Axşam saat ona kimi oxudular. İkisi də bərk yorulmuşdu. Əli cəsarətsiz bir səslə yoldaşına dedi:

– Doğrusu, Cavad, mənim başım daha heç işləmir.

Cavad gülümsündü, kitabı yumdu:

– Mənimki də işləmir, – dedi.

Yoldaşlar gülərək yerlərindən qalxdılar. Əli pəncərənin ağzına yeriyib, başını dışarı çıxartdı: baharın gözəl gecələrindən biri idi; təzə yarpaqlar ay işığında tərpəşir, körpə çocuq kimi sanki əllərini işığa doğru uzadırdı. Kainatda bir dəbdəbə vardı – bahar çiçəyi ilə doğan ilk eşq yeri, göyü və havanı doldurmuşdu. Əli bu şairanə gecədən coşub oxudu:

“Novbahar əyyamıdır, mən zar qaldım yarsız,

Hiç bülbül olmasın bu fəsldə gülzarsız”.

Cavad yoldaşının dəyərli səsindən dərdlənib, pəncərəyə söykəndi, gözləri doluxsundu, qaşları əlif-əlfa şəkli aldı:

– Başına dönüm, Əli, bir-ikisini də de, ürəyim yanıb!

Əli güldü və cavabında:

– Bundan fayda yoxdur, çıxaq bir az gəzək.

– Birini de, sonra.

– Gedək, gəzək, yolda oxuyaram.

Cavadın ağlına batdı:

– Gəzək, amma saat on birdə qayıdaq, bir az da məşğul olaq. Yüz əlli səhifə qalsın, onu da sabah təkrar edib, o biri gün imtahana arxayın gedərik.

– Canım, bir belə oxumaq olmaz ki!.. Bu gün on saat məşğul olmuşuq, daha yetər. Gedək indi gəzək, sabah da Allah kərimdir.

Küçəyə çıxdılar. Hava onların yorğun vücudlarını qanadlandırdı.

Əli əlini Cavadın çiyninə qoyub:

– Sən öl, könlümə bir pivə düşüb, – dedi.

– Pis olmaz, amma məndə on yeddicə qəpik pul var. Əli sevinərək:

– Üstünü düzəltməyə də məndə bir neçə qəpik tapılar.

Tələbələr özlərini timçədəki çaxır dükanına verdilər. Bir neçə boş şüşə düzülmüş piştaxtanın önündə bir məmur durub, təkbaşına içirdi. Məmur qədəhi qaldırdıqca öz-özünə nitq söyləyir və axırda da qədəhi boş şüşəyə vurub:

– Mən səadətimi Saratov şəhərində istəyirəm, – deyirdi.

Tələbələrin gəlməsi məmuru sevindirdi. O, qədəhini keflilərə məxsus bir mehribanlıqla qaldırıb dedi:

– Bağışlayın! Mən sizinlə tanış deyiləm, ancaq bunun zərəri yoxdur.
Çünki biz insanlar bir-birimizlə qardaşıq. Bildinizmi nə deyirəm?
Zaikəyə tapşırın–qardaşıq! Rica edirəm məni bağışlayın, bəlkə münasibətsizlik edirəm. Hər halda günahımdan keçin! Cəsarət edib, sizə pivə təklif edirəm. Buyurunuz!

Tələbələr ürəklərində:

– Bizimkini Allah yetirib, – deyə əvvəl yalandan bir az nazlandılar, sonra razı oldular. Məmur gənclərin bu hərəkətindən olduqca məmnun qaldı və bir nitq başladı. Mənasız və rabitəsiz bir çox sözdən sonra yenə adəti üzrə:

– Mən səadətimi Saratovda istəyirəm! – deyib, nitqini bitirdi.

Qədəhlər boşalıb yenidən dolduruldu. Nitq söyləmək növbəti Əliyə gəldi, qədəhini qaldırdı:

– Cənab, – dedi, – sizin kimi alicənab bir zatla təsadüfən tanış olduğuma çox məmnunam. Sağ olun, qardaşım! Allahdan diləyim budur ki, sizin səadət günəşiniz Saratovda parlasın!

Nitq məmuru kövrəltdi: qədəhi piştaxtanın üstünə qoyub, Əlini qucaqladı, öpüşdülər. Sonra brüderşaft içdilər... Dalbadal pivə sifariş verilirdi. Piştaxtanın üstü şüşə ordugahına dönmüşdü. Keflər durulub, gözlər qızarırdı – “ara qarışıb məzhəb itmişdi”.

Cavad Əliyə yanaşıb pıçıldadı:

– Başım gicəllənir, gödək elə!

Tələbələr məmurdan razılıq edib çıxdılar. Qol-qola gedərkən Əli gülə-gülə:

– Amma, dostum, müftəcə düşdü!

– Hə, sən öl, o qara pulları da sabah çörəyə verərik.

Qəhqəhə çəkib güldülər.

– Sən öl, Cavad, tələbəlik gözəl şeydir: harada düşdü ye, iç, axşamla – bunu sənə heç kəs eyib tutmaz. Tələbə demək – asudə dərviş deməkdir, fərqi yoxdur.

Əli duruxdu. Şəhadət barmağını havada oynadaraq gücü gəldikcə:

– Dərviş! – deyə bağırdı.

Gecənin sükutunda səs havanı sarsıtdı. Bu əsnada çarşabının ucunu ağzında tutmuş bir qadın onu yaxaladı:

– Necə oldu? Ayağıyın altında ölüm! – deyə soruşdu.

Əli səndələyərək qadını başdan-ayağa süzdü:

– Bacı, sən içmisən ki, – dedi.

Qadın kar adam kimi, onun sözlərinə əhəmiyyət verməyərək:

– Cavan canına qurban olum, bircə onun yerini tez de! Evim yıxılıb, varımı yoxumu aparıb.

Tələbələr heç bir şey anlamayaraq, dartınıb getmək istəyir, qadın da ah-zar eləyir, ağlayır, iki əli ilə dizlərinə döyürdü. Tələbələr yenə dartındılar, qadın da onların ətəyindən tutub sallaşdı. Anlaşılmazlıq nəticəsi olaraq iki tərəf də bir-birinə hücum edib ağızlaşdı, səs-küy qopdu. Nəhayət, polis nəfəri gəlib, bunların üçünü də polis dairəsinə apardı.

Pristav əvvəl qadını danışdırdı. Qadın həyəcanından dili dolaşaraq:

– Ağa, başına dönüm, bir ay əvvəl bir dərvişə ərə getmişdim. Dərviş qərib olduğu üçün mənzili yox idi. Dedim nə eybi var, gəlsin elə mənim yanımda yaşasın, mən də dul arvadam, mənə də elə bir hayan lazım idi. Gəldi. Gündüz gedib, axşam gələrdi. Evə də pis baxmazdı. Bu axşam onu evdə qoyub, vacib yerim vardı, ora getmişdim. Qayıdıb gördüm dərviş yoxdur. Elə bil ürəyimə dammışdı – əlimi sandığa atdım, gördüm varımı-yoxumu yığışdırıb aparıb. Çıraq yanılı qalmışdı, görünür ki, elə təzəcə getmişdi. Hövlümdən küçəyə çıxdım, bazara tərəf yüyürdüm. Bir də görəm, bu qanına bələşmiş dərvişi çağırır. Elə yeni qaçırmış. Üstünü yaxşıca almışdım, bu partdamış yerini demədi ki, demədi.

Pristav hirsli səslə Əlini çağırdı. Əli səndələyə-səndələyə otağın yarısına çəkilmiş sürahıya yanaşdı:

– Cənab pristav, kefimizi pozmayın, qoyun gedək evə! İt ilində bir pivə içirik, onu da burnumuzdan tökməyin!

Pristav acıqlandı.

– Dərviş necə oldu? – deyə soruşdu.

– Dərviş yerində. Harda gəldi ye, iç, axşamla – bu da dərviş!..

Zarafata salmayın, qoyun gedək dərsimizi oxuyaq.

Pristav Əlinin kefliliyini görüb, onu söyüb-saydıqdan sonra Cavada tərəf yönəldi.

– Sən dərvişi gördünmü? – dedi.

Cavad cavab vermək iqtidarında deyildi: başı gicəlir, mədəsi bulanırdı. Pristav onun nəzərində otaq ilə bərabər yuxarı qalxıb, yenə enirdi. Pristav daha da hiddətli:

– Küpünə girmiş, özündən xəbəri yoxdur... Aparın bunları dama salın, özlərinə gəlib, dərvişin yerini deyərlər.

Qorodovoylar tələbələrin qoluna girib onları həyətdəki damxaya saldılar. Tələbələr yarımişıq damxada rast gələn ilk iskəmlədə uzanıb yuxuya getdilər.

Sabah ayıldıqda gözlərinə inana bilmədilər – şəhərin bütün sərsəriləri ilə baş-başa yatmış imişlər. Məsələni öyrənib heyrət etdilər. İş aydınlaşınca saat on iki oldu. Onlar evə döndükdə bütün vücudları yorğunluq və ağrıdan keyimişdi. Əli yoldaşına:

– Aşna, dərvişlikdə də asudəlik yoxmuş! – dedi, gülüşdülər.

1913

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üç

Tacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:

3 dəq
Sərhəd məsələsi

– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.

6 dəq
Qumarbazın arvadı

Yayın aydın gecələrindən idi. Söyütlər və akasyalar sakit və samit durub, qayınatın dərin bir yuxuya dalmağına tamaşa edirdilər. Cavan gəlin Süreyyə pəncərədən küçəyə zənn ilə baxıb, qulaq verdi və səs-səmir eşitmiyib, ehmal ayağının ucunda gəlib yatacağının üstə uzandı. «Gəlmədi – gəlin öz-özünə dedi: yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər gecə belə, bilmirəm dərdimi açıb, kimə deyim. Evdə də bir söz danışa bilmirəm: qayın atam gedir bazarda abırısını tökür, o da gəlib məni döyüb, incidir ki, niyə mənim gəzdiyimi onlara xəbər verirsən. Demirəm də gecəyə kibi evə gəlmir. Bilmirəm məni avara qoyacaq idilər, niyə vətəndən diyar-bə-diyar saldılar... Qürbətə əvvəl qız verib, ələni görüm qəbri od ilə dolsun!...»Süreyyə bir də yatacağından qalxdı, və ərinin gəlməməyini həyətdə yatan qayın ana və qayın atasına bildirməmək üçün, yenə ayağının ucunda ehmal yeriyə-yeriyə pəncərəyə tərəf gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyütlərin və akasyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. Süreyyə pəncərəni açıb, başını dışqarı çıxartdı, və nə qədər diqqət ehmallıqda qayıdıb, yatacağında uzandı.

6 dəq
Polis paltosu

Talış-xanın ürəyini söz dəlirdi. Özü də söz saxlamıyan bir adam, elə istiyirdi ki, qarşısına çıxana açıb, dərdini desin. Bir də xan fikir eliyirdi: «Hər sözü adam özgələrə deməz. İşdir, birdən gedib qubernatın qulağına çatar, onda... onda nə olacaq, adamı elə itirərlər ki heç yeri, yurdu da mə’lum olmaz».Xan özünə bir az öyüd və nəsihət verirdisə də, ürəyindəki söz ona sakitlik vermirdi. «Yoxsa arvada deyim-xan yenə özü ilə söhbət edirdi: arvad gedib, mənim sözümü özgələrə deyib, sirrimi açmıyacaq ki, qubernat da məndən kəm iltifat olsun. Deməz... ağzı da nədir desin; bir dəqiqə də nəkərlərə öldürdüb, meyitini itirdərəm».

6 dəq

Başqa şairlərin şeirləri