Xırda xanım və yerində əyləşmiş... Əbdürrəhim daxil olur.

Xırda xanım. Əbdürrəhim, necə oldular?

Əbdürrəhim. Nurcahan arvadı gətirdim, amma dərviş dedi ki, namazımı qılıb, bu saat gəlim.

Xırda xanım. Nurcahan gəlir, bəs hanı?

Əbdürrəhim (qapını açıb baxır). Budu gəldi... Nurcahan xala, gəl içəri!

Xırda xanım. Əbdürrəhim, sən get işinə. (Əbdürrəhim gedir, Nurcahan daxil olur.)

Nurcahan. Salam əleyküm, Xırda xanım. Başına dönüm, xeyirdimi? Atam-anam sənə qurban.

Xırda xanım. Xeyir olmamış nə var, a başı batmış! Nə verərsən mənə, sənə bir elə zad bağışlayım heç dadı damağından getməsin?

Nurcahan. Mən sənin qarabaşınam, itinəm... Ölüm, canım da sənindi, balalarım da sənindi. Başına dönüm, sən desən ki, get özünü qayadan at, ona da hazıram, yesirin olum.

Xırda xanım. Nurcahan, düz mətləb üstə gəlmək hamısından yaxşıdır... Özün bilirsən indiyə kimi tamam şəhər bir yana olub, mən bir yana və neçə-neçə müştərilər mənlən qohum olmaq istəyib, mən qəbul etməmişəm; çünki əvvəla, Səkinə hələ uşaqdı, ikinci o müştərilər bizə tay olmayıb, özün də bilirsən.

Nurcahan. Bıy, başına dönüm, niyə bilmirəm? Bizim şəhərdə Səkinə xanıma layiq kim var?

Xırda xanım. İndi bu saat bizim şəhərdə bir oğlan var. Doğrusu budur ki, mən onu çox şadlıq ilən oğulluğa qəbul elərdim, amma elə adamım yoxdur ki, bu işi düzəltsin. Bu işi heç kəs düzəldə bilməz, səndən savay.

Nurcahan. İtin olum, xanım! Siz özünüz yaxşı bilirsiniz ki, Nurcahan elə işləri su içməkdən hasand bilir, belə işlərin anasıdı... Sizə məlumdu bizim şəhərdə nə qədər qız gedir, mənsiz heç keçmir. Bax, xanım, başına dönüm, əvvəl bu Səfdərqulu bəy, sonra Nurcahan xanım, ondan sonra...

Xırda xanım. A başı batmış, əgər bu işləri mən bilmirdim, səni niyə çağırırdım.

Nurcahan. İndi Xırda xanım, başına dönüm, bircə elə onu mənə de görüm oğlan kimdi. Vəssalam, nağma tamam. Artıq zad mənə lazım deyil.

Xırda xanım. Həkim İskəndər bəy. Hansı ki...

Nurcahan. Bıy, bıy, elə onu de. Heç gör ağlıma gəldimi? Çox yaxşı, çox əcəb. Kifayət elər, bəsdi. Allah qoysa görərsən o tərlanı nə təhər bəndə salacağam... Onu deyim sənə, Xırda xanım, başına dönüm... Həkim bir yaxşı ev tutub. Bu saat mən bura gələndə ona çox qəribə istul, kürsülər apardılar. Görünür ki, otaqların bəzəmək istəyir. Amma özün də görmüşəm. O sifətdə, o şücaətdə oğlan tapılmaz. Amma, Xırda xanım, sən də qoçaqmışsan. Halal olsun sənə anandan əmdiyin süd! Pəh, pəh, pəh!

Xırda xanım. Ancaq bu işi yadda saxlamaq gərək... Özün bilirsən şəhrimizdə bu saat yetişmiş qız çoxdur, o cümlədən o arvadın qızları... Adı nədi? Özləri oxuyub elm tamam eləyiblər... Əgər bizim qorxumuz olsa, o ləçərdən olacaq.

Nurcahan. Ağrın oların ürəyinə!.. Qadam onların oxumağına!.. Allahın verən günü məni apardılar, ta ayağımda başmaq da qalmadı gedib gəlməkdən... Hər kimə deyirəm, cavab verirlər ki, bizə rus qızı lazım deyil.

Xırda xanım. Nurcahan, bizə yatmaq kar verməz; gərək elə bu gündən başlayaq tor atmağa.

Nurcahan. Nə demək istər? Əlbəttə, əlbəttə... Mən deyirəm elə bu saat gedim görüm nə qayırıram.

Xırda xanım. Bax, Nurcahan, bu işi səndən istəyirəm. Gərək nə tövr olsa düzəldəsən. Mən də sənə borclu oluram bir dəst şaldan libas əbrə işməkli, otuz manat pul və qabaqcan bir dəst çit paltar. Bəsdimi?

Nurcahan. Heç verməsən də mən sənin qulluqçunam. Sən nə deyirsən, başına dönüm.

Xırda xanım (çağırır). Səkinə! Səkinə!

Səkinə daxil olur.

Xırda xanım. Anan boyuna qurban, o sandığın içində çit var, onu gətir ver Nurcahan nənəyə. (Səkinə gedir.) Bax, Nurcahan, dəxi bilmirəm, bu işi səndən istəyirəm. Nə tövr olsa gərək iş düzələ, yoxsa məni ölmüş görərsən.

Səkinə çiti gətirir.

Nurcahan (Səkinəyə). Nurcahan nənən sənə qurban, a bizim maralımız, a bizim ceyranımız, a bizim tavatımız! Belə ahu baxışına qocaca nənən qurban, a qız, a qız!.. Xanım, deyirəm dahı mən gedim.

Xırda xanım. Səkinə, sən get öz otağına. (Səkinə gedir.) Nurcahan, hələ bir az gözlə görək təzə dərviş nə deyir.

Nurcahan. Xırda xanım, başına dönüm, o dərvişdən adama möcüzələr nağıl eləyirlər, adamın başının tükü biz-biz durur... Deyirlər ki, əgər istəsə səni də bu saat öz yanına biixtiyar caduynan aparar, necə ki, Hacı İskəndər bəyin arvadını aparıbdır. Xanım, dərvişi də yaxşı fikrinizə salmısınız.

Əbdürrəhim daxil olur.

Əbdürrəhim. Xanım, dərviş gəlibdi.

Xırda xanım. Buyursun.

Dərviş daxil olur, çiynində xurcun tayı, içi dolu kitab və hər bir büsatı ilə.

Dərviş. Salam əleyküm.

Xırda xanım və Nurcahan (ayağa durub). Əleykümsalam, ağa dərviş, buyurun. (Dərviş oturur.)

Dərviş. Xanım, bəndəyə görə nə fərmayişiniz var?

Xırda xanım. Ağa dərviş, deyirlər siz cadu ilə möcüzələr görkəzirsiz, doğrudurmu?

Dərviş. Nə ərz edim, xanım xahiş edən görər.

Xırda xanım. Mən xahiş edərəm ki, siz bir qızın bir oğlan ilən ulduzun barışdırasınız və əgər bu işə əncam versəniz, məndən nə alarsınız?

Dərviş. Xanımcan, belə işlər mənim cadumun məqamında elə asandır necə ki, bir cam su içmək. O ki qaldı məni razı etməyə, o bağlıdır sizin şəfaətinizə.

Xırda xanım. Mən hazıram hər nə siz buyursanız, onu sizə verməyə.

Dərviş. Xanımcan, şükür olsun xudaya, siz sahib güzaransınız və mən sizdən artıq istəmirəm. Mənə iltifat edərsiz bir rəs at, bir dənə cübbə, bir saat və bir qədər cib xərşdiyi.

Xırda xanım. Mən razıyam.

Dərviş. Buyurun indi görək oğlanın ismi nədir, qızın ismi nədir?

Xırda xanım. İskəndər və Səkinə.

Dərviş. Pəh, pəh! Maşallah! İsmlərindən görünür ki, tamam olmuş işdir. İskəndər və Səkinə... Xanım, buyurun bir təşt su gətirsinlər.

Nurcahan gedir su gətirməyə, dərviş kitablarını açır, qələmdanı və bir neçə kağızları o yan-bu yan edir, əbcəd hesabına görə kağızlarda yazır. Nurcahan təşti gətirir, dərviş diqqət ilə suya baxır.

Dərviş. Xanım, buyurun görüm Səkinə xanım gecələr vəhşət ilə qalxıb yeri üstə oturub, öz-özünə danışırmı?

Xırda xanım. Ağa dərviş, Allahı sevərsən məni qorxutma, hərdən-birdən olur.

Dərviş. İşimiz bir az çətin oldu. Amma eybi yoxdur, qorxmayın! (Qoltuğundan bir neçə zəncir çıxardır, silkələyir.) Xanım, bu zəncirləri görürsən? Bunların hər bir bəndində düşmənlərin birisi bağlıdı. Babasına lənət onların, heç zad qayıra bilməzlər. Buyurun bir içi dolu od manqal gətirsinlər. (Nurcahan gedir manqal gətirməyə, Dərviş ciblərindən neçə kağızlar arasında cürbəcürə otlar və benqalski aqon çıxardır.) Xanım, bilirsiniz nə var? Sizdən təvəqqe edirəm ki, qorxmayınız... tayifeyi-cindən ikisi Sərtanüş və Muqərqanuş mütəsərrif ediblər Səkinə xanımı. Lazımdır onları rəf etmək, ta ki işlərimiz düzəlsin, yoxsa onlar qoymazlar. Kafirlər hücum edib gələcəklər, mən onların qanadlarını yandıracağam, amma qorxmayın (Nurcahan manqalı gətirir. Dərviş başlayır oxumağa. Oxuya-oxuya bir neçə otlar atır manqala, qalxır ayağa bir əlində kitab və bir əlində nacaq benqalski aqonu atır manqala, oxuyur.): Xurulfərrarə vəttəlqa və şeyən yəşbəhülbərqa. İza məzzac təhussöhqa. Mələktəş-şərqə vəlqərba, sərhəti təcətü mərahya... Budu gəldilər, qorxmayın. (Yenə oxuyur əl-ayağın tərpədə-tərpədə, Nurcahan və Xırda xanım qısılmış).

