Üçüncü məclis
Page 1 of 2
Vaqe olur meşədə. Camal bəy, Şahmar bəy, Cahangir bəy, Xəlil, İldırım, Bəkir, yanlarında Zinyət xanım, Səadət xanım gəlirlər. Hamısının əlində tüfəng, çiyinlərində yapıncı, patrondaşı iki qatar, İldırımın və Xəlilin çiynində dolu xurcunlar.
Bəkir (Camal bəyə). Bu yerlərə mən az-çox bələdəm... Uzaq getmək lazım deyil; bax, sağ tərəfimiz sıldırım qayadır. Həmçinin sol tərəfimiz və baş tərəfimiz. Aralıq da pişikkeçməz meşə. Yuxarı yaylaqdır, aşağı köç yolu... Az-çox səlamət buradır.
Cahangir bəy. Hər halda burada bir az dincəlmək lazımdır. Yoxsa qorxuram buradan tərpənsək, xanımlar bizim ilə ayaqlaşa bilməsinlər...
Bəkir. Bir də, bax, o palıd ağacının dibində bir gözəl bulaq var, burada bir az rahat olsunlar, sonra görək Allah nə istəyib.
Camal bəy. Cahangir doğru deyir, burada bir az dincəlmək lazımdır. Ələlxüsus ondan ötəri ki, iki gündür yatmamışıq, artıq yuxusuz qalmaq olmaz.
Cahangir bəy. Xəlil, bu xurcunu apar o bulağın üstünə... Camal bəy, siz də buyurun oraya.
Camal bəy, Zinyət xanım, Səadət xanım gedirlər.
Cahangir bəy. İldırım, sən də yanıncıları döşə yerə... Aç xurcunu, görək Hacı Osman bizə nə göndərib.
İldırım yapıncıları döşəyib, xurcunu açır.
İldırım. Hacı Osman bəyin mal-dövlətinə Allah min bərəkət versin: yağ, şor, quzu əti, pendir, yağlı çörək... Hazırdır, buyurun!
Əyləşirlər, nahar edirlər.
Şahmar bəy. Pristavlar kazakları götürüb, yüzbaşıları el atlısı yığıb, dəstə-dəstə olub dərə-təpələri vururlar bir-birinə, bizi axtarırlar...
Bəkir. Xanımlar olmasaydı, o dəstələrə rast gəlib, atışma nə xoş gələrdi! Bir-bir dənliyəydim... Nə ləzzət verərdi mənə!.. Ölməzdim o şərir İsmayıl bəyi diz üstə çöküb yalvaran görsəydim...
Şahmar bəy. Hacı Osmanın sözündən belə məlum olur ki, pristavların birisi bizi Kür qırağında axtarır, birisi Muğan çölündə, birisi gah dağda, gah aranda...
Cahangir bəy. Heyf ki, Camal bəy razı olmur, hərgah biz bir obanı dağda, bir kəndi Kür qırağında dağıtsaydıq, ya yolda poçtu dağıtsaydıq, istirajnikləri bir postada soysaydıq, onda naçalniki nəfəs almağa qoymayıb, o saat qulluqdan kənar edərdilər. Onda, heç olmasa, bizim üçün də bir təsəlli olardı... Əlavə, təzə naçalnik təhqiq edib bilərdi ki, bizdə günah yoxdur, onda bəlkə üzə çıxmaq bizə mümkün olardı.
Şahmar bəy. Nə danışırsan, a başına dönüm, aləmi xaraba qoyandan sonra üzə çıxmaq mümkün olardımı?
Xəlil gəlir.
Cahangir bəy. Onda dərə-təpələr dolardı qaçaqla, əhalidən heç kəs deməzdi ki, Camal bəyin dəstəsi filan bədbi-hesablıq edibdir, amma hökumət deyərdi. Xəlil, sən də gəl otur, bir az qurşağının altını bərkit, balam!
Bəkir. Ev-eşiyimiz bərbad olub, var-yoxumuz əldən gedəndən sonra üzə çıxıb nə edəcəyik?! Yaxşı o deyilmi düşmənə əvəz edib, baş götürüb gedəsən, ta namərd adamların üzünü görməyəsən.
Cahangir bəy. Bilirsiniz nə var? Belə söhbətləri arxayınlıqda elərlər, bu saat yerimiz o qədər də qorxusuz deyil, müddəilər uyezdin hər tərəfini gəzirlər. Söhbətə qızışmaq yaramaz, hərə bir tərəfə dağılıb yolları güdmək gərək, tainki qəflətən üstümüzü ala bilməsinlər.
Şahmar bəy. Yaxşı sözdür, qoy onlar yatıb dincəlsinlər, biz hər tərəfə dağılaq.
Xəlil. Mən gedirəm köç üstünə.
Bəkir. Mən gedirəm o qayanın üstünə, oradan hər tərəf görünür.
Şahmar bəy. Cahangir bu ətrafda dolansın, mən gedirəm Hacı Osmanın yurduna, görüm nə var, nə yox... Bir az da ayın-oyun gətirim.
İldırım. Bu hamısından vacibdir, çünki hər adama etibar edib görünmək olmur... İşin nə halda olduğunu Hacı bilər.
Cahangir bəy. Deyirlər şər deməsən xeyir gəlməz... Ehyana həmin bu yerdə düşmənə rast gəldik, onda nə etməli?
Xəlil. Vuruşmaqdan savayı nə ola bilər?.. Ya onlara verən Allah, ya bizə...
Cahangir bəy. Çox yaxşı, vuruşduq, bəs sonra nə olsun? Küyə düşəndən sonra bütün uyezdi tökəcəklər bizim üstümüzə.
İldırım. Sonra nə olacaq olsun! Axırı ölüm deyil?.. Biz canımızdan keçmişik, vay düşmənin halına.
Bəkir. Dolarıq daş, ağac altına, vuruşarıq qaranlıq düşənədək, sonra hər nə qəzadandır, o olacaq.
Cahangir bəy. Pənah Allaha... Qalxın ayağa, görək Allah nə istəyib. (Gedirlər, əllərində parça çörək. Cahangir bəy yalnız, əlində tüfəng ətrafa baxır.)
Cahangir bəy (tək). Səadət! Tək səndən ötəri xanimandan əl çəkib bərrü biyabana düşmüşəm... Ölmək var, dönmək yoxdur. (Uzaqlaşıb bir azdan sonra yenə gəlir.) Canımı, malımı sənə qurban demişəm, Səadət! (Səktə.) Səbəb, evin mənim könlüm kimi tar-mar olsun! Mən toy tədarükündə, gör başıma nə gətirdi, eybi yoxdur... Yar yolunda çoğun olar, qar olar... Çəkərəm yar qəhrini, nə qədər canım sağdır...
Səadət xanım (gəlir, əlində tüfəng). O kimdir? Kim ilə danışırsan Cahangir?
Cahangir bəy. Bir kəs yoxdur... Niyə yatıb dincəlmirsən, malım qurban, canım qurban?
Səadət xanım. Fikir qoymur məni yatmağa.
Cahangir bəy. Bizimki fikirdən keçib, mənim umudum bir tək Allahadır.
Səadət xanım. Gör sənə nə deyirəm Cahangir... Sən lap nahaq yerə bizə qoşulmusan, sənin bir günahın yoxdur, divan yolunda adın çəkilmir, qayıt get evinə!
Cahangir bəy. Nə söylərsən, a qız, mən səndən ayrıla bilərəmmi? Bir dəqiqə səni görməyəndə az qalır bağrım çatlasın.
Səadət xanım. Get gözlə! Mən ölsəm, Allah əmridir, sağ qalsam, övrət bilərsən...
Cahangir bəy. Niyə belə dəli-dəli danışırsan, a qız? Sən qalasan qaçaqlar dəstəsində, hər dəqiqə ölüm gözüyün qabağında, mən də gedim evimdə rahat əyləşim, bu heç olan işdirmi?
Səadət xanım. Mən deyirəm əgər ölüm varsa, qoy heç olmasa birimiz sağ qalsın, ta ikimizin birdən tələf olmağımızın nə mənası var?
Cahangir bəy. Mən özümü, malımı, canımı sənə qurban demişəm, ölmək var, ayrılıq yoxdur.
Səadət xanım. Yavaş! Ora bax... (Qaçır.)
Cahangir bəy (gah bir, gah qeyri ağaca qısılıb). Kimsən? Nə gəzirsən buralarda? Yaxın gəl görüm, kimsən?
Pirverdi (belində xəncər). Nə üçün yaxın gəlim? Nə olubdur məgər?
Cahangir bəy. Yaxın gəl, yoxsa vuraram, tosmalarsan...
Pirverdi (yaxınlaşıb). Necə yəni vuraram, tosmalarsan? Nədən ötəri, əzizim? Mən sənə nə yamanlıq etmişəm, qardaşım?
Cahangir bəy. Nəçisən? Kimsən? Nə gəzirsən buralarda, de görüm?
Pirverdi. Yol adamıyam, görmürsənmi?
Cahangir bəy. Sarsaq danışma, qoca, burada yol nə qayırır?..
Pirverdi. Hərgah burada yol yoxdursa, pəs sən özün burada nə gəzirsən, qoçaq? (Getmək istəyir.)
Cahangir bəy. Tərpənmə, xurcunu bəri gətir görüm içində nə var? Hara gedirsən? Qoyarammı sən gedəsən?
Pirverdi. Yavaş görək. Xurcunun yeyəsi ölübdür ki, onu sənə versin?
Cahangir bəy. Verərsən, ağzın nədir verməyəsən, bəri gətir görüm!..
Pirverdi. Açıl başımdan, axmaq!.. Yoxsa məni bir qoca kişi hesab edirsən? Sənin kimi oğlanları mən çox vaxt ağaca səriyib yola düşmüşəm. Heç atlanıb düşmə, eşidirsənmi?
Cahangir bəy. Sən öləsən, qoca, heç o yan-bu yan eləmə, xurcunu alacağam, özünü də qoymayacağam qədəm kənara qoyasan. (Yaxınlaşır.)
Pirverdi. Uzaq dur, yaxın gəlmə, vallah qarnına bir xəncər vuraram, bağırsaqların ayaqlarına dolaşar!.. Görünür ki, özündən qoçağına rast gəlməmisən. (Getmək istəyir.)
Cahangir bəy. A kişi, Allaha bax, ölümün yetməsin, dayan, hara gedirsən? Mən səni buradan buraxa bilmərəm, dayan deyirəm sənə, dayan!..
Pirverdi. Rədd ol başımdan, həpənd. (Gedir.)
Cahangir bəy. Qoca! Əcəlin yetməsin! Vallah, öldürərəm... Səni əldən qoya bilmərəm, qanırsanmı?..
Camal bəy (kənardan). Cahangir! Səbr elə görək kimdir?
Cahangir bəy. Bir bəlayi-bəd qocadır, aşkara deyir, vur ölüm...
Camal bəy (yaxınlaşıb). A kişi, Pirverdi deyilsən?
Pirverdi. Mənəm, dərdin alım. Pirverdiyəm... Ay ağa, sizi gəzməkdən əldən-ayaqdan olmuşam, başına dönüm, şükür Allaha gəlib tapdım...
Camal bəy (kötüyün üstə əyləşib). Qoca, əyləş görüm nə var, nə yox? Hacının kefi necədir?
Pirverdi. Hacının sizə çox-çox duası vardır... Onu da bir neçə gündür ki, soyub buraxıblar. Bir az naçalnikə verib. Filan qədər İsmayıl bəy alıb. Bir azca da o həmişə piyan İbrahim bəy alıb. Ancaq fikri sizin yanınızdadır.
Cahangir bəy. Əmi, bağışla, səni tanımadım...
Pirverdi. Elə işlər çox olar, qadan alım, eybi yoxdur.
Cahangir bəy. Amma yaman hərif imişsən, qoca, maşallah, afərin!
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-kecmisde-qacaqlar-ucuncu-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur həmin otaqda. Ağa Kərim xan, İskəndər xan, Leyla xanım, Rəhim, Əhməd, Cəfərəli daxil olurlar.*Ağa Kərim xan** (əyləşib). Qatar durun! Adbaad hər nə ki sizə buyuracağam, o bu gün gərək cabəca əmələ gəlsin! Vay o adamın halına ki, nöqtəcən səhlənkarlığı çıxa; ayağın falaqqaya salıb dırnaqların tökəcəyəm!.. Eşidin və yadınızda saxlayın!.. Leyla, yaxın gəl, diqqət və səy ilə həyət-bacanı təmiz-təmiz süpürtdürüb, gül kimi elətdirirsən. Su səpdirib zərrəcən qoymayasan toz qalsın. Otaqları, pəncərələri həmçinin... Vay sənin halına hərgah bir səndəl ya miz xarab ola. Əlavə, özün nə qədər boşqab, nəlbəki, kasa ortalığa gələcək isə, tam hesab ilə verib, hesab ilə də təhvilə gətirərsən. Vaveyla bircəsi onlardan sına, ya oğurlana. Get dur yerində. (Gedir.) Əhməd, yaxın gəl, pişxidmətlik səninlədir. Mizin üstə diqqət-səliqə ilə boşqabları, piyalələri, kasaları düzərsən! Qonaqlar əyləşəndən sonra durarsan kənarda, hər nə buyursalar, o saat əməl elərsən. Bir kəlmə danışmazsan. Zəmani ki, başladılar şərbət içməyi, tez-tez su təklif elərsən. Şərbət istəyənə artıq məhəl qoymazsan, guya ki, eşitmirsən. Neçə dəfə təkrar edəndən sonra piyalənin dibinə bir az şərbət töküb verərsən, hərgah bacarsan, bir az da qaşqabağını turşudarsan... Qandın nə buyurdum?
Dördüncü məclisVaqe olur həmin mənzildə.*Ağa Kərim xan** (çöldən). A gədələr! Rəhim, Səfərəli, aman günüdür, gəlin, başınıza dönüm, evim yıxılıbdı, ay aman, ay dad!.. Hər bir tərəfə qaçın, tutun oğrunu, qoymayın, a gədə, (daxil olur) ay Allah, ay peyğəmbər, göylər, ulduzlar! Məni soyublar, dədəmə od vurublar! Pulumu kim apardı, Allah?! Pulumu kim apardı?! Mənim gözəl pullarım, mənim əziz pullarım, gözümün işığı, belimin qüvvəti pulum! Vay, pulum, vay... Şikayət eləyəcəyəm yerdən, göydən... Bir divanxana qoymayacağam!.. On dəqiqə bundan əvvəl baxmışdım, pulum yerində idi... Mən nə işdi düşdüm, camaat? Mən ölürəm. Bax, canım yığıldı boğazıma... Sərbazlar, gəlin, minbaşılar, gəlin. Pulum tapılmasa bu boğazımdan özümü asacağam. Amandı qoymayın!.. (Gedə-gedə) Amandı qoymayın! Amandı qoymayın!.. (Gedir.)
Daldan atılan daş topuğa dəyər(Komediya)*Əhli-məclis
Əvvəlinci məclisƏhvalat vaqe olur Əbdürrəhman bəyin otağında. Əbdürrəhman bəy kürsü üstə əyləşmiş, qabağında stol, stolun üstündə bir stəkan çay, əlində qəzet. Xırda xanım döşəkcə üstə əyləşmiş, dalında püştə.*Xırda xanım**. Xudavənda, görəsən, mənim kimi də dünyada bədbəxt varmı? Qumun, torpağın sayı var, hesabı var, mənim dərdimin hesabı yoxdur. Az qalıb ciyərim od tutub yana... Daş doğaydı mənim əvəzimdə dərin yatmış anam... İçərim özümü yandırır, çölüm özgəni... Xırda xanım budu getdi, Xırda xanım odu getdi... Xırda xanım Əbdürrəhman bəy arvadı. Bəli, bəxtəvər başımıza, ağrım Xırda xanıma da, onun ərinə də... ah, ah!..