Əhvalat vaqe olur Əbdürrəhman bəyin otağında. Əbdürrəhman bəy kürsü üstə əyləşmiş, qabağında stol, stolun üstündə bir stəkan çay, əlində qəzet. Xırda xanım döşəkcə üstə əyləşmiş, dalında püştə.

Xırda xanım. Xudavənda, görəsən, mənim kimi də dünyada bədbəxt varmı? Qumun, torpağın sayı var, hesabı var, mənim dərdimin hesabı yoxdur. Az qalıb ciyərim od tutub yana... Daş doğaydı mənim əvəzimdə dərin yatmış anam... İçərim özümü yandırır, çölüm özgəni... Xırda xanım budu getdi, Xırda xanım odu getdi... Xırda xanım Əbdürrəhman bəy arvadı. Bəli, bəxtəvər başımıza, ağrım Xırda xanıma da, onun ərinə də... ah, ah!..

Əbdürrəhman bəy. Arvad, yaxşı başlamısan, durma heyfdir!

Xırda xanım. Səbəbin Allah evin yıxsın, tünbətün olsun, dərin yatsın, evi başına uçsun, dərbədər olsun məni bu evə düçar eləyəni!.. O günlərə daş düşəydi, zəlzələ oleydi, tarmar oleydi...

Əbdürrəhman bəy. Afərin, sabah ertə yaxşı başlamısan mavərənnəhri.

Xırda xanım. Mən ki sənnən danışmıram. Barı qoymazsan, heç olmazsa dərdimi öz-özümə deyim, a biinsaf? İnsaf da buracan?!

Əbdürrəhman bəy. Çünki mənnən danışmırsan, qoy bir stəkan çay içim, baş üstə, mürəxxəs olum qulluğundan, ondan sonra allahvara əllərinin ikisini də qoy qulaqlarının dibinə gəraylı çağır.

Xırda xanım. Tələsmə, gedərsən, varax durur, sən durursan; çaxır durur, qumar durur, sən durursan, qaçmazlar. Elə bu dərddi məni öldürən, ay biçarə. Elə bu dərddi məni bu günə salan, ay Biçarə. Arın yox, namusun yox.

Əbdürrəhman bəy. Sən atayın goru, qoy oturax. Bəsdi, abrın olsun, həyan olsun!

Xırda xanım. Mən bilmirəm sən məndən nə istəyirsən ey! Qoymazsan bir saat dərdimə, fikrimə qalam?!

Əbdürrəhman bəy. Əstəğfürullah rəbbi və ətubəileyhə! Arvad, mən səni incidirəm? Mən səni söylədirəm? Mən sənin ovqatını təlx eləyirəm, yoxsa sən mənim?

Xırda xanım. Sənin öz-özündən xəbərin yoxdu, a biçarə... Əgər dərdini bilsən, bu dildə, bu damağda qalmazdın.

Əbdürrəhman bəy. Tfu, axı nə deyim... A gədə, Əbdürrəhim, Əbdürrəhim, sən atayın goru tez bir çubuq gətir ver durum itilim burdan... Arvad genə dınqır-dınqır eləyir.

Xırda xanım. Bilirəm, gedəcəksən. Bilirəm, tələsirsən. Bəli, varax qaldı axı, neyləyəsən?.. Daş düşübdü mənim başıma, sənə nə var... Mən də fəxr eləyirəm ki, Əbdürrəhman bəy kimi sahibim var... Bəli, şükür Allaha.

Əbdürrəhman bəy. Əbdürrəhim, Əbdürrəhim, a gədə, sənə demirəm çubuq gətir? Arvad, sən atayın goru ikicə dəqiqə mənə möhlət ver, gedəcəyəm.

Xırda xanım. Sənin kimi kişini çay aşağı axıdım, çay yuxarı axtarım. Şükür Allah, sənə! Mənə bax, sahibimə bax!

Əbdürrəhman bəy. Arvad, sən atayın goru bir mənə de görüm başına at təpib, ya ki soyux dəyib? Axır məndən nə istəyirsən?

Xırda xanım. Sən nə kişisən ki, mən səndən nə istəyim... Bilməzsən nə var nə yox, bilməzsən arvadın dərdi nədi, uşağın dərdi nədi. Gündüz axşama kimi başın qarışıb gədə-güdəyə, uşaq-muşağa. Gecə qumar, gündüz qumar.

Əbdürrəhman bəy. Axı evdə nə dərd var ki, mən onun fikrinə qalam?.. Təvəqqe eləyirəm ki, ağzını göyə tutmayasan!

Xırda xanım. Qırqovul başın kola təpər, daldan xəbəri olmaz. Daş başıma salasan. (Əbdürrəhim çubuğu gətirir, gedir).

Əbdürrəhman bəy (çubuğu çəkə-çəkə). Arvad, bilirsən nə var, mən sənə çox məsləhət görürəm durub gedəsən bir ağlaşmaya, orada zu tutasan bundan ötrü ki, bir böyük məşğuliyyət olub.

Xırda xanım. Mən onsuz da ağlamalı günə qalmışam. Sənin kimi sahibi olan mən günə qalar.

Əbdürrəhman bəy. Axır sənə nə olubdu, balam? Acsan, çılpaqsan, evin yoxdu, taydan-tuşdan geri qalmısan ki, belə canbazlığa çıxmısan?

Xırda xanım. Hanı ki... Dərdim elə olar olaydı.

Əbdürrəhman bəy. Bəs nədi dərdin, qoçaq?

Xırda xanım. Əvvəla elə onu götür ki, bizim bir yetişmiş qızımız var, onu gərək bir təhər eləyək.

Əbdürrəhman bəy. Elə bu mətləbdən ötrü bu qarəvəllini gətirirdin?

Xırda xanım. Bu dərdi azmı bilirsən?

Əbdürrəhman bəy. İndi gəldik Mərəndə... Pərvərdigara, görəsən elə hamı arvad elə beləmi olurlar? Qaçar ala dağdan qara dağa, qara dağdan ala dağa. Yeniş-yoxuş, dərə-təpə, axırdan-axıra nədi-nədi kömür qaradı, qatıq ağdı.

Xırda xanım. Sən axırı hədyana düzübsən... Qızın dərdi az dərddi? Onun tayları hamısı gediblər... Püstə xanımın qızı getdi. Nurcahan xanımın qızı getdi. Səfdərqulu bəyin qızı getdi.

Əbdürrəhman bəy. Arvad, Allaha bax, tarıya bax, qız deyəndə alma deyil, qarpız deyil tökəsən bazara, haray çəkəsən ay alma alan, ay şaftalı alan. Dəli olmamısan ki, arvad?

Xırda xanım. İndi ki mətləbin başı açıldı...

Əbdürrəhman bəy. Mətləbin başı açıldı, amma çox zülmlən, ənvayi-müsibət ilən.

Xırda xanım. Yaxşı sən atayın goru, qoy sözümü deyim... Bircə mənə de görüm, getmisənmi İskəndər bəyin yanına? O ki invərsət deyirsiz, nə deyirsiz qurtarıb, həkim gəlib, deyirlər ki, bir yaxşı kamallı, göyçək oğlandı. Heç belə zad ağlına gəlibdimi?

Əbdürrəhman bəy. İndi başa düşdüm mətləbini, arvad... Elə işləri sən özün yaxşı bilirsən, gərək o gəlsin vizitə, yoxsa mən gedim ona nə deyim? Deyim ki, gəl mənim qızımı al? Tutalım ki, dedim, axır alarmı? Elə iş heç bir yerdə görünübdümü? Axı biz müsəlmanıq.

Xırda xanım. Mən əvvəl gündən bilmişəm başıma düşən daşı. Mən bilirəm ki, sən elə şüur yiyəsi deyilsən. Get Allahı sevərsən, get qumar oynamağın dalınca. Mən öz işimi düzəldim, onda bilərsən ki, analar necə qızlar doğublar.

Əbdürrəhman bəy (gedə-gedə). Allah xeyir versin. Sən nəsən ki, düzəltdiyin iş nə ola? Mən ancaq axırda rüsvayçılıqdan qorxuram.

Xırda xanım. Get, dalınca da bir qara daş getsin.

Əbdürrəhman bəy (gedir). Tuf... tuf...

Xırda xanım (tək). Heç mümkün deyil, nə tövr olsa gərək varımdan, yoxumdan keçib bu işi düzəldim; yoxsa o qızların oxutmuş ləçərlər əgər bilsə, oğlanı çəkəcəklər bəndlərinə... Belə ittifaqı əldən buraxmaqlıq bişüurluqdur... Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu... Əbdürrəhim, Əbdürrəhim!

Əbdürrəhim daxil olur.

Əbdürrəhim. Nə buyurursan, xanım?

Xırda xanım. Bu saat gedərsən Nurcahan arvadı və o dərvişi ki İrandan təzə gəlib, çağırarsan bura. Nə tövr olsa gərək bu dəqiqə burada olalar. Başa düşdünmü? Şəhəri bir-birinə vurub tapıb gətirərsən!..

Əbdürrəhim. Bəli, bu saat, xanım. (Gedir.)

Xırda xanım. Tez ha, tez ha... Pəri, Pəri!

Pəri daxil olur.

Pəri. Nə buyurursan, xanım?

Xırda xanım. Bu saat otaqları təmiz süpürərsən, qapı-bacanı gül kimi elərsən!

Pəri. Baş üstə. Xeyirdimi, ay xanım, başına dönüm?

Xırda xanım. Hələ danışmaq yeri deyil, bircə tez Səkinəni də bura göndər! (Pəri gedir.)

Xırda xanım. Ay pərvərdigara, sən özün kömək elə, nəzir elərəm, hər ocaqda bir şam yandırım, beş qoyun kəsim, iki gün ildə ehsan verim. On yetim sevindirrəm. Ya göy çadırın sahibi!..

Səkinə daxil olur.

Səkinə xanım. Nə buyurursan, ana?

Xırda xanım. Anan sənə qurban, Pəriyə kömək elə evləri təmiz süpürsün... Sonra əl-üzünü təmiz yu, libasını dəyiş, bəlkə bizə naqafil bir qəribə qonaq gəldi.

Səkinə xanım. Kələyini duymuşam... Mənciyəz elə işi bacarmaram.

Xırda xanım. Kəs, küçük! Sənə nə deyirəm əməl elə. Yeri, qız uşağısan, artıq danışma. Yeri anan sənə qurban, yeri. Allah ananı mətləbinə yetirsin. (Xırda xanım Səkinəni itələyə-itələyə çıxarır.)

Xırda xanım (diz üstə üzü qibləyə). Ya göy çadırın sahibi! Ya mıxı mismara döndərən Tanrı! Ya yoxdan bizi xəlq eləyən Tanrı! İmdad günüdür, yet dada!

Əvvəlinci məclis tamam olunur, pərdə salınır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets