Yıxdı bizi
Qarlı dağlar yıxılsa da, biz heç zaman yıxılmazdıq,Acı sözlər, yaman gözlər, yaman dillər yıxdı bizi!Dilimizdə dedi-qodu, gözümüzdə məkrin odu,Didişmələr, deyişmələr, fitnə-fəsad yıxdı bizi!
Qanımıza susayanlar qan saldılar aramıza,Sızlatdılar, göynətdilər, duz basdılar yaramıza.Qaraniyyət olan kəslər danışdılar qaramıza,Üstümüzdən acı-acı əsən yellər yıxdı bizi!
Tor qurdular, məni səndən, səni məndən eylədilər,Özümüzü dərdə salıb, özgəni şən eylədilər.Dərdimizi qaldırdılar, dağlara tən eylədilər,Gözümüzdən könlümüzə axan sellər yıxdı bizi!
Özümüzü atdan salıb yadı ata mindirəndə,Dostumuza əyri baxıb düşmən kimi dindirəndə,Öz müqəddəs odumuzu öz əlimiz söndürəndə,Göyə qalxıb gözümüzə dolan küllər yıxdı bizi!
Xəyanətin min üzü var, bir söz demək olmur ona,Neçə-neçə şəhid ömrü bir gecədə çatdı sona.Otuz yeddi hər il girdi başqa cildə, başqa dona,Bir-birindən ağır gələn qanlı illər yıxdı bizi!
Şah babamız Xətainin zəhmətini zay eylədik,Xırdalandıq, özümüzü təpələrə tay eylədik.Heykəl kimi oğulları güllələrə pay eylədik,Bu gün vurub-yıxdığımız boş heykəllər yıxdı bizi!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-yixdi-bizi
Use ← → keys to move, R for a random poem