Page 3 of 4 · 50%

Uca dağların başında,
Mən bir asdana uğradım.
Yedim içdim, dövran sürdüm,
Bağa-bostana uğradım.

Pərzad xanım tez silkindi. Aslan livasınnan çıxdı. Elə bil Məleykə
kimi anırdan bəri boylandı. Bəri boylananda dağlar-daşdar bu
gözəlliyə afərin dedi. Bu vaxt Pərzad xanımın yaxasını yel qaldırdı,
nar məmələr göründü. Məmələr görünəndə Koroğlu dedi:
– Əyə, bu zalım qızı nə qayırdığıdı.
Götürdü görək nə dedi:

Bəridən gəl, gözəl, bəridən,
Ürəyimin yağın əridən,
Silkindi, çıxdı dəridən
Məməli məstana uğradım.

Bu söz Pərzad xanımın xoşuna gəlmədi. Dedi:
– Əyə, ağlına gələni söyləmə.
Koroğlu dedi:
– Mənim ağlım başımdadı, sən ağlını başına yığ, üst-başına fikir ver.
Pərzad xanım əyilif yaxasına baxanda gördü, düz deyir, əynindəki paltarın yaxası təmiz açıxdı. Tez səhvini başa tüştü, xəjələtinnən ayrı livaya keçdi. Koroğlu götürdü sözün davamını, görək nə dedi:

Koroğlunun vardı adı,
Hey gəlir dadı-fəryadı,
Görməmişəm böylə cadı,
Firəngistana uğradım.

Koroğlu gördü kü, Pərzad xanım livasını dəyişdi, ancax anırdan bəri bunnara yaxın gəldi.
Qız dedi:
– Qəhrəman oğlan, sənin fikrin dağlara, daşlara.
Koroğlu dedi:
– Xeyir, igid gözəl gördü coşmalıdı, coşmasa, o, heç iyit döylü.
Götürdü görək daha nə dedi:

Uca dağların başında,
Ləbli-ləbli qar görünər.
Mənim bu xəcil könlümə,
Ala gözlü yar görünər.

Pərzad xanım dedi:
– Oğlan, bəyax mən sana dedim dilini çıldırratma, sözüyün əvvəliniaxırını
bil. Bu dağın kəlləsində sənin könlün nə yar istiyir? Okun yar
xiyalına tüşüfsən, onda gərək sən bu yerdən salamat qayıtmayasan.
Ağlını başına topla, gör bir mən nə deyirəm, sən nə eşidirsən.
Aldı Pərzad xanım:

Bağlar içində pencərəm,
Bu otağımda bar görünər.
İndi səni mən sancaram,
Ətrafın şahmar görünər.

– deyif, elə bir sehir oxudu ku, bütün dört yanı ilan bürüdü. Hər tərəfdən ilannar üstərinə hücum çəkdi. Dəlilər bir-birinə qısılıf, əlləri qılıncın qəbzəsində titim-titim titrədilər. Koroğlu özünü itirmədi, dedi:
– Xanım, xanım, qulaq as:

Bilmədim yarın fəndini,
Əmeydim ləbin qəndini.
Açeydım göysün bəndini,
Ağ sinəndə nar görünər.

Qız dəli olmadımı, ildıza çıxdı. Bir sehir oxudu, yer yarıldı, dəlilər də, Koroğlu da yerin arasında sıxılan vaxtı, Pərzad xanım dedi:
– Əyə, zalım oğlu zalım, qulax as, mənim qoynumda sənin nə işin var.

Zəmbur çəkər bal olanda,
Halın yaman hal olanda,
Dayan, dilin lal olanda,
Gözdərində tor görünər.

Koroğluyu dəlilərnən baravar torpax sıxmağa başladı. Hər tərəfdən də bir neçə şahmar başı çıxıf, onnara tərəf uzanmışdı. Koroğlu mətəl qaldı, dedi:
– Ayə, bu zalım qızının cadısı nə təhər cadıdı? Gəl buna deynən ki, yekə kişi qızısan, belə işdərinnən əl çək, adam ol, adamlara qarış.
Məcbur eləmə ki, əlimi qılınca aparem, səni parça-parça eliyim. Mənim qılıncım elə-belə qılışdardan döylü, mənim qılıncıma Həzrət Əlinin əli dəyif. Bu qılıncın qavağında cadu nədi, piti nədi, şahmar nədi, sən nəsən. Gəl məni məcbur eləmə.
Aldı Koroğlu:

Qələm alıb yazammaram,
Bu qəbrə mən dözəmmərəm,
Gen dünyada gəzəmmərəm,
Dünya mana dar görünər.

Pərzad xanım dedi:
– Əyər gənə ağlına yar-mar sözü salsan, vallah, səni onnan da pis günə salajam.
Aldı Pərzad xanım:

Pərzad deyir, tanı məni,
Tərk etmişəm xanımanı,
Şahmar ollam, çallam səni,
Dünya sana mar görünər.

Koroğlu gördü kü, qız dediyinnən dönmüyəjək, dedi:
– Ay qız, adam balasısan, məni höysələdən çıxartma, and olsun
Allaha, əlimi Misri qılınca atsam, səni iki yerə parçalıyajam, tez ol, bu
torpağı arala, uşaxları sıxıf-üzmə.
Pərzad xanım baxıf gördü kü, daha sınax bəs eliyər, bir sehir oxudu,
dəlilər torpax məngənəsinnən azad oldular. Əmbə yazıxlar qorxudan
uçum-uçum uçunordular. Bir-birinin üzünə baxanda gördülər ki,
vallah, tufar gəji kimi dümağ ağarıflar. Koroğlu dəliləri bu halda görüf
əl atdı Misri qılıncın dəstəyinə, nə fikirrəşdisə fikrinnən daşındı, dedi:
– Pərzad xanım, sən yerin yeddi qatına da girsən, quş oluf göyə də
uçsan, əlimnən yaxa qurtara bilməzsən, yaxşısı budu, gəl meydana,
qoşul bizə, çıxax gedək.
Pərzad gənə də bir sehir oxudu, ceyran livasına girif dedi:
– Çox atım-atım dersən, indi mən qaçem, sənin atın mənim
dalımca çatsın, görem nejə çater.
Koroğlu dedi:
– Sən hələ Qırata bələd döyülsən, səni Qıratın dırnaxlarında tafdıyaram,
qaç.
Koroğlu bir qədər ceyrana mənzil verdi, sonra da öz-özünü
məzəmmətdədi ki, əyə, mən indi bunun dalınnan at salsam, ona qılınc
çalsam, hamı məni qınıyajax, deyəjəklər ki, Koroğlu bir qıza baş qoşdu,
onu qanına qaltan elədi. Bu fikirnən arxa səmtə baxdı, baxanda gördü
Çənlibel güzgü kimi görüner, konlu qubarrandı, götürdü görək nə dedi:

Yönü bəri duran dağlar,
Ellər səni bəzər bir gün.
Güllü, bənəfşəli bağlar,
Yarım səndə gəzər bir gün.

Geri baxanda gördü, bəyax ceyran livasında qaçan Pərzad xanım, indi insan livasında yaxınnaşıf ona qulax aser. Koroğlunun gözdəri yaşardı. Dedi, əyə, hancara olmasa, insan öyladıdı, onun da ürəyi, diləyi var, biznən tərs gətirməyinə baxma. Koroğlu götürdü sözünün o biri xanasını:

Hər iyiddə olmaz hünər,
Od olmasa, ojax sönər.
Dövlətdidən dövlət dönər,
Ağlı başdan təzər bir gün.

Baxıf gördü kü, bayax qaçan bu dəfə laf yaxın gəldi. Özü də insan livasındadı. Gözdəri də yaşarıf, Koroğluya boylaner.
Aldı Koroğlu:

Koroğlu Çənlibellərdə,
Qalmışam fitnə-fellərdə,
Mən ölsəm qürbət ellərdə,
Kim qəbrimi qazar bir gün.

Pərzad xanım yaxınnaşıf dedi:
– Doğrusunu de, görəm sən kimsən?
Koroğlu dedi:
– Xanım, mən Koroğluyam.
Pərzad xanım dedi:
– Əgər sən Koroğlusansa, bu veranxana düzdərdə nə gəzersən?
– Ay Pərzad xanım, dərdsiz aşıx ağladığını heç görüfsənmi, axı
mənim dərdim var, mən buraya onçun gəlmişəm.
– Düzünü de, görək sən niyə gəlifsən?
Burda götürüf görək Koroğlu nə dedi, siz sağ olsun:

Mən qoç Koroğluyam çıxdım qalannan,
Ərzəmi götürdüm divana gəldim.
Xotkarın oğlunnan peyman eylədim,
Fikrimi zay etdim, imana gəldim.

Pərzad xanım qulaxlarını şeşlətdi, dedi:
– Ayə, bu nə xotkar oğludu der, bu nə danışer?
Pərzad gözünü Koroğlunun üzünə zillədi. Əmbə Koroğlu gözünü
çöyürüf Eyvazınan Halaypozanın üzünə baxanda gördü vallah, bir qız
görəndə oynaxlıyan oğlannar, indi elə bilginən ki, don vuruf donuzdurufdu,
heç ürəkləri üstə gəlmer, matdarı-qutdarı quruyufdu. Bəlli
Əhmət də qılıncını yerə qoyuf, mat-mat boylanerdi.
Aldı Koroğlu:

Bu dağların zirvəsinə varanda,
Qılınc çəkif, düşmən bağrın yaranda,
Samur qırağında məclis quranda,
Mey içdim, məst oldum, məstana gəldim.

Pərzad dedi:
– Ay kişi, düz danış, düz de. Nəyə gəlifsən, məqsədin nədi? Məqsədini düzən desən, inşallah mən də ona əlac eliyəm.
Aldı Koroğlu:

Koroğluyam öz canımnan küsərəm
Bir yel oluf, bu dağlarda əsərəm.
Getməsən də bil, başını kəsərəm,
Səni aparmağa mərdana gəldim.

Söz tamam oldu. Pərzad xanım dedi:
– O ku məni aparajasan, söylə görəm kimə aparajasan?
Koroğlu gördü kü, Pərzad xanımın əhvalı özündə döylü. Bayaxkı cadı-pitidən də əsər-əlamət yoxdu, dedi:
– Qulax as gör kimə aparajam:

Ovçu olan ovun izlər,
Dur varax bizim ellərə.
Ağcaquzu yolun gözlər,
Dur varax bizim ellərə.

Pərzad xanım Ağcaquzu adını eşidif cin atına minmədimi.
Dedi:
– Əyə, zalım oğlu, məni aparersan bir iyidə apar, Ağcaquzu nə iyitdi ki, sən onnan ötrü mənim dalımca gəlifsən.
Koroğlu dedi:
– Xanım, xatrına dəyməsin. Qulax as, qulax as, gör bir nə deyirəm:

Gözəl xanım, olma naşı,
Nə gəzersən dağı, daşı.
Ağcaquzu qoşun başı,
Dur varax bizim ellərə.

Pərzad xanım dedi:
– Hası qoşunun başıdı, o, bir cadıyı axıra kimi öyrənif başa çıxa bilmədi.
Koroğlu o sahat işi başa tüşdü. Dedi, qulax as:

Sona tərk etməz gölünü,
Xoryada vermə telini.
Koroğlunun gözəl gəlni,
Dur varax Çənlibellərə.

Söz tamam olan kimi Koroğlu dedi:
– Qızım, dur gedək, biz sənsiz qayıdası döyülük.
Pərzad xanım dedi:
– Koroğlu, o ku sən məni özünə gəlin kimi aparersan, onda gederəm,
əmbə onu bil ki, Ağcaquzu sən deyən kimi iyid olmasa, onda
zəhər içif özümü tələf eliyəjəm, sən də günaha batajasan.
Koroğlu dedi:
– Pərzad xanım, mana qoç Koroğlu deyəllər, mən səni zornan da
aparardım. Əmbə özüm bilerəm ki, sən zor işdədiləsi qız döyülsən, hər
şey sənin ürəyinnən olajax. Bu günnən mən sənin qaynatanam.
Eyvaz atdan endi, Pərzad onun atına mindi. Üzü dağ aşağı yol başdadılar.
Eyvaz atın yüyəninnən yapışıf, özü payı-piyada gedəsi oldu.
Gəlhagəl, günə bir mənzil, teyimənazil, ustad dili yüyrəy olar,
gəlif Ağqayanın yanına çatanda Koroğlu dedi:
– A bala, Eyvaz, Bəlli Əhməd, siz Yağı qoruğunnan gedin, Pərzad
xanıma gül-çiçəkdən çələng düzəldin, atdarınızı da gözəl-göyçək
bəziyin. Mən burdan kesəsinə gedif, bu sahat dəlilərin hamısını görüşünüzə
göndərəjəm. Gərək Pərzad xanım elə qarşılansın ki, heç bavası
Cəfər paşanın imaratında da elə qarşılanmasın.
Dəlilər “baş üstə” deyif, Pərzad xanımı da götürüf, Yağı qoruğunnan
getməkdə olsun. Koroğlu Qıratı tərpədən vaxtı ağ cığırın ağzında
gördü kü, bir göy dəmir atdı, üstündə də bir enni kürəkli, alçax boylu,
qırmızı gözdü bir kişidi. Ağ qayıya doğru boylaner. Bunu görən kimi
Qırat tərpənməzcə dayandı. Koroğlu gördü kü, ayə, Qırat yerinnən tərpənmer.
Ata mahmız çəkdi, at gənə getmədi. Koroğlu dəli olmadımı:
– Ayə, vayıs oğlu vayıs, yolu niyə kəsifsən? – dedi – Görörsən at getmer.
Atdı yuvaş-yuvaş başını Koroğluya hərriyif, zəhmnən tərs-tərs
ona baxdı, dedi:
– Məyər dədəyin yoludu? Anırdan getsən olmormu, baldırın qırılajaxmı?
Koroğluyu elə biliynən ildırım vurdu. Dəli oldu, götürüf burda nə dedi, biz deyək, siz şad olun:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets