Mirzə Əbdülvahabın bir sandıq dolusu kitabı var. Əksəri qayış cildli Təbriz basmasıdır. Mirzənin çox vaxtı bu kitablar ilə keçdiyi üçün özü də bir növ kitab olmuş – tərpətsən şer tökülər. Zahiri də xalis Təbriz basmasıdır–qulaqlarından tutmuş burnunun ucuna qədər bitən tüklər şikəstə xətt ilə yazılmış beytlərə bənzəyir.

Mirzə Əbdülvahabın özünün də təbi-şeri var. Gecələr qamış qələmi mürəkkəbin lığasına basıb, yavaş-yavaş yazar, lakin kəlamini kimsəyə oxumaz. Çünki zamanımızda şerlərinə qiymət verəcək bir adam təsəvvür etmir. Şair deyə tanınmış adamlara da salam verməz və haqlarında ən kəskin, ən kirli mühakimələr yürüdər.

Mirzənin bir sıra möhübbü var, onlarla görüşər, həp eyni mövzuda danışılanları hər dəfə söylərlər. Dəfələrlə deyilmiş şerlər təkrar edilər və hər kəs eyni ləzzətlə dinlər.

Mirzə Əbdülvahabın klassiklərimiz arasında sevdiyi ən böyük şair Nəsimidir. Mirzə onun Misirdə basılmış divanını dəfələrlə oxumuş, bəlkə də əzbər bilir və ona bir çox nəzirələr də yazmışdır. Nəsimi Mirzə üçün bozbaş kimi zəruri olmuşdur – bir gün dadmasa, kefi pozular. Zəmanəyə darılanda, arvada acığı tutanda, gənc şairlərdən dilxor olanda həp Nəsimiyə müraciət edər.

O günü bağdan keçərkən gənclərdən birisi “Bu da bizim Əbdülqılafdır” – deyə ona eşitdirmişdi. Mirzə baxışında ildırımlar oynadaraq evə gəlmişdi. Acığını söndürmək üçün arvada bir-iki yumruq ilişdirib Nəsimi divanını ələ aldı. Mütaliə həmişəki kimi gecənin yarısına qədər davam etdi, lakin Nəsimi heç bir zaman ona indiki kimi yaxın və dost görünməmişdi. Mirzə oxuyur, ləzzətdən nəfəsi tutulur – sevincindən divanı vəcd ilə öpüb, gözlərinin üstünə qoyurdu.

Mirzə: “Ah, Nəsimi, kaş sən sağ olaydın, məclisinin aşağı başında oturub, gözlərimi o mübarək ağzına dikəydim” – deyə təsəlli tapırdı.

Sonra birdən indiki şairləri xatırlayıb, gözləri çanağında oynamağa başladı: “Lağlağı həriflər, – dedi, – boşboğazlıqdan başqa bir şey bilmirlər. Hələ adamı da bəyənmirlər”... Nəsimi Mirzənin əlində titrədi.

Gecə keçirdi. Mirzə gözlüyün ipini qulağından qoparıb, yerindən durdu. Sandığı cırıltı ilə açıb, divanı oraya qoydu. Arvad bozbaş gətirdi, yedilər. Sonra Mirzə qartdana-qartdana soyunub yatdı.


Əcəm diyarından Hələbə gəlmiş Seyid İmaməddin əxilər tərəfindən böyük hörmətlə qarşılandı. Dəvədən düşər-düşməz onu hamama apardılar, paltarını dəyişib, ona gözəl təfrişatlı bir otaq verdilər. Sabahdan axşama qədər əxilər onun xidmətində durub, bütün istəyini yerinə yetirməyə çalışırdılar. Az bir zamanda onun böyük şair olub, Nəsimi təxəllüsü daşıdığı şəhərə yayıldı. Şəhərin böyük üləma və dərvişləri onun ziyarətinə getməyə başladılar. Mirzə Əbdülvahab da Nəsiminin gəlməsini eşidib, böyük sevinclə onu görməyə getdi. Brusa çiniləri ilə müzəyyən, divarlarında əlvan kətəbələr asılmış və pəncərələrindən içəri uçuşan şüalarla bərabər çiçək qoxuları dolan bir otağa daxil oldu. Yuxarı başda qaraqaş, qaragöz, topasaqqal, iri əmmaməli bir adam oturmuşdu. Bəlağətlə söylədiyi sözlər imanla dolu idi. Arabir “Cavidannamə”dən danışaraq farsca söylədiklərinin tərcüməsi və şərhi ilə məşğul olurdu.

Ayaq üstə dolaşan şal sarıqlı, qısa cübbəli gənc bir əxi Mirzə Əbdülvahaba yer göstərdi, şərbət ikram etdi. Mirzə oturdu. Məclis sonuna varırdı. Oradakılar qalxıb getdi, Nəsimi ilə Mirzə qaldı. Şair mehriban səslə Mirzəni yanına dəvət etdi:

– Təşrifiniz haradandır? – dedi.

– Azərbaycanın Veylabad şəhərindən.

Nəsimi bir az düşündü:

– Azərbaycanın mərkəzi Təbrizdə oldum. Oraları gəzdim, amma Veylabad eşitmədim...

“Veylabad” sözü Nəsiminin dodağının bir az əyilməsinə səbəb oldu:

o gülümsünməsini saxlayaraq:

– Adı qəribədir... Veylabad nə üçün?

Mirzə fəxrlə:

– Çünki əhalisi ərbabi-ülum və danişdəndir... baxın, ən acizi bəndənizəm, mənim də bir sandıq qayış cildli kitabım var.

Nəsimi bir az maraqla:

– Bu şəhər Nəqşicəhan tərəfdədirmi?

– Oradan şimaldadır.

– Bildim, Ərrandadır. Ərəb alimləri oranı çox bəyənmişlər – Əlrihab

– deyə təsmiyə edərlər. Çünki meyvəsi çox imiş.

Mirzə fəxrlə:

– Bəli, bəli. Yaxşı sulu armudumuz, kefin istəyən əncirimiz var.

– Şüəra və füzəlanız çoxdurmu?

Mirzə Əbdülvahab gülümsündü, təvazö göstərərək, yerə baxdı, sonra qəti səslə:

– Bəndənizdən başqa kimsə yoxdur; çakərinizin adı Əbdülvahabi

Xənnası dillərdə əzbərdir.
“Xənnas” sözü yenə Nəsiminin dodağının əyilməsinə səbəb oldu.
Bu dəfə şair gülməsini saxlaya bilmədi: “Veyl”, “Xənnas”, – deyə qəhqəhə çəkdi.

Nəsiminin bu hərəkəti Mirzəni olduqca dilgir etdi. Mirzənin hiddətindən dodaqları titrəməyə başladı.

– Sən nəsən ki, camaata gülürsən? Sözlərin başdan-başa səfsətədir:

“Can ilə həm cahan mənəm, dəhr ilə həm zaman mənəm, Gör bu lətifəyi ki, mən dəhri-zəmanə sığmazam...”

Bu nədir? Sən nə olmusan ki, heç yerə sığmırsan? Axmaq!..

Mirzə acıqla yerindən sıçrayıb, otağı tərk etdi. İndi o, yeniyetmə şairlərdən daha çox Nəsimiyə qarşı nifrətlər bəsləyirdi. “Bu məlunu dolaşdırmaq lazımdır,” – deyə intiqam yolları arayırdı. Düşünərək cameyə gəldi. Xurma kölgəliklərində gizlənən hücrələrdə üləma əyləşib saillərin işlərinə baxırdılar. Mirzə də qazını soruşub, bir hücrənin qarşısında əl bağlayıb durdu. Növbə ona çatdıqda yeriyib qazının hüzurunda durdu:

– Ərzin?

– Ərzi-bəndəliyim var. Dini-mübinin səlaməti üçün cəfəri bir zındığın vələdizinalığını ifşa üçün gəldim.

Qazının təəssübü coşdu:

– Söylə! Söylə! Söylə görüm o mürtəd kimdir?

– Diyari-Rumdan möminlər arasında fəsad toxumu əkmək üçün gəlmişdir. Özü də batinidir. Hökmdarlara qarşı yapdıqları sui-qəsdlər məlumi-alinizdir. Nə qədər xan qətl etdiklərini bilirsiniz... Danışdıqları da, haşalillah, küfr...

Mirzə o qədər coşmuşdu ki, bir saat Nəsiminin əleyhinə danışdı və axırda özü də öz sözlərinə inanıb ağladı.

O saat adam göndərilib, Nəsimini gətirdilər. Hücrələrdəki ruhanilər həyəcana gəlib toplandılar. Mühakimə başlandı. Mirzə Əbdülvahab da şahid sifəti ilə oturmuşdu. Nəsimi verilən suallara sakitlik və mətanətlə cavab verir, heç bir şeydən də çəkinmirdi. Mirzənin iftira və böhtanları da onu şaşırmadı. Fəzlullaha inandığını anladıb, onun haqq olduğunu coşqun bir ifadə ilə deyib, axırda:

Dəryayi-mühit cuşə gəldi,

Kon ilə məkan xruşə gəldi,

Sirri-əzəl oldu aşikara,

Aşiq necə eyləsin müdara?

– deyib cəzb oldu: ağzından köpük daşlanaraq, yerə sərildi.

Qazı hiddətli səslə:

– Dərisi boğazından çıxarılsın! – deyə fitva verdi.

Ətrafdan təsvib səsləri eşidildi.

Nəsimini cəza yerinə gətirdilər. Rəngsiz üzündə iman mətanəti parlayırdı. Cəllad onu soyundurub, ayağından başlayaraq dərisini soymağa başladı. Şair yalnız alt dodağını dişi ilə sıxıb gülümsəyirdi...

Mirzə Əbdülvahab bu qorxunc mənzərəyə tab gətirə bilməyərək, çığırıb bayıldı...

Səsə yanında yatan arvadı dik atılıb sıçradı. Mirzə yataqdan kənarda palazın üstündə çapalayırdı. Arvad su gətirib, onu ayıltdı:

– A kişi, nə xəbərdir? – deyə soruşdu.

– Məni qara basmışdı.

Arvad gülə-gülə:

– Bozbaşın buxarındandır, a kişi. Sən bir də yatar qarına bozbaş yemə! – dedi.

1934

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri