Dəyirman əhvalatı
Səhifə 1 / 3
I
Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.
Çayxanada vur-tut dörd nəfər adam vardı. Özləri də bir tərəfdə, pəncərənin qabağındakı nərdtaxtanın yanına yığışmışdılar; ikisi oynayırdı, ikisi baxırdı – növbə gözləyirdi.
Buzbulaq çayxanasının dörd vedrə su tutan yekəcə samovarı təzəcə qaynamışdı, təzəcə dəmlənmişdi. Çayxananın, səhərdən sulanıb-süpürülmüş kərpic döşəməsinin nəmi hələ tamam çəkilməmişdi. Qapıdan içəri düşən gün işığı o nəm kərpiclərin üstündə olduqca təzə və təmiz görsənirdi. Və nərd oynaya-oynaya bayaqdan bəri o işığa tamaşa eləyən Qərib birdən-birə zərləri yerə qoyub, dik ayağa qalxdı.
– Oynamıram!
– Oyunu qurtaraq da.
Qərib hirsli-hirsli:
– Qurtarmıram, – dedi. Bir manat pul çıxardıb nəlbəkinin altına qoydu. Yəni: əl çək, hesab elə ki, uduzmuşam, çünki Buzbulaq çayxanasında əksər adamlar nərdi ancaq baş qatmaqdan, vaxt keçirməkdən ötrü oynayırdılar: uduzanın cəriməsi bir-iki manat çay pulu, bir də bərk ayaqda, bir qutu siqaret pulu idi. Hər halda Qərib ayrı şeydən, indiyəcən heç vaxt nərd oynamamışdı.
O, yerini başqasına verib, bu dəfə üzü pəncərəyə tərəf oturdu. Pəncərədən bir dağın yastı təpəsi görsənirdi; ordakı gün işığı da, eynən bu çayxananın kərpic döşəməsinin üstündəki işıq kimi, təptəzə idi, tərtəmiz idi. Və Qəribin könlündən keçdi ki, elə indicə durub gedib o dağın təpəsinə çıxsın, ordan göz gördükcə hər yana tamaşa eləsin. Ancaq Qərib durmadı: dağın ətəyindəki badam, zoğal ağaclarının ağlı-sarılı çiçəyi onu bu fikirdən asanca azdıra bildi. Sonra çayxananın pəncərəsi qabağından keçən arxın qırağındakı yarpıza, bənövşəyə baxa-baxa, Qərib az vaxtda özü üçün tam yəqin elədi ki, yer üzündə bir sarsaq şey varsa, o da hər fəslin öz vədəsində gəlməməyidir və bu qənaətlə də durub çayxanadan çıxdı.
Bu ilin yazı doğrudan da baş çıxarılası şey deyildi. Hələ fevral qurtarmamışdı, amma zoğal, badam hər yerdə çiçək açmışdı. Belə getsə, beş-on günə o biri ağaclar da çiçək açacaqdı. Budurana, elə bu çayxananın böyründəcə, bir qozbel ərik ağacının günə sarı budaqları doğmağına lap az qalan düyə yelini kimi şişmişdi, qızarmışdı. Görən, bundan belə qar olacaqdımı?.. Qərib ürəyində: “Yox, olmasa yaxşıdır”, – dedi, çünki Qəribin gözləri ərik ağacının budaqlarında idi və o budaqlar, doğmağına lap az qalan düyə yelininə doğrudan da yaman oxşayırdı.
Qərib bir müddət dükanın qabağında gəzindi. Fikirləşdi ki, bəlkə bir şüşə araq götürüb, aparıb içib yatsın, bir də sabah ayılsın; bunun sonrakı əzabı Qəribin gözünə durdu. Qərib gedib bir müddət də idarə tərəfdə dolandı ki, bəlkə kolxoz sədri Cümşüdə rast gələ. Deyə ki, vaxtdı, nə durmusan, əmr elə çıxaq kolxoz üçün arxdan-marxdan qazıyaq; bəsdi, nərd oynamaqdan əlimiz qabar oldu. Amma orda Cümşüdü görəndə Qərib heç özü də bilmədi ki, bu fikirdən niyə o saatca vaz keçdi. Üstəlik, Cümşüdü görəndə o, addımlarını yeyinlədib, idarənin qabağından da tələm-tələsik elə əkildi ki, guya onun fikrindən keçən bu saatca Cümşüdün də ağlına gələ bilərdi.
O gün Qərib bütün günü kolxozun çöl-biyabanını dolanıb, günorta evə çörək yeməyə də getmədi. Axşamüstü Qərib yenə çayxanaya qayıtdı, ancaq nərdə yaxın durmadı; əllərini arxasında cütləyib, bir-iki dəfə çayxananın o baş-bu başına gedib-gələndən sonra, samovarın yanından, birdən-birə elan elədi ki, bəs:
– Dəyirmanı işə salacağam. – Və Allah tərəfi, onun dediyinə gülüb eləyən-zad olmadı. Çünki indi axşam çağı idi, çayxanada adam nisbətən çox idi və bu adamlardan bircəciyinin gülməyi ilə bu iş bəlkə də pis qurtara bilərdi.
Sonra Qərib yenə əllərini arxasında cütləyib, çayxananın o baş-bu başına gedib gələ-gələ dedi ki:
– Bir vaxt bu kəndin gül kimi dəyirmanı vardı. Ununun bir evdə çörəyi bişəndə bütün kənddən çörək iyi gəlirdi. O çörəyin, – dedi, – tamı da ayrı idi, ləzzəti də ayrı idi. – Üzünü camaata tutub soruşdu ki:
– Düzmü deyirəm?
Və çayxanada oturanların çoxusu bir ağızdan:
– Elədi, – dedi. – O çörəyin ləzzəti ayrı idi.
– Bəs o dəyirmanı biz indi niyə işlətmirik?
Yaşlı kişilərdən biri:
– Ona görə ki, indi un boldu, bala, – dedi. – Pervi sortu otuz bir qəpey, iftaroy sortu iyirmi yeddi qəpey. İyirmi iki manatı verib bir tay, yetmiş kiloluq, birimci növ buğda ununu alıb atırsan eşşəyin belinə, aparır qoyur evə. Hələ sənə otuz qəpey də gəlib burda çay içməyə pul qalır.
– Birdən hökumət o unu gətirmədi, bəs onda necə? – Bunu deyənin də adı Qərib idi (o Qəribin dəyirman söhbəti, deyəsən, bu Qəribin də beyninə batmışdı). – Mən də bu fikirdəyəm ki, kənddə dəyirman olsa yaxşıdı.
– Bəs o pekarnını neyləsinlər? Bağlasınlar?
– Sən hər gün hökumət çörəyi yeyirsən? (Dükandan alınan çörəyə Buzbulaqda “hökumət çörəyi” deyirdilər).
– İndi heç o buğda da yoxdu axı. İndinin buğdasını üyütsən, o çörəyin ləzzətini inanma verə.
– O dəyirmanın daşı çoxdan çürümüş olar. Gör havaxtdan başlıbaşınadı.
Dava vaxtındandı da. Ondan sonra dəyirman bəyəm işləyib ki?
– İşləyib. Nə danışırsan? Düz əlli beşinci iləcən işləyirdi. Sonra işləmədi.
Hələ yaxşı ki, Mirəli kişi ot yığır ora. Yoxsa o dəyirmanın bu saat damı-divarı da uçub tökülmüşdü.
Bu yerdə Pesmis Qulu da söhbətə qarışdı:
– Siz hardan bilirsiz ki, bir də dava olmayacaq? – dedi. Hirsli-hirsli deyib, hikkəli-hikkəli camaatın üzünə baxdı (buzbulaqlılar o ləqəbi bu adama nahaq yerə verməmişdilər: “pesmis” dediyin Buzbulaqda “pessimist” demək idi).
– Biz burda dəyirmandan danışırıq, bunun davaya nə dəxli var?
– Çox dəxli var!
– Heç bir dəxli-zadı yoxdur.
– Çin orda qan-qan deyir bu saat.
– Ədə, Çin nədi, zad nədi! Sən o şeyi de ye, zadı... hökumətin başçısın vurub öldürüblər. Nədir oranın adı?..
Və Qərib gördü ki, bu söhbət çox uzun çəkəcək. Məsələni, necə deyər, xətm eləmək istədi.
– Dəyirmanı işə salmaq mənim boynuma, – dedi. – Sizinki – dən gətirməkdi. – Və azca fikirləşib, əlavə elədi: – Ancaq elə olmasın ki, mən gedib dəyirman düzəldim, sonra oturub orda dən gözləyim.
Qəribə birinci hay verən yenə o biri Qərib oldu.
– Sən işində ol, – dedi. – Dənin fikrin eləmə.
– Sağ ol, adaş... Ə, Pesmis, yenə nə bərk fikrə getmisən? Sən də dən gətirəcəksənmi?
Pesmis Qulu:
– Bəli, gətirəcəyəm, – dedi və yenə hikkəli-hikkəli camaata baxdı (guya onun dəyirmana dən aparmağına burda etiraz-zad eləyən vardı).
II
Dəyirman əhvalatı belə başladı. Elə ordanca Qərib gedib Mirəli kişini tapdı (Mirəli kişi dəyirmanın lap yaxınlığında olurdu. İçəridəki otun dərdindən o, dəyirmanın qapısını həmişə qıfıllı saxlayırdı). Və həmin Mirəli kişi bir azdan köhnə dəyirmanın daşını çəliyinin ucu ilə tıqqıldadıb: “– Yox, oğul, bundan daş olmaz” – deyəndə də Qərib zərrə qədər kefini pozmadı. Çünki o, bir ayrı daş yeri də bilirdi. O daş qonşu Darıdağ kəndinin dəyirmanında idi və uşaq vaxtı Qərib o daşın, o dəyirmanın tərifini çox eşitmişdi (o vaxtlar buranın dəyirmanı tünlük olanda, hətta Buzbulağın özündən də camaat Darıdağın dəyirmanına dən daşıyardı). İndi, çoxdan idi ki, o dəyirman da işləmirdi. Demək, gedib daşı gətirib, bunun yerinə qoyaq olardı. Və Qəribin bu fikrini Mirəli kişi də bəyəndi.
– Bu daş, – dedi, – azı həştad ilin daşıdı. Amma Darıdağın daşı təzə daşdı. Özü də yaxşı daşdı. Çünki onu erməni ustası düzəldib.
– Deyirsən, gətirmək olar da?
Mirəli kişi:
– Olar, – dedi. – Lap yaxşı olar. Uşaqlardan da beş-altısın götürərsən, maşın tutub qoyarsız gətirər. Nə var onu gətirməyə!
O axşam, hələ çayxana bağlanmamış, Qərib bu məsələni də əlbəəl həll elədi: elə o nərdtaxtanınca yanına yığışanlardan beş nəfərinə xəbər verdi ki, sabah tezdən Darıdağa, dəyirman daşı gətirməyə gedəcəklər. Kolxozun şoferi Möhsün o daşı gətirməyinə əvvəl on manat istəyib, sonra üçcə manata quzu kimi razı oldu. Axşam evə qayıdanda Qərib dükandan üç şüşə araq götürdü, kolxozun toyuqlarına baxan Kərim kişidən, biri on üç qəpiyə, qırx dənə yumurta aldı. Və o araqla, o yumurta ilə Qərib evə bir aləmdə gəlib çıxdı ki, əvvəl arvadı Süsənbər onu kefli hesab elədi.
Kitabxana.az · https://kitabxana.az/works/ekrem-eylisli-deyirman-ehvalati
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I**Yəqin, Samurun bəxti orda gətirməmişdi ki, qardaşı Haşım ondan böyük idi, çox böyük idi. Samur məktəbə gedəndə Haşım o məktəbin direktoru idi. Haşım o məktəbdə Samura beş-altı il dərs demişdi: evdə dərs, çöldə dərs... Üstəlik, Haşımın beyninə möhkəm yerləşmişdi ki, Samur oxuyan deyil. Haşım qət eləmişdi ki, məhz onun direktor olmağının sayəsində o məktəbdə müəllimlər Samura yaxşı qiymətlər yazırlar, amma, əslində, belə deyildi. Bunu onların anası Şövkət arvad hamıdan yaxşı bilirdi. Şövkət arvadın sağlığında, Haşım hər dəfə Samuru danlayanda, evdə bu barədə mütləq söhbət olurdu. Ana Samurun tərəfini saxlayırdı. Böyük oğluna: "Samur səndən ağıllıdır – deyirdi. – Bunun ürəyi səninkindən safdır"...
Bir gecəlik ay işığıI**O biri küçələrdə ay işığının elektrik işığından bir az qarışığı vardı. O biri küçələrdə sıx binalar arasında reklamlar közərirdi.
May günüT.G.Kalyaginaya*Dərənin döşündə evlər arı pətəkləri kimi yan-yana düzülmüşdü. Damlarda müxtəsərcə qar vardı. Ordan-burdan tüstü qalxırdı, bir də orda-burda itlər hürüşürdü.
Ürək yaman şeydir...I**Sərvər əsgərlikdən bir ayrı vaxt gəlmiş olsaydı, bəlkə kənddə belə tez darıxmayacaqdı. Ancaq o, payızda gəldi. Payızın lap axırlarında. Gəlib gördü ki, çöl-bayırdan əl-ayaq kəsilib, atasının hər il kolxoza əkdiyi bostan sovuşub... Dağlarda ayrı vaxt adam boyunca qalxan otələf son çöpünəcən biçilib-daşınmışdı; bağların mer-meyvəsi çoxdan dərilmişdi, xəzəli yandırılmışdı; Sərvərgilin heyva ağaclarındakı beşaltı heyva və döşlərdə, kolxoz xırmanlarında saralan üç-dörd taya saman – meşəli, bağlı-bağçalı Buzbulaq kəndinin bir dünya payızından qalan xırdaca xatirə idi, özgə bir şey deyildi.
Başqa şairlərin şeirləri
Gör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Qəztələr tövqifini yalnız Sipəhdar əkməyirQəztələr tövqifini yalnız Sipəhdar1 əkməyir,Bizdə də əskik deyildir boylə biidraklər!
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.