Nurcahan, Xırda xanım. Allah, sənə pənah. Allah, sənə pənah.

Dərviş. Babası yanmışları gördünüz? Yaxşı tanıyırsız Heydərəlini. Tamam heyvanat, nəbatat, vəhşiyyat, cinü ins bu tilsimlərdədirlər. Zəncirlərdə...

Xırda xanım və Nurcahan. Allah, sənə pənah. Allah, sənə pənah. Allah, amandı.

Dərviş. Qurtardım. Heç qorxmayın, bacılarım. İndi, xanım, bir şey var; mənə lazımdır bir dənə yumurta, o yumurtanın üstündə bir dua yazacağam zəfəran ilə. Gərək onu İskəndər bəyin qapısında bir övrət yerə vursun, sındırsın... Əlavə mənə lazımdır bir dənə kök qurbağa. Dua yazacağam, o duanı atarsız bir cam suya və qurbağanı asarsınız o camın üstünə başıaşağı və bir də bir dua yazacağam, onu suya salıb verəsiz oğlana; bir qətrə də olsa kifayət edər. Çay içində, su içində. eybi yoxdur.

Xırda xanım. Nurcahan, dur bir yumurta gətir. (Nurcahan gedir.) Ağa dərviş, bəlkə bu saat qurbağa tapılmadı.

Dərviş. Eybi yoxdur, sonra taparsınız. O qurbağa başıaşağı qalıb suya baxa-baxa öləcəkdir və o dəqiqədən başlanacaq məhəbbət eşqi odlanmağa...

Nurcahan yumurtanı gətirir, dərviş yumurtanı yazıb

Dərviş. Xanım, bu yumurta gərək yerə qoyulmasın. Nurcahan bacı, saxla, yerə qoyma. (Yumurtanı Nurcahan yaylığının ucunda döşündə saxlayır.)

Dərviş. Nurcahan bacı, bir-iki kasa də təmiz su gətir, birisi içməkdən ötrü, birisi də qurbağadan ötrü.

Nurcahan. Ağa dərviş, ala, su hazırdı.

Dərviş (duaları yazıb suya salıb). Bu göy kasa qurbağadan ötrüdür və bu ağ kasa içməkdən ötrü. Dur, xanımcan, indi mənim elmim tamam oldu. Rüsxət verin, mən gedim.

Xırda xanım. Ağa dərviş, buyur. Bu hesab deyil. (Beş manat verir.)

Dərviş. Xanım, iş möhkəm olmaqdan ötrü fitəni də (cibindən çıxarar) atarsız ocağa, yansın, ondan sonra oğlan Allahın verən günü biixtiyar gələcək qulluğunuza. Dəxi mən də mürəxxəs olum.

Xırda xanım. Buyur, Allah səni də və məni də bu işdə məyus eləməsin... (Dərviş gedir.) Nurcahan, gərək sən də öz işinin dalınca ol. (Gedirlər. Pəri daxil olur.)

Pəri. A başınıza dönüm, bu arvad lap ağlını itiribdir axı. Bir deyən gərək, ay xanım, sən Nurcahanı tanımırsan, bilmirsən ki, o gündə min xan qapısında, bəy qapısında duz dadır? Ona sirr vermək olar?.. İşdi yağmadı, bitmədi. Ondan sonra zurnaya qulaq as. Gələcəkdi Püstə xanım, “a qız, Xırda, bacın ölsün, bu nə sözdü şəhərdə danışırlar?”... Gələcəkdi Bədircahan xanım, “a qız Xırda, mən elə sevinirdim, and olsun Allaha, elə sevinirdim. Doğrusu deyirdim yoğurmadım, yapmadım, hazırca kökə tapdım, a xalan ölsün bu nə işdi?”.. Gələcəkdi Məşədi Cahan, “xanımın canı sağ olsun, İskəndər olmaz, Kərim olu, Kərim olmaz, Səlim olu”... beş-beş gələcəklər, yeyib-içib, şad-xürrəm geri gedəcəklər. Xanımlar elə belə mahna axtarırlar. İndi, Pəri, gəl evi süpür. Pəri, su gətir. Pəri, başmaq qoy. Bəxtəvər başımıza, pişiyimiz oğlan doğub... Əgər xanımın ağlı olsaydı o bir dəst çit libası verərdi mənim qızıma, mən yüz Nurcahan kimi adamın işin görərdim. Baş tutardı çox yaxşı, tutmazdı qalardı palaz altında... Çörəyi çörəkçiyə ver, birini də artıq. Aley, daş başına, ağılsız başına. (Qarğıyır Xırda xanım gedən tərəfə.)

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets