İlk pərdə
Səhifə 1 / 2
Yanda bir köşk... Qarşıda gül, yasəmən fidanları, sərv ağacları... Ortada fəvvarəli bir
havuz... Arif bir masa yanında əli alnında uyquya dalmış. Gecə aydınlığı... Coşğun
muzika... Şən və oynaq parçalar çalınır. Qızıl qiyafətli şeytanlar ağaclar arasından
ortaya fırlar. Arifin çevrəsində gülüşərək, itişərək, çığırışıb bağırışaraq rəqs edərlər.
Bir az sonra ətrafda qorqunc gümbürtülər eşidilməyə başlar.
Birincişeytan. (şaşqın və maymunca hoplayışla). Aman, bu nə gurultudur? Sanki yanar dağ patlıyor. Görünür İblis oyandı. Yenə hər yanı atəşlər, alavlar saracaqdır. (Hava tutulur, göy gürlər, şimşəklər çaqar)
İb lis. (atəşli qiyafətilə qarşıdakı təpəcikdən dışarı fırlar. Çılğın və qorqunc ahəng ilə). Eyvah, alavlar içində tutuşub yandım. Yenə ərzin mərkəzində yeni tufanlar, yeni yanğınlar var. Aman durmayın! Ürəyim, beynim dəmirçi kürəsinə dönmüş. Şərab gətirin! Şərab!.. Şərab!.. Öylə şərab ki, könlümə yeni alavlar saçsın, qarşımda yeni-yeni pəncərələr açsın. (Şeytanlar altın piyalələrdə şərab gətirirlər. İblis içib piyalələri atar. Ətrafdakılar havada tutarlar) Mənə Epikürləri, Xəyyamları coşduran şərab lazım deyil. Yalnız Atillaları, Neronları tutuşduran kəskin şərablardan istərəm. Əvət, öylə şərab istərəm ki, onu içərkən şair Dantenin sönməz cəhənnəmi gözlərimdə canlansın. Və o cəhənnəmdə yanıb qıvrılan böyük başlar, böyüklük düşgünü ulu dahilər yenidən qarşıma çıqsın. Həm də cümləsi alavlar içində çırpınaraq mənə sığınsın. Öylə şərab istərəm ki, insan qanilə bəslənmiş olsun. Hər dalğasında yeni bir zəfər, yeni bir qalibiyyət şö’ləsi parlasın və bütün cihanı qanlı tufanlara qərq etsin. (Bir piyalə də içər) Afərin! Afərin!.. Bu şərab daha meyxoş, daha kəskindir. (Piyaləni havaya fırlataraq). Haydı, əski yunan və Roma ilahələri, Şərq pəriləri gəlsin. Rəqs edərək gözləri, könülləri oqşasın. Bəlkə dəhşət püskürən beynimdəki sislər, dumanlar silinsin.
Birincişeytan. (əyilərək). Şanlı və qüdrətli rəhbərimiz! Əsrimizdə pərilər və ilahələr, yaşamayır. Könlünüzü açmaq için yalnız gözəl aktrislər və rəqqasələr var.
Bu sırada oynaq şərqi və çalğı səsləri eşidilir.
İb lis. Söylənib durma, baq gör o nə səsdir?
Birincişeytan. (iləriləyib yola baqaraq). Şən və gözəl qaraçılar! Bu tərəfə gəlirlər.
İb lis. Gəlsinlər, bir az dinləyəlim. (Gəlib keçmək istəyən əlvan geyimli qaraçılara) Durun, keçməyin, çalın, oynayın. Bizi əyləndirin!
Birqaraçı. Göz üstə, ba...ş üstə! (Yoldaşlarına) Haydı baqalım.
Hamısı bir yerdə şərqi söylər, rəqs edərlər.
Şərqi
İnsan ömrü dalğa kibi keçər, gedər,
Hər gələn bir sevgi yolu seçər, gedər.
Dərdi bıraq, zevqinə baq, unutma ki,
Hər kəs əcəl badəsini içər, gedər.
Biz sevdalı quşlar kibi güldən-gülə
Uçub qaçar, əylənərik sevinc ilə.
Əyilmədik hiç bir qanun qarşısında,
Bağlanmadıq hiç bir yurda, hiç bir elə.
İb lis. Nə şaqraq və sevimli qızlar!.. Nə çevik dəliqanlılar!. Onların qara gözlərində mənim atəşimdən alınmış alav dalğacıqları parlayır. O süzgün baqışlar, o ədalı gülüşlər könlümün incə tellərini oynatdı. Alqış təbiətin şən yavrularına! Haydı azadsınız.
Bir avuc altın atar, qaraçılar yerdən toplar. Sevinc ilə çalıb-oquyaraq uzaqlaşırlar.
Gəliş muzikası...
İb lis. Kimdir bu gələn?
Birincişeytan. Yaponiya sularına gedən yoldaşlarımızdan biri!
İk incişeytan (yapon siyasi qılığında gəlir). Səlam böyük rəisə, qocaman İblisə!..
İb lis. Xoş gəldin, hardaydın?
İk incişeytan. Uzaq Şərqə vardım, imperatorlar və generallar mühitində dolaşdım, bütün gözlərə və beyinlərə kin və intiqam alavları saçdım.
İb lis. Nə gördünsə açıq söylə!
İk incişeytan. Yapon diplomatları hər gün yeni fitnələr uydurub qonşu hökumətlərə rahatlıq verməyir. Bir yandan Mancuriya ilə Moğolstana soqulur, bir yandan Çini parça-parça bölməyə çalışırlar. Minlərcə, yüz minlərcə insan qanı aqır, kimsə səsini çıqarmayır. Xalqın var-yoqu yanıb kül olur da, tüstüsü, dumanı çıqmayır.
İb lis. Nə demək!? Hiç dumansız yanğın olurmu? Buna başqa hökumətlər nə deyir?
İkincişeytan. Nə deyəcək, oğru oğrunun ayağını basarmı? Hamısı paylaşmaqda, av bölüşməkdə şərikdirlər. Yalnız ayaq altında əzilənlər, çörək yerinə torpaq yeyənlər, əlsiz-ayaqsız qadınlar və çocuqlar ara yerdə məhv olub gedirlər.
İb lis. Onun zərəri yoq, daha nələr var?
İk incişeytan. Mənim tədbirlərim baş tutarsa, o yerləri daha qorqunc yanğınlar və tufanlar saracaqdır.
İb lis. Afərin, sən hər mükafata layiqsən.
Gəliş muzikası... O kimdir?
Birincişeytan. İtaliya və Həbəş diyarına gedən yoldaşımız!..
Üçüncüşeytan (İtaliya qiyafətində gəlir, əyilir). Səlam şanlı komandana!
İb lis. Anlat səndə nə xəbərlər var?
Üçüncüşeytan. Mən sosializm qabığından çıqmış faşizm beşiyinə vardım, Roma generallarına qoşuldum, pərəstişkarınız Mussolini ilə görüşdüm. Müqəddəs Papa ilə kral beynində yuva yapdım, bir kibritlə bütün başları alavlandırdım. Hamısı qan-qan deyə cahangirlik xülyasilə, əzəmət sevdasilə müharibəyə girişdilər, atəşli makinalarilə yerdən-göydən Həbəş ölkəsini yaqıb yıqdılar. Zəhərli qazlar ilə hər tərəfi dəhşətlər içində bıraqdılar. Yalnız insanlar deyil, böcəklər, quşlar, nəhrlərdəki timsahlar belə zəhərlənmiş, havalarda və sularda tələf oldular.
İb lis. Həbəşlər nə yapdılar? Durub baqdılarmı?
Üçüncüşeytan. Xayır, bütün qadın-erkək silaha sarıldılar, İtaliyanın azğın ordusilə qəhrəmanca vuruşdular. Lakin... çoq sürmədi ki...
İb lis. Nələr oldu? Söylə!
Üçüncüşeytan. Son texnikaya qarşı bütün cəsarətlər qırıldı, bütün cəbhələr yarıldı. Ərəb mücahidləri al qanlar içində can çəkişirkən Həbəş hökmdarı ölkəyi bıraqıb qaçdı.
İb lis. Çoq gözəl, sonra?
Üçüncüşeytan. Əlimdən gələn budur. Zəhmətim az olsa da, tökülən qanlar çoqdur.
İb lis. Afərin! Hər ikinizdən məmnun oldum. (İkinci ilə üçüncünün çiyinlərinə əl çəkər, birinci ilə ətrafdakılara) Əcəba sizlər nə yapdınız? (Qızışaraq) Oh, içi boş dəyənəklər!.. Arsız köpəklər!.. Burada əsnəyə-əsnəyə yatıb uyquyamı qaldınız? Yeyibiçərək cünbüşəmi daldınız?
Birincişeytan. Nə etməli. Bizdə günah yoq, bugünkü diplomatlar hiç də köhnələrə bənzəmir. Keçmişdə ufaq bir qıvılcım, küçük bir cinayət bütün cihanı bir-birinə qatardı, indi isə əksinədir. Hökumətlər hər söz ilə yerindən oynamaz. Hər kəs boş tüfəng daşıyan adamlar kibi həm özündən, həm özgəsindən qorqar. Diplomatlar bazaar dəllalları kibi söz güləşdirməkdən zevq alırlar. Hər ölkə öz başını qorumaq istər, hər devlət öz gələcəyindən şübhə edər.
İb lis (qızıb bağırır). Yetər, başımı ağrıtma! Bir yığın bəcəriksiz hoppalarsınız. Böylə boş laqırtılardansa iş görməli, hər gün yeni fitnələr düşünüb yeni fırtınalar qoparmalı!.. Yoqsa cümləniz xain köpəklər kibi işdən qovulacaqsınız. Mənim səltənətim qansız yaramaz. Haydı, rədd olun, dağılın! Kimsəyə aman verməyin! Yaqın, yıqın! Yer yüzünü başdan-başa yanğın yerinə çevirin!
Şeytanlar. İtaət (Deyə əyilib dağılmaq istərlər. Gəliş muzikası...)
İb lis. Bu kimdir?
Birincişeytan (yola baqar). Yeni bir yolçu!
İb lis. Baqalım bu nə deyir?
Dördüncüşeytan (İspaniya faşistləri qılığında gəlir, əyilir). Böyük ustaya müjdələr!
İb lis. Söylə nə var, nə xəbər?
Dördüncüşeytan. Ispaniya getdikcə qarışır. Hər könüldə kin və dəhşət, hər ağızda qan qoqusu var. Ölkə və xalq ikiyə bölünmüş. Bir yanda cümhuriyyətçilər ilə inqilabçılar, bir yanda faşizm generalları ilə qiyamçılar!.. (Öksürdükdən sonra) Lakin...
İb lis (qızğın). Lakin!.. Lakin!.. O nə deməkdir?
Dördüncüşeytan. Biz faşistlərə yardım etməsək yanğın tez sönəcək. Getdikcə artan xalq ordusu üstün gələcəkdir.
İb lis. Sus, başarıqsız yaramaz! Ona bir çarə bulunmadımı?
Dördüncüşeytan. Əlimdən gələni əsirgəmədim. Tək əldən səs çıqmaz.
İb lis (şat! – deyə yüzünə bir sillə vurur). Al iştə baq, çıqarmı? Çıqmazmı?
Dördüncüşeytan. Uf yüzüm yandı, gözlərim alavlandı. Sanki bu da bir mükafatmı?
İb lis. Mükafat ancaq yenilməz və dönməzlər içindir.
Dördüncüşeytan (titrək səslə). Əvət haqlısınız.
İb lis (birinci şeytanın qulağından çəkərək). Bəhey! Sərsəm!
Birincişeytan (bağırıb hoplar). Vay aman!
İb lis. Məni dinlə! Böylə boş-boşuna baqıb durmaq yaramaz. Haydı sən alman toprağına var. (Üçüncüyə) Sən də İtaliyaya dön! Hər ikiniz siyasi dairələri ayaqlandırın. (Dördüncü şeytanı göstərir) Həm də bu şaşqın tənbələ yardım edin.
Hərikisi. İtaət! (Deyə yoldaşları ilə bərabər uzaqlaşırlar)
İb lis. Unutmayın ki, yaramaz və gevşəklərin yeri cəhənnəmin dib bucağıdır.
Arif (ayılır. Əlini alnından çəkər. Ağaclar arqasında saqlanan İblisi görməyərək həyəcanlar içində yerindən qalqar). Uf, ey mənim alavlı beynim! Sən vulkanlar içindəmi bəsləndin? Ey yaralı quş kibi çırpınan qəlbim! Sən qızıl mərmərdənmi yapıldın? Ey mənim həssas sinirlərim! Ey həyatımın incə telləri! Siz nə qadar qatı və duyğusuzsunuz.
Əcəba sizi dəmirdənmi, poladdanmı yaratdılar? Uuf, bilməm ki mən bu cihana niçin gəldim?
Göz yaşlarını silmək içinmi? Yanğınları söndürmək içinmi?
Oh, nə alçaq mühit, nə qorqunc əsr!.. Əcəba mədəniyyət maskasında gizlənən vəhşilər nə zaman qan içməkdən doyacaqlar? Çin və Həbəşistan fəlakətləri bitməmişkən İspaniya dəhşətləri başlayır. Diplomatlar zəhər püskürən ilanlar kibi ölkədən-ölkəyə soqulur. İnsan qanı aqıtmaq için hər gün yeni bəhanələr, yeni fitnələr uydurulur. Daimi sülhü özləyə-özləyə hər gün hərbi zavodlar tikilir. Suçsuz və dinc əhaliyi qırmaq için hər gün yeni planlar çəkilir.
Kitabxana.az · https://kitabxana.az/works/cavid-iblisin-intiqami-ilk-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
BİSƏTAydın və yıldızlı bir gecə. Məkkə yaxınlığında Hira dağı. Ətrafda mağaralar, yalçın qayalar, sarp enişlər, qorqunc uçurumlar...Peyğəmbər əli alnında dərin düşüncələrə dalmış... O, qırq yaşında, gözəl, veqarlı bir sima... Alnı, köksü, omuzlarının arası geniş; rəngi gül rənginə mail əsmərimsi və nurani... Saçları nə pək qıvırcıq, nə də pək düz; sağalı bir tutam, sıq və tam; biləklər, qollar qalın və qüvvətli... Böyük başlı, hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri gəmikli; kirpikləri uzun, iki qaşının arası açıq, fəqət bir-birinə yaqın. Gözləri qara və büyücək... İştə o dalğın və müəmmalı gözlər... Gecənin sükutunu oqşayan həzin və bayıltıcı bir ud zümzüməsini dinləyərək, uyuyor kibi, kəndindən keçmiş. Bu sırada pənbə, mavi, mənəkşə nurlar içində altun qanatlı, füsunkar bir mələk göydən enər və ilahi bir ahənglə Peyğəmbərə xitab etməyə başlar.
DəvətDƏVƏTBir zaman sonra, Məkkədə geniş bir yol, uzaqda qara örtülü Kə’bə... Yol kənarında bütçü dükanı, qanbur bir ixtiyar əlində böyücük bir büt yonar. Dükanın önündə dəxi satış için bir qaç danə hazır büt qonulmuş... Qarşıda gözəl yapılı, böyük qapılı bir ev gözə çarpar. Evdən ud səsi eşidilir.
HicrətHİCRƏTEyni şəhərdə məzarlıq. Kənarda bir evciyəz, iki-üç xurma ağacı. İkindi çağı... Ev sahibi Səid təlaş ilə gəlir, qapıyı şiddətlə çalar. Qapı açılır. Onun 30 yaşını keçməyən qarısı – Xəttab qızı qarşısına çıqar.
NüsrətNÜSRƏTSəkiz yıl sonra. Məkkədə baş rəisin evi, altın şamdanlarda rəngarəng mumlarla donatılmış, Mısır və Şam qumaşlarıyla süslənmiş, sandaliya və xalılarla göşənilmiş böyük bir qəbul odası... Sağda və solda birər qapı, qarşıda girilmək için basamaqlarla enilir geniş bir qapı və iki böyük pəncərə... Gecə... Iştirak edən əşxasın sima və qiyafətlərində səkizyıllıq bir dəyişiklik gözə çarpar. Iki xidmətçi – qara qul – ötəyi-bəriyi düzəltərək qonuşurlar.
Başqa şairlərin şeirləri
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
لب جانان دوای جان بخشددرد از آن لب ستان که آن بخشد
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm