Dəvət
Səhifə 4 / 4 · 75%
N ə d i m ə
O yalnız şairsə, düşün,
Sən həm şe’rsin, həm şair.
Hüsnün, gözəl səsin, bütün
Hicaz ölkəsində nadir...
Ş ə m s a
Bən hiç... ən böyük şairlər
Ona qarşı diz çökməli,
imrüülqeys kibi ərlər
Susmalı, boyun bükməli...
Əvət, bizdə nə çoq şair,
Onlara bir zənbil xurma,
Ya şərab, ya bir altın ver,
Mədh edərlər səni... Ama
O, düşmandır yaltaqlığa,
Həp kindən, qərəzdən qaçar.
Geniş ruhu sanki fəza...
Daim yüksəklərdə uçar.
(Mə’yus və həyəcanlı)
Əfsus bütləri, Kə’bəyi
Həp rədd edər, iştə bəla!
Həm pək sevər Xədicəyi,
Bunu əfv edəməm əsla!
N ə d i m ə
(ətrafa baqar)
Baq, gəldilər baş kahinlə
Xəttab oğlu önlərində,
Qızmış böyük, küçük, kölə,
E’tidal yoq hiç birində.
Öndə baş kahin, rəislər və orta yaşlı, yuca boylu, silahlı X ə t t a b o ğ l u olduğu halda camaat gəlir, hər kəs kinli baqışlarla ətrafı süzməyə başlar.
B a ş k a h i n
Nerdə, yahu, onu bir göstəriniz!
Əcəba nerdə o xain dinsiz?
X ə t t a b o ğ l u
Kim bilir, bəlkə də qorqub qaçmış.
Ş ə m s a
(Nədiməyə)
Yoq, o qorqaq deyil əsla, yanlış...
İ x t i y a r
(gəlir, dükanın qapısını açaraq)
Burda dalmışdı o xülyayə dəmin.
B i r i n c i r ə i s
İştə qorqub da savuşmuş miskin!..
İ k i n c i r ə i s
O fəqət bəncə bir aciz, sərsəm...
Ü ç ü n c ü r ə i s
Bən də əsla ona mə’na verməm.
B a ş k a h i n
(yola baqar)
Baş rəis! Ah, nə qadar halı fəna,
Baqalım bir o nə söylər əcəba?
B a ş r ə i s gəlir. Hər kəs əyilir. Sükut...
B a ş r ə i s
(öndə duran rəislərə şiddət və həyəcan ilə)
Arqadaşlar! Nə demək bunca sükut?
Niyə baqmaqdasınız həp məbhut!?
Pək küçük sandığınız bir miskin
Bəsliyor bizdəki adətlərə kin.
Hiçə endirmədə həp dinimizi,
Gülüyor bütlərə, saymaz da bizi.
Onun ancaq yuca göylərdə yaşar,
Əl vurulmaz yeni bir Tanrısı var.
Öylə bir Tanrı ki, gözlər görməz,
Cismi yoqmuş da nə cevhər, nə ərəz...
Doğurub doğmaz o bimislü şərik,
Həm məkansız... Nə qadar sərsəmlik?!
Söylüyor həp bir imiş şah və gəda.
Bu səbəbdən uyaraq həp füqəra,
Həp zəiflər, kölələr, cariyələr
Onu dinlər, ona hörmət bəslər.
Ah, o bir gün düşünüb yol bulacaq,
Bizə qalib və müsəllət olacaq...
X ə t t a b o ğ l u
(istehzalı təbəssümlə)
Bir xəyal iştə, əvət tatlı xəyal.
(Hiddətlə qılıcını çəkər)
Şu qılıc əldə dururkən, bu, mühal...
Hörmət etdim də Bəni Haşimə bən,
Öncə vaz keçdim onun qətlindən.
Nə qadar olsa da əcdadı ulu.
(Əlini köksünə vurur)
Sağ bıraqmaz onu Xəttab oğlu.
Qəhrəmanlar bana aciz qul ikən,
O nasıl qurtulacaq pəncəmdən?
Hiç məraq etməyin, əl’an gedərim,
Onu bən parçalarım, məhv edərim.
(Qılıcını qınına qoyub sərt və qızğın baqışlarla uzaqlaşır)
B a ş r ə i s
İbn Xəttabın, əvət, şöhrəti var,
Qəhrəmandır nəyə əzm etsə yapar.
(Kənarda duran orta yaşlı Səidə)
Sən də get, durma, Səid! Göz-qulaq ol!
Yardım et qaynına, Peyğəmbəri bul.
Camaat dağılır.
S ə i d
(uzaqlaşan Baş rəisə tə’zim ilə)
Pək gözəl...
(Ətrafa)
Ah, canavar, ah ədna...
Görəyim qəhr olasın sən də, o da...
Gedər. Nədimə ilə bərabər geridə qalan Şəmsa həyəcanlı hallar keçirir.
Ş ə m s a
Yoq, bu mümkün deyil əsla... əsla,
Onu məhv etmədə yoq bir mə’na.
N ə d i m ə
Şimdi Peyğəmbərə kin bəslər ikən,
Bu təlaşın əcəba söylə nədən?
Ş ə m s a
Ah, o şahincə baqışlar hər an
Çırpınan ruhumun üstündə uçar.
O gözəl səsdəki qüvvət, həyəcan
Sızlayan könlümə bir şö’lə saçar.
Seyr edərkən onu qarşımda dəmin,
Söndü həşmət, əzəmət, söndü qürur.
Onu sevdimmi? Bilinməz... Lakin
Bəni bir duyğu əzib qəhr ediyor,
O yanan qəlbə qavuşmaq dilərim,
Ona qoşmaq dilərim.
(Sinirli adımlarla Peyğəmbər getdiyi tərəfə doğru ilərilər, Nədimə də kəndisini izlər)
Kitabxana.az · https://kitabxana.az/works/cavid-peygember-devet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey bənliyimdə hakim olan ruhi-pürsükun!Ey ruhi-münfəil! Səni gördükcə həp zəbun;
GecəydiGecəydi... hər yeri sarımışdı bir sükuti-həzin,Donuq ziyalı fanarlar baxardı həp qəmgin.
GəlinOf, nə yamandır süzgün baxışlar,Ay ipək talləri zərəfşan gəlin!..
Get!Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.
Başqa şairlərin şeirləri
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Xalq mahnısıSonna məndən kim, nə bolmuş ya nədirVarAcanımda yanədir.
Gözəl qızSallana-sallana gedən gözəl qız,Ay qız, bu güzarın bulağadırmı?
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.