Salonlar görmüşük biz, buz nəfəsli salonlar,Bir nakəsi mədh edib, öyüblər, əl çalmışıq.Ağlımız kəsə-kəsə, gözümüz görə-görəQəhrəman bir oğulu döyüblər, əl çalmışıq.

Dad-tamını görmüşük hər ağrının, acının,Hər üzünü göstərib həyat ehtiyacının.Haqqa əli çatmayan neçə ana-bacınınGününü göy əsgiyə düyüblər, əl çalmışıq.

Dayan, qafil, fikirləş! Göymü yerə alçalıb,Doğrudanmı el-oba başdan-başa əl çalıb?Doğrudanmı əl çalıb qəhrəmanlar, ərənlər?!Alqışlar arxasında zülmətləri görənlər?!

Heç inana bilmirəm, inanmıram mən nəsə,Əqidə sahibləri məsləki qurban kəsə.Biləkdən üzsələr də əl çalmazdı o əllər!Dilənməzdi, enməzdi, alçalmazdı o əllər!

Başkəsənə baxmayıb baş ucaldan oğullar,Çiynində bir millətin şərəfini daşıyıb.Nə yaxşı ki, dünyada vaxtı vermədən badaMüşfiqlərim yaşayıb, Cavadlarım yaşayıb!

Sarsıdıb sındırıblar polad kimi mərdləri,Bir könül necə tutub dərya-dərya dərdləri?Yumşalda bilmədilər kəskinləri, sərtləri,Döndü dəmir yumruğa, həqiqət alçalmadı!

Tapdadılar Vətənin çörəyini, duzunu,Söndürdülər səmanın ayını, ulduzunu.Cavidlərim əritdi tayqaların buzunu,Satqınlığın önündə cəsarət alçalmadı!

Ən böyük inamları ən sərt zərbələr yedi,Duz-çörək əvəzinə aclar qəm-kədər yedi.Söyüş... təhqir... ay Allah, insanlar nələr yedi,Son nəfəsdə, son anda ləyaqət alçalmadı!

Qəbristandan keçirəm, qarşıda yüz-yüz məzar,On deyil, on beş deyil burda basdırılanlar.Qəbristana baxıram, xəyanət də qəbirdə,Kin-küdurət, ədavət, şan-şöhrət də qəbirdə.Bəs ləyaqət? Göyə bax, göydə bir qartal süzür,Qanadlarında qüdrət, baxışlarında cürət,Səmaların hakimi o qartaldır ləyaqət!Kəssən qanadlarını, qartal bəlkə alçalar,Heç bir zaman alçalmaz bir amaldır ləyaqət!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death