Yaralı Təbrizim yadıma düşdü,Saralan bənizim yadıma düşdü,İstəklim, əzizim yadıma düşdü,Yüz dəfə gözümdən yaş axdı azı,Gördüm Arazı.

Məhbəsdə, zindanda saydım özümü,Getdi ürəyimin tabı, dözümü.Tikanlı məftillər tökdü gözümü,Gülmədi üzümə ömrümün yazı,Gördüm Arazı.

Dili bir yanıqlı neydi həsrətin,Yükü qamətimi əydi həsrətin,Şilləsi üzümə dəydi həsrətin,Mən belə görüşdən olmaram razı,Gördüm Arazı.

Mən əziz bilsəm də yerin xətrini,O tay əsirgədi məndən ətrini.Dəyişə bilmədim bircə sətrini,Daş oldu bəxtimə yazılan yazı,Gördüm Arazı.

Daha yer qalmadı söhbətə, dəmə,Kövrək duyğularım bələndi qəmə.Həsrət bir daş olub dəydi sinəmə,Sındırdı qəlbimdə dil açan sazı,Gördüm Arazı.1978, 19 fevral

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation