Eylədi
Bulaqlar ağlımı başımdan aldı,Suları titrədi, göz-qaş eylədi.Gözəllər üstünə yığılan günü,Məni də gözündə bir daş eylədi.
Çiçəklər Günəşə göz vuran pəri,Ulduzlar göylərin naxışı, zəri.Allahın ilahi gözəllikləri,Çaşdırdı çoxunu çaş-baş eylədi.
Bir dağın gözündən axan yaşları,Sehrə, gözəlliyə əydi başları,Çınqıl qayaları, çopur daşları,Çevirdi, gözümdə daş-qaş eylədi.
Tanrı duaları deyir təbiət,Nurunu dağlara yayır təbiət,Təbiət şairdi, şair təbiət,Məni də özünə sirdaş eylədi.
2010, sentyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-eyledi
Use ← → keys to move, R for a random poem