saat harada olsa gələcək.

Səadət. Yusif qorxur ki, tərlan uçub qaçmasın, özgə yerə qonmasın.

Leyla qulaqlarını tutur.

Mikayıl. Xanımlar, kim çay istəyir, kim qəhvə!.. İbrahim, Ələkbər, yaxın gəliniz, əyləşiniz...

Xanımlar əyləşirlər, oğlanlar adama bir paxlava götürüb kənarda söhbət edirlər.

İbrahim (kənarda). Mikayıl, mən bu süfrədə davacat görmürəm, yoxsa hacı evində davacat olmaz?

Mikayıl. Davacat yan otaqda... Nə qədər kefiniz istəyir, vura bilərsiniz.

Zəhra bəyim (Mikayıla). Tamaşanı çağır gəlsin.

Mikayıl. Tamaşa, ay qız, gəl ha...

Tamaşa daxil olur

Tamaşa (qonaqlara baxıb). Qardaş, bular hamısı müsəlmandırlar?.. Nə göyçək qızlardır! Allah saxlasın buları.

Mikayıl. Hamısı müsəlmandırlar.

Tamaşa. Bayramınız mübarək olsun, ay xanımlar...

Səslər. Sənin də bayramın mübarək olsun

Züleyxa. Tamaşa, yaxın gəl, bacım, sən haralısan?

Tamaşa. Mən qaraqoyunluyam.

Züleyxa. Sənin də qoyunun varmı?

Tamaşa. Var, çox var... Atamın dövlətindən niyə olmasın.

Mikayıl. Bunun səkkiz keçisi var. İyirmiyə çatanda, bunu verəcəyik bizim çobanın birinə.

Tamaşa. Qardaş, bəsdir, sən Allah, mən ərə-zada getməyəcəyəm.

Mikayıl. Nöşün getməyəcəksən? Oların hər ikisi göyçək oğlanlardır.

Tamaşa. Qadam oların hər ikisinin ağzına...

Mikayıl. Eybi yoxdur, getmə... Hazır çay varmı?

Tamaşa. Şankalat da var, kanko da, çay da hazırdır.

Səadət. Mən şankalat istəyirəm, Tamaşa.

Züleyxa. Mən kanko istəyirəm, ay qız.

Cəmən. Xa, xa, xa, xa, xa...

İbrahim. Mən də bir kasa araq istəyirəm.

Tamaşa. Bağışlayınız, bizim evdə araq-maraq tapılmaz.

Züleyxa. Araq araqdır, maraq nədir, ay qız?

Tamaşa. Maraq da arağın yoldaşıdır.

Qaçır.

Zəhra bəyim (pəncərədən baxıb). Leyla, qalx bəri gəl, tezcə. (Aparıb royalın yanına.) Əyləş... Qırmızı Azərbaycan marşı... Hm... Tezcə...

Leyla marş çalır. Yusif daxil olur.

Cəmən. Ura. ura!..

Züleyxa. Leyla, təbrik edirəm... Yaxşı çal.

Yusif. Bayramınız mübarək olsun... Neçə belə bayramlara çatasınız... (Bayramlaşırlar.)

İbrahim. Yusif, canın üçün elə səni gözləyirdim. Sənsiz ləzzət vermir.

Mikayıl (qapıya tərəf gedib). Tamaşa, gəlməzsən? Tez ol. (Tamaşa gəlir, sini üstə şokolad, kakao gətirir...)

Zəhra bəyim. Kim nə istəyir? Çay, şokolad...

Səadət. Mən şankalad istəyirəm.

Züleyxa. Tamaşa, o kankodan bir fincan ver mənə.

Leyla. Tamaşa, mən şankalat istəyirəm.

Cəmən. Xa, xa, xa, xa, xa, xa...

Tamaşa. Qardaş, sən Allah, bu xanımlara de, mənə sataşmasınlar...

Mikayıl. Xanımlar, mən sizdən çox təvəqqe eləyirəm bizim qıza sataşmayasınız.

Səadət. Tamaşa, mən bilmirəm şankalat yaxşıdır, yoxsa kanko...

Tamaşa. Vallah, daha bir də mən buraya gəlməyəcəyəm. (Qaçır.)

Cəmən. Xa, xa, xa, xa, xa, xa.

İbrahim, Yusif və Ələkbər gedirlər yan otağa.

Züleyxa. Mikayıl, Tamaşa qız doğrudan da tamaşadır... Bunu haradan tapmısınız? Belə də gözəl qız olarmı? Biixtiyar adam həsəd aparır...

Mikayıl. Bu qızı anam qaraçılardan beş manata, qızlığa götürüb; ona görə də mənə qardaş deyir... Bunu çox yerdən istəyən var, amma anam vermir, deyir hələ uşaqdır...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü məclis

Vaqe olur meşədə. Camal bəy, Şahmar bəy, Cahangir bəy, Xəlil, İldırım, Bəkir, yanlarında Zinyət xanım, Səadət xanım gəlirlər. Hamısının əlində tüfəng, çiyinlərində yapıncı, patrondaşı iki qatar, İldırımın və Xəlilin çiynində dolu xurcunlar.*Bəkir** (Camal bəyə). Bu yerlərə mən az-çox bələdəm... Uzaq getmək lazım deyil; bax, sağ tərəfimiz sıldırım qayadır. Həmçinin sol tərəfimiz və baş tərəfimiz. Aralıq da pişikkeçməz meşə. Yuxarı yaylaqdır, aşağı köç yolu... Az-çox səlamət buradır.

12 min
Dördüncü məclis

Vaqe olur şose yolunda, meşə içində iki döngə arasında. Camal bəy yoldaşları ilə gəlir... Xanımlar kişi-çərkəs libasında, çiyinlərində tüfəng.*Camal bəy**. Məsləhətimiz belə oldu: xanımlar əllərində uzun ağac, ucunda ağ dəsmal duracaqlar qəlbidə, yuxarıdan və aşağıdan gələn adamları işarə ilə sizə bildirəcəklər. Aşağı döngədə Cahangir və Xəlil, yuxarı döngədə İldırım, Bəkir. Gələnlərin yaraqlarını alıb, heç bir şeylərinə əl vurmayıb, yığacaqsınız bu meydana. Şahmar olacaq qasid, bir dəyə fit verdim. Şahmar gələcək yanıma, iki dəfədə Zinyət, üç dəfədə Səadət... Oğlanlarım, bismillah! Gedək! (Gedirlər.) Xanım, sən buyur o qəlbiyə. Səadət sən də bu qəlbiyə... (İşarə nə təhər olacaq, Camal bəy göstərir.) Bismillah! Gedək!

8 min
Beşinci məclis

Vaqe olur meşə içində, Hacı Qurbanın səfərxanasında. Gecə vaxtı, Hacı Qurban otaqcada əyləşib, əlində təsbeh, kənarda lampa yanır.*Pirverdi** (daxil olub). Hacı, Camal bəy yoldaşları ilə gəliblər, dərənin qurtaracağında dayanıblar...

5 min
“Əkinçi” qəzetindəki məqalələr

1Bizim Petrovski Akademiya bir böyük məktəbxanadır ki, əkin və ziraət, maldarlıq və meşə saxlayıb becərmək elmlərini təlim edir. Akademiyanın öz yerində meşələr, əkin yerləri və malları var ki, oxuyanlar elmləri oxumaqdan savay, özləri əkin əkib, meşə saxlayıb, maldarlıq etsinlər. Bu səfər bizim mallar saxlamaqdan danışaq: Akademiyanın 100 baş malı var ki, bu halda qış olduğuna onları töylədə saxlayıblar. Töylə bir mərtəbə daş evdir. Onun ortasında uzunlamasına iki cərgə axurlar qayrılıb və axurların arasında dəmiryolu qayrılıb ki, bir fəhlə əlində ərradə o yolla gedib gələ bilsin. Töylənin axur olan yerləri, yəni ortası hündür, amma divarlarının yanı bir az alçaqdır ki, malların nəcisi və sidiyi axıb oraya getsin. Hər bir malın öz yeri və axuru var. Onları zəncir ilə üz-üzə bağlayıb 8 ay – ki bizim qışdır saxlayırlar. Bir fəhlə əlində ərradə axurların arası ilə gedib hər gündə 5 dəfə mallara yem verir: sübh saat rusi beşdə, onda və on birdə, günortadan sonra saat dörddə və altının yarısında. Əvvəl dəfə quru ot və saman, ikinci dəfə su buğunda saxlanmış yem. Bu yemi belə qayırırlar: kələm və zılx yarpaqlarını bir böyük qazana qat-qat yığıb üstə maşın ilə doğranmış zılx, yerkökü töküb onun üstə kəpək töküb qazanı doldurub üstə bir az duz səpib ağzın bərkidirlər. Sonra bir qeyri qazanda su qaynadıb onun buğunu novça ilə əvvəlinci qazana aparıb o buğun içində yemi bir gecə saxlayıb sübh saat onda mallara verirlər, üçüncü dəfə yenə ot ya saman, dördüncü dəfə yenə su buğunda saxlanmış yem, beşinci dəfə yenə ot ya saman. Bəzi vaxtda saat on ikidə mallara turş yem verirlər. Turş yemi belə qayırırlar: kələm və i.a. yarpaqlarının hər birini bir əlahiddə quyuda turşudurlar. Quyunun uzunu iki sajın, eni və dərinliyi bir sajındır. Onun dibini və yanlarını taxta ilə tutublar ki, yağış suyu ona dolmasın və yarpaqların suyu oradan çıxmasın. Hər bir araba yarpağa bir girvənkə duz səpib quyunu doldurub üstün torpaqlayırlar. Belə saxlanmış yarpaqları iyirmi gündən sonra mallara vermək olar. Malları iki dəfə sulayırlar. Bir sübh saat səkkizdə və bir də günorta saat üçdə. Hər səfər qaynanmış və kəpəyə qarışmış su verirlər. Malları hər gündə iki dəfə şotka və qaşo ilə təmiz edib, iki dəfə də onların altının otların dəyişdirirlər.

11 min

Poems by other poets