Bu öy mənim öyüm deyil,Özünsən öyün sahibi.Yıxan da sən, qaldıran da,Bu kəndin, köyün sahibi.

Oddan eşqin, nurdan üzün,Tərəfisən haqqın, düzün.Quranın, kitabın, sözün,“Əlif”in, “bey”in sahibi.

Sümüyə bürüdün əti,Özün yazdın hər qisməti.Dizimdən alma qüvvəti,Dizimdə heyin sahibi.

Qara bəxtim, qara çuxam,Sənin əlin, mənim yaxam.Mən kiməm ki, şərik çıxam,Sənsən hər şeyin sahibi.

Gecə-gündüz çəkər ahı,Zəlimxandı dərdin şahı.Bağışla varsa günahı,Ey yerin-göyün sahibi.

Truskavets

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets