– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!

Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.

– Tərpətmə! Sənə deyirəm tərpətmə! Tərpətmə!

Bu sözlər ilə də «basarax» Kazım yüyürüb, Kərbəlayı-Ağcanı dutdu. Kərbəlayı-Ağca dartına-dartına:

– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin! – Dedisə də Kazım bunu buraxmadı:

– Bura mənimdir, buradan çəkəcəyəm!

– Xeyir sənin deyil!

– Xeyir mənimdir!

– Sənə deyirəm, sənin deyil!

– Sənə deyirəm mənimdir!

– Xeyir sənin deyil!

– Xalis mənimdir!

Kərbəlayı-Ağca ürəyi döyünə-döyünə gözlərini «basarax» Kazıma ağardıb, hirsli və titrəyən dodaqlarını bir-birinə yavıqlaşdırıb, güc ilə dedi:

– Allahü əkbər, Lə’nət sənə şeytan!

«Basarax» Kazım da yoğun qaşlarının altından baxan xırda üzüm gilələrinə oxşar gözlərini bərəldib dedi:

– Niyə gözünü zadını ağardırsan? Səndən qorxan yoxdur! De görüm hələ çəpəri niyə sökürsən?

Kərbəlayı-Ağca acıqlı cavab verdi:

– Çox da yaxşı eliyirəm!

– Çox qələt eliyirsən!

– Qələti baban eliyir!

– Sənin həftati-püştün eliyir!

– Babayın babası eliyir!

Burada artıq səs gəlmədi: qonşular tutuşdular. Qoçaq Kərbəlayı-Ağca Kazımı, qara quş kibi, boğazından aldı. Kazım da kümbə kibi əllərilə Kərbəlayı-Ağcanın yaxasından yapışdı. Bir az dartışdılar. Bir-birinə qalib gələ bilmədilər. Kərbəlayı-Ağcanın fikrində bu idi ki, çəkici sindanda vuran kibi, «basarax» Kazımı çəpərə elə çırpsın ki, çəpərin taxtaları laxlasın. Amma olmadı: Kazım o qədər ağır idi ki, heç yerindən də tərpənmədi. Kazımın da fikrində bu idi ki, Kərbəlayı-Ağcanın yaxasını tamam cırsın. Bunu Kərbəlayı gördükdə qəzəbli səs ilə dedi:

– Əlini yaxamdan çək!

Cavab gəlmədi. Bir də:

– Sənə deyirəm əlini yaxamdan çək!

Yenə cavab gəlməyəndə Kərbəlayı dartınıb, ona bir iki yumruq vurdu. Dava şiddətləndi. Səslər ucaldı. Söyüşlər şiddətləndi.

Kərbəlayı-Ağcanın arvadı, qara Ballı, təzəcə bozbaşın kəfini alırdı, həyətdən bərk səs gəldi. Qaşığı yerə qoyub, otaqdan çıxdıqda, işdən xəbərdar oldu. Daha Ballının əlindən nə gələr: bir az o başa, bir az bu başa yüyürüb; bir az dizinə çırpıb, sonra yaşmandı, və sağ əlini qabağa uzada-uzada çığırdı:

Kərbəlayı-Ağca arvadı görcək bir az ürəkləndi:

– Adə, ey! Ay qırmızı! Kişinin yaxasını niyə cırırsan? axır təzəcə tikmişəm!

Kərbəlayı-Ağca arvadı görcək bir az ürəkləndi:

– Ədə gəl bu çəpəri sök!

Arvad ayaq yalın yüyürüb, başladı çəpərin taxtalarını silkələməyə. «Basarax» Kazımın arvadı Xırda xanım bunu görcək, yaylığı başına atıb, yüyürdü. Bunlar da birçəkləşdilər. Hərdən qara Ballının səsi gəlirdi.

– Ay qız! Eyyy! Ay arvad! Dəli olmamısan çəpkənin qolunu niyə cırırsan?..


Axşam vaxtı idi. Məşədi Qasım və oğlu Əliqulu darvazadan içəri ayaq qoyanda, xəbərdar olub, çəpərə tərəf yüyürdülər. «Basarax» Kazımın oğlanları, Qənbər, Sülü və qardaşı Zalış da burada hazır oldular. Daha durmaq yeri deyil idi: Məşədi Qasım Qənbəri götürüb, çırpdı yerə; Əliqulu çəpərdən bir taxta qopardıb Sülüyə qolazladı, və sonra birçəyindən dutub qapazdan döşədi. Zalış qaldı tək, bilmirdi nə qayırsın. Əvvəl Kərbəlayı-Ağcaya bir neçə təpik vurub, sonra Əliqulunu o ki var döydülər. Məşədi-Qasım Qənbəri gücdən salıb, Əliqulunun köməyinə gəldikcə, Zalış ilə dutuşdular. Zalış buna bir badalaq atıb, yıxdı və Qənbəri də çağırıb, bunu təpikləməyə başladılar. Sülü təklikdə Əliqulu ilə bacarmadı: Əliqulu yerdən qalxıb, Sülüyə bir iki ağac vurdu. Sülünün başının qanı axa-axa Əliquluya aman verməyib, onu qucaqladı, və iki əlli onun qulaqlarından dutub, yerə yıxdı.

Əliqulu lap candan düşmüşdü: Sülü şir tək onun üzünü yırtıb dağıtdı; bədənini ağac, daş, təpik və yumruq ilə əziklədi. Zalış Məşədi-Qasımı döymək ilə soyumuyub, tamam boğdu. Qənbər bir şey bacara bilmədi: özü də kötəkdən şişmişdi. Kərbəlayı-Ağca «basarax» Kazım ilə qalmışdılar çəpərin yanında. Hərdən Kərbəlayı deyirdi:

– Ədə, əlini yaxamdan çək cırarsan!

Kazım qulaq vermiyib, Kərbəlayını təpikləyirdi; o da cavabında ona bir neçə qapaz vururdu...


Gün batmışdı, amma hələ qızartısı göydən çəkilməmişdi. Müharəbə meydanında mərmər başlar əzilməkdə idilər; qarınlar təpiklənməkdən ayran tuluğuna dönmüşdü. Başlar, gözlər şişmişdilər, amma hələ ürəklər soyumamışdı: vuruşma davam edirdi. Yenə qara Ballının səsi gəlirdi:

– Ay qız, ey! Ay arvad! Dəli olmamısan çəpkənin qolunu niyə cırırsan?

Kərbəlayı-Ağcanın köynəyi parça-parça olmuşdu, amma hələ «basarax» – Kazıma bir şey eləyə bilməmişdi. Kərbəlayı onu qıçından götürüb, yerə çırpmaq istəyəndə özü də yıxılıb, «xurcun tayı» düşürdülər və başlayırdılar torpaqda eşələnməyə. Kazım bir «dürtmə» vuranda Kərbəlayı-Ağcanın qabırğaları batırdı; bu da onun acığından onun qulağını dişləyirdi....


Qonşu «dana» Şükür pəncərəsindən neçə dəqiqə idi ki davaya tamaşa edirdi. Bunun yoluq bığlarını və batıq yanaqlarını görən deyirdi: «Bu dutduğunu əldən qoymaz; dırnağına keçənin başını, gözünü əzməmiş əl götürməz»...

«Dana» Şükürün «basarax» Kazım ilə çoxdan arası yox idi: Kazım çəpər çəkəndə bunun da yerindən qəsb eləmişdi. Buna görə Ağcanın Kazıma qalib gəlməməyi buna çox əsər eliyirdi və könlündən bilaixtiyar dava keçirdi. Əyər Ağca tərəf qalib gəlsə idi, demək olar ki, Şükür sakitləşərdi. Bu da ki, naməlum idi: görürdü ki qaranlıq qolların arasında vuruşurlar, çırpışırlar. hərdən qulağına bir taqqıltı səsi gələndə, bilirdi ki baş yarıldı; amma kimin başı idi, bilmirdi. Xülasə, «dana» Şükür bir az bunlara baxdısa davam eliyə bilmiyib, divardan asılan çomağı götürüb, çəpərdən keçdi və yetirən kibi elə vurdu ki Kazımın başı qarpız tək cırıldı. Bunu Zalış gördükdə bir daş götürüb, Şükürə atdı. Daş Şükürün sinəsinə dəyəndə Şükür yatdı; və sonra qalxıb, Zalışa bir çomaq vurdu. Zalış da çəpərdən bir ağac qoparıb, Şükürün peysərinə yapışdıranda, Şükür palaz kibi yerə sərildi....

Dava təzədən qızışdı: başlar yarılmaqda idi; saqqallar yolunurdu; səs qonşu evlərə düşürdü. Bazardan qayıdan kişilər tamam buraya yüyürürdülər və qohum-qohuma, dost-dosta kömək çıxırdı. Təzə başlar sınırdı, təzə dişlər tökülürdü.

Yarım saat çəkmədi, şəhərin yarısı buraya cəm oldu; dalaşanları aralamaq qeyri-mümkün idi. Çırpışma davam edirdi; gözlər təzədən qızıb, ürəklər təzədən döyünürdü; çomaqlar peydərpey enib, qalxırdılar...


Gecədən bir neçə saat keçdi. Xalq damlarda və ağacların dibində yatmışdı. Müharəbə meydanında sakitlik idi; iki tərəf də evlərinə çəkilmiş idi. «Basarax» Kazımın başını səriyib bir tərəfə yıxmışdılar; Zalışın qulaqları qarpız kibi sallanırdı; Qənbər şişib, dama dönmüşdü. Dəmirçi Kərbəlayı-Ağca gilə çoxlu arvad yığılıb, Kərbəlayının batmış qabırğalarına qır saqqız salırdılar. Məşədi Qasımın çanağından çıxmış gözlərinə süd sağırdılar; Əliqulunun yaralarına yağlı qara qoyulub, bağlanmışdı. Yaralananlar ufuldayıb, ilan kibi qıvrılırdılar və yuxudan ayılan şişmiş üzünü turşaldıb, zarıltı ilə deyirdi:

– Gərək, qalsın sənilə mənimki. Həlbət buradan duraram!!!....

«Dana» Şükürün evindən bərk ağlaşma səsi gəlirdi – Şükürün dirilməyinə ümid yox idi; başının qanı yağlı qaranı götürüb gedirdi. Yaraya peyin doldururdular, o da fayda vermirdi...

Bir saat da keçdi. Ay ağacın dalından yuxarı qalxdı. Xoruzlar banlaşdı. Səs Şükür gildə daha da şiddətləndi: Şükür təslim-ruh etmiş idi:

Ayrı yerdən səs gəlmirdi. Kərbəlayı-Ağcanın çırağı sönmüşdü. «Basarax» – Kazım gildə hamı həzincə-həzincə xuruldaşırdı. Bircə qara Ballı cırıq çəpkənini çırağın qabağında o tərəfə bu tərəfə çevirib, deyirdi:

– Qadan alım, qudurmuş arvad gör təzəcə çəpkəni nə kökə qoydu!...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mirzə Əbdülvahab

Mirzə Əbdülvahabın bir sandıq dolusu kitabı var. Əksəri qayış cildli Təbriz basmasıdır. Mirzənin çox vaxtı bu kitablar ilə keçdiyi üçün özü də bir növ kitab olmuş – tərpətsən şer tökülər. Zahiri də xalis Təbriz basmasıdır–qulaqlarından tutmuş burnunun ucuna qədər bitən tüklər şikəstə xətt ilə yazılmış beytlərə bənzəyir.Mirzə Əbdülvahabın özünün də təbi-şeri var. Gecələr qamış qələmi mürəkkəbin lığasına basıb, yavaş-yavaş yazar, lakin kəlamini kimsəyə oxumaz. Çünki zamanımızda şerlərinə qiymət verəcək bir adam təsəvvür etmir. Şair deyə tanınmış adamlara da salam verməz və haqlarında ən kəskin, ən kirli mühakimələr yürüdər.

5 dəq
Yüksəliş

Səndələyə-səndələyə qapıya yanaşdı, sol əli şüursuz bir halda qalxıb qapını tıqqıldatdı. Səsə gələn olmadı. Gecənin yarısı idi. Qapı qarşısında qara kölgə təşkil edən adam qəribə bir qiyafəyə malik idi. Yuvarlaq kepkasından başlayan düzgün cizgi ənsəsində qırılır, lobba düşmüş mürəkkəb kimi, kənara qeyri-müntəzəm xətlər ayrılırdı, kürəyində yarımdairə şəkli alaraq aşağıya doğru enir və şalvarının arxasında yenə cizgi qırılıb, bir sıra didiklər əmələ gətirirdi. Ayağının uclarında və dizlərində də eyni cizgi qırıqları gözə çarpırdı...Qapı təkrar döyüldü, səs sükut içində uyuyan dalana düşüb, nərədə isə əkssədalar doğurdu. Kölgə yerində duraraq düşünür, lakin düşünüşü məntiqsiz və məqsədsiz idi. Gözlərinə görünən şeylər sabit bir şəklə malik deyildi. Bir də əyri çərçivəyə yerləşməyib, sallana qalan çatlaq qapı onun gözlərinə sataşır. “Qapı-qapı” – deyə gülümsəyir; bir dəqiqə sonra həm qapı, həm də qapı ətrafında dolaşan düşüncə qaib olub gedirdi. Davamının çoxmu, azmı sürdüyünü bilmədiyi bir boşluq onu bürüyürdü. Sol əli yenə şüursuz bir halda qapını döyməyə davam edirdi...

12 dəq
İstirahət günü

Xırda bir işçi otağı. Maşınkanın üstündə iri qazan. Arvad paltar yuyur. Əri otura-dura ona kömək edib girib-çıxır, su gətirir, əlinə tökür, kirli su aparır. Arabir hayxırır, küncdəki qaba tüpürür. Bəzən çarpayının üstə yarı uzanır. Arvad sinirlənir, deyinir. Onu köməyə çağırır. Kişi istər-istəməz yerindən qalxır. Yenə köməyə qoşur. Vedrəni dışarı çıxardanda arvadı şikayətlənir:– Şüşə zavodu... Bir az artıq pul verirmiş... Bu da artıq pul: ciyərləri

3 dəq
Vasvası

O, Bakıda böyümüşdü, həm təhsilini orada bitirmiş, həm də qulluğu orada idi. İyirmi beş yaşa çatmış da, rayonlarımızı gəzməmişdi və qəza onun təsəvvüründə qızdırma, ilan və əqrəb yuvası kimi bir şey idi. Odur ki, o həmişə Bakıda qalmağı, Bakıda çalışmağı səfalı bir qəzadan belə üstün tuturdu.Bir gün onu maarif komissarlığına çağırdılar. Şöbə müdiri onu oturdub

5 dəq

Başqa şairlərin şeirləri