Səhifə 2 / 3 · 33%

– Heç bunu cırmaq olar? – dedi. – Bu bizim ən xoşbəxt günümüzün qəbzidir. Serjant Trofimov özü təsdiq edib bu tarixi... Qoy yadigar qalsın... Dünyada yeganə təqsirimizin – Kutuzov prospektini düz keçməməyimizin şəhadəti kimi qalsın.

Zaur:

– Yaxşı, – dedi.

– Gedək mənim nömrəmə...

Sənin nömrənə?

– Hə, mən təkəm nömrədə.

Məni buraxarlar?

– Növbətçiylə danışmışam... Dost olmuşuq onunla, məni görübmüş televizorda...

Elə bil nə isə sancdı Zaurun ürəyində. Təhminənin belə asanlıqla növbətçiylə dil tapıb yad adamı nömrəsinə gətirməsi nə isə pis təsir bağışladı ona. Təhminə elə bil onun ürəyindəkiləri oxuyaraq.

– Amma, sən allah, yenə ilan-qurbağa gəlməsin fikrinə, – dedi: İntəhası mən bu gün gündüz sənin teleqramını göstərdim növbətçiyə, hər şeyi olduğu kimi dedim və arvad məni başa düşdü.

* * *

– Dayan, elə yox, yavaş, dayan, özüm soyunum... İşığı keçir... Gəl bura... darıxmışam səninçün yaman... Canımsan mənim... Ay Allah, dəli olacağam mən... Zaurik, mənsiz necə dözürdün bu qədər vaxt... əzizim mənim, canım...

Gecənin ən gizlin, ən isti sözlərini deyirdi Təhminə, ən çılpaq sözlərini. Nömrədəki reproduktordan musiqi eşidilirdi. Qadın müğənni həzin və yorğun səslə kədərli bir mahnı oxuyurdu...

Sonra onlar sakit uzanıb siqaret çəkəndə Təhminə dedi:

– Bilirsən bu nə mahnı idi, Zaur?

– Yox.

– Qədim gürcü mahnısı.

Bütün bu gün və bu gecə ərzində ilk dəfə olaraq yavaşdan və qəmli-qəmli əlavə etdi:

Mən olmayanda birdən bu mahnını eşitsən hər şey yadına düşəcək, Moskva, bu gecəmiz...

“Mən olmayanda”, – deyə Zaur onu yamsıladı. – Yenə başladın?

– Bilirsən, həyatdır, hər şey ola bilər. Sən başqa qadınlarla da ola bilərsən və lap yəqin olacaqsan da... Amma bu cür olmayacaq Zaur, heç kəslə olmayacaq bir də, mən bilirəm.. Ayrı cür ola bilər, bəlkə bundan da yaxşı, amma bu cür yox... Ola bilməz ki, hər şey bax beləcə təkrar olsun. Domodedovo meşəsindəki quşlar da, o küçədəki cərimə də, bu qədim gürcü mahnısı da... Bu bizimdir, ancaq bizim... Başqa heç kəsin... Onunçün də mən arxayınam...

...düz çıxdı Təhminənin sözləri...

* * *

Səhər saat 10-da Mayakovski metrosunun yanındakı yeraltı keçiddə Bakı təyyarəsinə bilet aldı... Aşağıda, perronda ayrıldılar. Təhminə telestudiyaya getdi, məşqi vardı...

– Axşam 9-da, Şabolovkada, televiziyanın qabağında gözlə məni, – dedi və uzaqlaşan qatarın pəncərəsindən Zaura əl elədi...

Zaur eskalatorla yuxarı qalxdı. Mayakovski meydanına çıxdı, Qorki küçəsiylə Baş Teleqrafa tərəf addımladı... Dünəndən bəri heç nə yeməmişdi, yatmamışdı, amma nə yorğunluq hiss eləyirdi, nə yuxusuzluq... Qısamüddətli səhər yağışının yuyub islatdığı səkilərlə yeriyir və bir saat, beş saat, səkkiz saat bundan qabaqkı kimi yenə də Təhminənin pıçıltılarını eşidir, sığallarının, əllərinin, saçlarının, dodaqlarının təmasını duyurdu... Moskvanın bütün gözəl qadınları – payız küçəsinin bütün qadınları Təhminəni xatırladırdı Zaura və heç biri ona tay ola bilməzdi... Zaur dünən Təhminəylə keçdiyi yerlərdən indi tək keçmək istəyirdi, amma bu təkliyində tənha deyildi, Təhminə də onunlaydı – sözləri, nəvazişləri, pıçıltıları, ən çılğın məhəbbət anlarında gah yumşaq, gah ehtirasdan boğulmuş kəsik gülüşləri, dodaqlarının istisi, uzun incə barmaqlarının sərinliyi, küçədə, liftin, eskalatorun, ya avtobusun basabasında qeyri-ixtiyari, qəsdənmi, təsadüfənmi Zaurun köksünə qısılması, belinin, dizlərinin toxunuşu yalnız fikrində, xəyalında deyil, bədəninin hər hücrəsində yaşayan, nəbz kimi döyünən xatirələr – Zauru indiyə qədər heç bir vaxt duymadığı, yaşamadığı bir səadət burulğanına qərq edirdi və bu burulğan içindən yenə də Təhminənin sifəti, gülüşü, danışıqları durulub çıxırdı. Nə qədər söhbətlər etmişdi Təhminə bu gecə. Elə bil indiyəcən dəniz sahilindəki yay görüşlərində demədiyi, danışmadığı, ürəyində saxladığı bütün sözləri, bütün söhbətləri bu ilıq Moskva gecəsində deyib qurtarmaq istəyirdi... Uşaqlığından danışırdı ən çox. Pirşağıdakı bağlarından, yayın son günlərindən, çimərlikdə düzülmüş əlvan pioner dəstələrindən, bazar günləri həmişə saat ikidə verilən muğamat konsertlərindən – aram melodiya dənizin, qızmar sahilin, odlu qumların üstündən tüstü kimi uçub gedirdi. Uşaqlığından əbədi tərk olunmuş diyar kimi danışırdı, elə bil, didərgin, itkin düşmüşdü bu diyardan... Qızmış qumlar günorta çağı yalın ayaqlarını yandırardı, axşamlar isə qumlar soyuq və nəm idi. Gecə qonşularıgildən evlərinə qayıdanda üzüm meyvələrinin arasından hoppanarkən qorxurdu ki, birdə gümüşü ayın ziyasında, boz qumların içində görünməz olmuş ilanı basdalar, ilan qayıdıb çalar onu. Qonşularıgildə aşiq olmuş ilanlar haqqında əfsanələr danışırdılar, and içirdilər ki, ilanın bir qıza bənd olub onu təqib etməsini öz gözlərilə görən olub... Qonşuda onun tay-tuşları balaca uşaqlar çox idi... cürbəcür oyunlar oynardılar, bir-birinə qorxulu əhvalatlar danışardılar, gecəyarısı balaca Təhminə evlərinə qayıdanda bu qorxulu nağılların vahiməsindən xoflanardı, aylı gecədə qarışıq kölgələrdən eymənərdi, əti ürpəşərdi... Eyvanlarına ayaqlarının ucunda qalxardı ki, atasını və nənəsini oyatmasın, ehmallıca miçətkənin altına girərdi, amma yuxulamazdı, iri ulduzlarla bəzənmiş açıq yay səmasına baxar və uzaqdan – neftçilərin istirahət evindən eşidilən musiqi səslərinə qulaq verərdi. Orada rəqs edərdilər. Cürbəcür musiqi havaları çaldırardılar, amma hər gecə ən axırda eyni tanqoyla bitirərdilər bu konserti, həmin tanqo indiyəcən Təhminənin qulaqlarındadır, sözlərini də xatırlayır... Bu tanqoda deyilirdi ki, batan günəş həzin-həzin dənizlə vidalaşır. İndinin özündə də təsadüfən bu tanqonu eşidəndə gözləri dolur, uşaqlığı, bağları, atası yadına düşür. Neftçilərin istirahət evində Təhminədən on-on iki yaş böyük oğlanlar və qızlar rəqs edərdilər, onların aləmi özgə bir aləm idi, musiqi, tanqolar, aylı gecələrdə sahil gəzintiləri, görüşlər və ayrılıqlar, sevgi və şirin ağrılar vardı bu aləmdə. Təhminə sevinirdi ki, bu aləm onunçün hələ irəlidədir...

Anası yadına gəlmirdi, yaş yarımında itirmişdi anasını, onu yalnız köhnə, saralmış fotolarına görə xəyalında canlandırırdı, lap uşaq yaşlarında möcüzəyə inandırmışdı özünü ki, anası ölüb eləməyib, hardasa uzaq bir yerdədir, bir gün gəlib çıxacaq. Təhminəyə iri, yaraşıqlı kukla, çoxlu konfet və – nədənsə bunu həmişə düşünürdü – sarı, güllü iri çətir gətirəcək... Anasını uzun ağappaq paltarda təsəvvür eləyirdi həmişə, özü də həmişə onu lalələrlə dolu olan ucsuz-bucaqsız bir düzənlikdə görürdü. Anasının səsini, danışıq tərzini heç cür xəyalında canlandıra bilmirdi, odur ki, anası haqqında düşünəndə onun səsini tanış qonşu qadınlarından birinin səsi, danışıq tərzi kimi qavrayırdı. İllər keçdikcə yaşı artdıqca Təhminə bu xəyalların puçluğunu başa düşürdü. Nənəsi bir dəfə ona anasının qəbrini də göstərmişdi. Artıq dərk edirdi ki, anası doğrudan-doğruya ölüb və heç zaman gəlməyəcək. Amma buna baxmayaraq, ulduzlu yay gecələrində yenə də anası haqqında düşünürdü, indi daha gələcək zamanda yox, keçmiş zamanda... Anasının bir gün diriləcəyini, qayıdıb gələcəyini fikirləşmirdi, anasının bir vaxt necə, nə sayaq diri olduğunu, yaşadığını təsəvvüründə yaşatmaq istəyirdi... Xəyalında canlandırırdı anasının və atasının cavanlıqlarını – lap gənc vaxtlarını. O çağı ki, o vaxt heç Təhminə də yer üzündə yox imiş, hələ atasıyla anası təzə-təzə gəzməyə başlayıblarmış. Təhminə gözlərini yuman kimi aylı gecə, dəniz sahilini görürdü və cavan atasıyla cavan anası məhz bu sahildə görüşürdülər, ay da məhz bax elə indiki kimi işıqlandırırdı qumları, suları, uzaqdan da məhz elə bu musiqi – bu kədərli tanqo eşidilirdi və atasıyla anası – ikisi-boş sahildə onlardan başqa heç kəs yox idi – uzaqdan gələn musiqi sədaları altında tanqo rəqsini oynayırdı və ikisi də bilirdi ki, bu son rəqsləridir, indi, bu an – xoşbəxtdirlər, amma bu xoşbəxtlik bitməyə, qurtarmağa, bir daha qayıtmamağa məhkum olmuş bir bəxtiyarlıqdır. Sonra Təhminə dedi ki, lap bu yaxınlarda, bir ay bundan qabaq yenə yuxuda ata-anasını görmüşdü, anası uzun ağ paltarda, atası isə yaxası açıq apaş köynəkdə idi, aylı gecədə, həmin o sahildə rəqs edirdilər. Yuxuda həmin tanqonu da eşidirdim: “Utomlennoe solnse nejno s morem proşalos”. “Yuxuda elə ağlayırdım, hıçqırıq boğurdu məni, bütün yastığım göz yaşlarından islanmışdı, – bir an susub, əlavə etdi. – Manaf oyatdı məni ki, nə olub sənə belə”...

İlk dəfə Manafın adını çəkdi, amma heç bir şey danışmaq istəmirdi əri haqqında. Qonşusu Mədinə haqqında danışırdı, deyirdi ki, Mədinə əsl dostdur, qadınlar arasında bu cür etibarlı dost tapmaq çətin məsələdir. Mədinə heç bir vaxt məni satmaz, deyirdi, Dadaş haqqında danışırdı, deyirdi ki, Dadaşdan qurbağadan, siçandan çimçişən kimi çimçişir, o idarədə stollarının yaxın olmasına belə güclə tab gətirirdi, çünki belə məsafədə də Dadaşdan həmişə tər iyi gəlirdi, lap ürəyim bulanırdı... Nemətdən danışırdı, deyirdi ki, bir dəfə Nemət gecə saat dörddə mənə zəng eləmişdi, yox, ay axmaq, əlbəttə, eşq elan eləmək üçün yox, kim gecənin bu vaxtı eşq elan eləmək üçün zəng vurar, yox, ürəyinin dərdlərini danışırdı. Nemət, deyirdi ki, həyat onu sıxır, boğur, mən nə bilim nə, insandır da... Spartak? Əşi, nə yapışmısan bu Spartakdan? Axmağın, yelbeyinin biridir Spartak... Amma deyim sənə, o qədər də axmaq deyil ha, hər halda yaxşıca pul qazanmağın fəndin bilir... Bilirsən heç necə dövlətlidir Spartak? Atasının pulu! Ay-hay, atası pensiyaya dolanan adamdır, atasının o qədər pulu hardandır, əksinə, Spartak dolandırır atasını da, anasına da, elə bacısını da geyindirib-gecindirən Spartakdır, hə, tamam yadımdan çıxmışdı, axı, onun bacısı sənin gələcək adaxlındır, baxtın kəsib, Zaurik, Spartak bacısıyçün bir cehiz verəcək, gəl görəsən, bütün ömrün boyu Spartakın hesabına kefnən yaşaya bilərsən, yaxşı, yaxşı, qaşqabağını sallama, zarafat eləyirəm də, zarafatdan inciməzlər ki, sənə qurban olum. Spartak kimdir? Spartak sənin dırnağına da dəyməz, o niyə səni saxlasın ki... Amma zarafat bir yana qalsın, Spartak pula pul demir... Moskvaya gələndə üç-dörd oteldə nömrə saxlayır. Niyə? Nə bilim niyə, harınlıqdan, varlığa nə darlıq. “Rossiya”da da həmişə beşotaqlı lüksdə qalır, bir dəfə bərk pərt idi ki, həmin o beşotaqlı lüksə düşə bilməyib. Çünki o vaxt həmin lüksdə arxiyepiskop Makstios qalırmış. Spartak zəncir çeynəyirmiş lap.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Nərminənin atası Səfdərə və anası Minaya məktubu

Mənim əzizlərim! Ana və ata! Uzaq Qvineya diyarından sizə çoxlu-çoxlu salam göndərirəm. Sizinçün burnumun ucu göynəyir. Əvvəlcə, sizə bir şad xəbər vermək istəyirəm: hər ikiniz baba və nənə olmusunuz. Özüm qəsdən bu barədə sizə heç nə yazmırdım ki, anam nigaran qalmasın. Bilirəm axı, yaman vasvasıdır. İndi hər şey yaxşı qurtarıb və on gün bundan qabaq balaca bir oğlan nəvəniz dünyaya gəlib. Hüsü deyir ki, atama oxşayır, ancaq burnu lap səninkidir, ay ana. Adını hələ qoymamışıq. Ay ata, mən istəyirəm sənin adını qoyaq; ancaq Hüsü deyir ki, iraq-iraq, sağ olan adamın adını qoymazlar. Dedim, sizlərdə qoymurlar, amma bizlərdə qoyurlar. Dedim bizlərdə belə qayda var ki, birinci uşağa babasının adını qoyurlar. Heç özüm də bilmirəm belə qayda var, ya yox, ancaq hər halda Hüsünün başını tovlamaq üçün belə dedim. Çünki çox istəyirdim sənin adını qoyam, ay ata. Uşağın adını çağıranda elə bilərəm siz də yanımdasınız bu qərib yerdə. Qız olsaydı sənin adını qoyacaqdım, ay ana. Ay ana, qurbanın olum, səndən yaman nigaranam. Hər gecə səni yuxuda görürəm. Elə qatmaqarışıq yuxular görürəm ki, heç olmasa mənə bir əlcə kağız yazaydın. Atama bax, gözünə su ver, hər ay müntəzəm mənə məktub yazır. Bizim əhvalımızı xəbər alsanız, güzəranımız pis keçmir. Hüsünün burda yaman hörməti var. Burda həkimlərə çox ehtiyac var. Elə xəstələr, elə xəstəliklər var ki, Allah göstərməsin. Camaat çox mehribandır. Amma çox kasıbdırlar yazıqlar.Hə, balaca Səfdər oyandı, başladı bağırmağa. Yəqin acıb, köpəkoğlu yaman qarınquludur.

1 dəq
Bir də mən görsəm ki...

Yazılana pozu yoxdur(?)*Nemət düyməni basdı:

49 dəq
Birinci nağıl

(Utopik və antiutopik nağıllar)*O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən.*

53 dəq
İkinci nağıl

Bir də gördü ki, ağ qoçnan, qara qoç budu*döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat*

1 saat 25 dəq

Başqa şairlərin şeirləri