Səhifə 1 / 6

I

O biri küçələrdə ay işığının elektrik işığından bir az qarışığı vardı. O biri küçələrdə sıx binalar arasında reklamlar közərirdi.

Hələ tikilməkdə olan təzə mikrorayonun bu çuxurlu-çökəkli uzun küçəsində isə nə bina, nə reklam, nə də elektrik işığı vardı. Bu küçədə ayın işığı dumduru idi, tərtəmiz idi. Havadan ay işığının metalqarışıq iyi gəlirdi və Kərim bu iyi aşkar hiss eləyirdi.

Bu iydən Kərimin ürəyində hərdən ümid doğulurdu. Bu ümidin köməyi ilə Kərim nəyisə yadına salmağa çalışırdı. Amma olmurdu, heç cür baş tutmurdu. Çünki ümid tez sönürdü, Kərimin nəyisə yadına salmağına ümid bəs eləmirdi.

O gedirdi, ancaq ayaqları elə bil yerə dəymirdi. Ayaqlarını harasa qoyduğunu Kərim uzun-uzadı fasilələrdən sonra hərdən hiss eləyirdi. Daha doğrusu, hərdən onun ayaqlarına elə bil haradansa tok keçirdi. O tok, aşağıdan-yuxarıya, Kərimin bütün damarlarını soyudub, sümüklərini sızım-sızım sızıldadırdı və bu vaxt Kərimə elə gəlirdi ki, o, yenə “SƏADƏT SARAYI” deyilən o yerdəki enli pilləkənlərin üstündədir. Kərim sarsılırdı, süstləşirdi və bu gecənin ayında-ağlında tapdığı yeganə ümiddən də onun əli üzülürdü.

Kərimə nə olmuşdusa o pilləkənlərin üstündə olmuşdu. Tok Kərimi orda vurmuşdu, bu müsibət orda başlanmışdı: “SƏADƏT SARAYI” deyilən o binanın lap girəcəyində, toyun lap əvvəlində. Ayağını birinci pillənin üstünə qoyan kimicə Kərimin qüvvəsi tükənmişdi. İçində nəyinsə gizilti ilə yandığını orada Kərim açıq-aşkar hiss eləmişdi. Görən o yanan nə idi? Və əgər Nağı dadına çatmasaydı, o pilləkənlərin üstündə, yuxarıdan boylanıb baxan o qədər adamın qabağında, o çalhaçalda, vurhavurda görən doğrudanmı Kərimin dizləri bükülə bilərdi?

Onu bu dəhşətli biabırçılıqdan Nağı hifz eləmişdi. Daha doğrusu, Nağının səsi hifz eləmişdi. O məqamda Nağının nə dediyini Kərim bilmirdi, amma o səs indi də Kərimin qulağında idi. Və o səs, o pilləkənlərin üstündə Kərimi elə bil təzədən dünyaya qaytarmışdı. Hər halda, Validə ilə qol-qola o pilləkənlərin axırınacan Kərim o səsin hesabına qalxa bilmişdi. Sonra isə başqa səslər: masabəyinin səsi, klarnet səsi, oxuyanın səsi, çəngəl-bıçaq səsi... Özünün dörd-beş saatlıq toy məclisindən Kərimin yadında qalan cürbəcür qarmaqarışıq səslər idi və bu qarmaqarışıq səslərin içində az-çox aydın eşidilən də yenə Nağının səsi idi.

“Ə, sən ölmüsən ki”...

“Birin vur”.

“Birin də... Qorxma, düzələcəksən”.

Və o iki qədəh arağı xəlvətcə içəndən sonra bir müddət Kərim doğrudan da özünə gəldi. Elə bil bu vaxtacan onu bir qalın ip ilə Validəyə sarımışdılar. Sanki o ipi açdılar, Kərimi azad elədilər və özü ilə Validə arasında hər hansı bir məsafə olduğunu da Kərim yalnız bu vaxt duya bildi. Və bu məsafə olduğuna görə də elə bil Kərimin nəzərində dünya xeyli genişləndi. Haradasa Kərimdən ötrü qəribə bir ay çıxdı, o ayın işığında bir cüt rels par-par parıldadı. O ayın işığında bir dərə ağappaq ağardı: haçansa şəhərə gələndə bir gecə Kərim o dərənin ətəyində qatara minmişdi.

Haçansa dünyanın bir yerində Kərim bir dərə ay işığı qoyub gəlmişdi. Və görən, o ay işığı Kərimin yadına niyə məhz indi düşmüşdü?..

Və öz toyunda xəlvətcə içdiyi o arağın aləmində, oturduğu yerdəcə Kərim o dərənin ağlığına sarı neçə saat yol getmişdi. Orada Kərim təzədən qatara minmişdi, təzədən Bakıya gəlmişdi və budəfəki gəlişdə Kərim bu şəhərdə tamam ayrı bir ömür başlamaq istəmişdi. Amma başlamaq nədir, ömür, sən demə, qurtarıbmış. Bunu Kərim bu dəfə başqa pilləkənlərin üstündə – toydan, sonra – Validə ilə Nağı ilə və Nağının arvadı Tahirə ilə bu təzə mikrorayondakı beton binanın ikinci mərtəbəsinə – öz birotaqlı mənzilinə qalxanda bütün aydınlığı ilə, hiss eləmişdi. O pilləkənləri qalxanda Kərim Validəni Nağının, Tahirənin yanında qoyub, bir azdan öz evindən baş götürüb qaçacağını, əlbəttə, ağlına gətirməmişdi. Ancaq o beton binanın ikinci mərtəbəsində, o birotaqlı mənzildə Validə ilə tək qalmağın dəhşəti Kərimi, elə o “SƏADƏT SARAYI”ndaca, toy qurtarar-qurtarmaz, birdən-birə yaxalamışdı. Və sonra, vidalaşmaq məqamında Nağının – “təzə gəlinin bir stəkan çayını içək” – deyib, onunla bir azca da vaxt keçirməyə razılaşmağına Kərim bir Allah bilir ki, nə qədər sevinmişdi.

Nağı sərxoş idi. Nağı üçün vaxtı harada keçirməyin onsuz da fərqi yox idi. Kərimdən ötrü isə bu gün, səhər açılandan bəri, vaxt elə bil ölmüşdü. Bu gecə başına nəsə bir iş gələcəyi səhər açılandan bəri Kərimin ürəyinə dammışdı və Nağını evə dəvət eləyəndə də onun fikri-zikri bu gecəni birtəhər yola verib, səhəri açmaq idi, çünki Validə ilə bir damın altında tək qalmaq qorxusunun səhər açılana kimi çəkilib-gedəcəyinə Kərimin ürəyində ümid vardı. Gecə isə qurtarana heç oxşamırdı. Bu gecə elə bil ki, heç vaxt qurtarmayacaqdı.

Ayın dumduru işığında bu təzə şəhər küçəsi belə uzun, belə geniş, belə sakit və kimsəsi olmasaydı, bəlkə Kərim ayaq saxlayıb, barı bir anlığa nəfəsini dərərdi və dayanıb bircə anlığa nəfəsini dərsəydi, bəlkə ağlı da bir az yerinə gələrdi, beyni-başı azca durulardı, hara getməyi, niyə getməyi cəhənnəm, onu, durduğu yerdəcə, birdən-birə bu qədər amansızcasına tərk eləmiş real dünyanın heç olmasa belə adi bir həqiqətinisə də dərk eləyərdi ki, bu küçənin haradasa qurtarmağı var.

Bu küçə isə elə bil heç vaxt qurtarmayacaqdı, çünki Kərim real aləmdə deyildi. Və burası əgər doğrudan da beləydisə, deməli, bu küçənin heç əvvəli də yox idi. Nə əvvəli, nə axırı – bir sözlə, küçə yox idi... Küçə yox idi, amma Kərim vardı. Bu küçəsiz, bölgüsüz dünyada Kərimdən savayı bir də bir ay işığı vardı. Və Kərim də bu saat elə bil yol üstə yerimirdi, işıq üstə yeriyirdi.

Kərim arxasına baxmadan gedirdi. O binada, o toy məclisində, o enli pilləkənlərin üstündə onu birdən yaxalayan o ölümün-əzabın küt ağrısı da indi köhnəlib, bayatıyıb, tamam kirimişdi. Hər halda indi Kərim rahat idi, bayaqkından çox-çox rahat idi.

O gedirdi, ancaq ayaqları elə bil yerə dəymirdi. Hərdən Kərim ayaqlarını toy evindəki o pilləkənlərin üstünə təzədən qoyduğunu zənn eləyirdi: bir dəhşətli sızıltı o pilləkənlərdənca elə bil yenə tok kimi Kərimin canına keçirdi; damarlarını soyudub, sümüklərini sızıldadıb ötüşürdü və ayağı altındakı asfalt yola xeyli baxandan sonra Kərim, indi o pilləkənlərin üstündə olmadığına özünü handan-hana inandıra bilirdi.

Bəli, Kərimin başına bu gün bir iş gəlməli idi; bunu Kərim səhər tezdən, yuxudan ayılan kimi hiss eləmişdi. Bu səhər yuxudan ayılanda Kərimin canından bir dəhşətli sızıltı keçmişdi. Kərim onda da sarsılmışdı, onda da keyimişdi, ancaq bu sızıltının-sarsıntının sonra onu bir də yaxalayacağını səhər Kərim ağlına gətirməmişdi. Gətirsəydi elə səhər-səhər durub, baş alıb çıxıb gedərdi. Onda heç o toy da baş tutmazdı, bu anlaşılmaz müsibətin özü də gəlib bu həddə yetişməzdi. Və onda Validə üçün də, bəlkə nisbətən asan olardı: ya fikirləşərdi ki, Kərim onu istəməyib, ya elə zənn eləyərdi ki, Kərimin başında bir iş var... bir-iki gün əzab çəkərdi, hər şey sovuşub gedərdi. Bu belə olsa, Kərimin öz ömrünü haçansa təzədən başlayacağına bəlkə doğrudan da bir ümid yeri qalardı.

İndi isə ümid bircə ay işığına idi, ayrı şeyə ümid yox idi. Ay işığı Kərimin ayağının altında idi, ay işığı Kərimin ürəyinin içində idi. Haradasa ay işığında bir cüt rels par-par parıldayırdı, haradasa ay işığında bir dərə ağappaq ağarırdı. Və Kərim pay-piyada, o dərənin ətəyində təzədən qatara minməyə gedirdi.

Bir vaxt orda ilk dəfə qatara minəndə Kərimin hələ heç on yeddi yaşı da tamam olmamışdı. İndi Kərimin otuz altı yaşı vardı. Deməli, o vaxtdan on doqquz il keçirdi. Bu on doqquz ilin beş ilini Kərim institutda oxumuşdu, səkkiz ilini dissertasiyaya sərf eləmişdi. Kərim altı il mənzil növbəsində durmuşdu və bunları ondan ötrü eləmişdi ki, evlənib özünə həyat qursun, övlad-uşaq yiyəsi olsun. Bəlkə lap on doqquz il qabaq – ay işığında ağappaq ağaran həmin o dərənin ətəyindəki xırdaca stansiyada, o qatara da Kərim elə bundan ötrü minmişdi. Minmişdi ki, gəlib bu böyük şəhərdə institut qurtarsın, dissertasiya müdafiə eləyib, bir tikə çörəyə çatsın, ev alıb, özünə ailə qursun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ön söz yerinə

...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.

19682 dəq
Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 dəq
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 saat 10 dəq
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 saat 5 dəq

Başqa şairlərin şeirləri