Page 2 of 4 · 25%

İstanbuldan şikar düşdü əlimə,
Ver malını, qurtar canın, çəkil get!
Bulayaram səni qızıl qanına
Ver malını, qurtar canın çəkil get!

– Ay qardaş, sən buranın qoruxçususan, qoçususan, yoxsa nəyisən, mən malımı sana niyə verif gederam? O ku söz dedin, sözünə cavaf aleynan, gör mən nə derəm:

İki iyid bir-birinnən üzdəşir,
Baş getməmiş malım sana vermərəm!
Qılınc vurram, yaraların sızlaşır,
Baş getməmiş malım sana vermərəm!

Bu cavanın belə cavaf verməsi, Koroğlunun başınnan elə bil bir
qazan qaynar su tökdü. Öz-özünə dedi:
– Bu kimə cavaf qaytarer, bu kimnən danışer, bu, nə danışer, bu,
nə danışer?
Koroğlu hirsdəndi, bir oyan, bir bu yana baxdı, beyqafil zəhmnən
Ağcaquzunun başına bir topbuz endirdi. Ağcaquzu topbuzun qavağına
qalxan tutdu. Topbuz qalxana dəyən kimi toz duman dörd tərəfi
bürüdü. Toz yeri-göyü bürüyən kimi, Koroğlu dedi:
– Vay, bu cavanı nahax badbaxt elədim.
Toz aralanan kimi Koroğlu baxdı ki, oğlan dimdik qavağında
duruf. Koroğlu baxdı gördü bunun heç rəngi də qaçmıyıf, gözdər od
tutuf yaner, Koroğluyu heç adam yerinə də saymer. Oğlanın belə
təpəri Koroğluyu qorxuya saldı, dedi:
– Gəl buna çatdır ki, ay zalım oğlu, qavağındakı tək döylü, onun dalında yeddi min yeddi yüz yetmiş yeddi dəli var. Odu ku, götürdü sazını, görək nə dedi:

İndi dəlilərim gələr qurd kimi,
İki gözün birdən olar dörd kimi,
Başın gedər, leşin qalar yurd kimi,
Ver malını, qurtar canın, çəkil get!

Ağcaquzu gözdərinin altınnan baxıf gördü kü, qoruxcuyu yaman qeyzə gətirif. Aldı dedi:
– A kişi, qulax as:

İgid gərək qürbət eldə atdana,
Qılınc vurram bu yer dönər bostana,
Yüz tülkü neyləyər bir ac asdana,
Baş getməmiş malım sənə vermərəm!

Koroğlu qeyzə gəldi, dedi:
– Əyə, bu nə daneşer, gəl buna qandır deynən, əyə, zalım oğlu, mən Koroğluyam axı! Aldı görək Koroğlu nə dedi:

Koroğluyam, bu yerlərdə gəzərəm,
Uzaxdan, uzağa şikar süzərəm,
Dardıf bədəninnən başın üzərəm,
Ver malını, qurtar canın, çəkil get!

Ağcaquzu dedi:
– Əyə, bu səyaxlıyır deyəsən, Koroğlunun adından məni tora salmaxdı fikri. Bunun qavağınnan qorxmaq kişilikdən döylü.
Aldı Ağcaquzu:

Ağcaquzuyam, hər yetənə enmərəm,
Müxənnətnən danışmaram, dinmərəm,
Mən heç səni ayax tozu sanmaram,
Baş getməmiş malım sana vermərəm.

Ağcaquzu elə ki dedi: “Mən heç səni ayax tozu sanmaram”, – bu söz Koroğluya yaman əsər elədi, istədi qılınca, əmuda əl atsın. Sonra əl saxladı, dedi, Allahın işini bilmək olmaz, deyəsən, burda nəsə var.
Əl saxladı. Dedi, qoy bunu bir yaxşı sınayım.
Dedi:
– Oğul, sən Koroğlu adı eşidifsənmi?
Ağcaquzu dedi:
– Eşitmişəm! Koroğlunun adını eşidəndə göydə mələklər səyrişir.
Koroğlu dedi:
– Oğul, o ku Koroğlu adı eşidifsən, bə niyə belə cavaf verersən?
Axı qarşında dayanan həmən Koroğlu mənəm.
Ağcaquzu dedi:
– Mən inanmeram sənin Koroğlu olmağına. Sən Koroğlu olmağını nəynən sübut eliyə bilərsən?
Koroğlu dedi:
– O ki inanmersan, qulaq as, gör Koroğlu bavan sana nə der:

İki ləkə bir məclisə gələndə,
O məclisin halı pərişan olar.
İki iyid bir məclisə girəndə
Bəzənər otaxlar alışan olar.

...Odasına
Odun gəti odasına
Namərdin başı batsın,
Özü nədi, odası nə?!

Ağcaquzu dedi:
– Bəyim, bəyim, ləkə özünü bilirsən, iyit məni?! Çünkü sən yetirən kimi, mənnən topbuz davasına gəldin, zorrux işlətdin. Sən özün Koroğlu olduğunu deseydin, mən də sənin qarşında layaxsız sözdər işdətməzdim.
Koroğlu dedi:
– Oğul, gör hələ bir nələr eşidəjəksən.
Aldı görək Koroğlu nə dedi:

Mərd iyidlər dolu badələr içər,
Dost yolunda şirin canından keçər,
Müxənnətlər dava günündə qaçar,
Kolların dalında pəhlivan olar.

...Təmiz ada
Dərya saxlar təmiz ada,
Yüz yerdən ləkə yaxsan,
Yaxılmaz təmiz ada.

Ağcaquzu dedi:
– Eyvallah, eyvallah, indi bildim, sən Koroğlusan. Deməli, sən mərtikinnən bu karvanı mənim əlimnən alıf aparmax istiyirdin, başıma da topbuz vurordun. Demerdinmi, bu, uşaxdı qorxar, büdüryər.
Koroğlu dedi:
– Qulax as, gör nə deyirəm.
Aldı Koroğlu:

Koroğluyam haşa çəkmərəm mərddən,
Müxənnət iş əysiy olmaz nəmərddən.
Bir keçi canını qurtarsa qurddan,
Baxar buynuzuna kərkadan olar.

... Arxa sarı
Bel götür arxa sarı
Mərd igiddən dost tut,
Özünə arxa sarı.

Söz tamama yetdi. Koroğlu dedi:
– Oğul, olma sən canını mənnən qurtarmış sayersan. Doğrudan, mən Koroğluyam.
Ağcaquzu dedi:
– Sən Koroğlusansa, onda məni mənzilinə apar, əyər Koroğlu
olmağını tasdıq eləməsən, mən dəvənin üstünnən tüşən döyləm. Özü
də sənin kimi yüzü gələ, mana güj gələ bilməz, mənnən badi-xərac ala bilməz.
Koroğlu dedi:
– Oğlu, görerəm, kiməsə sən arxeyinsan, onu hələ başa tüşə bilmerəm.
Sür karvanını arxamca gedək.
Ağcaquzu Koroğlunun arxasıncan Çənlibelə sarı qalxdılar. Çənlibelə
çatan kimi Niyar xanım həmeşəki kimi Koroğlunun qarşısına
çıxdı. Baxdı gördü, Koroğlu özünnən bir oğlan gətirer, ilahi, bu
cüssədə, bu gözəllikdə iyid bəlkə də heç Çənlibeldə də yoxdu. Elə bil
qüdrət qələminnən yaranıf zalım oğlu. Dəvənin üstündə ağayana
əyləşif, gözdər qayır-qayır qaynayır.
Niyar xanım Koroğluya baxıf dedi:
– Koroğlu, bu kimdi?
Koroğlu dedi:
– Sənin əmin oğludu, Hasan paşanın oğludu.
Niyar xanım dedi:
– Elə şey olmaz.
Koroğlu dedi:
– Özüdü ki, var. İndi tafşır tamam otaxlar bəzənsin, dəlilər hamısı
cəm olsun. Dəlilər tamam cəm oldular, yığıldılar.
Ağcaquzu gördü kü, bu doğrudan da Koroğludu. Dəvədən endi,
dedi:
– Ağa Koroğlu, bu yeddi dəvə yükü var-dövlət sənin, dəvələr
sənin, ancax mən vacif bir iş üçün sənin əyağına gəlmişəm.
Ağcaquzu Pərzad xanım haqqında olan söhbəti Koroğluya nəql
elədi. Koroğlu dedi:
– Oğul, qoy bu sirr qarnında qalsın, Niyar bilməsin, heç kəsə heç
şey demə. Mən indi dəlilərdən bir neçəsini çağırajam. Görək kim
mənnən gedər. Üç günün içərisində sənin Pərzadını gətirdim gətirdim,
gətirmədim mən Koroğluluğumu üstümnən götürəjəm.
Koroğlu götürdü görək dəliləri nejə çağırdı:

De, atdansın qoçaxlarım,
Başı cannan keçən gəlsin.
Eyvaz xana canım qurvan,
Mərd əlinnən içən gəlsin.

Eyvaz xan badeyi başına çəkif Koroğlunun arxasına addadı, dedi:
– Ağa Koroğlu, noluf, mən həmeşə sənnən var deyləmmi, elə söz danışersan? Dəlilərin hamısının gözdəri açılıf, qulaxları şeşlədi; ayə, görən burda nə var?
Onatan Koroğlu aldı görək nə dedi:

Livasın polad geyənnər,
Donnuğun mənnən yeyənnər,
Adına dəli deyənlər,
Şirin cana qıyan gəlsin.

– deyəndə, Bəlli Əhmədnən, Halaypozan da Koroğluya tərəf addadı.
Götürdü Koroğlu görək nə dedi:

Gəzək dağları-daşdarı,
Sovluyax sər qılışdarı,
Koroğlunun qardaşdarı,
Yağı bağrı piçən gəlsin.

Xan Eyvaz, Bəlli Əhməd, Halaypozan – üçü də Koroğlunun arxasında dayandılar. Dedilər:
– Koroğlu, nə olar-olsun, hara desən getməyə haxırıx.
Koroğlu dedi:
– Əziz dəlilərim, mən istəsəm əmr verrəm, bütün dəlilər arxamca
gələr. Əmbə bu əmr döylü, bu bir tilsim qırmaxdı. Ona da dörd nəfər
kifayət eliyər.
Koroğlu Niyara sarı dönüf dedi:
– Niyar xanım, mən gələnəcən Dəmirçioğlu, Dəli Həsən burda
başçı olar, bu mənnən gələn bu iyid də sərkərdə olar. O nə əmr versə,
onun əmrinə əməl eləyərsiniz.
Koroğlu bunnarı deyif, atdara suvar oldular. Dörd nəfər dəli yola
düşüf Ağqayıya çatanda, Eyvaz xan dedi:
– Ağa Koroğlu, başına qurvan olam, bir onca dayğalığına anam
Niyar xanıma sözüm var.
Koroğlu dedi:
– Oğul, buyur.
Eyvaz xan alıcı quş kimi atını çapıf gəldi dayandı Niyar xanımın
hüzurunda, dedi:
– Aneyi-mehriban, sən Koroğlunun ürəyinin təmizdiyinə baxma.
Nə qədər olmasa, Ağcaquzu düşman oğludu, onu gözdən qoyma, bizi
aldada bilər.
Niyar xanım dedi:
– Bala, bala, bu dərsi bavan Koroğlu mana gecə keçif. Arxeyınca
çıxın gedin, heç şeyin fikrini çəkmiyin.
Eyvaz xan Niyar xanımın bu sözünnən sonra bir qədər arxeyınnıx
tafdı. Çaparax gəlif Ağqayada yoldaşlarına çatdı. “Ya Allah” – deyif
yola düzəldilər. Az getdilər, çox getdilər, o dağa çatdılar kı, Ağcaquzu
o dağı salıx vermişdi. Pərzad xanım hası dağa çıxmışdı, asdannara
qarışıf hası səmtə getmişdi, gəlif həmən yerə çıxdılar. Dağın ətəyinnən
atdarı başdadılar dağ yuxarı sürməyə.
Sizə kimnən xəvər verem, Pərzad xanımnan. Pərzad xanım gördü
kü, dörd atdı gəler. Əmbə burya heç bəni insan əyağı dəymeyif. Dedi,
gəl bunnarı yoxlamaxdan ötrü, bəni-insan oluf-olmadıxlarını bilməkdən
ötrü bir iş aç. Oydu ku, bir sehr elədi. Dağın döşündə bir bağ-bostan
əmələ gəldi, gəl görəsən. Qarpız, yemiş, gül-çiçək gəl ki görəsən!
Koroğlu baxdı gördü kü, aya, bayax sıldırım olan qayaların yerində
qarpız-yemiş pitif, qımışdı, güldü, dedi:
– Bizə atılan oxa bax.
Bu vaxtı Eyvaz, Bəlli Əhməd atdan sıçraşdılar, cumdular bostana.
Hası qarpızı kəsdilər dümappağ, hası yemişi kəsdilər zəhrimar, zəkkum,
ağıza vurulası döylü.
Koroğlu dedi:
– Oğul, oğul, atdanın, siz bilin ki, biz buraya caduya tüşməyə
gəlməmişik, cadu pozmağa gəlmişik. Mənnən ayrı tüşmüyün, mənnən
ayrı tüşsəniz, özünüzü güdaza verərsiniz.
Bostanı yarıf keçən vaxtı Pərzad xanım başa tüşdü kü, bunnar insandılar,
bunun dalınnan gəlellər. Pərzad bir heyvətdi şir donuna girif,
qayanın üstündə oturdu. Koroğlu başa tüştü kü, həmən şir donunda
qayanın başında oturan Pərzad xanımdı. Çünkü heyvan olan yaraxlıyasaxlı
adamları görüf belə hərəkət eləməzdi. Belə məqamda vəhşi
heyvan ya gərək adama hüjum çəksin, ya da qorxuf qaçsın. Əmbə bu,
şəstnən sinəsini də bunlara tutuf tamaşa eliyirdi. Koroğlu gördü, heç
bir əlac yoxdu, nə oxnan atılasıdı, nə də tora salınasıdı. Qayanın başına
da kim çıxa bilər, özü də tilsimli qayadı, odu ku, götürdü gücü sazsözə
çatdı, görək nə dedi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets