Seşənbə günü, dekabrın 27-sində Dövləti teatroda türk dram aktyorları tərəfindən “Əbülüla” pyesəsi oynandı.

Bir neçə pərdənin görnüşü qətiyyən bir Ərəbistan odasını andırmayordı. Ərəbistanın dərin keçmişindən nümunə olaraq divarları kağızla örtülmüş bir odanın görünməsi, bu yaxınlarda Kommunist firqəsində (qəzetində – A.R) bütün təfərrüatı ilə təhlil edib yazdığımız kimi, böyük bir xətadır.

İkinci pərdədə sakit bir gecənin dərin qaranlıqları içində çırpınan iki məcnun qəlbin iztirablarını aşiqlərin üzündən oxutdurmaq üçün salınan projektor öylə namünasib bir məhəllədə yerləşdirilmişdi ki, aşiqlər büsbütün qaranlıqda buraxılıb, lüzumsuz olaraq boş taxtalar işıqlandırılmış və bunun özünə ikinci pərdənin dekorasiyası bir yığın rəngli əski və tozlu taxtadan ibarət olaraq görülüyordı.

Üçüncü pərdənin baxçamı, odamı, həyətmi, xülasə nə olduğu yenə anlaşılmayor. Çünki keçmişdə təfsilatilə dediyimiz kimi, həyət, baxça isə içərisində şəmədanların ilqun mebellərin olması oda isə bir tərəfində böyük bir baxçanın yerləşdirilməsi artıqdır.

Dördüncü pərdədə sərdabanın içi səhnənin özü kimi işıq barı mövqeyinin daha qorxunc görünməsi içində olsa, qaranlıq olmalı idi.

Aktyorların oyununa gəlincə Əbülüla rolunda Abbasmirzə Şərifzadə də yaxşı idi. Yalnız tabut içində bəzən pək sərt hərəkət ediyor və ara-sıra xəstə olduğunu xatırlayaraq birdən kəndisini zəiflədiyordu ki, bu da tamaşaçıları aktyorun süni surətdə xəstələndiyini unutmaq imkanından məhrum buraxıyordu.

Zideydə ilə öpüşməsində yersiz idi. Çünki, əski ərəb adətləri üzrə Əbülüla kimi namuslu bir ərəbin bir müsəlman qızını izdivacdan əvvəl öpməsi, nə olursa-olsun, qeyri-təbidir.

Əbudiyab rolunda Rza Darablinski bu yolu bir neçə dəfə oynadığına baxmayaraq, demək olar ki, yaxşı idi.

Səyyah rolunda Bağır Cabbarzadə olduqca zəif idi. Məzarlıqlarda ülviyyət arayan sufi təbiətli 80 yaşlı zəif, düşkün bir ixtiyardan daha əvvəl keçmişdə dediyimiz kimi, Rüstəm-Zal kimi qüvvətli bir pəhləvana oxşuyordu. Hərəkətlərində heç bir qocalıq əsəri yox idi. Sözlərini də bilmiyordu.

Xüsusən, məzar daşında yazılmış bir şeri oxuyarkən daşın üzərinə baxıb oxuması olduqca qeyri-təbii görünüyordu.

Zibeydə rolundakı Olenskaya hərəkətcə pək gözəl idi.

Quldur rolunda Rüstəm Kazımov, Rəbiə rolunda X a n ı m Lizina yaxşı idilər.

Məsud rolunda Ə h m ə d Qəmərlinski zəif idi. Bu vəqtə qədər heç bir aktyorumuzun bu tipi lazımınca təşxis edə bildiyini görəmmədik.

Məsud bizcə bir dərəcəyədək sərsəm, zəif, mütərəddid, oyuncaq, əldə oynadıla bilər bir tip ikən Ə h m ə d onu ikinci bir Əbudiyab yaratmaq istiyordu ki, onu da bacarammadı. Xüsusən, yavaş söyləniləcək yerdə bərkdən, bərk söyləniləcək yerdə yavaşdan danışması gülünc idi.

Qoca bir aktyor bu vəqtədək bir cümlənin içində hankı sözə qüvvət verilməsi lazım olduğunu bilməyor ki, bu, bir çox aktyorlarımızda mütəəssüfanə görülüyor.

Qatillərdən xüsusən Adıgözəl Hüseynzadə yaxşı idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri